manera.az
manera.az

İçimdəki Merilin - Nargisin hekayəsi

İçimdəki Merilin - Nargisin hekayəsi
O günlərdə mən şəhərin səs-küyündən və xaosundan sıxılıb bir qəsəbəyə getmişdim.Qohumların evində qalırdım.

Düşünürdüm ki, bu dəyişiklik məndə yaxşı əhval-ruhiyyə yaradacaq. Bir gün bir skamyada əyləşib payızın ekzotikasına tamaşa edir, Yaradanın yaratdıqlarının ehtişamından feyziyab olurdum.

Altında oturduğum çinar kimi yaşlı idi skamya da. Skamyanın üzərində insanların arzusu, sevgisi, nifrəti... Biz insanların əlində olsa, ulduzların yerini dəyişər, göy üzünü öz cızma-qaralarımızla doldurar, hətta payızı belə boyayarıq... İnsan oğlunun istəkləri, narazılıqları bitmir ki... Bu cür düşüncə burulğanında çabalayarkən, bir səs məni qurtardı, dartıb çıxardı o burulğandan...

– Otura bilərəm?
Qeyri-iradi, – buyurun, – dedim. Sıçrayıb ayağa qalxdım.
Qadın dayandı, əyləşmədən üzümə baxdı...
Nəhayət, özümə gəldim:
– Buyurun...
Özümü günahkar kimi hiss edirdim. Qadın əyləşdi, mən isə onun qarşısında
dayanmışdım:
– Əyləş, qızım, – deyib gülümsündü.
Oturdum.

– Əslində bura tez-tez gəlirəm və bu skamyada otururam, məndə adət halını alıb, busəbəbdən səni narahat etdim, bağışla. Dilim topuq vura-vura bir cümlə qurub dedim. Tam xatırlamıram nə dediyimi, ancaq cümlənin içində ona narahat olmamasını izah etməyə çalışmışdım. Qadının 60 yaşı olardı.
Onun dəbli bəyaz plaşı, sadə dırnaq boyası diqqətimi çəkmişdi, üzümü o biri tərəfə çevirib gülümsəmiş, sifətimə təəccüblü bir ifadə vermişdim.

Amma o görməmişdi, ya da hiss etmişdi, bəlkə də, kim bilir. Yadımdadı, küləyin mənə tərəf sovurduğu saçlarından gələn parfüm qoxusu məni bihuş edirdi. Ağlıma İsanın Maqdalalı Mariyanın parfümlərindən bihuş olması gəldi. İsanı qınamamağa başladım. Bu qadın son dərəcə maraqlı idi. Mən durub gedə də bilmirdim. Uşaqlıqdan tez üşüyən olduğum üçün payızın bu şıltaqlığı mənə çox təsir edirdi. Ancaq burada lal-kar oturmaqdan həzz alırdım.

– Payız kədərli bir sonatadır... Hər payız, hər payız onu xatırladır... gedişləri, ölümü...

Sayıqladığını düşündüm, acımasız düşüncə olduğunu qəbul edirəm, amma yaşlı qadında gördüyüm bu qeyri-adilik, bu cazibə mənə qarabasma kimi gəlirdi. Elə bil yuxu idi. Ağacın yarpaqları qadının ayaqlarına qapanırdılar sanki... Düşən yarpaqların hamısı onun oturduğu tərəfə düşürdü, yarpaqları da qısqanırdım...

– Payız kədərli sonatadır...
Diksindim, qadının üzünə baxdım, gözləri dolmuşdu.
Qapqara gözləri uzaqlara qarışmışdı.
– Amma payız həm də gözəldi, insana hüzur verir, – dedim.

Gülümsədi, əlimi əlinə aldı. Sıxdı. İçimə bir doğmalıq axdı. Aurası məndə tamlıq yaratdı... Mən təkliyimi unutdum. Sanki doğmam idi. Sanki o mənim yaşlılığım idi. Özümlə baxışır, özümə gülümsəyir, özümə acıyırdım...

– Mənim yadımda kədərli sonata kimi qalıb payızlar. Bir dəfə onunla belə bir söhbətimiz oldu...

Kiminlə söhbətiniz oldu sualını ona verməyi lüzumsuz hesab edirdim, qadının söhbəti hara bağlayacağını gözləyirdim sadəcə. Qadın bir aktrisa ustalığı ilə danışmağa başladı:

– Nə? O qadını sevirsən? Axı o, fahişədir, onu sevmə...
– Sən aktyorsan, Merilinə bir də elə demə... bunu sənə yaraşdırmıram... Ya o, ya mən... seçimini et.
– Dayan, bu necə axmaq təklifdi, o vəfat edib, bilirsən axı bunu.
– İndi də mənə axmaq deyirsən... Məni axtarma, əlvida...
Qadının aktrisasayağı oynadığı bu səhnə məni təəccüb içində buraxdı.

O sonra dərin bir ah çəkdi, məndən ilk dəfə içimdəki Merilinə görə incimişdi... Qadın başını yırğalaya-yırğalaya gözlərini uzaqlara dikdi. Baxışlarındakı dərin soyuq vücuduma təsir edirdi... Anlaya bilmirdim mən bu qadını. Çox insan kimi, mənim də ağlımı məşğul edirdi saçma düşüncə yağmuru... Yox, onu qınamırdım, sadəcə, məni həddindən artıq maraqlandırmışdı bu qadın.
İçimdəki Merilin - Nargisin hekayəsi
– Merilin kimdir? – deyə dodaqlarımdan qeyri-iradi bir səs ucaldı...

– Aaa, sən onu tanımırsan? Merilin Monro amerikalı kinoaktrisa, müğənni, model, həm də XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonalarından biri…Onu tanımayan yoxdu ki, mən, sadəcə, başda onu nəzərdə tutduğunuzu bilmədim, – deyib gülümsədim. – Bizim ilk mübahisəmiz onun üstündə idi, – qadın da gülümsədi. – Bilirsən, mən o adamı çox sevmişdim, sevirəm. Təklik çox pisdi, qızım. Təklik hər dəm pisdi ha... Alınmadı başqasıyla, ondan sonra həyatla da alınmadı. O vaxtlar bu qəsəbədə yaşayırdım, o gəldi. Bir teatrda tanış olduq. Mənim istedadımı qiymətləndirdi, məndən 10 yaş böyük idi. Yaraşıqlı idi, bilirsən, qızım, mən ona ilk andan vuruldum. Məni şəhərə teatra dəvət etdilər, getdim, işlər yaxşı idi.

Tezliklə məşhurlaşdım. O mənə çox dəstək olurdu, səhərə kimi işləyərdi. Çox vaxt isə teatrda gecələyərdi. Son vaxtlar onu lap az görürdüm. Xəstədi, deyirdilər. Evini soruşdum. Getmə, qovar, həm də dəlidi, dedilər. O xoşlamırdı insanlara zəif tərəflərini göstərməyi. Evinə çatdım, bilmirdim nə edim. Qapının ağzında, bəlkə də, bir saat gözlədim. Elə bil evdə heç kim yox idi. Dərin səssizlik idi... Qorxurdum
sanki... Qapını döydüm, kim isə ağır-ağır qapıya yanaşdı:

Evdə yoxam, – dedi.
– Gəlsən, xəbər et, burda gözləyəcəm, – dedim.

Qapıdan uzaqlaşdı, açmadı qapını. Yarım saat beləcə keçdi. Pərdə aralandı və sonra gəlib qapını açdı: Get burdan, dedi və getdi. İçəri girdim. Qapı asta-asta örtüldü. Dağınıq idi evi, darmadağınıq, özü kimi... Onu belə görməmişdim. Vərəqlər, karandaşlar, siqaret... Əşyalar belə içinə qapanmışdı. İşıq belədüşmürdü evə. Ayaq üstə donub qalmışdım. Otur, – dedi. Yer tapmadım, hər yer kağız və pal-paltar idi. Təkrar – otur, – dedi, oturdum, əzilən kağızların çığırtısı... Siqaret uzatdı, aldım, yandırdı. Danışmadıq... Ona ehtiyacım var imiş, ona olan hisslərimi dərk etməyə başlamışdım, gözlərimdən yaş axırdı. Siqaret sönəcək, az ağla, yasa gəlmisən?! Təəssüf ki, ölmürəm hələ, öləndə elə buradaca, indiki yerində oturub zırıldayarsan, – dedi və qəhqəhə çəkdi. – Bilirsən indi təmizsən, bir neçə ilə sən də kirlənəcəksən, dəniz kimi... Gözəl, ancaq çirkli, valehedici, ancaq üfunətli, ha-ha-ha...

Şərab qədəhini stola çırpdı... Al-qana boyandı vərəqlər. Ağlayaraq tərk etdim o gecə oranı, yağış dəli kimi yağırdı... Xəstələnmişdim. Bir həftə yataqdan qalxa bilmədim, teatra gedə bilmirdim, məni ziyarətə gəlirdi dost-tanışlar...Ondan başqa. Bir həftə sonra teatra qayıtdım. O yenə əvvəlki kimi yaraşıqlı, ağıllı, şən, ecazkar idi... Mən isə solğun, bitkin, qırılmış, dalğın...Sadəcə, baxışdıq, salamlaşmadıq belə, pıçıltılar çoxdan başlamışdı, iradlar da həmçinin. “Demədik, getmə, qovacaq”. Hardan bilirlər axı... dedim öz-özümə. Yəqin, özü deyib, gülüşüblər, məni lağa qoyublar. İçimi dərin kədər bürüdü, küskün idim, qəsəbəmə dönmək istəyirdim. Bu barədə müdirə dedikdə, hay-həşir saldı, hamı bildi. Sevinənlər də vardı, kədərlənənlər də. Bütün karyeram boşa gedəcəkdi, ancaq mən kirlənmək istəmirdim, açığı...

– Bir nəfərə görə... – mən kədərli bir şəkildə udqundum.

Qadın yenə əlimi sığalladı. Ona görə yox, özümü o cür münasibətə layiq bilmədiyim üçün gedirdim. Mən qəsəbəyə geri dönmüşdüm. Hər şey yolunda idi. İnsanların bəzisi mənim dönüşümü pis qəbul etsələr də, mən hər şeyə sinə gərib, həyata yenidən bağlanmaq üçün çabalayırdım. Bir gün o gəldi.

Yenə bizim qəsəbədəki teatra gələn heyətə rəhbərlik edirdi. İllər hər kəsi məndən almışdı. Ata evində yalnız yaşayırdım. Onunla teatrda qarşılaşdıq. Sadə salamdan savayı heç nə danışmadıq. Axşam evə döndüm, fikirli, iştahsız və əsəbi idim, olanları xatırlayırdım. Mən onun üçün narahat olduğumdan onun evinə getdiyim halda bu başqa cür anlaşılmışdı. Və o bu səhv anlaşılmanı düzəltmək yerinə daha da alovlandırmışdı.

Mən həyatda aktrisalıq edə bilməmişdim. Kədərimi həyat səhnəsində gizlədə bilməmişdim. Masada əyləşdim, başımı əllərimin arasına alıb düşünürdüm. Qapı döyüldü... qapı əməlli-başlı döyülürdü. İçimi narahatlıq qapladı. Yavaşca qapıya yanaşdım.

– Kimdir?
– Mənəm, – dedi...
Diksindim, sandım ki, səhv salıram, şüuraltı yanılıram.
Ancaq yox, səhv deyildi. Qapını açdım:
– Bura gəlməməlisən...
– Sən də dünyaya gəlməməli idin, – dedi.

Danışmadıq, o, evə daxil olmuşdu. Mən əsəbi idim. Mətbəxə keçdim, qırmızı şərab süzdüm. Arxadan mənə sarıldı: Bağışla məni, – dedi. Onun dodaqları hər əzamdan dəfələrlə üzr istədi o gün... Səhər açılanda gün işığı gözlərimi az qalırdı çıxarsın. Nəhayət ki, özümü toplayıb gözümü açdım, qorxa-qorxa yanıma baxdım, yuxu olmasından qorxurdum... Yanım boş idi. Bir vərəqə “qadınım” yazılmışdı və bəyaz bir gül vərəqə yoldaşlıq edirdi.

Mən ilk dəfə idi ki, tam olmuşdum, onu sevirdim. Bunu hər hüceyrəmdə hiss edirdim...

Qadın ayağa qalxdı. Mən donub qalmışdım, o irəliləyirdi. Birdən qışqırdım:

– Bəs sonra nə oldu? Sonrasını da danış...

Qadın arxaya dönüb gülümsədi, boğazım qurudu. Bu günlük bəsdir, bu qədər...

Arxasınca baxa-baxa qaldım. Səhərisi gün həmin saatda yenə ora gəldim, saatlarca gözlədim, gələn yox idi. Özümü qəribə hiss edirdim, sanki gerçək deyildi bütün bu olanlar. Mən bu hadisəni yazmaq istəyirdim. Düşünürdüm ki, mənim psixoloqa ehtiyacım olacaq. Kor-peşman evə qayıtdım. Evdə o qadın haqqında söhbət salmaq üçün çox çalışdım, nəhayət ki, qohumlardan biri onun haqqında danışmağa başladı.

– Burda yaşayır. Dəmiryolunun yanında. O, çox gözəl qadın olub, təəssüf ki, gəncliyi fırtınalı keçib, əzablı bir eşq macərası yaşayıb həm də...

Mən gülümsədim.

– Nə olub, niyə gülürsən eşqi bircə siz yaşaya bilərsiniz?

– İndiki eşqlər yalandı, əvvəl, bilirsən, nə eşqlər var idi?

Bunu deyən qohumum eynəyinin üstündən mənə tərs-tərs baxdı və əlindəki milləri tez-tez işlədərək, əsəbi bir şəkildə toxumağa davam etdi.

Görünür, niyə gülümsədiyimi anlamamışdı. Mən də söhbəti uzatmadım, istədiyim məlumatı almışdım artıq.

– Mən çıxıram, bir az gəzmək istəyirəm, nəsə ürəyim sıxılır, – deyərək ayağa qalxdım.

Birbaşa dəmir yoluna tərəf yollandım. İçimi yeyib bitirən bir həyəcan var idi. Ağlıma min cürə fikir gəlirdi. Bəlkə, yaddaşı itib, artıq nə məni, nə də hekayəni xatırlamır. Ya da xəstələnib deyə, gələ bilmədi dünən. Mən ikinci variantın düz olması üçün yalvarırdım.

Dəmir yolunun yanındakı evlər balaca idilər. Bu evlərdə yaşayan insanlar sanki illərdir kimisə gözləyirdilər. Bu küçənin qəribə aurası var idi. Onun evi görəsən, hansıdır? – keçdi içimdən. Evlərdə ona aid bir nişanə axtarırdım. Qadını bir dəfə gördüyümü xatırladıqda isə öz-özümə gülümsündüm. Mən küçədə dayanıb evlərdən bir nəfərin çıxmasını gözləyirdim. Bu tərəflər yaman soyuq idi, içimdəki həyəcan da məni üşüdürdü.

Nəhayət ki, bir qadın əlində vedrələrlə çölə çıxdı. Onun yanına necə yüyürdümsə, qadın diksindi. Birnəfəsə ondan qadını xəbər aldım, o an hiss etdim ki, qohumumdan qadının adını soruşmağı unutmuşam. Mən böyük kədər içində qadının fiziki xüsusiyyətlərini sadaladım, sonra isə onun aktrisa olduğunu qeyd etdim.
Qadın başını bulayaraq dedi:

– Hə, onu deyirsən... Bir az qabaqdadı evi, daşdan, balaca evdi.

Mən qadına təşəkkür edib tələsik irəlilədim.

Evin qarşısında dayanmışdım. Təngnəfəs idim. Qapı açıq idi, həyətə keçdim. Və qapını döydüm. Qapı ağır-ağır açıldı. Kimsən belə soruşulmadan...

Qapıda heç kim yox idi. Mən qaranlıq koridora daxil oldum. Qadın gülləri sulayırdı. Xoş gəlmisən, – dedi. Sanki elə məni gözləyirdi. Orda samovar var, özünə çay süz, bu çay fərqli çaydı. İçində qızılgül var, – dedi. Mən gül qoxulu çayı fincanlara süzdüm, hələ danışmamışdım. Danışa bilib-bilməyəcəyimi bilmirdim. Çayları masaya qoydum, evə göz gəzdirdim.

Mən qadına təşəkkür edib tələsik irəlilədim. Evin qarşısında dayanmışdım. Təngnəfəs idim. Qapı açıq idi, həyətə keçdim. Və qapını döydüm. Qapı ağır-ağır açıldı. Kimsən belə soruşulmadan... Qapıda heç kim yox idi. Mən qaranlıq koridora daxil oldum. Qadın gülləri sulayırdı. Xoş gəlmisən, – dedi. Sanki elə məni gözləyirdi. Orda samovar var, özünə çay süz, bu çay fərqli çaydı. İçində qızılgül var, – dedi. Mən gül qoxulu çayı fincanlara süzdüm, hələ danışmamışdım. Danışa bilib-bilməyəcəyimi bilmirdim. Çayları masaya qoydum, evə göz gəzdirdim.

– Ata evimdir bura, tək yaşayıram.

Ev köhnə olsa da, son dərəcə səliqəli idi. Divarı zərli, naxışlı tikmə sənətinin nümunələri bəzəyirdi. Mənim içimə qəribə hüzur dolmuşdu. Məni bura, bu qəsəbəyə çəkən bir qüvvənin olduğuna inanmağa başlamışdım. Qadın su verdiyi gülün ləçəyini oxşadıqdan sonra qarşımda oturdu. Çaydan bir qurtum aldı və dilləndi: O getdi, elə gəldiyi heyətlə qayıtdı. Sonra bir ay məni aramadı. Bir gün bir maşın dayandı qapıda, məni ona aparmaq üçün gəlmişdi. Çox xəstə imiş. Mənim gözümdən yaş şəlalə kimi axırdı. Tələsik lazım olacaq bir neçə əşya götürdüm. Şalımı (onun çox xoşuna gəlirdi bu şal) çiynimə saldım və maşına əyləşdim. Yol boyu heç nə düşünə bilmirdim, ağlamağım kəssə də, aradabir gözümdən yaş yuvarlanırdı aşağıya doğru.

Üç saatdan sonra şəhərə yetişdik. Səbrim qalmamışdı, dırnaqlarımı yeyirdim əsəbdən. Qapısını döydüm. Sürücü mənə açarı uzatdı. Düşündüm ki, yəqin, vəziyyəti o qədər ağırdı ki, qapıya da gələ bilmir. İçəri daxil olanda şok yaşadım. Evdən səslər gəlirdi. Mən otağa daxil olanda teatrdakı bir neçə qız üstümə tullanıb məni təbrik edirdi. Mən hələ də nə baş verdiyini anlamırdım. Qadın çayları süzmək üçün ayağa qalxdı:

– Qızım, bunları özüm bişirmişəm, ye, o, bunları çox sevirdi, bilirsən? Mənim üçün isə böyük şəhərlərə ehtiyac yox imiş. Mən qəsəbəmə özümü yavaş-yavaş qəbul etdirə bilmişdim. Gülümsəyə bilirdim artıq, unutmasam da, alışmışdım. Gəlsə, qəbul etməzdim, bunu bilirdim, onun da bunu bildiyini bilirdim. Gəlməyəcəkdi, gəlməzdi. Mən yaşadıqlarımı yazmağa başlamışdım. Günlüklərim çox tez dolurdu. Günlərimi doldurmaq üçün durmadan çabalayırdım. İstəmirdim ki, düşünməyə imkanım olsun. Düşünməmək üçün çabalayırdım. Siqaretə başlamışdım. Gündüzlər çalışır, axşamlar şalımı çiyinlərimə salar, bir siqaret, qələm və dəftər götürüb burada oturardım. O vaxtlar burada skamya-zad yox idi, daşlar vardı, sadəcə.

Çinar şahid olsun ki, skamya yox idi. İndi hər şey kimi bura da dəyişib. O daşlar parçalanıb hansı evdə, hansı hekayəyə şahiddirlər, bilmirəm. Daşlar yaxşı dinləyicidirlər, bilirsən? Arada ah çəkməklərin xaric söhbətini heç bölmürlər onlar... Gəl, səni bir yerə aparacağam, – dedi. Səssizcə yanına düşüb gedirdim, taksiyə oturduq, pulu o dəqiqə sürücüyə uzatdı. Mənim onsuz da pulum yox idi, yəni pul qabımı götürmək heç ağlıma da gəlməmişdi. On beş dəqiqə yol gedərdik ki, maşın bir qəbiristanlığın yanında dayandı. Bədənimə üşütmə düşmüşdü. Hava da az qalırdı qaralsın.

Qəbiristanlığın içi ilə irəliləyirdik. Düzünü desəm, mən uşaqlıqdan buradan çox qorxardım, qəbiristanlığın havası yaman ağır olur. Bir məzarın
yanında ayaq saxladı, cibindən bir bəyaz gül çıxarıb məzara qoydu. Məzarın yanındakı skamyada oturdu.

– Bilirsən, elə təzəcə həyata tutunmağa başlamışdım ki, bir zəng gəldi, öncə tanımadım, özünü tanıtdı, həmin qadın idi. Sən demə, bu illər içərisində onunla evləniblərmiş, uşaqları isə yox imiş. Qadın ağlayırdı, “o səndən başqa heç kimi sevməyib, bilirsən”... – dedi mənə. Mən bilmirdim, nə deyim.

Keçmişdən danışmaq istəmədiyimi ona bildirəndə dedi ki, keçmişin özü sənin ayağına gəlir.

– De, gəlməsin, artıq lazım deyil, onu bağışlayıram, xoşbəxt olun, – dedim.

Üstündən bir neçə saat keçmiş qapı döyüldü, əsəbi idim, içimdə uzun-uzadı mətnlər, dialoqlar hazırlamışdım, qovacaqdım onu. Əsəbi və həyəcanlı halda qapıya getdim. Qapını açdım. O qadın idi. Arxamı çevirib içəri keçdim. Arxamca gəldi. Bizi bağışla, – dedi.

– Telefonda dedim sizə ki, bağışladım!!!

– O məndən xahiş etdi ki, onu bura, sənə gətirim. O mənimlə yox, səninlə qalmağı seçdi.

– Mən onu artıq qəbul edə bilmərəm, onu görmək belə istəmirəm, yeni həyata başlamışam, – dedim.

– O səni gözləyir, o səni görmək istəyirdi.

Qadının boğazına sarılıb qışqırmaq istəyirdim. Sonra anladım ki, bu qadının günahı yoxdur, qapıya tərəf qaçdım, ona ağzıma gələni deyəcəkdim.

Çölə çıxanda şok yaşadım, qapının ağzında bir tabut var idi. Dizlərim əsdi, yerə çökdüm, o... Ona heç vaxt ölü deyə bilmədim, öldüyünü qəbul edə bilmədim. Mən həmin an özümdən getmişəm, sən demə, gözümü xəstəxanada açdım. Onu burada dəfn etdilər, o belə istəmişdi, mənim yanımda olmaq onun son vəsiyyəti imiş. Mən ona bu cür sahib olmaq istəməzdim, ancaq tale beləymiş. Həyat məni çox ağır sınaqlara düçar etdi. Mən o gündən təkrar fikrimi cəmləyib yaşaya bilmədim. İndi də gördüyün kimi hər gün bura gəlirəm.

O mənim xatirimdə əvvəlki kimi qalıb, başqa cür təsvir edə bilmirəm. Bəzən özümü lənətləyirəm, deyirəm, niyə özündən getdin axı, ən azından son dəfə ona toxuna bilərdin, son halını yaddaşına ötürə bilərdin, ancaq nə etmək olar. Mən onu yazaraq, düşünərək yaşadıram. İndi düşünürəm ki, biz onunla çox danışmamışdıq, sadəcə, yaşamışdıq. İndi insanlar danışdıqları qədər yaşamırlar. Yaşasalar, daha xoşbəxt olarlar. Sənə yaşamağı tövsiyə edirəm...Mən səssizcə ağlayırdım. O, ayağa qalxdı, başdaşını qucaqladı. Sonra getdi, mən də ardınca. Taksi sürücüləri onu tanıyırdılar. Bura tez-tez gəlirmiş. Gecə göz yaşlarına boğulub gəldiyi vaxtlar da olurmuş. Qəsəbədə qaldığım zaman onu tez-tez ziyarət edirdim. Dediyinə görə, onun üzünü güldürə bilirdim.

Mənim şəhərə qayıtmaq vaxtım gəlib çatmışdı. Onu ziyarətə getdim. Gözləri dolmuşdu, ancaq bu halını görməyi istəmirdim. Mənə sarıldı və bir dəftər verdi. Bu, bizim hekayəmizdi, sənin bunu qoruyacağına inanıram, – dedi. Mən dəftəri müqəddəs bir əşya kimi qəbul etdim. Ondan ayrıldım, məni yola salmadı.Dəftərdəkiləri bir neçə dəfə oxudum. Vərəqlərin arasında bir rəsm də vardı, “O” qadının barmağına üzük taxırdı. Üzləri durğun olsa da, hər ikisinin gözlərindən sevinc axırdı. Qadın hekayəsini mənə əmanət etmişdi. İki il idi ki, qəsəbəyə getmirdim. Bu il iş üçün oraya gedəcəkdim. Gedən kimi ilk işim qadının yanına getmək oldu. Onunla bir il müddətində əlaqə saxlayırdım.

Ancaq bir gün mənə yazdığı məktubda artıq mənimlə danışmaq istəmədiyini yazdı. Mənim məktublarımı isə cavabsız qoyurdu. Qohumlarımdan onu xəbər alanda əsəb keçirirdilər. Onu soruşmaq üçün aramısan deyib, küsür, inciyirdilər. Nəhayət ki, bir gün ayağım həmin yerlərə düşdü. Mən onu evində tapa bilmədim. Mənə bir qutu verdi qohumlarım. Demə, o bunları mənə vermələri üçün qohumlarıma tapşırıbmış. Qutuda bir dəstə məktub vardı. Məktublarımın hamısını cavablamışdı, ancaq göndərmək istəməmişdi.

Onu “Onun” yanında dəfn edə bilməmişdilər. Orada belə ayrı idilər... Mən hər ikisinin qəbrinə bəyaz gül qoydum... Sanki doğmalarımı itirmişdim. Bu
qəsəbəyə hər ayaq basdıqda onları ziyarət edirdim. Sevginin ali hiss olduğunu dərk edirdim artıq. Ancaq bizlər nədənsə bu ali hissin qədrini tam anlaya bilmirik. Yarımızı tapıb tam olmaqdansa, onu və özümüzü qəddarcasına yarım buraxırıq. Məktublardan əlavə qutuda çoxlu rəsm, bir sıra əşyalar vardı. Qadının parfümü, sadə dırnaq boyaları, şalı, ametist qaşlı üzüyü və Merilin Monronun bir dəstə rəsmi...Mənim gözlərim dolsa da, o dialoqu xatırlayıb qeyri-iradi gülümsədim...

– Nə?
– O qadını sevirsən?
– Axı o fahişədir, onu sevmə...
– Sən aktyorsan, Merilinə bir də elə demə... Bunu sənə yaraşdırmıram...
...Oradan uzaqlaşanda hiss edirdim ki, “onlar” məndə bir ömür daha yaşayacaqlar...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930