manera.az
manera.az

Kəmaləddin Qədim poeziyası və folklor

Kəmaləddin Qədim poeziyası və folklor
Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan Kəmaləddin Qədimin adı poeziya sevərlərə yaxşı tanışdır.

Bədii düşüncəsində heç kəsə bənzəməyən özünəxas təhkiyəsi, ifadə bənzərsizliyi, obrazlı deyimləri şairi fərqləndirən xüsusiyyətlərdəndir.

Yaradıcılığında folklora söykənən, xalqımızın min illərlə sınaqdan keçirdib bu günümüzə gətirdiyi mənəvi-əxlaqi dəyərləri poeziyasının məhək daşına çevirən şairin düşüncələrindəki istilik, doğmalıq da məhz bu yaxınlığın nəticəsidir. Ululardan eşitdiyi nağıllar, dastanlar, əhvalatlar şairin şeirlərində yeri gəldikcə yeni biçimdə, yeni nəfəsdə və obrazda özünü göstərir.

Uşaq dünyasının ən şirin nağıllarından biri də xalq qəhrəmanı Koroğlu haqqında şairin eşitdikləridir. Yaşının kamil dövründə uşaq vaxtı eşitdiklərini xatırlayıb poeziyasına gətirməklə şair, əslində heç o duyğulardan ayrılmadığını ifadə etmək istəyir. Çünki Qıratıyla, Düratıyla, Misri qılıncıyla Koroğlu xalqın yanındaydı, millətin fəxriydi, vətənin dayağıydı. Şair təəssüflənir ki, bir zamanlar Düratıyla, Qıratıyala, misri qılıncıyla döyüşlərdə qəhrəmanlıq göstərən, igidlik nümayiş etdirən Koroğlunun səsi gəlmir. Bu arzuyla Kəmaləddin Qədim nağıllarımızda olan təkərləmələrin ruhuna uyğun iqtibaslar edərək “İki nağıl” şeirində yazır:

Biri varmış, biri yoxmuş,
Biri acmış, biri toxmuş,
Bir qocaman dünya varmış...
Düratıyla, Qıratıyla,
Misri-misri qılıncıyla
Bir qəhrəman dünya varmış...


İtirilmiş misri qılıncın yeri görünür. Koroğlunun igidliyinin tam yarısı atının və qılıncının payına düşürdü, desək, səhv etmərik. Heyif ki, itirilmiş misri qılınc, dölü dəyişilmiş qıratlar Koroğlu mifini də aradan qaldırıb. Belə bir dövrdə - yəni Koroğlunun olmadığı zamanda tədbirli davranmalı, düşmənə girəvə verilməməliydi. Lakin düşmən torpaqlarımızın böyük bir hissəsini işğal etməyi bacardı və bu gün də əsarətdə saxlayır. Görünür şairin qəlbini sıxan da ölkəmizin müstəqillik qazandığı ilk illərdə hakimiyyətdaxili çəkişmələr, maraqların toqquşmalarının erməni işğalının genişlənməsində müəyyən rolu olduğu qənaətinə gəlməsidir. Məhz bu baxımdan yazdığı şeirlərdə vətən dərdi, el-oba təəssübkeşliyi özünü bütün təzahürləri ilə biruzə verməkdədir.
Kəmaləddin Qədim poeziyası və folklor
Bəzən də şair folklordan gələn epizodları şeirinə daxil etməklə, dünyanın özünün bir nağıl olduğuna inanmaq istəyir. “Ya işıqgələndi, ya ithürəndi” şeiri sanki bir nağıldı. “Bizim elə iki yolumuz olub, ya işıqgələndi, ya ithürəndi”, - deyəndə şair nağıl qəhrəmanlarımızın qarşısına çıxan iki yoldan birini seçmək məcburiyyəti qarşısında qalmalarını xatırlatmaq istəyibdir. İşıqgələn yolun sonunda həmişə div, ithürən yolun sonunda it vardı. Hər iki yol təhlükəli olduğu qədər də risqliydi. Qəhrəmanın qələbəsi də onun risqindən, cəsarətindən, mərdliyindən, mübarizliyindən asılıydı. Şair nağıl dünyagörüşünü günümüzə gətirəndə istiqaməti Şuşadan alınan xəbərlərə yönəldir. Bu xəbərlərin şad və bəd olmağından asılı olmayaraq qarşıda yenə də iki yol olduğunu tam anlamı ilə dərk edirsən:

Xəbər var can verir daşa can, xəbər,
Bəzən də yaşamır başacan xəbər.
Yenə də xəbər var Şuşadan, xəbər,
Ya işıqgələndi, ya ithürəndi.

Qəlbinin dərinliklərində Şuşa dərdinin kök saldığını dəfələrlə dilə gətirən şair, dərdin əlacını da bu yollardan birini seçib cəsarətlə keçməkdə görür. Hətta, “təpədən-dırnağa nağıl” olan dünyanın iki yoldan ibarət olduğu qənaətinə gəlir. Şair başqa bir şeirində yenə də Şuşadan danışır. Şuşasız vətəni tam anlamıyla vətən kimi qəbul edə bilmir. Şuşanın itirilməsi ilə barışa bilməyən şair “gödəninə qul olanları” vətənin haqqında düşünməyə səsləyir. Ürək ağrısıyla onlara “qardaş” deyir, qardaşların biganəliyinə təəssüflənir.

Hər şeydən öndədi gödən deyilən,
Gödənin quludur bədən deyilən.
Hələ Vətən deyil Vətən deyilən,
Şuşasız adi bir torpaqdı, qardaş.


Qeyd etmək lazımdır ki, Şuşa dərdi şairlərimizin əksəriyyətinin yaradıcılığından yaralı və qırmızı xətlə keçir. Və müstəqillik dövrü poeziyamızda ictimailəşmiş bu ruh yaxınlığı şairlərin eyni vətən dərdini paylaşdıqlarının göstəricisidir. Məmməd Aslandan Məmməd Araza, Xəlil Rzadan Bəxtiyar Vahabzadəyə, Rüstəm Behrudidən Ramiz Rövşənə, Musa Yaqubdan Nəriman Həsənzadəyə, Ramiz Qusarçaylıdan Sabir Rüstəmxanlıya, Adil Cəmildən Əjdər Ola, İslam Sadıqdan Asim Yadigara, Bilman Qüdrətdən Məmməd İsmayıla, Dayandur Sevgindən Fikrət Qocaya, Söhrab Tahirdən Fikrət Sadığa, Nüsrət Kəsəmənlidən Kəmaləddin Qədimə və b. qədər bu dərdin daşıyıcıları və ağrısını, acısını yaşayanlardır. Bu dərd müstəqillik dövründə yaşayıb yazan şairlərimizin, demək olar ki, hamısının yaradıcılığında əsas yer tutur. Dünyasını dəyişənlər bu dərdi həyatlarının sonluğu, yaşayanlar bəlası kimi gördülər.

Bəli, Şuşasız Şuşa dərdi, Laçınsız Laçın dərdi şairi bitirib tükədir. Şuşasız, Laçınsız Vətəni qəbul edə bilməyən K.Qədim öz dərdini elin dərdinə, elin-yurdun dərdini öz dərdinə calayır. Yaşasa da, sanki yaşamır, xəyalət kimi sərgərdan-sərgərdan küçələri dolaşır. Necə də yaşasın şair? Vətənin bir parçası əsirlikdədirsə, şairin yaşamaq haqqı varmı?!

Əvvəldə kimdisə, nəhayət mənəm,
İnsan cilidində xəyalət mənəm.
Şuşa, Laçın boyda əyalət mənəm,
Bitib, tükənirəm hər gün, İlahi!


Bəzi adamların düşüncəsində Vətən dərdinin az qala tauna, vəbaya çevrilməsi prosesi getdiyini görən şairin kədəri anlaşılandır. El-obanın problemləri bir-birinin üstünə yığışsa da, çal-çağırlı toy-düyünlərin, şadlıq və şənliklərin mahiyyətində nəyin dayandığı insanı düşündürür. Sanki bəzi adamlar manqurtlaşdıırılmış zehinləri ilə müqəddəs vətən dərdini aşağılayır, unutdurmağa çalışırlar:

Gördük yaman qaba dərdi,
Belə taun, vəba dərdi.
Qalıbdır el-oba dərdi,
Toy-düyündən aşağıda.


“Elnən gələn dərd-bəla toy-bayramdır” deyirlər. Bu sözün nə zaman, hansı münasibətlə deyilməsindən asılı olmayaraq elin, yurdun işğalı heç vaxt toy-bayram ola bilməz. Bu elə bir dərddir ki, hər an, hər dəqiqə insanı ağrıdır. Onun qarşısında çox böyük məsuliyyət qoyur.

Şairin “Şuşa” dərdi ona toy-bayramı xatırlatmır, qınaq gətirir. Yuxarıda qeyd etdiyimiz deyimin əksinə olan atalardan qalma bir məsəl də var. Deyərlər ki, “içim məni yandırır, bayırım özgəni”. Şuşanın düşmən tapdağı altına keçməsində nə qədər günahımızın olduğunu müəyyənləşdirmək çətindir. Amma bəzən sözarası bu problem ətrafındakı danışıqlarda günahı öz üzərimizə götürüb “Şuşanı verdik” deyirik.

Dediyimiz sözün məsuliyyəti bir tərəfə qalsın, qınağını çəkmək özü də çox ağır suçdur. Şairi bu hala gətirən isə təbii ki, “özünü dartıb dağ başına qoyan” məmurlar, onların harın sifətləri, xalqın dərdindən, odundan kənarda qalmalarıdır. Bu məmurlar xalqa dəyən yaraların üstünə də bir yara vururlar. Şair “nə var yedik başa kimi, lap torpaqdan daşa kimi”deyəndə də, işğal altına düşmüş ərazilərin xalq içərisində dolaşan “satılması” kimi iddialarının yer aldığını vurğulayır.

Qala verib Şuşa kimi,
Qalmışıq qınaq içində.
Bir söz desəm vaxtmı ola,
Küfürmü, ya haqmı olar?
Allahı tapmaqmı olar,
Bu boyda “allah” içində?.


Bir zamanlar Firon allahlıq eşqinə düşmüşdü. Yaradan onu dənizdən keçərkən “səndən sonrakılara bir ibrət olsun deyə” məhv etdi və onun cansız bədənini sahilə atdı. Allah hər zaman yer üzünə elçilərini göndərdi, lakin despotlar elçiləri də eşitməyəndə özü onların cəzasını verdi. Hər bir insan Uca Yaradan tərəfindən sınağa çəkilir, ibrət almayanlar sonradan cəzalandırılır. Bu gün “allahlıq” eşqinə düşən, namərdlərin ibrət dərsi almamaları, çərçivəyə sığmayan hərəkətləri şairin qəlbinə kədər gətirir, ürəyini ağrıdır. Bu azmış kimi əhalinin böyük hissəsi bu məmurların əlaltısına çevrilir, milli heysiyyətini itirir, hamı sanki bir oyunun iştirakçısına çevrilir.

“Mənəm” şeirinin qəhrəmanı bu tamaşanın komik aktyorlarından birinə çevrilir, oynayır, yadları güldürür. Aralıqda qan tökülür, Laçın gedir, Şuşa gedir, “vay-qanlısı” da özü olur:

Bu da bir cür tamaşadı,
Oynadım, güldürdüm yadı.
Bu Laçındı, bu Şuşadı,
Aralıqda qandı, mənəm.


Taleyinə müxtəlif zamanlarda, müxtəlif yerlərdə oyun çıxan şairin şeirlərində bu oyunların tarixi, mahiyyəti, alt qatda yatan məna yükünün işıqlandırılması və dərkinə çalışılsa da, bu, hər zaman mümkün olmur. Nə bu oyunu oynayanlar uşaqlardı, nə də bunlar yalançıq uşaq oyunları.

Bir oyundur bu da belə,
Qul oynayır, xan oynayır.
Oyun olmaz Xuda, belə,
Damarlarda qan oynayır.


Şair şeirin daha sonrakı bəndlərində kiçik məhəlli düşüncədən qlobal görüşə addımlayır, siyasi dünyanın seyrçi mövqeyinin anlaşılmazlığını vurğulayır. Ermənilərin qurduğu oyunun parçasına çevrilən “sülh”, “demokratiya” carçılarının guya “tərəfsizlik” nümayiş etdirməsi tamamilə riyakarlıqdır. “Oynayır” şeirinin mahiyyətində də duran əsas məsələlərdən biri də budur:

Bu dəyişməz nə havadır,
Güldürür düşməni, yadı.
Nədir bu oyunun adı,
Hamı nazıynan oynayır?.

Şairin təəccübü anlaşılandır. Yəni doğrudanmı dünya bir ovuc erməninin əlində aciz qalıbdır? Şair buna inanmır. Ortada bir həqiqət var ki, ermənilər dünyanın super güclərinin əlində bir alətə çevrilmiş toplum olaraq ümumən türk dünyasının əleyhinə işlədilir və müdafiə olunur. Bu səbəbdən də şairlərimizin poeziyasında artıq səbirlərin tükəndiyi, damarlarda qanın tıncıxması kimi mövqelərin ortaya çıxması təbii qarşılanmalıdır.

Oyundan söz düşmüşkən qeyd edək ki, şairin “Atlarda kimin atı” şeiri də xalq adət-ənənəsi ilə bağlıdır. Kəmaləddin Qədim də “Atlarda kimin atı” şeiri ilə uşaqlıqda oynadığı bir oyunu xatırladır. Belə ki, uşaqlıqda iki dəstəyə bölünüb oynadıqları bu oyun özünəxas xüsusiyyətləri ilə seçilirdi. Atları tapmaq, minib çapmaq böyük əyləncə və igidlik hesab edilirdi. Atın şərəfinə söz demək, onun nişanələrini düzgün təyin etmək, sonra da sahibini tapıb minmək icazəsi almaq o vaxtın uşaqlarının sağlam, cəsur böyüməsini şərtləndirən səbəblərdən idi.

Bu da bir oyunuydu,
Uşaqlıq oyunuydu
Atlarda kimin atı?
İgidlik oyunuydu,
Qoçaqlıq oyunuydu
Atlarda kimin atı?.


Şairin uşaqlıq dövrü təqribən XX əsrin altmışıncı illərinin sonuna düşürdü. O vaxtlar atlar çox idi, hətta kolxozlarda at sürüləri saxlanılırdı. Artıq yetmişinci illərin sonlarında atların sırası seyrəldi, tək-tək adamlarda at qaldı. Atlar azaldığı kimi at yarışları da keçirilmədi, hətta bir müddət tamam unuduldu. Bu unutqanlıq şairin poeziyasına kədər notları gətirdi. Və zaman keçdi, kəndlərdə atların çapılırkən nallarından qopan səslərin zəifləyib, yoxa çıxmasından sonra “adamsız evlər” problemi meydana çıxdı. Evlər tərk edildi, dağıdıldı, xarabalığa çevrildi. Qarabağ müharibəsi neçə-neçə yurd yerini viranəliyə çevirdi.

Sən adlı yiyəsi ölüb bu evin,
Bu evin sən adlı varisi çatmır.
Yarısı daş-kəsək olub bu evin,
Yarısı sən idin... yarısı çatmır...


Ev dedikdə adamın xəyalına ilk növbədə insanların yaşadığı, deyib güldüyü, qonaqlı-qaralı yaşayış məskəni gəlir. İnsansız evlər bir yığın daş-kəsəkdən başqa nə adlana bilər ki?... Lirik mənin bir zamanlar yaşadığı bu ev öz qüdrətini, əzəmətini itiribdir. Bu evlərə bir zaman istilik verən, rahatlıq gətirən ocaqlar sönüb. Bu ocaqları yenidən alışdırmağa köz də qalmayıbdı. Evlərin incik baxışı qarğışa çevrilib adamı tutur.

Adamı bir incik baxışı tutur,
Tutur qar-boranı, yağışı tutur.
Adamsız evlərin qarğışı tutur,
Adamsız evlərin Tanrısı çatmır..

Şairin qələmindən çıxan evlərin obrazlaşdırılmış sifəti oxucunun gözləri qarşısında canlandıqca onu düşünməyə məcbur edir. Kimdir günahkar? Evlərmi, insanlarmı, ya zamanmı?!

Bütün bunlarla bərabər şairin poeziyasında xalqımızın min illərlə əzizlədiyi, nəsil-nəsil ötürdüyü adət-ənənələrə sayğı göstərmək, bayramlaşma əhvallı şeirlər də var. Kəmaləddin Qədimin “Axşam çatmaz axşamına bu yazın” şeirində Novruz bayramında fala çıxma səhnəsi təsvir edilmişdi. Məlumdu ki, bayram axşamı qapı dalında dayanıb qulaq asarlar, görsünlər kim nə danışır. Eşidilən sözlərə görə gənclər öz talelərində baş verəcək əlamətlər axtararlar. Xüsusilə subay oğlanlar, qızlar öz qismətlərini arayarlar. Burada da şair əzazil olan “Zülüm Həsənə” üz tutaraq sözlərinə diqqət etməsini vurğulayır, onun kəntöy sözlərindən neçə qəlbin qırılmasını istəmir:

Subay oğlan, bax belədi düzü, gəl,
Dərd eləmə heç özünə bu dərdi.
Bir də yoxla o inadkar qızı gəl,
Eh, bu axşam ipəkdən də betərdi.
Pəncərədən qulaq asan çox olar.
Qapılardan atılmamış şal hələ.
Şirin danış, neçə ümid yıxılar,
Zülüm Həsən, sözlərini bal elə.


Şairin “Köklə ürəyini yaz havasına” adlı şeirində bahar bayramında nəğmə deyilməsi, qəm-qüssədən azad olunması kimi əlamətlərdən söhbət açılır. Şair “palaza bürün, elinən sürün” atalar sözünün işığında dərdini, kədərini unutmağın yeganə yolunu məhz el ilə birlikdə olmaqda, el ilə doğmalıqda görür. Nə zaman bu doğmalıq - yaxınlıq baş verəcəksə, ürəklər də isinəcək, hətta sonrakı qış gecələrində də xatirələrin istisi səni üşüməyə qoymayacaqdır. Bütün bu hisslərin bədii ifadəsi şeirdə öz əksini tapmışdır:

Bürün bir elinən palaza, bəlkə,
Bir el dediyinə doğma deyəsən.
Söykən ki, söykənib bu yaza bəlkə,
Bir ürək dolusu nəğmə deyəsən –
Köklə ürəyini yaz havasına.


Təbii ki, bu məqalədə Kəmaləddin Qədimin bütün yaradıcılığına işıq tutmaq mümkün olmadı. Biz sadəcə şairin poeziyasında folklorla bağlı bəzi məqamlara diqqət ayıra bildik. Kəmaləddin Qədim Azərbaycan poeziyasında yeri, mövqeyi olan şairlərimizdəndir, inanırıq ki, gələcəkdə onun yaradıcılığı hər tərəfli şəkildə araşdırılacaqdır. Eyni zamanda qeyd etmək lazımdır ki, şair həm də ictimai işlərdə fəal iştirak edir, “Hüseyn Cavid” ədəbi məclisinin sədridir.

Nizami MURADOĞLU
filologiya üzrə fəlsəfə doktoru, şair
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930