Yarımçıq qoyduğun köhnə şeirəm - Yeni Şeirlər

MANERA.AZ Saqif Qaratorpağın yeni şeirlərini təqdim edir:
***
Görürsən, nə qədər kəm-kəsirim var,
Yoxsa vaxtın yoxdu yaxşı baxmağa.
Bilmirəm, sən necə ürək elədin
Mənimlə ömürlük yola çıxmağa.
Bilmirəm, nə çəkdi səni özünə,
Sən niyə inandın bu yad adama?
Yağışda islanan, qarda üşüyən
Nimdaş ömrü-günü bərbad adama.
Nəyinə gərəkdi bu ağrı-acı?
Tərk edib min ildi asan yolları...
Çəkib gözlərinə yığdıra bilmir,
Ayağı altından qaçan yolları.
Köhnə yarasını sözlə sarıyıb,
Göz yaşı varaqda misra-misradı.
Hərdən qulağına pıçılda...çıxar
Bir də görərsən ki, yadından adı.
***
Tanrım, qələmini qırağa qoyma,
Sonuncu cizgimi çəkib tamamla.
Yarımçıq qoyduğun köhnə şeirəm,
Bir bəyaz kağıza büküb tamamla.
(Tanrım qələmini qırağa qoyma,
Cizgimi bir daşa qazıb tamamla,
Yarımçıq qoyduğun köhnə şeirəm,
Bir bəyaz kağıza yazıb tamamla.)
Qoyma qiyamətə qalsın nəyisə,
Yuyum göz yaşımda öz günahımı.
Qorxuram, alışsa ərşi yandırar,
Gizlət Kərbəladan qopan ahımı.
Çıxart “olmaz”ların içindən məni,
Bircə yol zamanı geriyə fırlat.
Hər dərdə, əzaba bir azca sevinc,
Hər ağrı-acıya bir az şirin qat.
Hər düşən yarpaqdan halısan axı,
İçindən yıxılan adamı saxla.
Müqəddəs evinin bir addımında
Hər gün təkrarlanan edamı saxla.
Qıyma içimizdə sevgilər ölsün,
Bir dərdi dərmansız, dəvasız qoyma.
Bircə uşağı da evsiz-eşiksiz,
Bircə sərçəni də yuvasız qoyma.
***
Bəlkə sən axtardığın o utancaq adamdı,
Ancaq yoxdu xəbərin, keçib getdin yanından.
Bir yelkənsiz gəmidi, nə vaxtdı yol axtarır,
Azıb səhərə kimi bir ömrün ümmanında.
Hələ də gözlərindən ürəyinə yol çəkir,
Hələ də bir nağılın laylasına uyuyur.
Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,
Evinin divarını gözünün yaşı yuyur.
Əyirib kipriyində əzabını,dərdini,
Barama qurdu kimi özünə tor toxuyur.
Asılıb ayağından, səhərəcən oyaqdı,
Bir tənha anadildi, ürəyində oxuyur.
Bəs məni kim tanıyar bu səs-küyün içində,
Bilmirəm, kimə doğma, bilmirəm kimə yadam.
Bəlkə elə itmişəm, min ildi xəbərim yox,
Bəlkə elə kiminsə axtardığı adamam...
***
Hələ gözlərimiz çox şey görəcək,
Görəsən bu imiş sondakı eyib.
Kimə acıyasan, kimə yanasan?
Hamı bir-birinin haqqını yeyib.
Hər kəsi tökdüyü nahaq qan tutur,
Son birdi yuxunu hayana yozsan.
Birdimi,beşdimi günahımız ki!
İlahi, hansını bağışlayasan?!
İtmir,göz yaşının çıxır əvəzi,
Gülərlər özgəyə gülən adama.
Daha yaxınları qurban kəsəcək
Qocalıb adamtək ölən adama.
Ömür-gün davası budumu yoxsa?
Pozur çoxlarının qəsdini ölüm.
Dəyişib əvvəlki qiyafəsini,
Kəsib başımızın üstünü ölüm.
Bu da bir sınaqdı,bu da imtahan,
Qurunun oduna yaş necə yanır?
Gərək canın yana, cızdağın çıxa,
Biləsən ocaqda daş necə yanır...
Kimi yandıracaq bu od,bu atəş?
İlahi işıq tut, çıxıb getməyə.
İlahi, yiyə dur yaratdığına,
İlahi, möhlət ver tövbə etməyə.
***
Mən bir səhər hamıdan çıxıb gedə bilərəm,
Bir söz də söyləmərəm, qınamaram heç kimi.
Nə varsa yaddaşımdan qazıyaram, silərəm,
Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.
Canım, vallah, yalandı şairlik də, filan da,
Bax, hər gecə özümü ürəyimdən asıram.
Bir əzabın odunda közərdirəm sözləri,
Mən şeir ha yazmıram, sinəmə dağ basıram.
Bilirəm, acizlikdi kimdənsə sevgi ummaq,
Təbəssümlə, baxışla yalvarmaqdı kiməsə.
Elə yanıb əllərim, uzatmağa qorxuram,
Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə...
Qəm yemə, keçdi getdi...indi susuz səhrayam,
Bir əlçim bulud tapım gözlərimi sıxmağa.
Güclə sürüyüb gedir hərə öz şələsini,
Axtarsan bir adam yox, kövrəlib darıxmağa.
Zamanın qatarında kim yatmış, kim oyaqdı?!
Kim var bircə gecəılik düşüb qonaq qalmağa?!
Qoymadılar qayıdam bir gün uşaqlığıma,
Qoymadıar məni də dönüb adam olmağa.
***
Kimin nə vecinə ağacsan, nəsən,
Biri bina tikər, biri yol çəkər.
Yumşaq kürsüsündə çay içə-içə,
Vaxtsız ölümünə biri qol çəkər.
Ölər ürəyində bahar sevdası,
Gümanın qalmasa yarpaqlamağa.
Nə qədər bel tutan, külüng tutan var,
Hazırdı üstünü torpaqlamağa.
Baltalı, baltasız yüyürər çoxu,
Don vurar arzunu tumurcuq vaxtı.
Köhnə ömrə-günə necə hörəsən
Yaralı əlinlə boş, uçuq vaxtı?
Qaçsan da başından açılmaz bəla,
Sənə də,mənə də növbə çatacaq.
Bizim ümidimiz kağız gəmidi,
Külək vuran kimi suda batacaq.
Qısılıb divara ötən vaxtı say,
Bu əyri küçədə, bu dar dalanda.
Gərək bu dünyada ağ baxtın olsun,
Nə olar, ya ağac, ya gül olanda...
***
Nə bir rahat yuxum var,
nə yuxumda bir dinclik.
Bir nazik ipin üstdə oynamaq zülüm işdi.
Səni çəkib yuxumdan evimə gətirmişəm,
gör necə xarabadı...
Divarlarda boya-boy hər yerdə sənin şəklin.
Gəlişinə sevinən qapım necə ağlayır,
pəncərəm açıq qalıb
görən hansı axşamdan?
Masamın üstü dolu...yer yox barmaq qoymağa,
burda nələr desən var, bir sevincdən savayı.
Ağ varaqlar üşüyür sükutun soyuğundan...
əllərin nə soyuqdu.
Sən gələndən dayanıb divardakı saat da,
əqrəblər üst-üstədi.
Sonsuzlun içində biz ikicə nəfərik.
Sən yaralı göyərçin...
İstəmirəm mən sənə dəmir qəfəs olmağı,
yaranı sarımağa bir azca göz yaşım var.
Ağacların yarpağı
Gecənin qulağına gör nələr pıçıldayır...
Şam əriyib qurtarıb...
Bir söz denən, yandırım ürəyimi sübhəcən.