manera.az
manera.az

Qış nağılı - Ələsgər Davudoğlunun hekayəsi

📅 19.12.2019 07:11

Qış nağılı - Ələsgər Davudoğlunun hekayəsi
Biri vardı, biri yoxdu. Mürəstə nənənin bir nəvəsi vardı. Uzun qış gecələrində Mürəstə nənə ona nağıllar danışardı.

Nənə nağıl danışmaqdan, nəvə qulaq asmaqdan yorulmazdı. Mürəstə nənənin ard-ardına danışdığı nağıllar bitib, tükənməzdi. Onların sayı uzun gecələrin sayı qədərdi. Hamısı gözəl, bir-birindən sehrli nağıllardı. Bu nağılları Mürəstə nənə uşaqkən nənəsindən eşitmişdi.

Nənəsinin danışdığı nağıllara Sonqulu ağzı açıla qulaq asardı. Divlərdən, əjdahalardan qorxub, vahimələnərdi, amma bunu nənəsinə bildirməzdi. Sonqulunun qorxulu nağıllardan qorxduğunu Mürəstə nənə bilsəydi, əlbəttə ona "Şən-Gülüm, Şün-Gülüm, Mən-gülüm"-ü, "Qorxaq Əhməd"-i danışardı. Sonqulusa qorxulu nağıllara meyilli idi. Göygöz Kosanın sehrli çubuqla adamı daşa döndərib, sonra da daşı əzəli cildinə qaytarması və onu dindirməsi maraqlı, qeyri-adi idi. Sonqulunu mat qoyan təkcə Göygöz Kosanın sehrli çubuğu deyildi, həm də simurq quşları, Ələddinin əcaib çırağı, bir də uçan xalçalardı. Bəzi qorxulu nağılların sonda qırx gün, qırx gecə toy-büsatla bitməsi Sonquluya ləzzət verirdi. Hələ göydən üç alma da düşürdü. Nənəsi almalardan ikisini ona verib, birini özünə götürürdü.

Sonqulunun yaddaşında, Mürəstə nənəsi ilə uçan xalçalar birgə qalmışdı. Nənə deyəndə xalçalar, xalça deyəndə nənəsi yadına düşürdü. Özünə qapanıb, cürbəcür, baldan şirin silsilə xəyallara sarılırdı. Arzuladığı əlçatmaz, ünyetməz yaxşı şeylərin hamısını qurduğu nağılvari xəyallarda tapırdı. "Sim-sim qapı açıl" deməklə quldurların gizlətdiyi xəzinənin qapıları önündə taybatay açılırdı. Sonqulu xəzinəyə girib, yoxsulluğun daşını birdəfəlik atırdı. Apardığı qızılları, ləl-cəvahiratları sağa-sola xərcləyərək, cındırından cin hürkən yoxsullara paylayırdı. Bəzən də Göygöz Kosanın çubuğunu əlindən alıb, simic sərvət düşgünlərini daşa, bədheybət məxluqa,itə,pişiyə çevirirdi.

Zaman-zaman Sonqulunun torpağını torba ilə daşıyan qarı düşmənlərin aqibəti daha pis olurdu. O, bədxahların üstünə əjdahaları, təpəgözləri göndərirdi. Ağızlarından od püsgürən əjdahalar dəhşətli hücuma keçirdilər. Onların ardınca təpəgözlər vəhşicəsinə bağıra-bağıra gəlirdilər. Tankları, topları saman çöpü kimi havaya qaldırıb, gizlənməyə çıxdıqları yeri axtaran düşmən əsgərlərinin başlarına çırpırdılar. Torpaq yad-ellilərin ayaqları altında od tutub yanırdı. Yaralı yaramazların bağırtısı məqribdən-məşriqəcən yayılırdı. Sağ qalanların yalvarıb, əjdahalardan mərhəmət diləməsi, Sonqulunun ürəyindən tikan çıxarırdı.

Sehirli xalça guya döyüş meydanının ətrafında yavaş-yavaş uçurdu. Sonqulu da bardaş qurub xalçanın ortasında oturmuşdu. Hər tərəf apaydın görünürdü.O, burdan döyüşü asanlıqla idarə eliyə bilirdi. Mauqlinin çıxardığı səsə oxşar qəribə səslə əjdahaları, təpəgözləri qızışdırrırdı. Qəzəblənmiş heyvanların ayaqları altında qəsbkarlar xurd-xəşil olub cəhənnəmə vasil olurdular. Ölərək, murdar cəsədləri ilə Sonqulunun uğrunda "döyüşdüyü" torpaqları murdarlayırdılar. Bu ləzzətli savaşın sonu hayıf ki, hər dəfə məyusluqla qurtarırdı. Xəyalında qurduğu savaş səhnələri, bardaş qurub üstündə oturduğu sehrli xalça birdən yoxa çıxırdı. Sonqulu silkinib özünə gəlirdi. Başını bulayıb, köksünü ötürürdü. Sərf elədiyi vaxta, enerjiyə hayıfı, özünə yazığı gəlirdi.

Nağılların, əfsanələrin gerçəkliyinə Sonqulu gərək inanmayaydı. Onlar uşaqların başını qatmaq üçün uydurulmuşdu. Nağıllara inanmaq özünü aldatmaq kimidi. Həyatda Simurq quşları, sehrli çubuqlar yoxdu. Ələddinin hisli-paslı çırağını da, hələ görən olmayıb. Heç kim də, indiki quldurların gizlətdiyi xəzinələrə "Sim-sim qapı açıl" deməklə girə bilməz. Dünyanın öz axarı, öz nağılları var. Burda keçəl həmzələrin bəxti özlərindən irəlidə gedir. Aldadanlar korafəhmlərin hesabına kefə baxırlar. Dara düşənlərin imdadına tək-tük adamlar yetir.

Sonqulu yaşa dolmuşdu. Arvadı, uşağı vardı. Amma hələ də nağıllar aləminin cazibəsindən qurtula bilməmişdi. Ruhən keçmiş zamanda, uşaqlığında qalmışdı. Sadə və sadəlövh bir adamdı. Uşaqla uşaq, böyüklə böyükdü. Təkəbbür, qürur, mənəm-mənəmlik nədi, bilən deyildi. Kim nə desə, ona inanırdı. Pisliyə yaxşılıqla cavab vermək xislətində idi. Ona işi düşən adamı Sonqulu əlimyandıda qoymazdı. İş-gücünü atıb, həmən həmin adamın işinin arxasınca gedərdi. Kasıb-kusuba əltutan kişilərdən idi. Əliaçıq, comərd olmasından istifadə eləyənlər az deyildi. Sonqulu etdiyi bu yaxşılıqların hələ bir faydasını görməmişdi. Ömründə bir kərə dara düşdü, fəryadına yetdikləri imdadına yetmədilər. Sonqulu başına gələnlərdən çox, özünə həmdərd bildiklərinin etinasızlığına acıdı. O vaxta qədər özünü sayılıb seçilən kişilərdən hesab eləmişdi. Sən demə, Sonqulu sadəliyi, alicənablığı ilə öz timasalında bəzi adamların nəzərində hərif və maymaq obrazı yaradıbmış.

Zaman üstündən zaman keçdi. Çox sular durulub-bulandı. Sonqulu baba, arvadı nənə oldu. Bir qız, bir oğlan nəvələri vardı. Nəvələrin nənəsi, Sonqulunun Mürəstə nənəsinə oxşamırdı. Başına örpək bağlamır, nəvələrinə nağıl danışmırdı. Nənə sözündən zənd-zəhləsi gedirdi. Nəvələri ona nənə deyəndə acığı tuturdu, sir-sifətini turşudub, mısmırığını sallayırdı. Hətta bir dəfə, avtobusda yeniyetmə oğlanın "nənəcan, ayaq üstə durma, gəl mənim yerimdə otur" deməsi, onu bərk cırnatmışdı. Hikgəsindən, yeniyetmənin yeddi arxa dönənini ordaca ağ yuyub, qara sərmişdi. Sərnişinlər xanımı birtəhər sakitləşdirmişlər.

Sonqulunun arvadı cavanlığında necə vardı, elə qalmışdı. Alyanaq, gülyanaq bir xanımdı. Qaşları aypara, saçları qarğıdalı saçağı rəngindədi. Son dəbdə, zövqlə geyinib, kecinir. Avropasayağı, açıq-saçıq gəzib, dolanmaqdadı. “Ay qız, ayıbdı, geyiminə, keçiminə fikir ver" deyən olanda, "Ayıb nədi, azz? Ayıb çoxdan ölüb! Qurban olum avropalılara, olar necə, mən də elə” deyirdi.

Xanımın Avropanın yedəyində sürünməsi əbəs deyildi. Özünün deməyinə görə anasının nənəsi Parisdəndi. Paris əsilli xanım hər yerdə anasının nənəsi ilə öyünürdü. Zəmanədən geri qalan Sonqulunu bəyənmirdi. Cəfakeş ərini ərlikdən silib atmışdı. Ona evin nökəri kimi baxırdı. Sakit, arvaddan qorxan ütülü kişilərdən xanımın xoşu gəlmirdi. Dəli-dolu, tündxasiyyət kişilərin dəli-divanəsi idi. Belə birisi ilə lap cavanlığında durub-oturmuşdu. Paris əsilli xanım tapdığı kobud kişilə qürrələnirdi, həm də o kişidən itdən qorxan kimi qorxurdu. Öl desə ölür, qal desə qalırdı. Yoxsa dəli-dolu kişi, vurub, gözlərinin altını qaraldardı. Başına gələn başmaqçı olar. Tündxasiyyət kişi, əvvəllər xanımı basmarlayıb, bir neçə dəfə "bəsdi" deyincə döymüşdü. Yediyi təpikləri, şillələri o vaxtdan qulağında sırğa eləmişdi.

Hərdən Sonqulu nəvələrinə baxıb kövrəlirdi. Yadına uşaqlığı, Mürəstə nənəsi, qorxulu nağıllarla dolu uzun qış gecələri düşürdü. Nəvələrinə qoşulub oynamaq, uşaqlaşmaq istəyirdi. Nəvələrisə Sonquluya qoşulub oynamır, onun söyləmək istədiyi qorxulu nağıllara qulaq asmaq istəmirdilər. Telefon oynatmaq üstə səhər-axşam bir-birilə dalaşırdılar.

Ehh, indi kimdi nağıla-zada qulaq asan! Dünyanın özü, elə nağıl kimi bir şeydi.

aprel–2018

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 2 195 | Yüklənmə tarixi: 19.12.2019 07:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031