Mən də ulu türkün bir parçasıyam - Natalya Xarlampyevanın şeirləri

Manera.az Saxa (Yakutiya) Respublikasının Xalq şairi Natalya Xarlampyevanın şeirlərini təqdim edir:
Anamın xatirəsinə
– 1 –
Qəfildən öldü anam,
artıq yoxdur dünyada,
Nə səs verər çağırsam,
nə gücüm var oyadam.
Qardaşımla biz artıq
yetim qaldıq...
Çox da ki, öz evi var hərənin, –
Kimsə verməz yerini
bizə həyat verənin!..
– 2 –
Tez-tez xatırlardı anam
böyüdüyü ocağı,
Ucsuz quzey çöllərində
qayğısız gənclik çağı.
O zamanlar nə biləydi
müharibə olacaq;
Bütün gözəl arzuları
gözlərində qalacaq.
Anam yada salmırdı heç
sonra çətin vaxtları.
Xatırlardı göy suları,
başı qarlı dağları;
Gül-çiçəkli yay ayları,
budaqlarda jalələr...
Ulu ruhlar məskənidir
deyirdi ki, o yerlər.
Heyif, mənə tanış deyil
o təpələr, o daşlar...
Anam öz haqq dünyasında
yəqin məni bağışlar.
– 3 –
Sərin payız nəfəsi
hələ duyulmur, ana!
Avqust bitmir, sular da
soyumaq bilmir, ana!
Hələ də tarlalarda
dən tutmayıb sünbüllər.
Hələ də saralmayıb
nə yarpaqlar, nə güllər...
Sən də dönmürsən, ana,
tənha qoymusan məni!
Bu əbədi soyuqluq
dondurur ürəyimi!
***
Mən də ulu türkün bir parçasıyam –
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kül Tigin dövrünün varisi.
Hansı uğursuzluğun əliylə
Quzeyə üz tutdu
Mənim ulu babam,
Quzeydə məskən saldı...
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı...
Mən də ulu türkün bir parçasıyam –
Canımda, qanımda duyuram bunu
Hikmətini duyuram daşüstü yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən,
Yazıram ki,
unutmayım kim olduğumu!
***
Bir səs gələr,
Səda gələr,
Və o anda
Dörd bir yandan
Dörd ruzigar səsləyərəm şeirimə!
Səsləyərəm uşaqlıqdan tanış kimi,
Qəm-kədərə sinə gərib qazandığım
Siyah rəngli qayış kimi.
Dörd amansız qamçı kimi,
Dörd əvəzsiz bilik kimi,
Uzaqgörən baxış kimi.
Keyisə də dodaqlarım
Darılmaram.
Məqsədimdən, amalımdan yorulmaram.
Mən qadirəm hər bir şeyə,
Mən layiqəm öz yerimə!
İnanıram uğuruma mən hələ də.
Bir o yetər – bir həmlədə
Dörd ruzigar səsləyərəm şeirimə!
***
Mən çox gözəl qocalacam, bilirəm,
Əzəmətim, şərafətim var mənim.
Övladların xeyir, savab işindən
Dağa dönüb böyüyəcək ürəyim.
Mən çox gümrah qocalacam, bilirəm,
Nəvələrlə gəncləşəcəm yenidən.
Sehr dolu Maqan meşələrini
Yorulmadan dolaşacam yenə mən.
Mən çox həssas qocalacam, bilirəm,
Sevgililər mənə könül açacaq.
Bölüşərək dərdlərini gizlicə,
Məhəbbətdən qəmli şeir umacaq.
Mən çox ciddi qocalacam, bilirəm,
Güvənəcəm öz elimə-obama.
Deyinsəm də dözəcəklər hər şeyə,
Bayramlarda çiçək səpib yoluma.
Başım altda kitab, əlimdə qələm,
Mən çox xoşbəxt qocalacam, bilirəm!
Tərcümə edən: Afaq Şıxlı
/artkaspi.az/