manera.az
manera.az

Dönüşü gözləmək səbəbidir günlər...- Şeir

📅 04.08.2017 13:41

Dönüşü gözləmək səbəbidir günlər...- Şeir


Tural İsmayılov

Şeirli günlər

Günəş sadəcə göydən çıxmır
O, həm də əl edir səhər çıxanda
Ümidsiz xəstələrə
Ayrılıqdan kədəri qucaqlayanlara
Sevgisiz qalmış qəlblərə.
Günün doğması həm də
Hər bədbəxt qəlbin yeni bir inam payıdır.

Biz əsrlərlə kor qalmış dünyada
əsrlərdir qanımıza susadıq
Yeni torpaqlar üçün
Yeni qəsblər üçün
İnsanlara qıydıq.
Günəşin batması
Tanrının qaranlığına salam verməkdir.

Qız uşaqlarının gülüşü səmanın parıltısıdır
Körpə qəlblərindəki çırpınışlar
Yaşlıların həyəcan dolu gözləri
Hər yeni günün sabahıdır.
Oyandığımız hər gün
Bizim ölməmək səbəbimizdir.

Bağışlamaq ən çətin missiyamız
Bağışlanmaq ən çox axtardığımız
Biz itmiş və xaraba beyinlər cəhənnəmində
Cənnətimizin öz müjdəçisi.
Bitməyən hər bir gün
Həm də bitməyən bir ömürdür.

Təbiətin oyanışıdır əsən səri küləklər
Hər gedənin yoldaşı
Hər gələnin həmdəmi
Və həm də sirdaşıdır küləklər.
Ürəklərimiz tir-tir titrəyəndə
Günün yaxasını silkəyən də küləkdir.

Ömür dastanınızın öz yazarları sizsiniz
Həyat musiqinizin bəstəkarı,
Tanrı səhv bağışlasa da
İnsan səhvi unutmur.
Biz günlərin tənha elçisi
Gecələrin sükut yolçusu
Dünənimizin qurtuluş çarçısı
Günlər,
Həmçinin sabahımızın atasıdır.

Saniyələrlə unudulmaq nədir ki?
Dəqiqələrlə unudulur
Saatlarla şüurdan itirilir
Və günlərlə,
Günlərlə,
Günlərlə,
Unudulur ölüb gedənlər,
Çıxıb gedənlər,
Birdəfəlik gedənlər.
Hər gedişin bir dönüşü olmur
Dönüşü gözləmək səbəbidir günlər.


Baxış sayı - 2 244 | Yüklənmə tarixi: 04.08.2017 13:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031