manera.az
manera.az

Öz sözümlə yaşadım - Elbariz Məmmədlinin şeirləri

Öz sözümlə yaşadım - Elbariz Məmmədlinin şeirləri
Elbariz Məmmədli - 60

Bir ömür yaşayırıq

Bir ömür yaşayırıq, nəyimiz var, əmanət,
Ötüb keçən günlərin geriyə dönüşü yox.
Bu əzablı yol ki, var –beşikdən məzaracan,
Alnımızda yazıdır, vaxta dirənişi yox.

Bizdən əvvəl olanlar- dərdimizin heykəli,
Bizdən sonra gələnlər- çiynimizdə dağ yükü.
Nizamını kim pozub, nədən belə dikəlib,
Günü- gündən böyüyən bu, oğul-uşaq yükü?

Hamı tamah əlində yüyürür ,ov dalınca,
Çəkilibdi qəhətə, ov da tükənib ,daha
Zülmət çöküb hər yerdə başımızı alınca,
Sonuncu ümidimiz quyuya enib daha.

Ortalıqda Vətən var- yarasından qan sızan,
Baxırsan dünya boyu enib haqqın bayrağı.
Hara ki, yurd demişik, qismət olub qansıza,
Səpələnib getmişik ,köçərilər sayağı.

Sevgisinin tamı yox, hardan bu həyat şirin?
Əlimizdən alıblar son əl tutulan yeri.
Dağların o üzündə o qərib yurd bizimdi,
Kiməsə dəxli yoxmu, dərdə atılan yerin?

Əllərimiz uyuşmur əl tutub yürüməyə,
Canı belə sevməzlər, nədir ki, can deyilən?
Hamı adətkar olub canını sürüməyə,
Bəs, kiminlə yürüsün bu, can Vətən deyilən?

Dünya boyda ev qurub bizdən öncə gedənlər,
Dünya boyda yurdları yağıyamı vermişik?
Vətəni dar ayaqda buraxıb son ümidə,
Acı-acı dərdlərin qoltuğuna girmişik.

Babaların nəfəsi torpaqdan çəkiləli,
Elə bil ki, dərd hopub otun, suyun tamına.
Açılan səhərlərin işığı tükənəli,
Hamı şükr eləyir qovuşan axşamına.

Bir ömür yaşayırıq, hər anı bir imtahan,
Xəyalda asılmışıq arzuların ağından.
Neçə ki, bütövlüyə təşnədi Vətən, can-can,
Keçə bilməyəcəyik Tanrının sınağından.

Altmış yaşıma ön söz

Haradan başlamışdıq, hara gəldik, bilmirəm,
Nəyi apardı bizdən illərin qovğaları.
Göynədən xatirədi həm gənclik, həm uşaqlıq,
Tutub yaddaşımızın yükünü, yar - yarı.

Arzumuz çox böyükdü, mənzilinə varmadıq,
Ehtiyacın əlində girov qaldı, ümidlər.
Mən getdiyim yerlərə nifrəti aparmadım,
Göz dikib səhərlərin qapısına, ümidlə.

Neçə dost gəldi, getdi, yolumuz haçalandı,
Hərə bir yanda düşdü nəfsinin girovuna.
Bəşər bir möcüzəymiş, ruhundan gen düşəndə,
Tamah üçün gedərmiş , insan insan ovuna.

Sən məni qovdun elə, əzablı sabahlara,
Əzablı axşamlarım duyğumla bir olmadı.
Mənə könül vermədi, mən sevdiyim gözəllər,
Məni sevənlərə də könlümdə yer olmadı.

Baxıram, yer üzündə Vətən boyda dərd qalıb,
Bilmirəm, nə deyəcək, bizdən sonra gələnlər.
Biganəlik hamını elə ovsunlayıb ki,
Başqa səmtə yürüyür, arzusu göy dələnlər.

Heç vaxt əyilməmişdik, yad nəfəslər önündə,
İndi boyun bükürük, hənirti duyan kimi.
Niyə, qoruyammadıq bu, Vətən deyiləni?
Analar öz bətnində bizi qoruyan kimi.

İki biçim söz dedik, söz nəyi dəyişdi ki,
Sözümüzü oxuyan, ayaqda yuxuladı.
Kimsə nəşə yerinə baxdı şeirlərimə,
Umduğum adamların biri də oxumadı.

Zaman elə əridi, üzü qüruba tərəf,
Seçib ayırammadım, dərdlərimin rəngini.
Ha doğruya yürüdüm, əllərim boşda qaldı,
Tutdu, tutanlar tudu, zamanın ahəngini.

Bir kənddə doğulmuşdum, yolları çiçək - çiçək,
Sevmişdim səhərini, sevmişdim axşamını.
Orda duyğu yığmışdım ilhamıma - bir ürək,
Şəhərdə tapammadım o duyğunun tamını.

Gəl, oturub dərdləşək, neçə borc yükümüz var,
Sənin yükün tərs gəlir, bu odlu ürəyimlə.
Bəlkə təzdən başlayaq, savaşların yolunu,
Bircə quru canım var, oynayırsan nəyimlə?

Payız səni xatırladır, əzizim.

Ümidimin yenə günü qaralıb,
Günlərimin dar macalı daralıb,
Duyğularım yarpağı tək saralıb,
Payız səni xatırladır, əzizim.

Gecələrin hönkürtü var içində,
Ömrüm-günüm uralanır, “biçində”,
Durnaların həsrət dolu köçündən,
Payız səni xatırladır,əzizim.

Yay ötməmiş dağ başında duman var,
Çiçəyindən hələ neçə uman var,
Aramızda bir saralmış zaman var,
Payız səni xatırladır,əzizim.

Buludların tər içində atları,
Gör, nə vaxtsız “dingildədir” otları,
Ürəyimdə xatirədən qatları,
Payız səni xatırladır,əzizim.

Çiçəklərin olum-ölüm qorxusu,
Gözlərində daşa dönüb yuxusu,
Nəfəsində ayrılığın qoxusu,
Payız səni xatırladır,əzizim.

Çıxammıram həsrətinin əlindən,
Düşəmmirəm dərd dağının belindən,
Ləçəkləri səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.

Sevdan üçün keçdim ömrün başından,
Duz yaladım yanağımın yaşından,
Çaylaqların tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.

Səndən uzaqda

Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.

Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.

Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.

Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.

Qatarlar şütüyür gecə yarısı

Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürgülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürgülü.

Pozulur gecənin tənha sükutu,
Qatarlar qılınc tək kəsir zülməti.
Ağaclar elə bil canlı adamdır,
Yollar kənarında - başında çətir.

Şütüyür qatarlar - üzü səhərə,
Bir azdan qızaran üfüq yanacaq.
Uzaq vağzallarda heykəl adamlar,
Bir şirin görüşə qanadlanacaq.

Sonuncu sərnişin enəcək harda?
Görəsən, səfəri nə ünvanlıdır?
Mənzilə çatmağa elə tələsir,
Elə bil qatar da həyəcanlıdır.

Kimin duyğusudur gözü yol çəkən?
Kimdi yuxusunda qatarlar görən?
Ümidlər küləklə uçsa mənzilə,
Qatarlardan tezmi çatarlar, görən?

Göz yuxuya həsrət, ürək dincliyə,
Yollar da uzanır, bitirmək olmur.
Duyuğuda mənzilə yetən istəyi,
Hələ ki, qatarla yetirmək olmur.

Öldürür özünü çöldə küləklər,
Bağlı pəncərələr sipər kimidi.
Gecənin içindən sıyrılan qatar.
Zülmətdə işıqdan çəpər kimidi.

Elə hökmlüdür bu saat, bu an,
Qatarlar həsrəti yenəsi kimi.
Geyib ayağına naxış yolları,
Elə bil mirvarı dənəsi kimi.

Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürğülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürgülü…

Yaşadım

Yolu-izi daş-kəsəkli olsa da,
Mən bu ömrü bir üzümlə yaşadım.
Tanrı verən qismətimlə, payımla,
Öz haqqımla, öz düzümlə yaşadım.

Əl atmadım ətəklərə, əl üçün,
Qabar oldu, daş bağladı əl içim,
Düşüncəmi əydirmədim dil üçün,
Öz duyğumla, öz sözümlə yaşadım.

Sıyrılanda divanların içindən,
Əzab adlı ünvanların içindən,
Önə çıxıb susanların içindən,
Dik qəddimlə, dik gözümlə yaşadım.

Yaş ötüşür, dirənişi əllidi,
Burdan belə nə başlayır, bəllidi.
Gedən ömür qalan izin həllidi,
Şükr Tanrı, öz izimlə yaşadım.

Aman Kərkük

Suların qan rəngində,
göylərin od ələyir.
Dünyada var olalı,
Hərə bir hiylə qurub,
Ruhunu güllələyir -
Aman Kərkük.

Sinirlərin daralır,
Çəpərlərin yeriyir.
Sən kimə neyləmisən,
Dünən qucaq açdığın,
İndi sənin üstünə,
Geyib şəri yeriyir -
Aman Kərkük.

Kimdi bu, qovğa açan,
Səni gözü götürmür.
Sənə daş atılalı,
Heç yerdə rahatlığı, -
Yerin üzü götürmür -
Aman Kərkük.

Dilin bayatı dili,
Yaşayıb qalmağındır.
Üstünə atılan daş,
Başına gələn bəla,
Türk eli olmağındır -
Aman Kərkük.

Sən Füzuli sorağım,
Üz sürtməyə pirimsən.
Doğu, Batı arası,
Ən əziz ocağımsan,
Ən müqəddəs yerimsən -
Aman Kərkük.

Səni qara əllərə,
Verə biləlimmi, heç.
Adın çəkilən yerdə,
Baxıb çiçək dərdinə,
Dura biləlimmi, heç -
Aman Kərkük.

Ölməzdi türkün ruhu,
Bu sınaqdı, acıma.
Sənə düşmən olanlar,
Bir gün çəkiləcəklər,
Haqqın dar ağacına -
İnan Kərkük.

Daha yol qalmayıb

Səni yaşantınla baş-başa qoydum,
Nə yanında qaldım, nə taleyində.
İnadın səni də, məni də yıxdı,
İndi öz-özünə küs də, deyin də.

Ayrıldıq, qurtardı söz-söhbətimiz,
Necə istəyirdin, elə də oldu.
Gözü götürmürdü çoxunun, onsuz,
Çoxları əzabdan, bəladan oldu.

Başında ayrılıq havası, gəzdin,
O qan nə qanıydı, oynatdı səni.
Hissini bu qədər ucuz bilməzdim,
Sevdanın qanına boyatdı səni.

Gedən ömür oldu, dərdə qalan sən,
Günahın könlünü silkələmədi.
Sənin ürəyində ölən duyğular,
Nə yaxşı ki, məni tərk eləmədi.

Mən haqqa yaxınam, Tanrıya yaxın,
Məni tapammazsan, haraya getsən.
Mənim ürəyim tək qızdırmaz səni,
İmarətə getsən, saraya getsən.

Daha yol qalmayıb, yol eləməyə ,
Bütün körpüləri yandırdıq, heyif.
Özümüz nə vaxtsa çıxıb gedənik,
Bir nakam sevgini sındırdıq, heyif.

Ağrı

Bu kənd niyə belə dəyişib, Allah,
İtirib özünü bu kənd beləcə.
Yaxşı nəyi vardı, yaddaşda qalıb,
Öldürüb özünü bu kənd, beləcə.

Təzə kişilərin ovqatı başqa,
Çoxunun əllidə beli bükülüb.
Təbiət qarğışa düşübdü sanki,
Meşələr budanıb, bağlar sökülüb.

Bu kəndin taleyi dərdlərə qalıb,
Vaxt vardı bu torpaq aşıb-daşardı.
Alnının tərilə ocaq quranlar,
Burda ömür sürüb yüzü aşardı.

Sinəsi dağlanıb bomboz torpağın,
Sanki, təbiətdən öc alıbdılar.
Torpağın qədrini bilən kişilər,
İndi qəbiristanda yurd salıbdılar.

Sürülər haylanmır, örüşə sarı,
Obaşdan səhərin bağrı sökülmür.
Bu kəndin başına dərd-azar yağır,
Çoxdandı bərəkət, ruzi tökülmür.

Ayağı yer tutan yurddan qaçaqdı,
Cavanlar qürbətdə gün keçirirlər.
Uzanır vədəli toyların vaxtı,
Qızların könlünə dərd köçürürlər.

Barmaqla sayılır torpaq adamlar,
Əkin yerləri də tala-taladı.
Anlamaq istəmir təzə kişilər,
Torpaq əzəmətdi, torpaq qaladı.

Göylər də buluddan açılmır nəsə,
Amma göyə yağır, torpağa yağmır.
Urvatdan düşəli yurdlar, ocaqlar,
Nə arana yağmır, nə dağa yağmır.

Bu kənd niyə belə dəyişib, Allah,
Dönüb qəm püskürən qəmli adaya.
Yurdu dərd əlinə verən cavanlar,
Keflə qulaq asır, «Serenada»ya.

Yetər, qol çırmayın cumun torpağa,
Bu ki, əmanətdi, təzə kişilər.
Qaytarın bu yurdun ucalığını,
Qılmayın torpaqla məzə, kişilər.

Vətənsiz böyüyüb köçkün uşaqlar

Gözünü açalı ağ çadır görüb,
Elindən köçəli ağ çadır görüb.
Yağıdan qaçalı ağ çadır görüb,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Çoxu yurd-yuvanın dadını bilmir,
Bilmir doğmasını-yadını, bilmir.
Bəlkə də kəndinin adını bilmir,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Ağlı çaldırandı bu qamış evlər,
Yardıma sığınıb toxtamış evlər.
Sülhün göz dağıdır, bu yanlış evlər,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Güldən gül tanımır, çiçəkdən çiçək,
Duyanda içində dərd böyüdəcək.
Türkün yağmalanmış xəritəsi tək,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Dağılıb ocaqlar, talanıb bağlar,
Atıb qürurunu ayağa dağlar.
Bir gözü qüssəli, bir gözü ağlar,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Köçkünlük adına yazılı qalıb,
Özgə ümidindən asılı qalıb.
Vətənsiz içinə qısılı qalıb,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Zaman öz içində, susan bizik, biz,
Nədən özümüzə ümidsizik biz.
Sabah deyəcəklər nə fərsizik,
Vətənsiz böyüyüb köçkün uşaqlar.

Hara qaçasan

Nədənsə bütün dünya Türkün
meydandan çəkilməsinə maraqlıdır.
Bu mümkünmü?


Hamı çəkil deyir, hamı qaç deyir,
Bu yerdən, bu göydən hara qaçasan.
Canınla, qanınla Vətən olduğun,
Bu yurddan, bu köydən hara qaçasan.

Hələ bitmədimi Tanrı sınağı,
Dörd yandan üstümə dartınır yağı,
Bütün yer üzündə izim, sorağım,
Bu kökdən, bu soydan hara qaçasan.

Cahan didmələnir qurdlar içində,
Yurdsuzlar yurd salır, yurdlar içində,
Hər qolum bir eldə, yadlar içində,
Bu qandan, bu boydan ara qaçasan.

Köksümdə göylərin işığı, nuru,
Niyyətim tərtəmiz, ruhum dupduru,
Qarşıda özümə dönüşüm durub,
Dönüşə haraydan hara qaçasan.

İçimdə kükrəyən bir boz börüyəm,
Hələ sınmamışam, üzü bəriyəm,
Türkəm, yaranışın şah əsəriyəm,
Bu ilkin saraydan hara qaçasan.

Gözləyir qarşıda ünvanlar məni,
Yurda yiyə bilib Xaqanlar məni,
Çağırır ətrinə yovşanlar məni,
Bu qismətdən, paydan hara qaçasan.

Şair ömrü

Bu da bir sevda ömrü,
Yaz ömrüydü, yaşadıq.
Bütün dərd-ələmiylə,
Düz ömürdü, yaşadıq.

Umduq, güvəndik sözə,
Döndü dilimiz közə.
Sətirlərlə üz-üzə,
Söz ömrünü yaşadıq.

Gördük qanadlı, ömrü,
Duyğusu atlı ömrü.
Məhəbbət adlı ömrün,
Öz ömrünü yaşadıq.

Payız

Tez gəlibdi bu payız,
Niyə tələsib, görən?
Ağaclar yoluq-yoluq,
Yarpaqlar pərən-pərən.

Buludlar yarışmada,
Küləklər cıdırdadı.
Çiçək var doğulmayıb,
Çiçək var cığırdadı.

Çəkib göyü köksünə,
Meşələr qürub kimi.
Günəş elə sozalıb,
Göydə don vurub kimi.

Gizlədib qoxusunu,
Ruhumun gülü yoxsan.
Görəsən, uzaqlarda,
Uşurmu belə, yovşan?

Tez gəlibdi bu payız,
Tutub göyü dağ kimi.
İçim yaz havalıdır,
Bir yaşıl yarpaq kimi.

Durna köçündə

Asılmışam havadan,
Üzüm durna köçündə.
Ürəyim səndə qalıb,
Gözüm durna köşündə.

Harayı can yandırır,
Canımı usandırır,
Həsrətini andırır,
Düzüm durna köçündə.

Havası qəm üstədi,
Nə ağrılı bəstədi,
Çıxıb getmək istədim,
Özüm durna köçündə.

Nə səs oldu, nə haray,
Ötənləri özün say,
Getdi xoş günlər, vay- vay,
Bizim durna köçündə.

Vasif Süleymanın təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031