manera.az
manera.az

Mavi səma bir çətirdir - Kojageldi Külteginin şeirləri

Mavi səma bir çətirdir - Kojageldi Külteginin şeirləri
Manera.az Qırğızıstanın Xalq şairi Kojageldi Külteginin şeirlerini Rəsmiyyə Sabirin tərcüməsində təqdim edir:

ÇÖRƏK QIRINTILARI

Ankara çox nəzakətli şəhərdir,
Qışqırmazlar, bağırmazlar insanlar.
Sanki bolluq dörd bir yana səpilib,
Hər tərəfdə çörək qırıntısı var.

Söz çarəsiz, bu duruma nə deyim?
Boğuluram, heç səsim də çıxmayır.
Bu atılan çörəklərə nədənsə,
İt-pişik də göz ucuyla baxmayır.

Günü-gündən ucalan bu binalar,
Buludlarla yarışmaya çıxıblar.
Məlul baxan çörəyin göz yaşını,
Sanki mənim gözlərimə sıxıblar.

İnsanların ayaqları altında,
Elə bil ki, tapdalanan bədənəm.
Çörəkləri qaldırıb təmiz yerə,
Qalstuklu biri qoyur, o - mənəm,

ŞEİR YAZMAQ

Şeir yazarsa bir yanım,
Kəmənd atar uzaqlara.
Ov axtarar hər bir anım.

Kəməndimdə qasırğa var…
Azğın, coşğun bir at kimi
Bəzən böyük ov ovlayar!

At üstündə ovlayaram.
Ürək kimi titrəyərək,
İzləyərəm aram-aram.

Əl sıyrılır, qan oluram.
Kəməndimlə hər səfərdə
Yaxalanan mən oluram…

SƏSSİZ ÇÖLDƏ ARZU OLUNAN EŞQ

Ala Dağım sənin ovcun,
Sonun olmaz ova kimi.
Ruhun mərhəmətlə sardı,
Sardı bizi yuva kimi.

Mavi səma bir çətirdir,
Sonsuzluqdur, ölçü bilməz.
Od-alovlu fikirlərlə,
Səma bizə kafi gəlməz.

Xəncər kimi asfalt yolu,
Bölüb girmiş qalasına.
Hey güclənir eşqin qolu,
Əlindədir eşqim yenə.

İkimiz də ayın, ilin,
Qaynağıyıq, mərkəziyik.
Çöldəki müqəddəs yolun,
Qədərindən başqa nəyik?

Sarılaraq arzulara,
Atəşlərdə qovrulmuşuq.
Biz hörülmüş iki ağac,
Bütövləşib, bir olmuşuq.

Böyüyərkən eşqlə dümdüz,
Başımızdır göydə gəzən.
Bəzən donar bu yer üzü,
Xəfif titrəyərik bəzən.

Könül uca dağlar qədər,
Dünya bizlə əriyirmiş.
Qolundakı çantan bizi,
Gözətçi tək qoruyurmuş.

YAYLAQDA AXŞAM

Qərb tərəfdən gün dağlardan boy verdi,
Gizli kölgə arzusunu coşdurdu:
İrəliyə uzadaraq başını,
Çapar kimi uzaqlara baş vurdu.

Axşamadək tökərək tər selini,
Ot biçməsi bükər ərin belini,
Dırmaşaraq yorğun-arğın çiynimə,
Aşağıya yellədirdi əlini.

Ağ buludlar kökbörünü oynayır,
Mavi səma səssizcə için yeyir,
Çömçə kimi tutaraq dəstəyindən,
Təbiət də “İç çeşməni, al” deyir.

UŞAQLIĞIN MƏKANINA DÖNƏRKƏN

Mən uşaqkən göy üzündən çeşməni,
Qısqanardım, gözəlləri öyərdim.
Uzaqdaydı o xoşbəxtlik çinarı,
Susqunluğun vurğunuyam, deyərdim.

O zamanlar kiçik-kiçik arayla,
Çeşmələr sarmışdı düzləri, dağı.
Xizək sürən uşaqlartək sırayla,
Hamsı birdən enərdilər aşağı.

Bütün yaylaq ürəyimdə qovrulub,
Dərdli çeşmə səssiz dayanıb durur.
Kiprikləri, saçı, qaşı tökülmüş,
Tək göz kimi tənha qalıb, quruyur.

Mən baxdıqca gözü gözümdə qaldı,
Zərrə-zərrə ürəyimə işlədi.
Duydu çeşmə mənim dərdli halımı,
“Niyə, kədərlidir xəyal?” – o dedi.

Narın qumlar suyun rəngini alır,
Əvəzində hər damla suyu anır.
Birdən çaşıb bilmədən su içərkən,
“Su içməyin!” deyə hirslə bulanır...

Mavi səma bir çətirdir - Kojageldi Külteginin şeirləri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31