Salam, Şuşam, mənim şəhid şəhərim!
Mayın 8-i Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğal günüdür.
MANERA.AZ bu münasibətlə çağdaş Azərbaycan şairlərinin Şuşaya yazmış olduğu yurd nisgilli şeirlərini təqdim edir:
ŞUŞA
Mən susum, deyərsən qalanını sən
Gözlərindən axan yağışla, Şuşa.
Keçib, bir şairə yalanını sən
Bağışlaya bilsən, bağışla, Şuşa!
Allaha, dilinin duasına yox,
Haçansa verdyin sözə yenildin.
On – on beş erməni dığasına yox,
Tarixə saldığın izə yenildin.
Yenildin! Əlinə keçməz girəvə
Tarixin təkəri geri gedəndə.
Qafiyə olanda zirvəyə kirvə,
Kirvəni zirvəyə şərik edəndə…
Verdin əllərinlə düşmən əlinə,
Gələcək keçmişin izinə gəlir.
Qönçələr gül açır kimin dilinə,
Şuşada yaz kimin üzünə gəlir?
Bir ümid şamı var hər bir millətin.
Ölürsə o ümid, sönürsə o şam,
İnamın ayaqda qalması çətin…
Tale zirvəsində o şamdın, Şuşam.
Yenilmək Tanrıdan tərs şapalaqdı,
Baharı saralan kövşənə yazıq…
Bir xalqın başında Şuşa papaqdı,
Başından papağı düşənə yazıq…
Ucalmaq yeriymiş Şuşa, ucalmaq!..
Orda həsrət yerin, yer həsrətinmiş.
Eh hardan biləydim zirvədə qalmaq
Zirvəyə çıxmaqdan daha çətinmiş..
Ölümə gəl deyir həyatın “və”si
Nə həyat qanadı qırılmış quşa?!
Dağın zirvəsində dərdin zirvəsi,
Hər yandan görünən faciə- Şuşa!
Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,
Ona da ləkədi, buna da ləkə…
Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?!
BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.
Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın, – deyirdi, – bu torpaqları!”
Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…
QAYTARIN,ŞUŞAMI,QAYTARIN MƏNƏ
Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə…
Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə…
Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə…
Qaytarın Şuşamı, qaytarın mənə…
Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə…
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə…
Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağnamaq olar,
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə…
Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə…
Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə…
Necə bacarırsız elə qaytarın…
Qaytarın Şuşamı, qaytarın mənə…
Geyin,keçin nazir qağa,
Gəl səni Şuşaya aprım.
Çağır beş-üç deputat da,
Gəl,səni Şuşaya aparım.
Ağlama dil-dil dalımca,
Göz yaşını sil,dalımca,
Mən gedirəm gəl dalımca,
Gəl,səni Şuşaya aparım.
Hava xoşdu sazaq deyil,
Döyüş bizə yasaq deyil,
Vallah,billah uzaq deyil,
Gəl ,səni Şuşaya aparım.
Biz getməsək gələn deyil,
Göz yaşını silən deyil,
Heç kəs bizə gülən deyil,
Gəl ,səni Şuşaya aparım.
Ölür ruhum,itir huşum,
Atəşkəsə qonmur quşum,
Qoy qabağ özüm düşüm,
Gəl səni Şuşaya aparım.
Rusu,farsı bizləməyək,
Günahları gizləməyək,
Səkkiz mayı gözləməyək,
Gəl ,səni Şuşaya aparım.
Şuşanı kim verdi bada,
Namusunu satdı yada...
Bax,mən çıxıram Qubadan,
Gəl,səni Şuşaya aparım...
ŞUŞAYA GEDƏ BİLMİRƏM
Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.
Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.
BU GÜN ÖMRÜMÜZÜN ŞUŞA GÜNÜDÜR
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, biliklənirik.
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
Bu gün ömrümüzün Şuşa günüdü,
Bu gün can yerinə, Şuşa deyirəm.
Qəlbimin səsini heç kim eşitmir,
Qəlbimin sözünü daşa deyirəm.
Biz axı düşmənə kin bəsləyənik,
Bəs niyə alammır o kin Şuşanı,
Siyasi rəssamlar sözdən qurtarın,
Zəfər meydanına çəkin Şuşanı.
Hərdən öz-özümə sual verirəm,
Bu xalq hansı günə yaraq saxlayır
Bir şair öyünür fəxri adıyla
Bir nazir başında papaq saxlayır.
Hanı o siyasət, hanı o dahi,
İllərdir ərimir, ərimir bu qar.
Görən nə düşünür millət, ilahi,
Axı lüğətində «kişi» sözü var!
Qeyrət qışqırıram kar qulaqlara,
Tənə eləyirlər, ələ salırlar.
Oturub hərə bir isti otaqda,
Torpaq əvəzinə rüşvət alırlar.
Yosun bığ, deputat efirə sığmır,
Dağıdır hər yana tüpürcəyini,
Vətən satılandan, torpaq gedəndən,
Düzəlib geyimi, başı, əyini.
Yalandan and içir, vətənə, xalqa,
Biz böyük millətik qana-qan deyir.
Evdə uşağına, arvadına da,
O can kəlməsini yalandan deyir.
Hərə bir tərəfdə baş girələyir,
Söz alır, söz satır gəlib-gedənlər,
Qəsrlər ucalıb buluda dəyir,
Piylənir qarınlar, şişir gödənlər.
Kimsəni tərpətmir Şuşa ağrısı,
Kimsəni ağrıtmır, kimsəni sıxmır.
Gülə qaçanların güllə məqamı,
Biri də yüyürüb qabağa çıxmır.
Bu gün ömrümüzün Şuşa günüdü,
İşğal tarixidi, «biliklənirik»
Bu gün ömrümüzün şüşə günüdü,
Təzədən qırılıb çiliklənirik.
***
Mən də sənintək Şuşam,
Tamam unudulmuşam.
Nə adımı öyən var,
Nə qapımı döyən var.
İçim-çölüm uçulub,
Qala divarlarıtək.
Zaman məni qarğıyıb,
Küpəgirən qarıtək.
Sürünür quru canım,
Dərd əlindən bihişam,
Mən də sənintək Şuşam,
Tamam unudulmuşam.
Nallarından od qopan,
Kəhər atların hanı.
Gözəl çağların hanı,
Xoş saatların hanı.
İndi vərdişə dönüb,
Şuşa deyib zarımaq.
Kimə düşür bu boyda,
Yaraları sarımaq?
Adını ATƏTqoyub,
Tom yüyürür,
Con cumur.
"Şuşa"restoranında ,
Bir masaya qulluğa,
Yüz əlli qarson cumur.
Amma sənə qulluq heç,
Gərəkmədi can Şuşam,
Səntək oğul itirdi,
Azərbaycan Şuşam.
Hələ də bölgüdəsən,
Fransada,ABŞ-da.
Nə bizi diri əfv et,
Nə öləndə bağışla.
Səni biz yada verdik,
Alova oda verdik.
Mən də unudulmuşam,
Mən də qəribəm Şuşam.
Mənim də bürclərimi,
Uçurub dağıdıblar,
Belimi düzləyiblər,
Qanımı axıdıblar.
Kİmin nə vecinə ki,
Necə talan olmusan.
Necə unudulmusan,
Necə yalan olmusan.
Səndən qafiyə tutub,
Şeir qoşmağa nə var.
İldə bir yol efirdən,
Əsib-coşmağa nə var.
Daş bilər,bostan bilər,
Atım, yoxsa atmayım
Nəysə, mətləb uzundu,
Bəlkə heç ağartmayım.
***
Özün dağ başına qoyan şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.
... Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...
SALAM, ŞUŞAM
Salam, Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin.
Sürtüm üz-gözümü “sürünçək” daşlarına,
Açım qollarımı gur sel yağışlarına,
Küləklərin oxşasın pərişan tellərimi,
Haraylayım, haylayım didərgin ellərimi.
Salam, Şuşam, mənim şəhdim, şəkərim!
Salam, Şuşam, mənim şəhid şəhərim!
Salam, Şuşam!
Oğulları qırılmış, kişiləri vurulmuş,
Od içində boğulmuş, qan içində yuyulmuş,
Buludları doluxmuş, çiçəkləri soluxmuş,
Körpələri qocalmış, qocaları yorulmuş,
Qananı “nadan” olmuş, nadanı “qanan” olmuş
Üfüqləri qaralmış, adamları saralmış,
Salam, Şuşam, tale ülkərim, salam!
Var ikən yox olan şəhərim, salam.
Salam Şuşam!
Xanimanı dağılmış, oy… yurdu yağmalanmış.
Sarayları sökülmüş, var-dövləti talanmış,
Min illik xəzinəsi tonqallara qalanmış,
Min cür böhtan, yalanla günahsız damğalanmış,
Uğrunda övlad qanı sellənmiş, laxtalanmış,
Ramizini itirmiş, çalın-çarpaz dağlanmış,
Salam, Şuşam, unudulmuş şəhərim!
Haqqına daş basılmış susdurulmuş şəhərim!
Salam, Şuşam!
Keçəydim yollarından elə payi-piyada,
İçəydim sularından min ləzzət dada-dada.
Qucaydım dağlarının başında buludları,
Görəydim mən ölməmiş o doğmaca yurdları.
Topa-topa daşlara lopa-lopa qar yağa,
Xizəkli körpələrin şütüsünlər sol-sağa.
Qarqar daşsın yaz ağzı, sellər, sular hayqırsın,
Şimşəklərin kişnəsin, qartalların qıy vursun.
Salam, Şuşam, basılmış basılmazım!
Gözgörəti satılmış basılmazım!
Salam, Şuşam!
Salam, Şuşam, siyasətin qurbanı!
Aman! Şuşam-xəyanətin qurbanı!?
Şuşasız bu ölkə Vətən deyilmiş,
Sənə bu dünyada da heç tən deyilmiş,
Gələcəm qoynuna dizlərim üstdə,
Ölsəm, Xarıbülbül məzarım üstdə,
Qalsam, bir daş kimi yonsunlar məni,
Uçuq divarına qoysunlar məni.
Salam Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin…
Tural Adışirinin təqdimatında