manera.az
manera.az

Metronun yaylı qapıları - Əli Kərimin şeirləri

Metronun yaylı qapıları - Əli Kərimin şeirləri
Manera.az Əli Kərimin "Metronun yaylı qapıları" kitabından şeirlər təqdim edir:

Mənim ömrüm

Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümlə özüm
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm
Bir deyil, on deyil məzarım mənim.

Torpağın altında çox darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub sola baxıram
Hər yerdə mən varam, hər yerdə mənəm.

Deyib: "Nə tez öldü, nə nakam öldü" -
Bəzən gül qoyuram məzarım üstə,
Deyirəm az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözdə.

Baxsan bu dünyanın ha tərəfinə
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.

Qayıt

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

Atamın xatirəsi

O sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə "can" söyləməkdən
Övlad üçün can verməyi daha asandı ona.

Əməksevər. ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi - təzə əkini
Hər bəladan hifz eləyən qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn kimi bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki mən
Qoy bilməyim
O utanıb öz ölümündən
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.


***
Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı
Hamıya dərd olur cavan getməyi,
Oduqca az görüb, az yaşamağı…

Deyirlər:”bilsəydik, ayıq olardıq
Onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə tapardıq,
Nə bilək, o belə az yaşayacaq?”

Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?


***
Qəribsədim uzaqlarda,
könlüm-gözüm səni andı.
Ayrıldığım nə müddətdi,
Bir əsrdi, yoxsa andı?..

Mən vəfalı gördüm, gülüm,
Özün kimi həsrətini,
Yad etdinmi sən də bu vaxt
Sənə şeir həsr edəni?

Sorağının sorağıyla
Dağ-dərəli yollar dolu,
Ayrılığın sözləri tək
Yağır yağış, yağır dolu.

Tutub sözün, səsin, adın
Uca dağı, gen dərəni.
Əllərinlə döyür külək
Səhərəcən pəncərəni.


***
Keçirdim qəlbimi
yüz-yüz gözəlin
Heyran baxışının
odu içindən.
Mən onu keçirdim
neçələrinin
Sözü, gözəlliyi,
adı içindən.

Mən onu vermədim,
verə bilməzdim,
Çünki, sənin üçün
saxlamalıydım.
O qış baxışının,
çovğun sözünün
Odları içində
yoxlamalıydım.

Saxlamalıydım ki,
mən onu
sonra,
Verən gözlərinin cəfalarına.
Saxlamalıydım ki, rahat olmaya;
Çırpına, alışa odlana, yana.

Saxlamalıydım ki, gecəbəgündüz
Sən ona dərd verə,
əzab verəsən.
Həsrət aləminin
dolaylarında
yol göstərəsən.

Mən onu saxladım,
sənindir dedim,
Sevib saxlamadın
amma onu sən.
Bir gün mükafatsız,
səssiz, səmirsiz
Getdi gözlərinin məmləkətindən.


***
Ayrılıq zamanında
anladım ki, bir sözük,
Onun gül adın kimi
ikicə hecası var.

Biri sənsən,
biri mən.
Görüşməsək, o sözdən,
Hansı bir məna qalar?..


***
Özü duyaydı ki, ürəyimdədir,
Yanaydı verdiyi hicran içində.
Qalaydı özünün əsəri olan
Bir kədər dalğalı ümman içində.

Olaydı qəlbimin ağrılarında,
Yanaydı qəlbimin intizarında;
Çox deyil, bir az.
Görəydi orada yaşamaq olmaz.

Deyəydi bəsdir,
Bir rahat guşə ver orada mənə.
De qəsdinmi var ki, yer ayırmısan
Ağrıda,
acıda, yarada mənə?!


***
Sənsiz nə çətin imiş
gecə ilə bacarmaq.
Nə şıltaqmış, nə tərsmiş
intizarın, həsrətin.
Nə məni qoyur yatım,
nə də özü yuxlayır.
Nə də rahat buraxır,
sənə şeir həsr edim.
Gecə yarıdan keçir,
mən yatmaq istəyirəm.
Görürəm həsrətinin
fikri tamam ayrıdır.
Ona laylay deyirəm...
dildən-əldən düşüncə.
Məni yuxu aparır,
Əziyyət vermək üçün
birdən məni ayıldır.


***
Mən belə bilsəydim
könlümün dəli,
Sərsəri vaxtında atardım səni.
Dəlini aldatmaq çətin ki deyil,
Deyərdim, gəl ataq bu nazənini.
İndi yaşa dolub, bəlkə bir qədər
Ağlı dar,aldatmaq onu çətindir.
Hər şeyi başlamaq asan bir işdir,
Görünür, daha çox sonu çətindir.


***
Bir vaxt gec olacaq, peşimançılıq
Hücuma keçəcək hər ikimizə.
Bir səadət kimi görünəcəkdir
Onda bu söz-söhbət, bu mübahisə.

Onda deyəcəyik: bir görüşəydik,
Yenə başlayaydı mübahisələr.
Yenə hər ikimiz haqlı olaydıq,
Susa bilməyəydik səhərə qədər.

Mən səni danlayıb haqsız edəydim,
Haqsız eləyəydin sən də ki, məni.
Onda çox güman ki, aynlmamaqçün
Sübhədək kəsməzdik mübahisəni.

Çəkisizlik

Birdən yox olursan...
Boşluq olursan...
Elə bil kiminsə xəyalısan sən.
Yox olur “gəmi” də, dünya da bir an,
Bir az da qorxursan özün-özündən.

Amma məhəbbətsə azalmır qəti,
Duyursan yaşayır, yenə də vardır.
Könlümün torpağa saf məhəbbəti
Daha da çox olur...
daha da artır.

Ana

Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.

Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, - deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir,

Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.


***
Sənin baxışını yığdım gözümə,
O xoş ətrini də səpdim evimə.
Sözün də qapımın ağzında durdu,
O bir hasar oldu hər gələn qəmə.

İki sevgi

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.

O qıza

Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;
Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.
Kamallı ol ki ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində. kamal da öz yerində.
Bir gözəllik də görüm mənalı gözlərində.
Kimə, niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta. yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.
İşdir üz-üzə gəldik… Onda məndən utanma,
Ürəyindən keçəni nə gizləmə, nə danma
Gizləmə ki, danma ki, gedər hərə bir yana;
Qoyma canım od tutub yana, ömürlük yana.
Səni harda axtarım? De nəçisən? De kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!
Gözümdə, könlümdə qəm,
Yollarına bitmişəm.
İlk baharı gözləyən cavan bir ağac kimi.
Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.

Nə xoşbəxt imişəm bir zaman Allah

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,

Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?

Metronun yaylı qapıları

Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
"Birdən,
Arxadan gələnə dəyər".
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

Daş

Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi...
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron -
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq
yarıvəhşi
Qədim insan
atan daşı?!

Vəsiyyət

Yeri oldu-olmadı
həkim ki
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına -
Onda həkim, Salam-əleykim!
Hardan gəldi çıxdı
ölüm - bu qoca kaftar.
Yaman kəmfürsətdir.
Görmür ki
əlimdə nə qədər
işim var?
Heç kim inanmır ki,
Öləcək...
Elə mən də...
Amma ölüm
oğlanlarımın
kədərli təbəssümüylə
gülümsəyəndə,
Onların hələ dünyanı
tamam yığa bilməmiş
gözləriylə baxanda
onlarla bir oyanıb da
bir oynayanda.
Hər işdə onlardan
geri qalmayanda,
Sadiq köpək kimi
girəni,
çıxanı yoxlayıb
qapının yanından
ayrılmayanda
İnandım öləcəyimə...
Demədim heç kimə.
Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora,
Qoymayın onları
həyətdən bir adam çağıra,
Oyuncaqlarını.
oyunlarını gətirib
qoyarlar tabutuma.
Birdən-birə
qocalarlar.
Mənsə aparıram
sizə lazım olmayan
nəyim var.
Amma qoyub gedirəm
nöqsanlarımı.
Onlar narahat yaşadar
oğlanlarımı.
Tabutuma
Bir az kağız qoyun.
bir dənə də qələm.
Hayıf bu yaşda
heç nə,
heç nə deməmişəm.
Dostlar
bir şeir desinlər,
İşdi
imkan olsa,
bir dənə də mahnı
çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var.
Ölüm çəkmiş olsa
üzümə
sarı bir kədər
Əvvəlki təbəssümümü
salın yada
düşünüb bir qədər.
Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
Paşanın.
Azərin,
Orxanın.
Asın təbəssümümü
divar lampası kimi
başı üstdən
Üç canımın.
üç
igid oğlanımın
Paşamın,
Azərimin,
Orxanımın.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031