
“Evdə qal!”
(hekayə)
Bəzən daxilimdə şübhələr əmələ gəlir. Küçə ilə gedirəm və mənə elə gəlir ki, izlənirəm. Kimsə qarabaqara ardımca düşüb. Səksəkəli insanam. Təbii ki, narahatlıq hissi keçirirəm.
Ürək döyüntüsü artır. Düz mütənasib olaraq, damarlardakı adrenalin də vurur kəllə-çarxa. Öz-ozümə deyirəm: “ax məlun, bax gör, indi necə ifşa olunacaqsan.”
Əvvəlcə manevrlər edirəm. Açıq-aşkar geriyə baxmaq olmaz. Bu yolverilməzdir. Cəld hiylə işlədirəm. Əyilib, guya, dizimi qaşıyıram. Gözaltı baxıram ki, tip əl çəkmir.
Tez yaxınlıqdakı kolun arxasına keçib gizlənirəm. Aşağı sinib gözləyirəm. Həmin şəxs arxayın (yaxud, tələsik) addımlarla gəlib keçir. Yalnız bundan sonra, yoluma rahat davam edirəm.
Bəzən isə fərqli, 180 dərəcəlik əks vəziyyətə düşürəm. Qəflətən mənə elə gəlir ki, irəlidəki şəxs, onu güddüyümü düşünür. Tutaq ki, bir xeyli aralıda yerləşən marketə çatmaliyam. Bunun üçün sağa-sola dönməli, istiqaməti düzgün tutmalıyam. Tərslikdən ya təsadüfdən, irəlidəki insan da ora gedir. O addımlayır, mən də arxasınca. Gedir, gedirəm, dönür, dönürəm. Əsl təqib baş verir. Lap kinofilmlərdəki həngamə. Beləcə, dedektiv-casus oyunu elə başlayır ki, gəl görəsən.
Bunu özünüz də sınaqdan keçirə bilərsiniz. Sizi inandırım, çox əyləncəlidir. Peşman olmayacaqsınız. Doğru sözümdür.
Bir neçə gün bundan əvvəl, marketə getmək zərurəti meydana gəldi. Heç nə səbəbsiz olmur axı. Çörək qurtarmışdı. Məlum oldu ki, qənd də yoxdur. Yağ, makaron, düyü, hətta tualet kağızı da. Təsəvvür edirsiniz, hamısı birdən tükənmişdi.
Küçəyə düşdüm və məndə paranoya hissi yarandı. Təşviş keçirməyə başladım.
Məhəllə içi yollar bom-boş idi. Baxdım ki, ətrafda nə ins var, nə də ki, cins. Həyəcanım bir az da artdı. Tini burulub, başqa küçəyə keçdim. Səssizlik.
Növbəti küçə. Yenə səssizlik. İrəlidə gedən də yoxdur, ardımca gələn də. Elə sakitçilikdir, qu desən qulaq tutular. Nə izləməyə adam var, nə məni güdən. Hər şey maraqsız görünürdü. Görəsən nə olub?
Vay! Birdən yadıma düşdü. Virus xəbərdarlığı edilib axı, karantindir. Hamıya deyilib ki, oturun evdə, heç burnunuzu da çıxarmayın. Məcbur oldum geri qayıdam.
İndi, dörd divar arasındayam. Amma, evdə qalmaq çox çətin məsələdir. Hətta, deyərdim müşkül işdir. Çünki, hər gün başıma xeyli iş gəlir. Ağlasığmaz, qeyri-adi, qəribə. Müxtəlif yöndəmsiz vəziyyətlərə düşürəm. Elə vəziyyətlərə ki, bəzən bilmirəm, ağlayım, yoxsa gülüm.
Məsələn, dünən səhər özümə çay süzərkən, qatıq bankasını üzüquylu aşırdım. Banka çilik-çilik oldu, qatıq partlayış dalğası ilə ətrafa sıçradı. Əynim, şalvarım qatı ağartı məhsuluna bulaşdı
Tərslikdən, çaynikdəki qaynar su da dağılıb əlimi yandırdı. Dərimi diri-diri bişirdi. Üstəlik də ayağıma ilişən zibil qabını aşırdım.
Lakin problemlər bununla bitmədi.
Günorta, yumurtanı soyuducudan götürmək istədim və içərisində çəkilmiş ət olan boşqabı əlimdən yerə saldım. Boşqab da sındı, barmaqlarımın arasından sürüşüb yerə diyirlənən girdə yumurtalar da.
Axşam, havamı dəyişmək üçün eyvana çıxdım. Kaş çıxmaz olaydım. Yağışın əsl konki meydançasına çevirdiyi kafelli döşəmədə sürüşdüm və ağırlıq qüvvəsinin, ətalətin bütün klassik qanunlarına tabe olaraq yerə dəydim.
Sonra isə, övladlarımla evdə futbol oynamaq qərarına gəldik. Oyun elə təzə başlamışdı ki, topu qapı əvəzinə, iti və kəskin zərbəylə düz televizorun ekranına tuşladım. İndi, korona xəbərlərə, epidemiya-infeksiyadan bəhs edən fimlərə və virusoloqların bədbin çıxışlarına ortadan çatlamış ekranda tamaşa edirəm.
Bu da sizə "Evdə Qal!”...
Vüsal Bağırlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.