manera.az
manera.az

Abay Kunanbayev: Eşqin dili sözsüz olur

Abay Kunanbayev: Eşqin dili sözsüz olur
Manera.az Türk dünyasında “Abay Kunanbayev ili” münasibəti ilə görkəmli qazax şairinin şeirlərini təqdim edir:

***
Könlümü dindirir yenə məhəbbət,
Eşqsiz yaşamaq nə çətin olur!-
Nələr bəxş eləmir sənə məhəbbət,
Onun ağısı da şərbətin olur.

Kədər də, həsrət də, nisgil də, qəm də,
Qəlbin atəşində qovrulur, yanır.
Ömür-gün yolunda dara düşəndə,
Məhəbbət ömrünə arxa dayanır.

Həyatda bir kəsi sevə bilməyən,
Daşıya bilərmi insan adını?
Yoxsul belə olsan günün keçər şən,
Olar var-dövlətin yaxşı qadının.

İşığa çıxmazsan yarıb zülməti,
Dost qəlbi yanmasa bir çıraq kimi.
Axı, şöhrət nədir, axı, var nədir,
Olmasa ömrünün yaxın həmdəmi.
1890, (tərcümə: İlyas Tapdıq)


***
Eşqin dili sözsüz olur,
Dil söz tutur ki, söz deyə?
Eşq baxışla axıdılır,
Bir ürəkdən bir ürəyə.

Bir vaxt sən də bu ləhcədə,
Dil-dil ötüb, kama çatdın.
Yadırğadın indi nədən,
İndi bu dil sənə yaddır.
1894, (tərcümə: Fikrət Sadıq)


***
Baharda cücərən körpə ot, görən,
Bilirmi ömrünün qısalığını?
Çinar olmaq dilər, boy atmaq dilər,
Ulduza tən istər ucalığını.
Günəşin nurunu içib məst olar,
Ot hardan bilsin ki, dünyada qış var.

Həmin ot kimiyəm, cavan, təzə-tər,
Qayğısız başıma toxunur göylər.
Amma bir səs gəlir: “öyünmə, insan”,
Sənin də qışın var, qocalacaqsan.
1897, (tərcümə: Fikrət Sadıq)


***
Bir daha sevinməz, gülməz bu ürək,
Günəş də, qəmər də parlasa yəqin.
Mən səni sevirəm bu dünyada tək,
Səninsə sayı yox aşiqlərinin.

O dönük çıxsa da – sadiqəm yenə,
Dözürəm yarımın hər şıltağına.
Bir gün qah-qah çəkib gülsə də mənə,
Deyərəm: odlu qəlb, susub döz buna.
1890, (tərcümə: Əliağa Kürçaylı)


***
Yola çıxsan, doğru yol seç,
Doğru yolda olsan, öyün.
Daş olsan da möhkəm ol sən,
Divarı ol bir daş evin.

Qaçana da açıqdır yol,
Qovan da bu yolla qaçır.
Qaçana da, qovana da,
Yalnız ağıl işıq saçır.

Haqq yolunda yorulsan da,
Həqiqətdən qaçmaq olmur.
Ön od-alov, arxa zülmət,
Əziyyətdən qaçmaq olmur.

Sən nəfsini qoru hər an,
Təriflərdən uzaq dolan.
Öz eybini özün anla,
Mərdliklə çıx hər qovağadan.

Yaxşı sözlə çox öyünmə,
Sənə düşmən olar sözün.
Paxıl gözlər yorar səni,
Yarı yolda qoyar bir gün.

İnamla at addımını,
Zəhmətin də itməz onda.
Kim gül əksə, əvvəl-axır,
Gül dərəcək bu dünyada.
1894, (tərcümə: Fikrət Sadıq)

Qış

Yenə qarı səpələyə-səpələyə gəlir qış,
Çəkib şaxta qılıncını, hücum edir boranla.
Ağ kürk geymiş, saç-saqqalı gümüş kimi ağarmış,
Doldurubdur xurçununu fırtınayla, tufanla.

Qoca elçi, o çal baba dərd paylayır, qəm verir,
Üzdalayan qar-çovğundur, qasırğadır nəfəsi.
Basır bulud papağını gözü üstə arabir,
Kinli-kinli yeridikcə tük ürpədir nəfəsi.

Çatıb üfüq qaşlarını, sımsığını sallayır,
Tərpətdikcə başını o, yoxa çıxır duman-çən.
Qızmış nər tək qəzəblənir, yumaq olur çöl-bayır,
Alacıqlar şaqqıldayıb tir-tir əsir zəhmindən.

Cimdikləyir uşaqların yanağından, burnundan,
Büzüşərək qaçır hamı tez həyətdən dəyəyə.
Geyib isti çuxasını, yarımkürkünü çoban,
Sipər edir kürəyini buz qılınclı küləyə.

Ayqır baxıb uzaqlara qulağını şəkləyir,
Ac ilxılar ot axtarır dolaşaraq səhranı.
Qışın dostu canavar da mal-qaranı təkləyir,
Naxırçılar, gecə-gündüz qoruyun mal-qaranı.

Yeni-yeni örüşlərə ilxıları qovun siz,
“Yatdın-öldün”, ayıq olun, cürət olsun sizlərdə.
Koldıbaydan, Konaydan da ac canavar pisdir, pis,
Biz qoymarıq qarlı qışı at oynatsın düzlərdə.
1888, (tərcümə: Sabir Mustafayev)

Tural Adışirinin təqdimatında ilk dəfəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031