Prof.Asif Hacılı: Şozizm ədəbi cərəyanı

Tarix:25-10-2017, 10:09 Baxış Sayı:365


Prof.Asif Hacılı: Şozizm ədəbi cərəyanı
Manera.az bu həftə prof.Asif Hacılının “Şozizm ədəbi cərəyanı” yazısını və onun tərcüməsində Alən Rob-Qriyenin “Köhnəlmiş bir-neçə anlayış barədə”
məqaləsini təqdim edir.


Şozizm ədəbi cərəyanı


“Yeni roman” anlayışının nəzəriyyəçisi və bədii təcrübədə yaradıcısı olan fransız yazıçısı Alən Rob-Qriye həm romançı, həm ssenarist, həm də tənqidçi kimi ənənəvi bədiilik prinsiplərinə, klassik sənət meyarlarına uyuşmayan orijinallığı ilə fərqlənmişdir. İlk növbədə bədii forma və qəhrəmana münasibətdə aşkarlanan bu orijinallığın mahiyyətini bütöv və vahid subyektin parçalanması, müstəqil şəxsiyyət əvəzinə davranış və təfəkkür stereotiplərinin verilməsi, bədii formanın klassik tamlığını itirərək predmetləşməsi, təsvir mühitinin mənəvi-intellektual meyarlardan, xeyir və şər kimi ənənəvi etik kateqoriyalardan azad olaraq fiziki varlığa çevrilməsi, əşyalaşması (şozizm: fransızca chose – əşya) təşkil edib. Lakin əslində məhz cəmiyyətdə, həyatda şəxsiyyətin parçalanması, onun fərdi “mən”i ilə sosial rolu arasında təzadın güclənməsi ilə bağlı olan bu poetik qavrayış XX əsrin sosial reallıqlarına reaksiya idi. İnsana yad, düşmən və ən dəhşətlisi – tam biganə olan bu əşyalaşmış dünyada personajlar öz daxili mahiyyətini itirərək eynilə təkrarlanan mühitdə mənasız eyni hadisəvi məqamlardan keçərək sonu görünməyən dövr edirlər. Lakin yaradıcılığının son dövründə Rob-Qriye şozizmdən parodik pafosa keçir, mövcud məktəblərin (freydizm, sürrealizm), ictimai şüurdakı şablon və miflərin, kütləvi mədəniyyətin məzhəkəvi ifadəsini təqdim edir. Təqdim olunan məqalə “şozizm” və “yeni roman” anlayışlarını anlamaq və həm də bir çox baxımdan əhəmiyyətini saxlamış ədəbi prinsiplərə bələdlik baxımından dəyərli hesab oluna bilər.

Alən Rob-Qriye
Köhnəlmiş bir-neçə anlayış barədə


Ənənəvi tənqidin öz lüğəti var. O, ədəbiyyat barədə sistematik mühakimələr çıxarmaqdan qaçdığını qətiyyətlə bildirsə də (əksinə, ədəbiyyat haqqında tam azad, yalnız aydın idrak, ruh və s. kimi «təbii» meyarlara söykənərək mülahizə yürütdüyünü təsdiqləsə də), tənqidi əsərləri bir qədər diqqətlə oxumaq kifayətdir ki, sistemin mövcudluğundan xəbər verən bütöv açar sözlər həlqəsini aşkarlayasan.

Lakin biz «personaj», «atmosfer», «forma» və «məzmun» haqqında, əsərin müəllifin «müraciəti» olması barədə, «təhkiyəçi istedadı», «həqiqi romançılar» haqqında söhbətlərə o qədər alışmışıq ki, bu hörümçək torundan çıxmağa və bunun, bizi inandırmaq istədikləri kimi, roman haqqında məlum təsəvvürün (tam hazır, hamının müzakirəsiz qəbul etdiyi və buna görə də ölü) təcəssümü olduğunu anlamağa səy göstərməliyik.

Daha böyük təhlükə, bəlkə də, bu şərti qaydalar çərçivəsinə yatmayan kitabların səciyyələndirilməsi üçün adətən istifadə olunan ifadələrdir. Deyək ki, zahiri tərəfsizliyinə baxmayaraq «avanqard» sözündən daha çox kütləvi istehlak ədəbiyyatının natəmiz vicdanını göstərməyə qabil istənilən əsərdən sanki çiyinlərini çəkərək yaxa qurtarmaq üçün istifadə edirlər. Yazıçı iprənmiş formullardan imtina edərək öz məxsusi yazısını (üslubunu – A.H.) yetişdirmək istəyən kimi ona etiket yapışdırırlar: «avanqard».

Mahiyyətcə, bu o deməkdir ki, yazıçı öz dövrünü qabaqlayıb və sabah bu yazını əksəriyyət istifadə edəcək. Lakin tənqidçi tərəfindən, eyhamla xəbərdar edilmiş oxucu həmin andan yalnız səs-küy qoparmaq və burjuaları təşvişə salmaq məqsədilə Akademiya üzvlərinin kreslolarının altına təbəssümlə fişəng qoyan pis vərdişli bir-neçə gənci xatırladır. «Onlar bizim oturduğumuz budağı kəsmək istəyir» – zarafatcıl olmayan Anri Kluar qəlb sadəlövhlüyü ilə etiraf edir.

Halbuki, haqqında danışılan budaq özü-özünə, sadəcə zamandan quruyub: və bizim günahımız deyil ki, o artıq çürüməyə başlayıb. Bu budaqdan ümidsizliklə yapışan hər bir kəsə bircə dəfə ağacın zirvəsinə baxmaq kifayətdir ki, orada xeyli vaxtdır yeni budaqların – yaşıl, möhkəm, həyat dolu budaqların çıxdığına əmin olsun. «Uliss» və «Qəsr»dən artıq otuz il keçib. «Küy və qəzəb» fransızca iyirmi ildir çıxıb. Bunları görməzliyə vurmaq üçün bizim şanlı tənqidçilər hər dəfə hər hansı bir magik söz işlədirlər: «avanqard», «laborator təcrübəsi», «antiroman»…başqa sözlə: «gözlərimizi bağlayaq və fransız ənənəsinin dəyərlərinə qayıdaq».

Personaj

«Personaj» haqqında nə qədər danışıblar! Və görünür ki, bunun sonu yoxdur. Əlli ildir ki, xəstəlik davam edir, ölüm bir çox publisistlər tərəfindən qeydə alınıb, ancaq personajı XIX əsrin onu qaldırdığı kürsüdən endirmək heç cür alınmır. İndi o, ənənəvi tənqidin əməlli ehtiram etdiyi dəyərlər arasında əvvəlki tək – saxta olsa da – şahanə meydan sulayan mumiyaya çevrilib. Bundan əlavə, o, «həqiqi» romançını məhz bu əlamətə görə tanıyır: «o, personajı yarada bilir»…

Bu baxışı əsaslandırmaq üçün adətən aşağıdakı mühakimədən istifadə olunur: Balzak bizə Qorio atanı qoyub gedib, Dostoyevski Karamazov qardaşlarına həyat verib; roman yazmaq yalnız bir şey deməkdir: ədəbiyyat tariximizi təşkil edən portretlər qalereyasına bir-neçə yeni fiqur əlavə etmək.

Personaj. Bu sözün mənası hamıya məlumdur. Bu, o əvəzliyi ilə bildirilən şəxssiz, adsız və xəyali bir şey deyil, feillə ifadə olunan sadəcə hərəkət subyektidir. Personajın adı olmalıdır, mümkünsə, ikili – soyadı və adı. Onun qohumları, irsi, soyu olmalıdır. Əmlakı varsa – lap yaxşı. Və nəhayət, onun «xarakteri», bu xarakteri əks etdirən siması, eləcə də həm bu simanı, həm bu xarakteri formalaşdırmış keçmişi olmalıdır. Personajın xarakteri onun davranışını diqtə edir, istənilən hadisəyə tam müəyyənləşmiş şəkildə reaksiya verməyə vadar edir. O, personajı mühakimə etməyə, onu sevməyə, nifrət etməyə imkan verir. Məhz xarakterə görə günlərin bir günündə personajın adı, elə bil ki, bu adqoymanı gözləyən müəyyən insan tipinin simvoluna çevrilir.

Axı iş bundadır ki, hər bir personaj fərdiliyə malik olmalı və eyni zamanda kateqoriya səviyyəsinə qalxmalıdır. O, təkrarolunmaz görünmək qədər özünəməxsus olmalı və bununla bərabər, ona universallıq verən hər hansı ümumişlək cizgilər daşımalıdır. Müəyyən rəngarənglik yaratmaq, azadlıq illüziyası oyatmaq üçün elə qəhrəman seçmək lazımdır ki, göstərilən qaydaların hansınısa sanki yüngülcə pozsun, məsələn, tapdıq, bekar, ağıldankəm və ya öz dəlisovluğu ilə nə isə bir sürpriz etməyə hazır adam. Lakin bu yolla dərinə getmirlər, çünki bu, məhv yoludur, birbaşa müasir romana aparan yoldur.

Həqiqətən, müasir ədəbiyyatın heç bir əhəmiyyətli əsəri tənqidin diqtə etdiyi normalara bu baxımdan uyğun gəlmir. Çoxmu oxucu «Ürək bulanma» və ya «Kənar adam»dakı hekayətçinin adını xatırlayır? Orada insan tipləri varmı? Bu kitablarda xarakterlərin tədqiqi üsulunu aramaq absurd olmazmı? «Gecə diyarına səyahət»də hansısa bir personajmı təsvir olunub? Bu üç romanın birinci şəxsin dilindən yazılması təsadüf hesab oluna bilərmi? Bekket eyni bir təhkiyə daxilində öz qəhrəmanının adını və qiyafəsini dəyişir. Folkner qəsdən eyni bir adı iki fərqli şəxsə verir. «Qəsr»dəki K.-ya gəldikdə isə, o, sadəcə inisialla kifayətlənir, onun nə ailəsi, nə də öz siması var, bəlkə də o, heç yerölçən də deyil.

Nümunələri artırmaq olar. Həqiqətən, sözün ənənəvi mənasında personaj yaradanlar bizə özlərinin də çoxdandır inanmadıqları marionetlərdən başqa bir şey təklif edə bilmirlər. Personajlı roman, sözsüz ki, keçmişə aiddir, o, fərdiyyətin apogeyi ilə səciyyələnən müəyyən dövrün xarakterik əlamətidir. Bəlkə də bu halda tərəqqidən danışmaq yersizdir, ancaq şəksizdir ki, müasir dövr – əslində matrikulyar nömrələr dövrüdür. Bizim üçün dünyanın taleyini bir-neçə insanın, bir-neçə ailənin yüksəlməsi və ya süqutu prosesləri ilə eyniləşdirmək bitib. Elə dünyanın özü də daha kiminsə irsən ötürülən və pul ekvivalenti olan şəxsi əmlakı deyil; artıq bu dərk edilməli yox, ələ keçirilməli olan qənimət deyil. Ada sahib olmaq, şübhəsiz, Balzak burjuası dövründə çox vacib idi, xüsusən ona görə vacib idi ki, əlbəyaxa döyüşdə silah idi, uğura ümid verirdi, hakimiyyətə yol açırdı. Xarakteri olmaq, şəxsiyyətin istənilən səyinin müəyyən mənada həm vasitəsi, həm məqsədi olduğu dünyada simaya sahib olmaq deməkdi.

Bəlkə də, bizim indiki dünyamız ona görə o qədər qürrəli deyil və daha təvazökardır ki, şəxsiyyətin fövqəl qüdrəti barədə fikirdən imtina edib; ancaq eyni zamanda o, daha təşəxxüslüdür, çünki şəxsiyyətdən kənarda olan hər şeyə göz yetirir. «İnsani»nin müstəsna kultu həyata daha geniş, daha az dərəcədə antroposentrik baxışla əvəzlənmişdir. Belə görünür ki, əvvəlki ən etibarlı dayağını, qəhrəmanı, itirən roman laxlamışdır. Əgər o ayağa dura bilməsə, deməli, onun həyatı artıq keçmişdə qalmış cəmiyyətin həyatı ilə bağlı olub. Lakin əgər o, hər halda dirçələ bilsə, bu, əksinə, onun qarşısında yeni tapıntılar vəd verən yol açıldığından xəbər verəcək.

Əhvalat

Mütaliə həvəskarlarının və tənqidçilərin çoxu üçün roman – ilk növbədə burada nəql olunan «əhvalat»dır. Əsl romançı – «əhvalat danışmağı» bacaran adamdır. Yaradıcını əvvəldən axıradək yolu getməyə sövq edən söyləmə həzzində sanki onun yazıçılıq amalı təcəssüm olunub. Cəlbedici, həyəcanlandırıcı, dramatik keşməkeşlərin quraşdırılması – bax bu ona sevinc verir və onun bəraəti olur.

Bu o deməkdir ki, romanın tənqidi təhlili çox vaxt bu və ya digər dərəcədə qısa – qəzetin verdiyi sütunların sayından (iki və ya altı) asılı olaraq – süjetin əsas epizodlarının – intriqanın düyünü və açılışının – bu və ya digər dərəcədə geniş ifadəsi ilə nəqlinə çevrilir. Kitab haqqında tənqidi fikir söyləmək – onun daxili bağlılığını və intriqanın inkişaf xüsusiyyətlərini, onun tarazlığını, müəllifin hövsələsiz oxucu üçün bacarıqla uyğunlaşdırdığı süjet gözləntiləri və gözlənilməzliklərini qiymətləndirmək sayılır. Təhkiyədə qırıqlıq, uğursuz daxil edilən epizod, hadisələrə marağın itməsi, yerində saymaq kitabın başlıca nöqsanları, canlılıq və hamarlıq – onun başlıca məziyyətləri hesab olunur.

Yazının özü haqqında isə heç kim cınqırını belə çıxarmır. Yazıçını yalnız ona görə tərifləyərlər ki, o, düzgün dillə danışsın, xoşagələn, əlvan, ifadəli yazsın… Beləliklə, yazı xidmətçi vasitə, manera səviyyəsinə endiriləcək: romanın məğzi, onun mənası, onun batini yalnız və yalnız burada söylənən əhvalatdan ibarət olacaq.

Bundan başqa, sözün tam mənasında hamı – ciddi adamlardan başlayaraq (ədəbiyyatın boş əyləncə vasitəsi kimi xidmət etməli olmadığını düşünənlər) və hər cür cəfəngiyyat (sentimental, detektiv, ekzotik) həvəskarlarına qədər hamı süjetdən daha bir xüsusi əlamət istəməyə adət edib. Süjetin məzəli, qeyri-adi və cəlbedici olmağı azdır; ona hər bir bəşəri həqiqətə xas sanbal vermək üçün yazıçı oxucunu inandırmalıdır ki, söylənən macəralar gercəkdən real insanların başına gəlib və romançı yalnız şahidi olduğu hadisələrin sadəcə nəqli, danışılması ilə kifayətlənir. Müəllif və oxucu arasında sözsüz saziş yaranır: müəllif özünü elə göstərir ki, guya söylədiyinə inanır, oxucu isə sanki unudur ki, hekayət uydurmadır, özünü əsl sənədlə, kiminsə bioqrafiyası ilə, kiminsə gerçək yaşadığı hadisə ilə qarşılaşmış kimi göstərir. Yaxşı nəql etmək – nəql olunanı insanların artıq adətkərdə olduğu, öncədən mövcud sxemlərə oxşatmaq deməkdir.

Beləliklə, süjet situasiyaları nə qədər gözlənilməz olsa da, hadisələr, hadisəvi dönüşlər, təhkiyə tamamilə axıcı, sanki öz-özünə, oxucunu əzəl başdan axıra qədər cəlb edən qarşısıalınmaz şövqlə gəlişməlidir. Azacıq ehtizaz, cüzi uyğunsuzluq (məsələn, iki bir-birinə zidd və ya pis uyuşmuş detal) kifayətdir ki, oxucu romanın axınından kənara atılsın, o, qəfildən soruşur, ona «nağıl danışmırlar ki» və söylənən hadisələrin həqiqətəuyğunluğuna şübhələnməyəcəyi gerçək sənədlərə baxacağı ilə təhdid edir. Roman yalnız əyləndirməməli, o, həm də etibarlı olmalıdır.

Və nəhayət, yazıçı illüziyanın tamlığını arzulayırsa, söylədiklərindən daha çox şey bildiyi təəssüratını aşılamalıdır; «həyatın bir parçası» anlayışı özü təsvir olunan hadisələrdən əvvəl baş vermiş və sonra olacaqlar barədə yazıçının biliyinin həcminə işarə edir. Hətta təsvir olunan zaman kəsiyi hüdudlarında da yazıçı belə təəssürat oyatmalıdır ki, guya ən əsas olaylar haqqında danışır və əgər oxucu tələb etsə, xeyli çox şeydən danışa bilər. Həyatda olduğu kimi, romanik substansiya da tükənməz sayılmalıdır.

Bir sözlə, romanda nəql olunan – həqiqətəuyğun, sanki öz-özünə yaranan, sonsuz inkişafa qabil əhvalat təbii görünməlidir. Bədbəxtlikdən, əgər insan və dünya arasında münasibətlərdə hələ nə isə «təbii» qaldığını ehtimal etsək də, məlum olur ki, yazı, hər bir başqa sənət növü kimi, müdaxilə vasitəsidir. Romançının gücü ondadır ki, o, nə isə yeni bir şey yaradır, tamamilə azad, heç bir nümunə olmadan yaradır. Müasir təhkiyə bununla əlamətdardır: o, qeyd olunan cəhəti şüurlu şəkildə təsdiqləyir, özü də o qədər səylə ki, uydurma, təxəyyül ifrat həddində özləri kitabın süjeti olur.

Şübhəsiz, bu təkamül insan və onun yaşadığı dünya arasında münasibətlərdəki daha ümumi dəyişikliklərin aspektlərindən yalnız biridir. Bizim akademik tənqidin və onun ardınca bir çox oxucunun düşündüyü təhkiyə nizam mücəssəməsidir. Həqiqətən də təbii kimi səciyyələndirə biləcəyimiz bu nizam bütöv bir sistemlə (rasional və daxilən təşkilatlanmış), çiçəklənmə dövrü burjuaziyanın hakimiyyəti ələ aldığı vaxta düşən sistemlə bağlıdır. «Bəşəri komediya»nın timsalında çoxları üçün itirilmiş cənnət olaraq qalan həmin təhkiyə formasının apogeyini yaşamış XIX əsrin birinci yarısında bir-neçə danılmaz həqiqətə, xüsusən də nəsnələrin özünün mübahisəsiz və universal məntiqinin mövcudluğuna inam var idi.

Təhkiyənin bütün texniki üsulları – sadə keçmiş zamanın (passe`simple) və üçüncü şəxsin sistematik işlədilməsi, hadisələrin nəqlində xronoloji qaydaya şərtsiz riayət, intriqanın xəttiliyi, emosional inkişafın düz trayektoriyası, hər bir epizodun öz yekununa can atması və s. – bunlar hamısı burada sabit, daxilən bağlı və ardıcıl, birmənalı, aydınlaşa bilən aləmin yaradılmasına yönəlib. Və bu aləmin anlaqlığı şübhə belə doğurmadığından nəqletmə özü problem deyildi. Romanik yazı sadəlövh olaraq qala bilərdi.

Lakin Floberdən başlayaraq hər şey laxladı. Yüz il sonra bütün bu sistemdən ancaq xatirə qaldı; romanı da var gücü ilə elə bu xatirəyə, bu ölü sistemə bağlamağa çalışırlar. Lakin hətta bu baxımdan bizim əsrin əvvəllərinin bəzi görkəmli romanlarını oxumaq kifayətdir ki, intriqanın süqutu tam aydınlığı ilə məhz son illərdə aşkarlansa belə, onun artıq çoxdan təhkiyənin karkası olmadığını təsdiqləyəsən. Heç bir şübhə yoxdur ki, sujetlilik tələbi Prust üçün Floberdən, Folkner üçün Prustdan, Bekket üçün Folknerdən daha az icbaridir… Bundan belə söhbət başqa şeydən gedir. Əhvalat danışmaq artıq sadəcə imkansız olub.

Lakin müasir romanlarda heç nə baş vermədiyini düşünmək səhv olardı. Ənənəvi personajın yoxa çıxması bəhanəsi ilə bu romanlarda insanın olmadığı qənaətinə gəlmək səhv olduğu kimi, yeni təhkiyə strukturlarının axtarışını da ədəbiyyatdan bütün hadisələrin, bütün hisslərin, bütün macəraların sadəcə kənarlaşdırılması ilə eyniləşdirmək olmaz. Əslində Prust və Folknerin kitabları müxtəlif əhvalatlarla əməli-başlı doludur; lakin Prustda onlar hekayəçinin şüurundakı zaman arxitektonikasına tabe olaraq sanki sorulur; Folknerdə isə müxtəlif mövzuların inkişafı və onlar arasında çoxlu assosiativ kəsişmələr hər hansı xronologiyanı ümumən dağıdır və beləliklə, hərdən elə görünür ki, sanki təhkiyədə meydana çıxmış hadisələr elə anındaca yox olur, silinir. Hətta Bekketin özündə belə hadisə qıtlığı yoxdur, lakin bu hadisələr durmadan özləri özlərini bəhsə çəkir, şübhəyə alır, özlərini o dərəcədə dağıdır ki, eyni bir ifadə özündə həm təsdiq, həm də onun dərhal inkarını daşıyır. Mahiyyətcə bu romanlarda süjetin özü deyil, onun gerçəkliyi, rəvanlığı və sadəlövhlüyü hissi yoxdur…


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ