manera.az
manera.az

Hüseyn Cavidin monoloqu - Hekayə

Hüseyn Cavidin monoloqu - Hekayə
Şutnik gözlərini saxlandığı kameranın qaranlıq küncünə dikib xəyala dalmışdı. Birdən 59 nömrəli çeşməkli məhbusun saxlandığı kameradan inilti səsi eşitdi.

Qalxdı. Daha dəqiq qulaq asmağa başladı. Bəli, səs o kameradan gəlirdi. Düşündü, - görən Hüseyn əfəndiyə nə olub? Yenə qaraciyəri ona rahatlıq vermir.

Şutnikin kamerasının qapısı açıq olurdu. Onu o qədər də “ağıllı” məhbus hesab etmirdilər, qaçacağı ağıllarına gəlməzdi. Arada keçib, soyuq dustaqxananın vecsiz gözətçilərini öz təlxəkliyi ilə şənləndirsin deyə tez-tez onun kamerasının qapısını açıq qoyurdular.

Qapıdan keçib, çeşməkli məhbusun saxlandığı kameranın qapısına yaxınlaşdı. 59 nömrəli məhbusun yatdığı ya da oyaq olduğu hiss edilmirdi. Sadəcə iniltilər arasında nəsə pıçıldadığı hiss olunurdu. Elə bil, Əzraillə danışırdı.

Şutnik çeşməkli məhbusun kamerasına keçib, başının üstündə dayandı. Əyildi. Pıçıltıları sanki, yavaş-yavaş eşitməyə başlayırdı.

- “Nə qəribə tutqun rəngli tavandı. Mavi kimi gözəllik gətirən rəngin bu qədər tutqun çaları olduğunu düşünməzdim. Bunu da öyrəndin, Hüseyn əfəndi. Bunu da!

Qəribədir, qaraciyərlərimin ağrısı başlayanda nədənsə həmişə doğma torpaq, doğma evim yadıma düşür. Budaqları arasına çıxıb, hələ yetişməmiş meyvəsini qəddarca qopardığım tut ağacı. Sənin köksünə nə qədər dağ çəkibmiş o dəcəl Hüseyn.

Halbuki, hər dəfə molla məktəbinə getməyim deyə məni atamın kötəyindən sənin budaqların qoruyurdu.

Yovşan qoxan torpağım! Düşünməzdim bir gün səndən çox–çox, çox uzaqlara gedərəm. Sənin üçün nə qədər darıxaram! Hər dəfə dərdə-azara düçar olduğum zaman xəyalın ağrılarımı azaldar.

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...

Bir isti şal olsaydı bağlardım belimə. Bu nə cəhənnəm ağrısıdı axı? Elə bil Tanrıya bir pilləkən qalır. Əzrayil qapıda durub, “Xoş gəlmisən əfəndi.”- deyir.

Şal dedim yadıma qonşumuz Əhməd dayı düşdü. Yazığın böyrəkləri heç işləmirdi. Elə hey belinə arvadı Gülsənəmin şal yaylığını sarıyıb gəzərdi. Ona da az əziyyət verməmişəm. Məktəbdən qayıdanda uşaqları başıma yığıb, onun həyətinə aparardım. Hasarın bu tayına sallanan göycə budaqlarını çapıb-talayardım. Dostlarla hərəyə dənə-dənə bölərdik. Amma həmişə bacım üçün ikisini cibimdə saxlayıb, uşaqlara göstərməzdim. Onların da xəbəri olmazdı.

Ah mənim yovşan qoxuyan məmləkətim! Görəsən qoynunda uyumaq nəsibim olacaqmı? Görəsən nəsibim olacaqmı, Naxçıvan çayının mamır qoxulu havasını içimə çəkmək?.

Bu cür ağır ölümlə burun-buruna gəldiyim zaman səni xatırlıyıram. Sənin qorxmazlığını, sənin yenilməzliyini, sənin şücaətini. Öz-özümə deyirəm, dayan Hüseyn, dayan.

Ah, gözlərim yumulur, ağrım daha da güclənir. Kaş Müşkinazım yanımda olaydı. İsti bir çay verərdi. Keçəcək - deyib, əlini çiynimə qoyardı.

Ah, gözəl gözlü, saçları çiçək qoxuyan yavrum Turan. Əzrayillə burun-buruna duranda, həmişə sənin balaca əllərini xatırlıyıram. Görən özün öz saçlarını hörəcək qədər, böyümüsənmi? Həmişə darağı anana yox, mənə verib, "ata, saçlarımı hör" - deyərdin. Sənin sayəndə, onu da öyrəndi bu adam.

Bu vecsiz və vəfasız dünyada alim olmaq, şair olmaq, filosof olmaq, dahi olmaq, hətta peyğəmbər olmaq da asandı. İstedadı sənə Allah verir.

İstedadın yoxdursa da, əlləşib- vuruşub, bacarıq əldə edirsən. Yazırsan, yaradırsan. Lakin ən çətini ata olmaqdır. Ən çətini. Mən onu Ərtoğrolu ilk qucağıma aldığım an hiss etdim.

Hər zaman güclü, hər zaman məqsədinə əzmi ilə çatan Hüseyn əfəndi, bu balaca körpənin qarşısında necə aciz qala bildi. Valideyn olmaq insanlığın qanunudu. Amma ilahi, "ata" adlı o, böyük yükü qaldırmaq, nə qədər çətinmiş. Şükür Rəbbimə. Övladlarımdan razı gedəcəyəm. Mənə layiq oldular. Atalarına, torpaqlarına layiq oldular.

Ahhh, yenə ağrıdı, yenə sancdı. İlahi, bu nə dəhşətdi. Mən sənə nə etmişəm? Bu aciz bəndəni Maqadanın soyuq çöllərində, buz tutmuş dustaqxanasında sınağa çəkirsən.

Mən nə etmişəm, insanlığı düşünməkdən savayı?

Mənə “Sus” dedilər! Sadəcə bizi təriflə. De ki, kolxoz adında yarattığımız “qul birləşməsində” insan həyatları firavandır. Yaz ki, dövlət o qədər möhtəşəm siyasət qurur ki, “kolxozçular” dərd çəkmirlər. Hər kəs xoşbəxt, hər kəs firavandır. Sən danışsan biz içimizdəki iblislə hesablaşmalı olacağıq. Sən yazsan insanlar bizimlə hesablaşmalı olacaq. Əgər sən istədiyin kimi yazsan bəylik kürsüsündən alıb, qul etdiyimiz insanlar əslində qul deyil, insan olduqlarının, bəlanın başlarının üzərində olduğunun fərqinə varacaqlar. Ona görə də sən susmalısan. Sus ki balan salmat qalsın. Sus ki dilin yerindən qopmasın. Sus ki bağırtın eşidilməsin! Sus ki başın bədənində salamat qalsın.

Yox... Yox, susmadım. Susmayacam. Bunlar elə bilir ki, dünya sadəcə onlara qalacaq. Daha bilmirlər ki, eh bu dünya çərxi fələyindən kimləri keçirməyib. Elə bilir ki, xalqı üçün çalışan xalqın şair oğlunu bu soyuq dustaqxanaya salmaqla susdura biləcək. Heç yıxılmayacaq, heç səsini boğduğu xalqın ayağı altında əzilməyək, o “Qan Qırmızı” bayraqları. Əziləcək, əziləcək, o mənfur bayraq. Mütləq əziləcək!

Gözlərim qaralır. Yoxsa ölürəm? Yox, yox! Əzrailin barmağını dodağım üstündə hiss etmirəm. Əgər gəlsəydi, mütləq barmağını dodaqlarım üstünə qoyub, - Sus Hüseyn əfəndi, sus. Sakitləş! Gəlmişəm. Tarıya gedən yolda sənə yoldaşlıq edəcəyəm - deyərdi.

Sancım artır. Sanki bədənimə ağrı ilə birgə zəhər də qatılır. Yaratdıqlarım gözümün önündə canlanır.

İlahi bu kimdir? Axsaya-axsaya üstümə gəlir, möhtəşəm Kral. Mənə o cür baxma! Topal - heç də təhqirli kəlimə deyil, mən öz türkcəmdə səninlə danışmışam. Hamı, bütün dünya “Ləng” hökmdar dediyi halda mənim qüdrətli krala “Topal” deməyim, əlahəzrətin qəlbinə toxunub deyəsən. Tanrıya bir qapı qalmışkən, mənimlə görüşə gəlib. Dünyaya atəş sovuran kinli krala “Topal” demək. O, Cavid əfəndinin barmaqlarının qüdrətiydi.

Mənimlə danışmaq üçün bu günümü gözlədin? Əzrayillə birgə dayanıb, üzümə durmusan. Fırlanırsan, gözləyirsən gəlim.

Axı, böyük Hökmdar, mən ki haqsız deyildim. Bu zalım bəşər, sənin kimi bir “Topalın” oyuncağı idi. Bəşəriyyət adlandırdığın ət sallaqxanasında insan talelərini istədiyin kimi dağıdıb, parçalayırdın. Bütün dünyanı özünə tabe etmək istəyirdin. Əzrailin barmağını dodaqların üstündə hiss etdiyində anlamağa başladınmı heç, qan axıtmağın, İblislə dost olmağın bu dünya üçün zərrə qədər əhəmiyyətinin olmadığını?

Əzraillə görüşüb, kənardan o müdhiş cansız bədəninə baxdığında, dağıdıb, talan etdiyin torpaqlardan sonsuz dünyaya necə aparacaqsan?
Düşündünmü heç, ey ulu Hökmdar?

Mənə qəzəblə baxma böyük Sultan. Məni sənin dağıtdığın torpaqlardan çox, atlarının ayaqları altında əzilən insan taleləri maraqladırır.

Sənin haqqında yazanda ən çox bilirsən nəyi düşünürdüm? Düşünürdüm görəsən, böyük türk hökmdarı Əzrailin qapıda durduğunu hiss etdiyi zaman - Tanrıya nə deyib, hesab verəcəyəm? - deyə fikirləşib?

Dünyanın “Topal” deməyə qorxub, “Ləng” adlandırdığı Kral dağıtdığı insan həyatları üçün heç vicdan əzəbı çəkibmi?

Ax, gözəl Afət, səndəmi burdasan? Səndəmi qəzəblə baxırsan Tanrının bu aciz bəndəsinə? Yenəmi mənəkşələri sevirsən? O, mənalı və müəmmalı çiçəkləri. Mən sənə çiçək dedim, mən sənə kələbək dedim. Amma silahı əlinə verib səni öldürdüm. Mən sənin timsalında qadın qüdrətini göstərmək istədim. Qadın gözəlliyini, qadın zərafətini, sevimliliyini və qadın qurnazlığını. Səni yaratdım. Qadına zəifdi deyənlərə tənə vurmaq üçün. Səni yaratdım, qadına gücsüzdü deyənlərə savaş açmaq üçün. Səni yaratdım, Tanrının gözəlliyi bir varlığın üstündə cəmləşdirəcək qüdrətə sahib olduğunu gösətərmək üçün. Səni yaratdım eşqin qadına necə yaraşdığını göstərmək üçün.

Səni yaradıb sənlə məhəbbətdən danışdım. Göstərdim ki, “Məhəbbət öylə bir alov ki, bir kərə insanın qəlbini sardımı ölüncəyə qədər sızladıb, durur.” (“Afət”. Hüseyn Cavid)

Mən səni yaratdım. Göstərmək istədim ki, insaf və mərhəmət İsa ilə birgə göylərə çəkilməyib. Boş yerə demədim:

Cihan cənnət olsa insanlar mələk
Dağlar inci saçsa dənizlər çiçək
Güldürsə həp ağlar gözləri fələk
Sağalmaz yarası məhsum könlümün.

Gülümsəyirsən. Bilirəm sən eşqinin qurbanı oldun. Səni öz əlinlə öldürdüyüm üçün məndən acıqlı deyilsən.

Qadın! Hər qanunun xilafında yaradılmış bir məxluq. Hər sevincində bir fəlakət, hər fəlakətində bir sevinc yatır. O, həm düşməninə məftun olur, sevdiyini cəllad təkin boğazlayır. Bəli, ağlarkən gülür, gülərkən ağlayır. Qadın təbəssümünü Tanrı sevir.

Ah Şeyx Sənan, səndəmi gəldin bu qoca məhbusu ziyarətə? Görürsən halımı? Gülürsən. Sənin dərdindən ağır dərd daşımıram. Amma sənin qədər də xoşbəxt deyiləm. Sən Xumarınla birlikdə idin. Məni eşqimdən ayırıb, bu dar, soyuq, səhraya göndəriblər. Kor ərəb haqlı idi.

Nə eşq olaydı, nə aşıq, nə nazlı afət olaydı.
Nə eşq olaydı, nə aşıq, nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!
Nə aşinayi-vüslət, nə bari-firqət olaydı!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

Ana! Gəl, gəl,

Sakitləş, Hüseyn əfəndi. Sakitləş. Qoy can ağrın da yüngülləşsin”.

Şutnik 59 nömrəli çeşməkli məhbusun iniltisini dinlədi. Məhbus nəsə deyirdi, amma, Şutnik heç nə anlamırdı. Əlini 59 nömrəli məhbusun alnına toxundurdu. Məhbusun hərarəti vardı. Alnından buz kimi soyuq tər axırdı. Bu qədər hərarətə rəğmən, Şutnik məhbusun üşüdüyünü hiss etdi.

Tələsik kameradan çıxdı. Həkim çağırsınlar deyə, - kömək edin! Kömək edin!- deyib çığırmağa başladı.

Nuray NƏZƏROVA
Hüseyn Cavidin monoloqu - HekayəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031