manera.az
manera.az

Şirin - Fərid Muradzadədən yeni hekayə

📅 21.12.2019 11:08

Şirin - Fərid Muradzadədən yeni hekayə
Müharibənin əzab-əziyyətini, ağrı-acısını, səfalətini, dəhşətini, iztirabını, intizarını, insana vurduğu yaraları, psixi zədələri çox yaxşı bilirdi.

Müharibə ona Vətən dərdi, yurd həsrəti yükləməklə yanaşı əzizlərini itirməyi də nəsib etmişdi. Atası 1991-ci ildə döyüşdə şəhid olmuş, o vaxtlar yenicə xəstəliyə tutulan gözəl, ziyalı anası "başsız" qalmış, 3 il sonra isə çətin şəraitdə dünyasını dəyişmişdi. Valideyinlərinin vaxtsız ölümü bir yana, onu ən çox ağrıdan, inildədən, yaralarını hər gün, hər saat qanadan 3 yaşlı bacısının sətəlcəm və aclıqdan ölməsi olmuşdu. Həyat onlara qarşı amansız, insanlar isə qəddar olmuşdu.

O, bu həyatla mübarizə apara-apara, çarpışa-çarpışa, didişə-didişə yaşamağı bacarmış, ağlı, düşüncəsi, əzmkarlığı sayəsində bu gün yaşadığı şəhərin 3-5 milyonçusundan birinə çevrilmişdi. İndi varlı, sərvətli birisi olsa da o, özünü həyatla mübarizədə məğlub sayırdı. O, bacısını ölümün pəncəsindən qurtara bilməmişdi. İndi hər şeyi vardı. Heç nəyə ehtiyacı yox idi. Amma özünü kasıb sayırdı. 22 il əvvəl o, hələ dünyanı anlamayan, pislik bilməyən, amma pisliyin, xəbisliyin, nadanlığın, kasıblığın, səfalətin qurbanı olan, ay parçası kimi gözəl, şirin, məsum, qara gözlərinin dərinliyində sirli bir dünya yaşadan bacısını itirmişdi. Yaşasa idi 25 yaşı olacaqdı, amma olmadı....

Yadına düşdükcə qeyri-ixtiyari ağlayırdı. Yarıuçuq, buz kimi beton döşəməli, kəsif, nəmiş qoxulu bir otaqda yaşayırdılar.(Buna otaq da demək olmazdı. Yataqxananın zirzəmisində təchizat otağı imiş). Səfalət quzğun kimi onların üstünə şığımışdı. Hələ anasının bir az gücü vardı. Birtəhər quru çörək də olsa qazanırdı. Amma yazıq qadın getdikcə zəifləyir, taqətdən düşürdü. İki kartof olanda belə onları bişirib övladlarına yedirər, özü quru çörəklə keçinərdi ( bəzən onu belə 1 dəfə yeyər, qalanını övladlarına saxlayardı). Anası onun ən çox sevdiyi varlıq idi. Onun ölümündən sonra isə balaca bacısını anası kimi sevər, anasının qoxusunu ondan alardı. Amma, amansız həyat onu da aldı. Anasının ölümündən 5 ay sonra qarlı-şaxtalı bir qış günü onun mələk kimi məsum bacısını da ondan aldı.

Hakim bunları xatırladıqca keçmişin acı xatirələrinə qayıdır, özünə gələ bilmirdi. O, evin ilk övladı, Şirin isə sonbeşiyi idi. Olduqca şirin qızcığaz idi Şirin. Şəklini ürəyinin üstündə gəzdirir, darıxanda o şəkillə həmsöhbət olurdu. Şirin həm də Hakimin acı xatirələri idi. O günlər ömrünə qara hərflərlə əbədi olaraq yazılmışdı. İnsan zaman axarında cismani və mənəvi olaraq dəyişsə də, dövrə, yaşadığı mühitə uyğunlaşaraq müasirləşsə də, müəyyən çətinliklərdən qurtulsa da öz keçmişindən qurtula bilməz. Keçmiş onu ölənə qədər qarabaqara izləyir. Müəyyən insanlar var ki, keçmişi olduqca kədərli keçib və bu yaşananlar onu rahat buraxmır. Hakim də belə insanlardan birisi idi. Yenə o dəhşətli xatirələrə köklənmişdi.

Sentyabr ayı idi. Məktəb açılmışdı. Hakim heç məktəbə getmək istəmirdi. Ona görə yox ki, o, məktəbi sevmirdi, əksinə məktəbə gedəndə sevinirdi. Amma indi getmək ürəyincə deyildi. Çünki nə paltarı vardı, nə də lazımi məktəb ləvazimatları. Amma bunlar da əsas səbəb deyildi. Ölüm döşəyində Əzrayılla mübarizə aparan xəstə anasına görə məktəbə getmək istəmirdi. Uşaq da olsa hiss edirdi ki, anası artıq onları tərk etmək üzrədir. Kimsiz-kimsənəsiz olduqca ağır durumda olan bu kiçik ailənin yavan çörəyə yetəcək yeganə qazanc yeri olan anaları son nəfəsini verirdi. Gecələri heç kim görməsin deyə bir küncə çəkilib için-için ağlayaraq Allaha anasının ölməməsi üçün dua edərdi. Amma dualar da işə yaramırdı. Anasının sağlamlığı üçün külli miqdarda əməliyyat xərci lazım idi. Onların isə artıq çörək almağa belə pulları yox idi. Balaca Şirin Hakimə yaxınlaşıb dedi:

‐Qaqaş, ana çörək almır? Axı mən yemək istəyirəm.

Göz yaşlarının görünməməsi üçün bacısını qucaqladı .

- Mən gedib alacağam, anamızı tək qoyma. Həyətə düşmə.

Evdən çıxıb yaxındakı bazara tərəf getdi. Bazarda hər şey vardı. Sellofan paketlərdə müxtəlif cür meyvə-tərəvəz, yeyəcək, pal-paltar daşıyan insanlara həsədlə baxdı. Gözü insanlara baxsa da xəyalən kənddə atalı-analı keçirdiyi xoşbəxt illərdə idi.

- Ay bala, nə durmusan , aparmaq istəmirsən?‐ deyən kişinin səsi onu xəyallar aləmindən ayırdı.

-Nə aparmalıyam, əmi?

- Sən bayaqkı oğlan deyilsən?- yükümə kömək edən.

Çaşıb qalmışdı. Nə dəyəcəyini bilmirdi. Bu dəm kimsə onun köməyinə yetdi:

-Dayıcan, bu təzədir. Bilmir. Hə, kömək edəcək, niyə etmir ki?!

Bunu deyən oğlan qaş-gözlə ona çantaları götürməyi başa saldı. Kişinin yükü çox, çantaları da ağır idi. Öz-özünə düşünürdü ki, yəni bu qədər ərzaq da alınarmı? Yükləri hələ indiyədək görmədiyi xarici maşının yük yerinə yığdı. Kişi ona zənnlə baxırdı. Elə bil nəsə hiss etmişdi. Ətrafı nəzərdən keçirəndən sonra cibindən 5 ədəd 1000-lik əskinas çıxarıb Hakimə verdi və dedi: ,,Kim səndən nə qədər pul verdi deyə soruşsa 1000 manat deyərsən".

Çünki bu qədər pul verilmir. Sən saf uşağa oxşayırsan. Halal xoşun olsun.

-Sağ olun əmi, deyərək göz yaşları içində oradan uzaqlaşdı.

Dükandan bir az sosiska, çörək, kartof, soğan alıb evə apardı. Bacısı :,, Qaqas!"‐ deyib ona sarı yüyürdü. Balaca qızcığaz 1 ildən də çox idi ki, sosiska dadmırdı. Sevincək yeməyə başladı. Anasına yaxınlaşıb ona da bir-iki tikə yedirtmək istədi. Lakin ölümlə pəncələşən qadının boğazından heç nə keçmirdi. Nəfəsi tükənirdi. Zorla danışırdı. Güc-bəla ilə özünü toplayıb dedi:

-Bacını qoru, ondan muğayat ol, oğlum. Məni isə bağışlayın, sizi tərk edəcəyəm. Tərk etmənin mənasını başa düşməyən balaca qızcığaz isə ;‐ Ana, haya cedəcəcsən? Bizi də apay,- dedi. Göz yaşlarına boğulan məzlum ana heydən düşmüş qolları ilə övladlarını qucaqladı. Son dəfə balalarının qoxusunu ciyər dolusu içinə çəkdi.

O səhəri anasız açdılar. O küləkli, toz-torpaqlı payız günü analarını onlardan aldı. O payız saralan yarpaq kimi saralmış, torpağa düşmüş analarını əbədi olaraq itirdilər. O payız səhəri Hakimin ömründə əzablı günlərin başlanğıc səhəri oldu. İnsanların içində insanlığın öldüyü zamanlar idi. Heç kim demək olar ki, bu iki azyaşlı yetim uşaqlarla maraqlanmırdı. Bu qədər yad münasibətlərin fonunda insan öz dərdini, kədərini qismən unudur və unudulurdu.

Ehtiyac hamını özünə tabe etmişdi. Kimsə kimsənin halından anlamaq istəmirdi. Soyuqlar düşmüşdü. Nədənsə o illər havalar da yaman sərt keçirdi. Kəsif nəmiş qoxulu buz kimi divarların arasında şaxtalı, soyuq qış gecələrində bir-birinə qısılıb titrəyə-titrəyə çimir alardılar( buna yatmaq demək olmazdı). Heç olmasa bədəni isinsin deyə tez-tez çaydanı qaynadıb bacısına isti su içirirdi. Evdə kustar üsulla düzəldilmiş kiçik bir elektrik sobası vardı. O da olmasa soyuq beton divarların arasında elə bircə gecədə donardılar. Çöldə quşbaşı qar yağırdı. Sabah yollar buz bağlayacaq;- deyə düşünürdü. Məktəbə əlvida demişdi, amma evdə müxtəlif kitablar oxuyurdu ( kitabları zibilxananın yanından tapmışdı. 50-yə qədər kitab vardı.)

Aramla yağan qar onun qara qayğısını artırırdı. Demək ki, sabah iş tapa bilməyəcək. Bəzən günə 1000 manat ancaq qazana bilirdi ki, bu da ancaq yavan çörəyə bəs edirdi. Əlinə düşəni toparlayıb evə gətirər, balaca şirin bacısına yedirərdi. Son vaxtlar qızcığaz yaman zəifləmişdi. Başında ağrılar olduğunu deyirdi. Onu evdə qoyub gedirdisə də ürəyi bacısının yanında qalırdı. Yaxşı ki, bazara yaxın yataqxanada qalırdılar. Heç olmasa günorta bacısına baş çəkirdi. Neçə müddətdir ki, isti yeməyin nə olduğunu bilmirdilər.

Gecələr Şirini qucaqlayar onu qardaş ürəyi ilə qızdırardı. Şirin yaman öskürürdü. Bir dəfə həkimə aparmışdı. Həkimin yazdığı dərmanları almaq üçün 4- 5 gün ancaq quru çörəklə ötüşmüşdülər. Kiçik çillə özünü yaman göstərirdi. Nədənsə bərk sıxılmağa başlamışdı. Tez evə gedib bacısını görmək istəyirdi. Əlindəki zənbili müştərinin maşınına qoyub haqqını alan kimi qaçaraq evə sarı getdi. Sıxıntısı artırdı. Girişdə kiminsə : , ,Qardaşı gəlir",‐ deməsi onun həyəcanını daha da artırdı. Ürəyi şiddətlə döyünməyə başladı.

Uçuq-sökük taxta qapılarının ağzına xeyli adam yığışmışdı. Həkim də vardı. Üzünə ölüm sarılığı çəkilmiş Şirini görəndə halı pisləşdi. Nəfəsi daralırdı. Həkim ona təmkinli olmağı məsləhət edirdi. Əslində həkim də çətin duruma düşmüşdü. Heç kimi olmayan bu tifillərin halı onun ürəyini inlədirdi. Həkim əslində bir böyük adamla danışmalı idi. Amma bunların böyüyü də elə balaca Hakim özü idi. Həkim uzun-uzadı danışaraq onu nəyəsə hazırlayırdı.

Sonda həkim balaca Şirinin sətəlcəm olmasını birtəhər ona izah etdi. Qonşular həkimin üzünə baxırdılar. Həkim isə ümidsiz, gözləri yaşarmış halda sakitcə otaqdan çıxdı. Elə bil insanlar indi ayılmışdılar. Hamı xəcalət içində idi. Bacısının başının üstünü kəsdirmiş Hakim ona nəsə köməklik etmək istəyirdi. Amma necə? Aclıqdan və xəstəlikdən bənizi ağarmış qızcığazın gözlərində həyat nişanələri yavaş-yavaş ölürdü. Günorta bir tikə də olsa ( elə bilirdi ki bacısı nəsə yesə mütləq ayağa qalxa bilər) ona yedirtmək istəyirdi. Şirin, bacı, sənə nə alım( əslində heç pulu da yox idi)? Güclə gözlərini açan qızcığaz; Sosiska,‐ deyə bildi. Başıalovlu evdən çıxıb yolun o üzündəki ərzaq satılan dəmir butkaya yaxınlaşdı. İçəri tünlük idi, gözləməli oldu. 15-20 dəqiqə vaxt keçdi. Nəhayət ona da növbə çatdı. 2 ədəd sosiska alıb (nisyə) evə doğru yüyürdü. İçəri girib :

‐Bacı, aldım, indi bişirirəm,‐ dedi. Balaca bir qazançaları vardı (neçə vaxt idi ki, o qazançada yemək bişirilmirdi), çaydandan ona isti su doldurub sobanın üstünə qoydu. 5-6 dəqiqə sonra dünən aldığı təndir çörəyini və 2 ədəd sosiskanı stolun üstünə qoydu.

Bacı,- desə də hay verən olmadı. Yerdə yatan qızcığaza yaxınlaşanda dəhşətlə bağırdı. Şirin əbədi yuxuda idi. Hələ bacısının ölümünü tam dərk edə bilməyən Hakim onu qolları arasına alıb ağlaya-ağlaya çölə çıxardı. Yardım istəyirdi. Küçədə kiminsə ,, ölüb" deməsi onu dəliyə döndərmişdi.

Yaşadığı şokun təsirindən ölmüş bacısını çiyninə ataraq yolboyu ,,həkim, həkim!" deyə qarın üstü ilə qaçırdı. Səs‐küyə çölə çıxan aptekçi( bu heç əczaxanaçılığı da qurtarmamışdı) məhəllə uşaqlarından :

-Nə olub orda?!

-Asif əmi, bu yataqxanın zirzəmisində qalan yetim uşaqlar varmış, onlardan biri ölüb deyirlər!

-Vay, vay,- deyib geriyə qayıtdı.

Şamil səhər tezdən Bakıdan Sumqayıta iki ayağından da məhrum olmuş qazi dostuna baş çəkməyə gəlmişdi. Onlardan çıxandan sonra dənizkənarındakı ,,Şəhidlər Xiyabanı"na da baş çəkməyi özünə borc bilmişdi. Burada onların qazi dostlarından dəfn olunanları vardı. Maşını qarlı yolla asta-asta sürürdü. Kəsişən yolları burulub azacıq yuxarı çıxmışdı ki, qarın içi ilə çiynində balaca bir uşaq apararaq ağlayıb qışqıran balaca bir oğlan və ətrafa yığılmış çoxlu insan gördü. Tez maşını yolun kənarına çəkib saxladı. Şikəst ayağı yeriməsinə maneçilik törətsə də bacardığı qədər yeyin addımlayırdı. Uşaq qarı yara- yara onun bərabərinə yetişəndə balaca oğlanın qolundan tutdu. Şirinin meyiti sağ çiynində olduğundan Hakim Şamili görə bilməmişdi (bəlkə də görmüş, amma fərqində olmamışdı). Hakim dartınıb çıxmaq istəsə də alınmadı.

Çünki güclü bir əl Hakimi tutub saxlamışdı.

"Rossiya Şamil" Rusiyada karyerasını quran varlı azərbaycanlılardan biri idi. Şamilin Rusiya Federasiyasının müxtəlif şəhərlərində 10-dan yuxarı gül dükanı vardı. O, sıfırdan öz karyerasını qurmuşdu. Fəhləliklə işə başlayıb milyonçu olmuşdu. Bütün tanıyanları onun xətrini istəyərdi. O, hamıya əl tutmağa çalışardı. İndiyə qədər ona uzanan bir əli boş qaytarmamışdı. Xeyriyyə işləri ilə məşğul olardı (amma xeyriyyəçinin kim olduğu bilinməməsi şərti ilə). Şamili insanlara sevdirən əsas bir xüsusiyyəti də bu qədər var-dövlət sahibi olan bir adamın Qarabağ döyüşlərində iştirakçı olması idi.

Xocalı faciəsinin səhəri günü Rusiya vətəndaşı olan 40 yaşlı Şamil Əzimov Azərbaycana gəlmiş, könüllü olaraq döyüşlərə qatılmışdı. Lakin 1-ci Ağdərə döyüşlərində ağır yaralanaraq (sağ ayağını pəncədən itirmişdi) tərxis olunmuşdu. Yarası sağalandan sonra daha Rusiyadakı evinə geri dönməmiş, böyük biznesini elə buradan idarə etməyə davam etmişdi. Şamilin var-dövlət sarıdan heç nəyə ehtiyacı yox idi, hər şeyi vardı. Allah ona hər şey vermişdi, bircə övladdan savayı. Uzun illər həyat yoldaşı Şəhla xanımla övlad yolu gözləmişdilər, lakin olmamışdı. Qismət deyib övladsızlıqla barışmışdılar. Övladları olmasa da övlad həsrəti onları həmişə uşaqlara qarşı qayğıkeş etmişdi.

İndi balaca bacısının cansız cəsədini bu şaxtalı, qarlı qış günündə qaçaraq çiynində daşıyan, hələ də ümid içində həkim axtaran balaca, əzmkar oğlanın halına ürək ağrısı ilə baxırdı. Qüvvətli əlləri ilə Hakimi saxladı. Ehmalca Şirinin qaxaclaşmış, ruhsuz bədənini ondan aldı. Məsum qızcığazın üzünə baxanda göz yaşlarını saxlaya bilmədi. Ətrafda xeyli adam yığışmışdı. Hamı bu kiçik yetimlərə acıyırdı. Şamil qızcığazın dəfnini təşkil etdikdən sonra Hakimi evinə apardı. Şəhla xanıma hər şeyi təfsilatı ilə danışdı. Uşaq danışdıqca Şəhlanın analıq duyğuları riqqətə gəlirdi. Göz yaşlarına hakim ola bilmirdi.

Hakimi hamama salıb çimizdirmək istəsələr də uşaq buna razı olmaq istəmirdi. Eyibdi,- deyirdi. Özüm yuyunaram. Lakin ər-arvadın israrı sonda öz təsirini göstərdi. O gündən Hakimin həyatı dəyişməyə başladı. Şəhərin ən yaxşı məktəbinə bərpa olundu. Ağılı, düşüncəsi, fərasəti və bacarığı nəticəsində hər kəsin sevimlisinə çevrildi. İllər sürətlə bir-birini əvəzləyirdi. Həyatında çox dəyişikliklər oldu. Təkcə ağrılı xatirələri, ana və bacı nisgili dəyişilməz qaldı.

Rusiyada İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirdi. Bu illər ərzində ona sahib çıxan Şamili ata, Şəhlanı ana bildi. Şamilin bütün biznesini ağılla idarə edirdi. Lakin onu istehsalat daha çox maraqlandırdığı üçün istehsal fəaliyyətinə başlamışdı. Hələ tələbə olarkən tekstil işinə qol qoymuş və bu iş uğurlu olmuşdu. Ancaq ürəyində olanı gerçəkləşdirmək istəyirdi. Az sonra bu barədə Şamillə də məsləhət etdi. O, da bir ağsaqqal kimi xeyir-duasını bol etdi.

Həyəcanlı idi. Sabah çox böyük və müasir standartlara tam cavab verən ət və süd məhsulları istehsalı və emalı azvodunun açılışı olacaqdı. Nəhayət öz istəyinə çatmışdı. İstehsal uğurlu oldu. ,,Şirin " brendi altında istehsal başlanmışdı. İlk istehsal olunan bütün çeşid məhsullardan ölkədəki uşaq evlərinə pay göndərildi. O gündən etibarən mütəmadi olaraq müxtəlif uşaq evlərinə ,,Şirin" brendli kolbasa-sosis, süd-qatıq məhsulları ayaq açdı.

Şəhərin ən prestijli və böyük mağazaları artıq ,,Şirin" çeşidləri ilə dolu idi. İllər əvvəl məsum bacısına o soyuq qış günü qismət olmayan 2 ədəd sosis indi həyatın amansızlığı ilə mübarizə apararaq böyüyən, onlar kimi yetim uşaqların qisməti idi.

Artıq ailə qurmuşdu. Biznesi həddindən artıq böyümüşdü. Özünü istehsalın digər sahələrində də sınamaq istəyirdi. Getdikcə xəyalları gerçəyə çevrilirdi. Dövlətdən maliyyələşməyən ,,Şirin" uşaq evi də açmışdı. Sırf öz halal qazancı ilə 20-dən çox uşağı himayəsinə götürmüşdü. Yoldaşı hamilə idi. Cahil insanların qız övladı istəmədiyi bu zamanda o, qızının olmasını o qədər istəyirdi ki...

Təyyarə ağ buludların arasından aramla üzüaşağı H.Əliyev adına Beynəlxalq Hava Limanına eniş edirdi. Qeydiyyat məntəqəsini keçdikdən sonra neçə gündür ki, burada qalmış şəxsi avtomobilinə sarı getdi. Mühərriki işə salıb aram-aram maşını yerindən tərpətdi. Özündə nəsə qəribə bir duyğu oyandığını hiss edirdi. O, bu gün nədənsə lap çox fərəhli idi. ,,Dərnəgül " tərəfdən keçirdi ki, telefonu aramsız zəng çalmağa başladı. Maşını kənara çəkib cavab düyməsinə basdı:

-Təbrik edirəm, gənc ata! Ay parçası kimi bir qızın dünyaya gəldi. Tez özünü çatdır,-deyə Şamil onu təbrik etdi.

Nə dəyəcəyini bilmirdi, donub qalmışdı. Eşitdikləri ona yuxu kimi gəlirdi.

-Şirin! Şirinim, xoş gəldin!- deyib ayağını qaz pedalına basdı. Maşın yeni çəkilmiş asfaltın üstü ilə onu Şirininə aparırdı.


Baxış sayı - 1 031 | Yüklənmə tarixi: 21.12.2019 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031