manera.az
manera.az

Ədəbiyyat mənim üçün uçuşdu - Natiq Səfərov

Ədəbiyyat mənim üçün uçuşdu - Natiq Səfərov
Manera.az tanınmış tərcüməçi Natiq Səfərov haqqındakı maraqlı faktları təqdim edir:

Natiq Səfərov ailənin son beşiyi idi. Dörd qardaş olublar. Və o, hamıdan seçilirmiş. Məktəbdə çox yaxşı oxuyurdu. Özü danışırdı ki, bir də gördüm qapı açıldı, iki qoluzorlu uşaq gəlib məni götürdü, oğurlayıb başqa sinfə apardı. Bu cür oxuyan uşağı hərə öz sinfində görmək istəyirdi.

***

Rus dilini də öz-özünə öyrənib. O, daha sonra tərcüməçilik fəaliyyətinə başladı. Dünya ədəbiyyatının ən məşhur yazıçılarının əsərlərini ana dilimizə çevirirdi. Natiq müəllim Azərbaycanın ən yaxşı tərcüməçilərindən hesab olunur.

***

Natiq Səfərov yazıya o qədər həssas idi ki... Yazıçı Səfər Alışarlı onun haqqında belə deyirdi: “Natiq Səfərov siqaret qutusunun üzərindəki yazıya da ədəbi məhsul kimi yanaşırdı”.

***

Atası iş yerində bir qadınla tanış olub və onu sevib. Özünə söz veribmiş ki, onunla evlənəcək. Və atası bu sevgiyə görə yoldaşından ayrılır. Natiq Səfərov ömrünün axırına qədər atasını bağışlamır.

***

Bəlkə də buna səbəb anasına bağlı olmağıydı. Atası onları tərk edəndən sonra çox kasıbçılıq çəkmişdilər. Müharibədən sonrakı ağır illər idi. Adamlar güclə dolanırdılar. Belə bir məqamda tərk edilmiş bir ana ona daha çox təsir edirdi. Üstəlik atası da əvvəlki kimi pul göndərmirdi, əlaqəni tamam kəsmişdi.

***

35 yaşlarında əsəb xəstəliyinə tutulur. Çoxlu dərman qəbul edirmiş. Ona məsləhət görürlər ki, Moskvaya getsin. Yəhudi həkim psixoloqla söhbətləşirlər. O, reseptə baxır və deyir ki, bütün dərmanları tulla. Bir neçə saat danışırlar, Natiq Səfərov özünü yaxşı hiss edir, sağaldığını duyur və dərmanların hamısını rədd edir. Beləliklə, təzədən həyata qayıdır.

***

Sevdiyi xanımla institutda tanış olublar. O, filologiyada oxuyurdu, qız isə jurnalistikada. Natiq kurs işində qıza kömək edirmiş. Qızınsa ona könlü yoxmuş. Bir dəfə Natiq Səfərov bundan qəzəblənib və deyib: “Mənimlə evlənməsən, özümü tramvayın altına atacam...”

Nəhayət, buzlar əriyir...

news-inner

***

İdman sahəsini çox gözəl bilirdi. Həm də bütün idman növlərini. Kim neçənci ildə nə nəticə göstərib. İdmançılar haqqında dəftərlər tutmuşdu.

***

Duyğusal biriydi. Danışırdı ki, mənə deyəndə qızın olub, özümü itirdim. Yolla gedirmiş, qarşısına bir adam çıxıb, soruşub ki, nə olub? O, “qızım olub” deyib ağlayıb. O vaxt “Sevinc” adında futbol komandası varmış. Natiq Səfərov da buna görə qızının adını Sevinc qoyub.

***

Anasının ölümündən sonra içməyə başlayır. O günə qədər heç içməyibmiş. 42 yaşında ilk dəfə spirtli içki qəbul edir. Zaman keçdikcə səhhəti pisləşir, depressiyaya düşür, işdə problemlər yaranır. İlk dəfə dilinə içki vurandan sonra davamlı içməyə başlayır. Özü də içəndə yemək yemirmiş. Orqanizmi zəif imiş, tez xəstələnirmiş. Hər dəfə yoldaşı ona həkim yanına getməyi məsləhət edirmiş. O isə həkimlərdən qaçırmış. Pis xəbər almaqdan qorxurmuş...

***

Millətçi, türkçü idi. Deyirmiş, qədim türklərin ən son nümayəndəsiyəm. Məhz buna görə də tək qalmışam. Heç kim mənim xarakterimdə deyil. Həm də qəribə tərzdə rəqs eləyirmiş, əllərini irəli apararaq. Deyirmiş, mən intuitiv hiss edirəm ki, qədim türklər məhz belə rəqs edərlərmiş.

***

Tərcümə Mərkəzində işləyəndə onu falçı, öncəgörən adam kimi tanıyırlarmış. Özü isə gülürmüş buna.

***

Onun üçün ədəbiyyatdan kənar həyat yox idi. Əlində tərcümə işi olmayanda depressiyaya düşürmüş. Tərcüməyə girişəndə isə sevincdən uçurmuş. Özü bu duruma belə deyirdi: “Ədəbiyyat mənim üçün uçuşdu. Mən gözəl bir tərcümə, gözəl bir ifadə tapanda uçuram”. Demək olar, bütün günü işləyirmiş. Gecədən səhərə, səhərdən gecəyə qədər. Cəmi üç saat yuxu yatırmış...

***

Siqareti çox çəkirmiş... Elə siqaretin yaratdığı alov da ölümünə səbəb oldu. Təzə divan alıblarmış, o divan da tez alışan materialdan imiş. Yoldaşı, qızları Türkiyəyə gedibmiş. Natiq Səfərov evdə tək idi. İçmişdi. Dostu onunla qalmaq istəyəndə belə razı olmur. Divanda siqaret çəkəndə qəfil divana düşür, o da yuxuya gedir. Sonrası məlum...

***

Ölümündən bir neçə ay qabaq ona tərcümə sifarişi gəlib. Əsəri tərcümə edib göndərəndə görüblər ki, Natiq Səfərov bir hissəni çevirməyib. Səbəbini soruşanda əlini yelləyib və o hissəni tərcümə etməyəcəyini söyləyib. Həmin hissədə bir adamın yanması təsvir olunubmuş...

***

Onu yanmış halda xəstəxanaya çatdırıblar. Hər şey yolundaymış. Yoldaşından “qlazok” eləməsini istəyib. Buna çox seviniblər. Elə bu dəm onun “pristup”u tutub. İynə vurulub, amma xeyri olmayıb. Artıq keçinibmiş... Həmin gün hardasa partlayış olubmuş. Qızı xəstəxananın həyətinə çıxanda ağlayan adamlarla rastlaşıb./kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031