manera.az
manera.az

Televizor - Bayram Əliyevin hekayəsi

📅 01.04.2020 15:45

Televizor - Bayram Əliyevin hekayəsi
Yasin uzun illər idi ki, Bakıda yaşayırdı. Əslən rayonların birindən olan Yasinin ailəsi acınacaqlı vəziyyətdə yaşadıqlarına görə o təhsil ala bilməmişdi.
Orta məktəbi bitirdikdən sonra bir müddət kəndlərində çobanlıq etsə də sonralar Bakıya gəlməyə məcbur qalmışdı.

Orta məktəbdə oxuduğu illərdə Cəmilə adlı sinif yoldaşını sevmişdi. Hələ o illərdə telefon, sosial şəbəkələr və s. texnoloji vasitələr inkişaf etmədiyindən və çox utancaq olduğuna görə Yasin öz sevgisini Cəmiləyə uzun müddət deyə bilməmişdi. Həyatda kiçik görünən, həmin anda varlığı ilə yoxluğu, deyilib deyilməməsi çox əhəmiyyət kəsb etməyən necə sözlər, qərarlar vardır ki aradan zaman keçdikcə insan taleyini yönləndirən, ona hökm edən, insan həyatının ən mühüm bir parçasına çevrilir. Yasinin vaxtilə Cəmiləyə öz hisslərini aça bilməməsi, çəkingən davranması ömrünün sonrakı illərində həyatında həlledici olmuşdu.

Yasinin ailəsi böyük deyildi, özündən balaca iki qardaşı da var idi. Atası kənddə fəhləlik edərək, günə muzdlu işləyərək ailəsini yarı ac yarı tox dolandırırdı. Əslində 90-cı illərin çaxnaşmalı mühitində heç kim rahat şəraitdə yaşamırdı. Ölkədə hökm sürən anarxiya vəziyyətində əhalinin çoxluq təşkil edən kasıb təbəqəsi bir qarın çörəyə möhtac yaşarkən varlılar da hər an sahib olduqlarını itirmək təhlükəsi ilə üz-üzə idilər.

Yasin həyatında çox çətinliklərlə üzləşmişdi. 11-ci sinifdə oxuyarkən atası infarktdan hələ çox cavan ikən, 44 yaşında vəfat etmişdi. Bütün ailənin yükü onun çiyinlərinə yüklənmişdi. Orta məktəbi bitirdikdən sonra kənddəki camaatın qoyunlarını otarmağa başlamışdı. Aylıq cəmi 10 şirvan pul qazanan Yasin əslində bu miqdarla kənddə bir çoxlarından daha yaxşı yaşayırdı. Anasına kiçik qardaşlarını oxudacağına dair söz versə də taleh elə gətirdi ki, Yasin həm doğma kəndindən didərgin düşdü həm də həyat onu daha ağır bir şəkildə imtahana çəkdi.

***
Orta məktəbin son günləri idi. Atasının ölümündən sonra daha da səssizləşən Yasini son günlər bir dalğınlıq öz ağuşuna almışdı. Ümumiyyətlə, atasının ölümü Yasinə həyatda əsl gerçəkliyi- ölümü- bütün çılpaqlığı ilə göstərmişdi. Qəfildən gələn bu itki bir tərəfdən Yasində onun bütün həyatına təsir edən, təzə-təzə qavramağa başladığı həyat haqqında müəyyən fikirlər yaratmış, digər tərəfdən də ölümün aniliyi həyatın bütün parıltılı ehtiraslarını, ləzzətlərini onun üçün mənasız qılmışdı. Həmyaşıdlarından fərqli olaraq Yasin gələcək haqqında bəzən gerçəkləşməsi mümkün olmayan xəyallara varacaq qədər planlar qurmurdu.

Onun üçün bu cür, bir çox gənc üçün cəlbedici olan gələcək haqqında illuziyalar atasının ölümü ilə sönükləşmişdi. Ancaq onun bu bəsit, rəngsiz, monoton və durğun dünyasına rəng qatan yeganə varlıq Cəmilə idi. Dərsdən evə gələrkən, səhər yerindən qalxıb dərsə gedərkən də onu düşünür, axşam yatarkən Cəmilənin ona çox cəlbedici gələn gözləri xəyallarına hakim olurdu. Bir neçə il idi ki, Cəmiləyə getdikcə dərinləşən hisslər bəsləməsinə baxmayaraq hələ də içini ona aça bilməmişdi. İndi orta məktəbin sonuna yaxınlaşdıqca sanki Cəmiləni itirəcəyini hiss edirdi və bu da Yasini fikirlərə qərq edirdi. Cəmiləyə sevgisini etiraf edib etməmək haqqında düşünərkən Cəmilənin, onun uzun illərdir xəyalı ilə yaşadığı və dünyasına məna qatan qadının həyatında yeni hadisələr cərəyan etməyə başladı.

Kənddə adət idi. Vaxtilə kənddən köçüb getmiş, böyük şəhərlərdə özlərinə yeni həyat qurmuş insanlar doğma kəndlərini unutmur, fürsət düşdükcə ata ocaqlarına gəlirdilər. Övladlarını öz kəndlərindən evləndirmək adəti gələcək nəsili də kəndə bağlayan bir bağ olaraq görülsə də zamanla öz gücünü itirmiş, ancaq konservativ ailələr hələ də öz övladlarını mütləq ki doğulub boya-başa çatdıqları bölgələrdən evləndirməyə çalışırdılar. Bir qadın üçün də böyük şəhərlərdə yaşayan bir oğlana ərə getmək xoşbəxtlik sayılırdı. Ən əsası isə kənd camaatına görə bu kənddən çıxmış qadın üçün firavan həyat, rahat yaşayış demək idi. İndi də kənddə Cəmilə haqqında şayiələr dolaşmağa başlamışdı. Kəndin aşağı hissəsində yaşayan Süsəmbər arvadın Bakıda yaşayan nəvəsi kəndə evlənmək üçün qız axtarmağa gəlmişdi. Kənddə gəzən şayiələrə görə Cəmilənin atasından onu həmin oğlana istəmişdilər və ilkin razılıq da alınmışdı.

Nişan üçün Cəmilənin orta məktəbi bitirməsini gözləmək lazım gəlmişdi. Hətta Süsəmbər arvadın oğlu, Cəmilənin gələcək qaynatası onu Bakıda universitetlərdən birinə də düzəldəcəyinə söz vermişdi. Bu söz-söhbət hamı kimi Yasinin də qulağına çatmışdı. Yasin bu xəbərləri eşidəndən sonra iki fikir arasında get-gəllər yaşamağa başladı. Bir tərəfdən bütün hisslərini, Cəmiləyə olan sevgisini içinə atmağa qərar verərkən, digər tərəfdən də hər şeyin belə anidən bitməsinə razı olmur, buna görə də hər gün səhər məktəbə gedərkən Cəmilə ilə hər şeyi danışacağına özünə söz verərək evdən çıxırdı. Lakin hər dəfə Cəmiləni məktəbdə görərkən bütün qərarlılığını itirir, fikrindən daşınırdı. Beləcə hər gün içində narahtçılıqlar artsa da o bu danışığı təxirə salırdı.

1998-ci ilin may ayı idi. Artıq məktəbdə bütün 11-ci siniflər son zəngə hazırlaşırdı. Həyatın dönüm nöqtələrində, ən bəsit vərdiş, hər gün dəyər verilmədən gedilən yer, hər gün yol üstündə görülən insan və s. üzərinə “son dəfə” etiketi vurulduğu andan etibarən öz varlığı ilə mütənasib olmayan dəyər qazanır. Oxuyan, oxumayan, məktəbə candərdi gələn, müəyyən bəhanələrlə dərsdən qaçmağa çalışan şagirdlər üçün də məktəb indi eyni mənanı ifadə edir, demək olar ki bütün şagirdlərin üzündə məktəbdən ayrılacaqlarına görə hüzn oxunurdu. Məktəb onlar üçün indi bir daha geri dönülməsi imkanı olmayan, həyatlarında bir dövrün sona çatması, yeni bir dövrün başlanğıcı idi. Yalnız universitet təhsili alacaq tələbələrdə bəzən bu hüzn yerini üfüqdə görülən yeni həyatın həyəcanına buraxırdı. Bəzi tələbələr bir-birinin xatirə dəftərlərinə bir –birləri ilə əlaqəli xoş sözlər yazırdılar. Belə bir vaxtda Yasinin heç gözləmədiyi bir gün Cəmilə öz xatirə dəftərini ona uzadaraq:

-Yasin, istərdim ki mənim xatirə dəftərimdə sənin də ürək sözlərin olsun. Sabaha qədər yazmaq üçün vaxtın var dedi və gülümsədi.

Bu sözlər Yasində şok təsiri yaratsa da çətinliklə özünü toplayaraq başı ilə razılıq verdi. Həmin gün boyunca Cəmilənin bu sözlərini və nə üçün xatirə dəftərini ona verdiyini başa düşməyə çalışdı. Həmin gecə bəzən Yasin zehnində Cəmilənin davranışlarını, onunla danışarkən üzündə yaranan ifadələri götür-qoy edərək tam qərara gəlirdi ki Cəmilə də onu sevir, əslində xatirə dəftərini ona verməklə nə isə demək istəyir, bu hallarda içində özünə çox da aydın olmayan qəribə bir həzz duyurdu, bəzən də bunun adi bir şey olduğunu düşünür, gözündə hər şey adiləşirdi. Ancaq Yasin dəqiq hiss edirdi ki, Cəmilə də ona qarşı laqeyd deyil amma tam əmin ola bilmirdi. Xatirə dəftərini geri verərkən içini ona açmağa qərar verdi. Səhərisi gün bir az utanaraq və dili topuq vuraraq Cəmiləyə içini açsa da ondan müsbət cavab almadı və bundan sonra bir daha da Cəmilənin ona vermiş olduğu cavabın səbəbini götür-qoy etmədi. Yasinin dünyasında son ulduz da sönmüşdü. Həmin ilin yayında Cəmilənin Süsəmbər arvadın nəvəsi ilə toyu oldu.

***

Orta məktəbi bitirdikdən sonra iki il idi ki Yasin kənddə çobanlıq edirdi. Qazancı pis deyildi. Anasına söz verdiyi kimi kiçik qardaşlarının oxuması üçün əlindən gələni etməyə çalışırdı. Cəmiləgil Bakıda yaşadığına görə artıq onun haqqında heç bir şey eşitmir və onu unutmağa başlayırdı. Hətta kənddən özləri kimi kasıb bir ailənin qızı olan Gülnazla ailə həyatı qurmağa qərar vermişdi. 2000-ci ilin payızında toyları kiçik bir məclislə olmuşdu. Gülnaz sadəlövh, çəlimsiz və özü kimi savadsız bir qız olsa da Yasini çox sevirdi və ailəsinə qayğı ilə yanaşırdı. Yasin də həyatından məmnun idi.
Ancaq həmin ilin qışı Yasinin həyatı yenidən alt-üst oldu. Belə ki, Vahid adlı bir şəxs kənd əhalisinə yüklü miqdarda pul ödəyərək bütün qoyunları satın almış, Yasinə də əvvəl aldığından ikiqat daha çox pul təklif edərək qoyunlara çobanlıq etməsini istəmişdi. Yasin əvvəlcə buna çox sevinmiş amma sonradan Vahidin Cəmilənin əri olduğunu öyrənərək onun təklifini rədd etmişdi. Elə həmin gün Yasin o illərin trendi olan Bakıya köçməyə qərar vermişdi.

***

Kasıbların qüruru çox olur deyirlər. Yasində də belə idi. İllər əvvəl sevmiş olduğu qadının ailəsinin qoyunlarına çobanlıq etməyi rədd etmişdi. Bu qürurun ona verdiyi güclə Yasin əslində həyatında ilk dəfə öz taleyinə qarşı da baş qaldırmışdı. Taleyə qarşı olan yersiz və ani üsyanlar kimi Yasinin də bu baş qaldırışı ona ağır başa gəlmişdi, ağır və əzablı illərin xəbərçisi olmuşdu. Yasin illər sonra həyatını götür-qoy edərkən bunu daha yaxşı anlayacaqdı.

2001-ci ilin yazından etibarən Bakının kənarında bir qəsəbədə kiçik bir daxmada öz həyat yoldaşı ilə həyatını davam etdirməyə çalışan Yasinin evliliyinin ilk illərində övladı olmurdu. Həyatın bütün amansızlıqlarına qarşı muti davranan Yasin bu problemə də səssiz-sədasız sinə gərir, Gülnazla xoş rəftar edir və ağır şərtlər altında da olsa həyatını davam etdirməyə çalışırdı. Evliliyinin 6-cı ilində nəhayət ki taleh üzünə gülmüş və bir qız övladı olmuşdu. Qızına Lalə adını verən Yasin bütün gün səhərdən-axşama fəhləlik etsə də, qızının doğulması ilə illər əvvəl Cəmilənin çıxması ilə yeknəsəqləşən həyatına yeni məna gəlmiş, dünyasına sanki günəş doğmuşdu. İndi hər gün 20 manata səhər saat 8-dən axşam 8-ə qədər işləsə də, həmin balaca daxmada yaşasa da, Yasin özünü xoşbəxt hiss edirdi.

***

İllər sürətlə keçib gedirdi. Artıq Lalə 6 yaşına çatmışdı. Yasin həmin il məktəbə gedən Lalənin oxumasına ciddi yanaşırdı. Özü və qardaşları çətinliklər, ailəsində baş verən bədbəxtliklər üzündən oxuya bilməsə də Lalə mütləq oxumalı idi. Buna görə də hələ o məktəbə başlamamış, işdən gəldikdən sonra yorğunluğuna baxmayaraq həvəslə qızına oxuyub-yazmağı öyrətmişdi. İndi Lalə məktəbdə ən yaxşı oxuyanlar arasında idi və hər kəsin sevimlisi olmuşdu. Dərsdən sonra bəzən sinif yoldaşı Aysunun anası Xədicə Laləni də öz qızı ilə bərabər evlərinə aparardı. Xədicənin tək qızı olan Aysun ilə oynayan Lalə ilk dəfə televizoru da onlarda görmüş, Aysunla bir yerdə cizgi filmi izləmişdilər.

Lalə həmin gün axşam Yasinə sanki böyük bir möcüzə ilə qarşılaşmış kimi izlədiklərini danışmışdı. Qızının televizor və cizgi filmləri haqqında belə həvəslə danışması Yasini kövrəltmişdi. Uşaqkən kənddə tək-tük adamda olan televizorun ətrafına kənd camaatının toplaşmasını xatırlamışdı. O vaxtlar kənddə bir araya gələr, ən çox televizorda göstərilən hind filmlərini maraqla izləyərdilər. Ancaq indi dövr dəyişmişdi. Yasin isə ağır həyat şəraitinə görə, evlərinə bir qarın çörəyi min bir zəhmətə qatlanaraq gətirdiyinə görə nəinki televizor almağa, eləcə də həyat üçün zəruri olan bir çox məişət əşyasını almağa belə macal tapmamışdı. İndi qızının belə həvəslə danışığını görüb bir televizor almağa qərar vermişdi.

Səhərisi gün Yasin bir mağazaya getmiş televizorların qiymətini öyrənmişdi. Ən ucuz televizor 600 manat idi. Yasin hər ay aldığı maaşdan yüz manat ayıraraq 6 ay sonra həmin televizoru almış və sevinc içində onu evə aparmışdı. Həmin gün Lalə sevincindən yerə göyə sığmırdı. Tələsik televizoru divara asıb Laləni sevindirmək istəyən Yasin mismarları yaxşı bərkitməmiş elə pultu götürüb televizoru açmaq istəyərkən televizor divardan yerə düşmüşdü.

Gözlərinin önündə təzə almış olduğu televizorun ekranının parçalanması Yasinin içində də nələrisə parçalamışdı. Bir an sanki donub qalmış, gözlərinə inana bilməmişdi. Sonra qəfildən gözlərindən yaş axmağa başlamışdı. Gülnaz və Lalə də ona qoşulmuşdular. Son bir şans olaraq bəlkə mağazanın televizoru dəyişəcəyinə ümid edərək həmin mağazadakı işçilərə vəziyyəti izah etmişdi. Ancaq mağaza televizoru geri götürməmiş və ekranı dəyişmək üçün 150 manat əlavə pul lazım olmuşdu. İçində çox xəyalını qurduğu, lakin əldə edərkən birdən əlindən qaçan bir şeyi itirənlərə xas bir kövrəklik, kədər olsa da Yasin qərarlı idi. 1-2 ay daha qızı üçün boğazlarından kəsib bir kənara qoyacaq, televizoru təmir etdirəcək və qızını sevindirəcəkdi. Mağazadan çıxarkən aldığı bu qərarla və içində yaranan ümidin ona verdiyi rahatlıqla dərindən nəfəs aldı və evə doğru addımlamağa başladı.

Bayram ƏLİYEV
Almaniyanın Siegen Universitetinin
sosial elmlər üzrə magistratura məzunu


Baxış sayı - 1 828 | Yüklənmə tarixi: 01.04.2020 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031