manera.az
manera.az

Gənclər söz istəyir - Əsəd Cahangir yazır...

Gənclər söz istəyir - Əsəd Cahangir yazır...
Siyasi özgürlüyə qovuşduğumuz 30 ildə ədəbi gəncliyin düşüncəsində nələr dəyişib? Oxuyacağınız antologiyada toplanmış 70 gənc yazardan seçmələr bu suala verilən cavablardır.

Antologiyalar, adətən, şeir və nəsrdən ibarət olur. Bu kitab isə ədəbi-tənqid, nəsr, şeirdram kimi 4 bölümdən ibarətdir və ənənədən fərqli, öncə şeir yox, ədəbi-tənqid gəlir. Bu, gənclərin nəzər-diqqətini bir qayda olaraq ikinci plana keçirilən ədəbi-tənqidə yönəltmək amacı güdür. Əlbəttə, bu bölümdəki yazılar sözün ciddi anlamında ədəbi-tənqid örnəkləri olmaqdan daha çox, bu və ya digər dərəcədə uğurlu məşqlərdir.

Lakin onların bəziləri, özəlliklə də Qismət Rüstəmovun parlaq üslub, axıcı dillə yazılmış “Trierin mifologiyası” məqaləsində gələcəyin ciddi sənət araşdırmaçısını görməmək mümkün deyil. Sadəcə, Qismətin Trier və onun şərə köklənmiş mövqeyini dəstəkləməsi və bunu “yenilik” sayması ilə razılaşmaq olmur.

Günel Eyvazlının “Postinsan” məqaləsində postinsana birtərəfli yanaşması və onu milliləşdirmə çabasına baxmayaraq, anlayışı tanıtmaq istəyi razılıq doğurur. Eyni fikri özünün kiçik həcmli essesində milli və dünya ədəbi-mədəni faktlarına söykənib, söz, səs və rəngi fundamental estetik kateqoriyalar kimi çözməyə çalışan Elmin Nuriyə də aid etmək olar. Amma hər iki yazarın etkiləndiyi qaynaqları göstərmələrinə lüzum var. Bu, rəsmi prosedur və ən adi etiket qaydasıdır.

Nəsimi haqqında Leyla Əsədullayevanın elmi-kütləvi, Şəhla Aslanın publisist üslubdakı yazıları gənclərin aktuallıq duyğusundan xəbər verir. Lakin Nəsimi, sadəcə, günün yox, həm də əbədiyyətin şairidir. Gənc Nəsimisevərlər buna diqqət yetirsə, yaxşı olardı.

Tural Adışirinin öz həmməkanı B.Vahabzadənin, Gülnar Səmanın isə öz həmzamanı Ruslan Dost Əlinin şeirləri haqda yazıları müəlliflərin sovet dönəmi klassikləri və öz yaşıdlarına yanaşması kimi maraqlıdır. Bayaqdan adını çəkdiklərimlə müqayisədə bu məqalələrin sırf ədəbi-tənqidə daha çox dəxli var. Lakin bu yazılar da, özəlliklə də Gülnarın məqaləsində, mikroskopik incələmələrlə yanaşı, makroskopik baxışa ehtiyac duyulur, analizlə bərabər sintezə ehtiyac var.

***

Antologiyada bədii nəsri 20-dən yuxarı gənc təmsil edir. Yeni nəsrimiz hara yönəlir? Gənc yazarların hekayələrinin ən konseptual anlayış – Allaha yanaşma baxımından araşdırılması bu suala bəlli bir aydınlıq gətirir. Modernizmə meyilli Ayxan Ayvazın infantil qəhrəmanının göylə gedən təyyarələrə baxa-baxa atasının yolunu gözləməsi Allah-atanın şüuraltı axtarışının rəmzi işarəsi kimi görünür (“Sarı göyərçinlər”). Müharibə gedən ölkənin kəndlərindən birindəki dözülməz yaşama qlobal anlam verməyə çalışan Mansur Rəğbətoğlu batı ekzistensialistlərinə anoloji düşünür – həyat təsadüfi, insanlar tənha, dünya absurddur, çünki onun Sahibi “yoxdur” (“Aclıq erası”). Şikəst, ev-eşiksiz, kimsəsiz bir qocanın ağlasığmaz güzəranını sərgiləyən Bahəddin Salmana görə, Allah var, amma onun varlığıyla yoxluğu birdir, çünki qullarına yanaşmada Adil deyil. (“Qozbelin son duası”).

Dilqəm Əhməd özünün “Cuhud Yaqub” hekayəsində daha optimist mövqedən çıxış edir – ədalət var və hər şey gec-tez öz yerini, hər kəs cəzasını alır. Bəs bunu hansı qüvvə tarazlayır? Bu sualı “Səlibçi arvadı” hekayəsinin müəllifi Yadigar Ələkbərov cavablandırır. Əri səlib yürüşünə gedən, iki uşağıyla aclıq çəkən qadın düşdüyü durumdan ilahi möcüzəylə qurtulur. Yadigarın fikrincə, hər şey vahid ilahi qaynaqdan yönləndirilir.

Modern metod, poetik nəsr diliylə yazılmış “Buynuzsuz kərgədan” hekayəsinin müəllifi Orxan Həsəni isə məhz bu qaynağa qarşı çıxır. Çünki hekayədə kərgədanın alnının ortasındakı tək buynuzunu monotizm və avtoritarizmin, buynuzsuzluğu isə atezim və plüralizmin rəmzi işarəsi kimi başa düşdüm.

“Kilidsiz açarlar” hekayəsinin müəllifi Ziyad Quluzadə sovet dövrü millətçi kəsimi və onun turançı eyforiyasının iflasından danışır. “Ayin” hekayəsinin müəllifi Rövşən Danyeri isə bunun tam əksinə dini inanc və elmi xurafatı bir kənara qoyaraq, çıxış yolunu milli mifologiyaya (bozqurdçuluğa!) qayıdışda görür.

Savalan Talıblının “Qəza” hekayəsində Bakı küçələrindən birində baş verən yüngül avtomobil qəzası ağır mənəvi-əxlaqi qəzanın üstünü açır.

Müəllifə görə, bu durumun səbəbi analitik-laborator çözümü olan qan-gen yaddaşında, çıxış yolu isə elmdədir. Müşfiq Şükürlü “Mənim kiçik nağılım” hekayəsində dünyaya alternativ mövqedən çıxış edir – qandan ruha keçir. Gənc yazar insana mistik rakursdan baxır, onun öz taleyini korrektə etmək haqqı və imkanından danışır.

Daha çox sevgi mövzusuna meyil edən xanım yazarlar göydəki Kişi yox, yerdəki kişilərdən yazırlar. Şahanə Müşfiqin “Çat” hekayəsində atası tərəfindən atılmış məktəbli qızın ürəyində ataya qarşı nifrət və sevgi əvəzlənmələrinin yaratdığı çatdan söz gedir.

Şəfaqət Cavanşirin ər, arvad və məşuq triosu üstündə qurulmuş “Gecikmiş qisas” hekayəsi ailədəki soyuqluq üzündən başqasına meyil edən və üstündən 23 il keçəndən sonra əri tərəfindən qətlə yetirilən bir qadının kədərli hekayətidir. Çinarə Nüsrətlinin “Şaxta həkim” hekayəsində də klassik sevgi üçbucağı öz yerində qalır. Hər iki yazarın yerdəki kişidən küskün qadın qəhrəmanı Göydəki Kişinin yanına gedir – birincidə qətl, ikincidə intihar yoluyla!

Qafar Rüstəm “Su pərisi” hekayəsini qadın həmrəyliyi göstərən xanım yazarlara sanki bir cavab kimi yazıb. Mətnin altından bir fikir boylanır – son ünvanın həqiqət yox, mif (su pərisi!) olduğu yerdə hətta ən romantik sevgi belə məhvə məhkumdur.

Alleqorik məzmunlu “Dibçəyin intiharı” hekayəsinin müəllifi Pərviz Seyidli həm saxtakar, həm də həqiqi aşiq obrazı yaratmaqla iki tərəfə də vurur: kişilərin içində, əlbəttə, nalayiqləri var; amma namusluları da az deyil; baxır adamına. Özünün “Balaca qara corab” hekayəsini alleqorik üslubda yazan Günel Şamilqızı da hər cümləsiylə oxucuya sətiraltı mesaj ötürmək istəyir. Amma bunu lazımınca edə bilirmi?

Pərvin Nurəliyevanın çoxsaylı ödüllərə layiq görülən və öz müəllifinin ədəbi kimliyinə çevrilən “Balerina” povesti qadın və kişi yox, insan və sənət sorununa həsr olunub. O, həqiqəti din, mif, elm, mistika yox, sənətdə axtarır. “Balerina” üçün səciyyəvi olan qabarıq estetizm, yəqin ki, müəllifin bu mövqeyindən doğur.

Əksərən modernist, bəzən realist və alleqorik üslublarda yazılan bu hekayələr arasında Çinarə Ömrayın “Məcnunxana” hekayəsini çıxmaqla, postmodernist örnəyə təsadüf olunmur və bu, qanunauyğundur. Xaotik keçid dövrü artıq tarixə qovuşub və bu xaosun ədəbiyyatdakı ifadəsi olan postmodernizmlə vidalaşma zamanıdır.

***

Antologiyada poeziyanı əruz, heca və sərbəstdə yazan 40-a yaxın gənc təmsil edir. Əruzçuların başlıca olaraq qəzəllərdən ibarət şeirləri klassik üslubun yeni dirçəlişinin ifadəsidir. Bu qism gənclərdən Nicat Nəsri, Zaur Rəxşan, Tahirə BərraqVəlixan Abdullayev üçün orta çağ divan şeiri gələnəklərinə sədaqət səciyyəvidir. Amma bu, keçmişi sadəcə təkrarlamaq olmayıb, praktik yöndən unudulmaq təhlükəsiylə üz-üzə qalan klassik poeziya xəttini ən azı qoruyub saxlamaq görəvi daşıyır. Bununla belə, əruzçuların şeirlərində fərdi üsluba meyil də diqqətdən qaçmır. Məsələn, Kamal Hüseynin şeirləri bəzən avtoironiyaya qədər gedib çıxan yumoristik ruhuyla seçilir. Ağasəlim Əmrinin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi, marş havasına köklənmiş şeiri isə çoxəsrlik obrazların daim aktuallaşa bilmək gücünü üzə çıxarır.

Gənclərin önəmli bir qisminin heca vəznindəki şeirləri isə göstərir ki, əruzun yeni dirçəlişi və sərbəstin son dönəmdə kütləviləşməsinə baxmayaraq, milli vəzn öz hakim mövqeyini asanlıqla əldən vermək fikrində deyil. Aşıq şeiri və iyirminci yüzil heca ənənələrinə söykənən bu gənclərin başlıca mövzusu sevgidir. Qılman İman, Anar Amin, Ruslan Dost Əlidə daha çox irfani, Elşad ƏrşadoğluMəhəmməd Turanda daha çox dünyəvi çalarda üzə çıxan bu duyğu Qoşqar Qaraçaylı, Nilufər Şıxlı, Sevil İşıq, Ümid Abbas, Nuranə Təbriz, Xəttat Kilimçidə xalis insani ölçülər qazanır, Arzu Hüseyndə, hətta erotik rəng alır. Fəlsəfi lirizmi və orijinal deyimləriylə seçilən Vasif Zöhraboğlunu isə çağdaş şeirin səciyyəvi sevgi şairi saymaq olar.

Ədəbi gəncliyin avanqard qanadını öz şeirlərini sərbəstdə yazan, modernizmin fərqli üslublarına meyil edən Fuad Cəfərli, Ümid Nəccari, Tural Turan, Ruzbeh Məmməd, Rəvan Cavid, Ələsgər Əhməd, Kənan İsmayıl, Aydın Cavad kimi gənclər təmsil edirlər. Bu gənclərin şeirlərində ən qabarıq görünən duyğuların mikroskopik təfərrüatlarına varmaq çabasıdır. Bunun, təbii ki, müsbət yönü var – poetik düşüncə insanın daxili aləminin ələkeçməz incəliklərinə fokuslanır. Amma mənfi yönü də var – bəzən bu, daxili aləmə aşırı bağlılığa, anlaşılmazlığa, süni mürəkkəblik yaratmağa çevrilir.

Sərbəstdə yazan cavanların hər biri tədricən öz fərdi mövzu və üslubları ilə görünür. Vasif Əlihüseyn kənd xatirələri, Emin Piri müharibə, Şəbnəm Karslı gender sorunlarına ardıcıl marağıyla yadda qalır. Ulucay Akif daxili dünyayla yanaşı, zahiri fonu da vermək çabalarıyla seçilir. Daha çox fərdi dünyasında gəzişmələr edən Fərid Hüseynə bir tərəfdən klassik metaforizmi saxlamaq, ötə yandan modern şeirə məxsus səssiz düşüncə axarını vermək xasdır. Aqşin Evrənin miqyaslı düşüncəsi üçün keçmişlə bu günün, yerlə göyün sinxronluğu, sətiraltı işarələr diliylə danışmaq səciyyəvidir.

Gənclərin bir qismi özlərini həm heca, həm də sərbəstdə sınayırlar. Bunlardan Pərviz Axund üçün qaçqınlıq, İntiqam Yaşar üçün vətən, Sara Selcan üçün qadın, Şəfa Vəli üçün sevgi, İltimas Səmimi üçün təbiət mövzusu əsasdır. Naturfəlsəfi düşüncəsi və orijinal obrazlılığı ilə seçilən Allahşükür Ağa göstərir ki, şeirin gözəlliyi onun yığcamlığında, dərinliyi sadəliyindədir.

***

Antologiyanın sonuncu bölümünə Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesi daxil edilib. İndiyəcən gənclərin bu və ya digər dərəcədə uğurlu dram cəhdləri olsa da, onlar sözün ciddi anlamında səhnə çözümünü tapmayıb və ümummilli mədəniyyət olayına çevrilməyib. Cavidin isə bugünəcən hekayədən romanacan nəsr çabalarının şahidi olmuşuq. İndi o, pyes yazıb və özü də pis yazmayıb. Bu sözlərlə onun ilk dram cəhdinin hökmən səhnəyə qoyulacağı və bu səhnələşdirmənin ümummilli mədəniyyət faktına çevriləcəyi zərurətindən danışmırıq. Çünki onun pyesində mövzu aktuallığı problemi var və “Tanrı quşu gəlmədi” öz müəllifinin ən yaxşı halda uğurlu məşqidir.

***

Gənclərin ən fərqli janrlarda yazdıqlarını özündə birləşdirən bir ümumi yön var – bu yazılar əksərən Allahla dialoq çabalarıdır. Bu, yetmiş illik sovet yasağından sonra bədii sözün özünəqayıdışıdır. Amma klassiklər Allahla daha çox müsahibə edirdisə, gənc yazarlar daha çox mübahisə edirlər. Onlar çağdaş dünya düzəni və burda insana verilən yerlə barışmır, dünyanı sözlə yenidən “düzəltmək” istəyirlər. Bu, elə belə də olmalıdır, çünki əgər onlar bu istəkdən əl çəksələr, ədəbiyyat ehkama, yazar isə ehkamçıya çevrilər. Üstəlik də, qarşıdan əski çağlardan indiyə qədərki hər cür ehkamı rədd edən postinsan erası gəlir./"Ulduz" jurnalı.-2019, dekabr/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829