Məmməd Alimin məşhur şeiri
Manera.az mərhum şair Məmməd Alimin "Dünya, qapını aç, aç çıxım gedim" şeirini təqdim edir:
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.
Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.
Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…
Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.