manera.az
manera.az

Quyunun dibindəki yol və ya Kamal Abdullanın iki altısı... |MANERA.AZ

Quyunun dibindəki yol və ya Kamal Abdullanın iki altısı... |MANERA.AZ

4 dekabr Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, dünya şöhrətli yazıçı Kamal Abdullanın doğum günüdür. Manera.az bu münasibətlə akademiki təbrik edərək, Mehman Qaraxanoğlunun yazısını oxuculara təqdim edir:
_________________________________

Yüzə yüz əminəm ki, mənə bu yazını yazdıran magik güc başlıqdakı 5 “L” səsinin assosiativ sehrindən gəldi. Altıncısı isə görünməyən o biri altıdadır...

Nədənsə, birdən-birə düşündüm ki, belə məqam bir də təkrarlanmayacaq və bunu föftə vermək olmaz, bu, lap təbiət hadisəsinə oxşayır – tutaq ki, Ayın Yerə builki yaxınlaşmasına, bir də Allah bilir, belə hal neçə ildən sonra baş verəcək və ... onu biz görməyəcəyik. Məhz bu cümlədə “biz” deyərkən özümü nəzərdə tuturam. Və qəribə bir darıxmaqlıq hissi dolur ürəyimə...
Bilmirəm, bu fikir beynimə nə vaxtdan girib: Həyatda gördüyüm Kamal müəllimlə mətnlərində olan Kamal müəllim sanki ayrı-ayı adamlardır. Yox, düz olmadı! Elə bil Birincisi ona görə “Var!” ki, qəribə bir cidd-cəhdlə İkincisini gizlətsin, “Yox!” etsin! Lap “biri varmış, biri yoxmuş” kimi...

“Var!” “Yox!”a bircə saniyə macal vermədən ölüm mələyi kimi alır başının üstünü. Və bu “almaq” o “almaq”dan deyil, burada nağılvari bir nəvaziş də vardır. Bəlkə də fəndgirlik? Dəcəllik edən uşağı nənəsi “ram etmək” üçün yalancadan ağlayır. Bunu görən uşaq əlindəki oyuncaqları bir tətəfə tullayıb nənəsini qucaqlayır, başını onun sinəsinə qoyur və usanmadan deyir: Nənə qəşəəəəngdi...
“Var” həmin Uşaqdır, “Yox” isə o “yalançı” Nənə!
Kamal müəllim “Var”la “Yox” arasında nə zamansa bağlanmış bir Əbədi Saziş-dir!
Nə zaman?!
Bunun tarixini bilən varmı?
Yoxdur!

Ona görə də üzümü nağıllara tutdum...
“- Ay uşaqlar, sudan nətər keçdiniz?
Tez Cırtdan cavab verdi:
- Get, bir dənə dəyirman daşı tap boynuna keçir, ondan sonra keçərsən”
(“Cırtdan”)
Divin sualı onun aldanış məqamıdır. Kamal müəllim bu həqiqəti lap tez anladı. Və Cırtdanların Divləri aldatdıqları zamanlarda o, özünə həm Sual, həm də Cavab oldu...
“Güzgüyə salam ver. Ondan xahiş elə ki, sana qəribə bir əhvalat söyləsin”
(“Məlik Məhəmməd”)

Kamal müəllimin mətnlərini o sehrli Güzgü danışır sanki! Nağılda olduğu kimi, xəlvətcə güzgülərin dalında danışan quşları gizlətmir o! (Bu məcaz yazıçının həyatla birbaşa təmasını simvollaşdırır!) Çünki belə işlərin axırı yaxşı qurtarmır. “Hamlet”i xatırlayın...
“Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş”
(“Məlikməmməd”)

Cümlədəki “da” iştirak bağlayıcısı bu cür alma ağacının bir yox, bir çox padşahın bağında olduğunu sübutlayır. Azərbaycan nəsrinin nəhənglərindən sayılan Kamal müəllimin bağındakı alma ağacı da çiçək açdı - (“Yarımçıq əlyazma”), çiçəyini tökdü - (“Sehrbazlar dərəsi”. Bu əsər, həqiqətən, yoxluq haqqında elegiyadır), nəhayət, bar verdi – (“Unutmağa kimsə yox...”)
“Məlikməmməd dedi:
- Ata, izn ver, qanın iziynən gedib devi öldürüm” (“Məlikməmməd”)
Bəs qanın qoxusu ilə necə, getmək olarmı? “Sehrbazlar dərəsi”ndəki qandonduran səhnə yadınızdadırmı? Cəlladbaşının öz oğlunun da başını kəsirlər. Ata torbadan damcılanan qanın qoxusundan sezir ki, kəsilən baş bir tək oğlunundur. Belə arxetipik bağlar heyrət doğurur və az qala Kamal müəllimin yazıçı obrazını da nağıllaşdırır...
“- Oğul, indi ki, sözümə baxmırsan, get, Allah köməyin olsun. Amma sənə üç söz öyrədəcəm. Yolda bir adamla yoldaşlıq eləsən, bu sözləri yada salıb o adamı sınayasan” (“İki yoldaş”)

Söz, söz, söz...
Deyəsən, üç oldu. Kamal müəllim üçün sözün birinci, ikinci, üçüncü yeri yoxdur. Söz elə öz yerindədir. “Düma ilə Coys arasında” da belədir, əvvəlkilərdə də...
“Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun təkinə çatan kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var” ("Məlikməmməd")

Azərbaycan nəsri “Ah, yndım, çəkin!” nidaları ilə doludur. Dekorativ quyularla teatral tamaşalar göstərənlər də çoxdur. Qoy olsun! Kamal müəllim onların heç birisinə məhəl qoymur. O, öz işini, quyu başında duranlar da öz “işini” görür. Nə onlar usanır, nə də Kamal müəllim.
Əsas məsələ quyunun dibindəki Yolu görməkdir, qalan şeylər təfərrüatdır...

Həmişə Yolda, Kamal müəllim..

Mehman Qaraxanoğlu,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031