manera.az
manera.az

Doğmalaşan uzaqlar - Rauf Ranın şeirləri

📅 14.04.2020 13:00

Doğmalaşan uzaqlar - Rauf Ranın şeirləri
Manera.az Rauf Ranın şeirlərini təqdim edir:

Süjet

uşaq idim,
həkimlər atamın bir ay
ömrü qaldığını demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.

Fraqment

dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.


***
Qürub,
tək ayaqla addımlayır əlil uşaq,
fırladır əsasıyla
yorulmuş Yer kürəsini.

Avreliyə...

Əzab nədir, Avreli,
sevgilərin sonrası
bir gedişin ağrısı?

ya
kasıb bir daxmada
bir gecənin yarısı
südsüz qalan körpənin
süd dişinin ağrısı?


***
Küçədəki bomjun
zibil qutusunda
çörək axtarması kimi
axtarıram uşaqlığımı
ömür dediyinizdə...


***
İndi səni unutmaq
yol kənarında əl açan
dilənçi yanından
- yalançıdır, deyib
keçmək kimi...
keçirsən
və qəfildən dayanırsan:
-Birdən əgər deyilsə?..

Gecikməyin elegiası

Gecikməkdən ötrüymüş
doğmalaşan uzaqlar.
Gör bu uşaq dünyanın
canındakı uzağı.

Bir mesaj azar yolun gecənin sükutunda,
qayıdar, qucaq açar barmaqların izinə.

Bir pərdə çəkilər pəncərənin önünə,
yəni, yumar gözlərini pəncərələr anidən.

Bir avtobus gözləyər, ayrılığın tinində,
verər sənin yerinə əllərin gediş haqqın,
düşər, qayıdar geri.

Pozar dilsiz gecənin bütün səssizliyini,
uzaqlardan yüksələn bir qatar səsi.

Heç özüm də bilmədim,
axı, mən sənə gecikməyə
harda, necə tələsdim?

Yuxu yozmaları

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən - yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.

“La tristesse durera toujours”

Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.

“La tristesse durera toujours”

Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.

“La tristesse durera toujours”

Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.

“La tristesse durera toujours”


Baxış sayı - 809 | Yüklənmə tarixi: 14.04.2020 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031