manera.az
manera.az

Üç kimyagər - Molla İbrahim-Xəlil, Əndəluslu Santyaqo və Qurban

Üç kimyagər - Molla İbrahim-Xəlil, Əndəluslu Santyaqo və Qurban
Kitab oxumayan, oxumamaqda israrlı olan, bu zövqü dadmayan kəslərə kitabın əhəmiyyəti haqqında danışmaq bica işdir.

Kitab oxumayanların əsassız arqumentləri qarşısında bəzən məntiq də aciz qalır. Amma bir danılmaz həqiqət var, kitabsız toplum qaranlıqlar içində qeyb olmağa məhkumdur. Hər dəfə yeni bir imza ilə rastlaşanda sevinirəm, fikrimdən keçir ki, o yaxşı yazıçı, yaxşı şair olmaya bilər, amma ən azından, kitab oxumuş bir kəsdir, kitabın dəyərini anlayan adamdır.

Ədəbiyyat toplumun dirəyidir, bunu anlatmağa hacət yox ki. Toplumu zehni inkişafa və mütərəqqi ideyalar yoluna çıxaran kitablar həm də bizim həyatımızı xilas edir. Maksim Qorkinin məlum fikirlərini xatırlayın, o deyirdi ki, “mən həyatımda bütün yaxşı şeylərə görə kitablara borcluyam”.

Nizamisiz, Nəsimisiz, Füzulisiz halımız necə olardı? Təsəvvür etmək belə mümkün deyil. Mənəvi dünyamız nə qədər yoxsul olardı! Onları oxumadan kamillik mərtəbələrini qalxmaq sadəcə, bir xülyadır. Bu haqda təkrar-təkrar yazmaqdan, danışmaqdan heç vaxt yorulmamışam.

Yazıçı, qələm dostum Sadıq Qarayevlə bu barədə dəfələrlə söhbətlərimiz olub. Gənclərin kitaba meylinin zəiflədiyindən şikayətlənmişik, bunun səbəbləri haqda danışmışıq. Niyə məhz Sadıq Qarayevin adını çəkdim? Onu “Sahilsiz təzadlar” romanıyla tanımışam. Romanı oxuyandan sonra sözün açığı, heyrətlənmişdim. Elmiliklə bədiiliyi uğurla bir araya gətirən bu roman ədəbiyyatımızda hadisə sayıla biləcək əsərlərdəndir.

Roman haqqında ayrıca bir məqalə də yazmışam, (“Sahilsiz təzadlar” – elmiliklə bədiiliyin qovşağında”), BDU-nun filologiya fakultəsində əsərin müzakirəsi zamanı fikirlərimi bildirmişəm, bu səbəbdən təkrara varmaq istəmirəm. “Sahilsiz təzadlar”dan sonra “Sahibsiz kölgələr” romanı yazıldı. Hər iki əsər elmi-fəlsəfi romandır, irihəcmlidir və bu sahədəki boşluğu müəyyən mənada dolduran əsərlərdir. Sürət əsrində, insanların macalsızlıqdan şikayətləndiyi bir zamanda bu cür qalın romanlara ehtiyac varmı? Var! Texnologiya bizi bədənimizdən, hətta ruhumuzdan da uzaqlaşdırıb. Bədən istirahət edəndə ruhun əlinə girəvə düşür, istəyir ki, bədənlə onu bağlayan zəncirləri qırıb qaçsın. Bədən sadəcə, ruhu qidalandırmaq vasitəsidir. Biz kitabdan, elmdən, mütaliədən uzaq düşdükcə ruhsuz bədənə çevrilirik.

Bütün dünyada yazılan bədii əsərlər məhz elmə söykənir, elmsiz ədəbiyyat özülsüz divar kimidir. Sadıq Qarayev bu həqiqətləri bizə çatdırmaq istəyir. Onun əsərlərində də dünyanın elmi nöqyeyi-nəzərdən bədii-fəlsəfi dərki əsas götürülür. Bu da onun elmdən ədəbiyyata gəlməsiylə bağlıdır.
Üç kimyagər - Molla İbrahim-Xəlil, Əndəluslu Santyaqo və Qurban
O, biologiya üzrə fəlsəfə doktorudur, O ağac və kol bitkilərinin introduksiyası, yaşıllaşdırmada perespektivli növlərin seçilməsi və mühafizəsi sahəsi üzrə yüksək ixtisaslı mütəxəsis olmaqla, Azərbaycanın relikt dendroflorasının təsnifatlaşdırılması, bioekolji xüsusiyyətlərinin öyrənilməsi, müasir vəziyyətinin qiymətləndirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi , genofondunun yaradılması istiqamətində geniş elmi tədqiqat işləri aparır. Ədəbiyyata da bu nöqteyi-nəzərdən yanaşır. Yazıçının romanlarında oxucu dünyaya üç pəncərədən baxır: elmi, fəlsəfi, bədii pəncərələrdən. Bu xüsusiyyətlərinə görə, Sadıq Qarayevin romanları oxucuya təkcə bədii zövq aşılamır, eyni zamanda onu maarifləndirir, onun vətəndaş kimi formalaşmasına yardım edir, ona yaşamaq üçün motivasiya verir. Bu əsərlərdə təbiət və insan əlaqələri bədii mətnin sktruktru rolunu oynayır, elmi dil və bədii təhkiyə iç-içədir. Təsadüfi deyil ki, yazıçı ötən il “Sahibsiz kölgələr” romanına görə Mədəniyyət Nazirliyinin nüfuzlu "Qızıl Kəlmə" mükafatına layiq görüldü.

Bu iki romandan sonra Sadıq müəllimin bədii yaradıcılığında sükut dönəmi başladı. Amma hiss edirdim ki, yeni nəsə yazır, yaxud gələcəkdə yazacağı roman üçün material toplayır. Bu günlərdə yeni yazdığı “Kimyagər və Vitis sylvestris” povestini oxuyub fikir bildirməyimi xahiş etdi.

Düşündüm ki, aha, axır ki, sükut pozuldu. Əsəri oxudum. Deyim ki, müəllifi məşğul edən motiv və mövzu arasındakı əlaqələri dərhal duymaq və dəyərləndirmək o qədər də asan deyil. Yazıçının anlatmaq istədiyi mətləb süjetin fakturasında gizlənir. Üzüm bağlarından öz məqsədi üçün (məqsəd sonda bilinəcək) üzüm toplayan Qurban müəyyən mənada toplumun ümumiləşdirilmiş obrazıdır desək, yəqin ki, yanılmarıq.

Bu əsəri oxuduqca ölməz dramaturqumuz Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsərini xatırladım. Məlumdur ki, böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti, xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olub.

Axundzadənin “Kimyagər”i cəhalətə qarşı yazılmışdı, Sadıq Qarayevin “Kimyagər…”i isə sosial, mənəvi-əxlaqi problemləri əks etdirir.

Əsərin əsas qəhrəmanı olan Qurban Əndəluslu Santyaqo kimi (Paulo Koelyonun “Kimyagər” romanındakı obraz) xəzinə axtarışına çıxmamışdı. Amma xəzinə onun ayağının altında idi. Bu povestlə hər iki əsər arasında intertekstual əlaqələr qurmaq mümkündür. Bu isə ədəbiyyatşünasların, tənqidçilərin işidir. Mən isə ilkin təəssüratlarımı bölüşmək istəyirəm.

“Əsgər atası” filmini xatırlayırsınız? Makaraşvili meynələrlə insan kimi danışır, onlara nəğmə oxuyur, onların qayğısına qalmağa çalışır, görür ki, tank üzümlüyü məhv edə-edə irəliləyir, özünü tankın qabağına atır və hayqırır: “Neyləyirsən? Dayan! Axı bu üzümdür. O da canlıdır, bəs onun canı ağrımır? Bu üzümlüyü niyə məhv edirsən?! Axı sən özün hələ bir ağac əkməmisən. Nədir, sən də faşist olmusan?!” Hər dəfə baxanda ürəyimizi riqqətə gətirən o səhnəni necə unutmaq olar?!

Povestdə Vəliş kişinin Qurbanı qamçısının qabağına qatıb üzüm sahəsindən çıxarması səhnəsi var, bu epizodu oxuyanda Makaraşvilinin hiddətdən, qəzəbdən səyriyən sifəti gözlərim önündə canlandı. Məşhur bir deyim var, təbiət ona vurulan yaralara görə hökmən insandan öz qısasını alır. Bir də belə deyirlər ki, guya insan təbiətə səhvən düşüb, özü özlüyündə təbiətin səhvidir.

İkinci yanaşma isə təbiət insan üçün yaradılıb ki, onu mümkün qədər istismar etsin. Diqqətlə müşahidə etsək, görərik ki, təbiət həmişə səhvlərini düzəltməyə çalışır, insan isə əksinə, həmişə təbiət üzərində qələbələriylə öyünüb. Təbiət isə onunla bazarlıq edənləri sevmir. Qurban heç də mənfi personaj deyil, mətnin əvvəlindəki situasiya həm kiliddir, həm açar. Qurbanın kimyagərliyi bəsirətli yazıçı düşüncələrinin özətidir.

Sadıq Qarayev bədii həlli ilk baxışda qeyri-real görünən situasiyaları təsvir etdiyi hadisələrin məntiqi ilə reallığa çevirir. O, obrazların daxili aləmini situasiya ilə vəhdətdə açır. Əli ilə Qurbanın təndirəsər yerində rastlaşması hər ikisinin xarakterini üzə çıxarır. Yeri gəlmişkən, Əli obrazı bizə “Sahilsiz təzadlar” romanından tanışdır. Əli ironiya ilə qardaşına deyir ki, “sən heç bilirsən Vitis sylvestris nə deməkdir?” Qurban başını qaşıyır, suala cavab verə bilmir. Əli savadlı, təhsilli oğlandır, “latınca üzümün beynəlxalq adıdır. Vitis sylvestris deyəndə sən də, zənci də, monqol da söhbətin üzmdən getdiyini başa düşür. Bax, bu başına hoqqa açdığın üzümdən” – deyir.

Qurbanın sonrakı taleyi necə olur? Müəllif bunu oxucunun ixtiyarına buraxır. Sonda isə yuxu priyomundan ustalıqla istifadə edir. Əli çoxdan idi ki, Qurbanı görmək istəyirdi, nəhayət, onu təbiətin qoynunda, yaşıl çəmənlikdə, əkin sahələrinin içində görür... İşarələr sanki deşifrə olunur, məkan laldır, insanla təbiət arasında görünməz dialoq sanki burda yekun mərhələsinə çatır. Yazıçı bu povesti yazmaqla oxucuya hansı mesajı ötürür? Realist üslubda yazılmış əsərin sonunda müəllif sanki qəfildən jalyüzü çəkir. Bundan sonrasını oxucu məhz özü görməlidir.

Sadıq Qarayevin povesti haqqında qısa qeydlərimi burdaca yekunlaşdırıram və zənn edirəm ki, bu əsər onun növbəti romanı üçün bir tramplindir. Bu hadisələrin mütləq davamı olmalıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829