Modernizm ənənəsi nədir?

Tarix:11-10-2017, 11:38 Baxış Sayı:210

Modernizm ənənəsi nədir?
Manera.az bu həftə prof.Asif Hacılının “Modernizm ədəbi cərəyanı” yazısını
və onun tərcüməsində isveç yzıçısı, Nobel mükafatı laureatı Harri Martinson
və norveç yazıçısı Espen Hovardsholmun modernist manifestlərini təqdim edir.



Modernizm ədəbi cərəyanı


"Modern" anlayışı ilk dəfə V əsrdə Romanın bütpərəst keçmişini və xristian indisini fərqləndirmək üçün işlədilib. Müasir estetik-filoloji fikirdə isə iki məna daşıyır: köhnədən təzəyə keçid dövrünün yeni mədəniyyəti; tarixə və ənənəyə qarşı qoyulan XX əsr bədii-estetik cərəyanı. Cərəyan kimi şəxsiyyətin mütləqləşməsi və cəmiyyətdən təcrid olunması, gerçəklikdən uzaqlaşaraq daxili aləmə qapılması, insanın absurd və qəddar mühitdə tənhalığı, hadisələrin çıxılmazlığı, varlığın aqressiv mənasızlığı və yadlığı, insanın əşyalar içində əriyərək fərdiliyini itirməsi kimi motivlərlə bağlıdır. Ədəbiyyat, teatr, təsviri sənət, musiqi və digər yaradıcılıq növlərini əhatə edən modernizmin fəlsəfi əsasları Şopenhauer və Nitşe irrasionalizmi, Qusserlya fenomenologiyası, Freyd və Yunq psixoanalizi, Haydegger, Sartr və Kamyunun ekzistensializmi hesab olunur. Bəzən dar cərəyan mənasında, bəzi hallarda isə ekspressionizm, futurizm, kubizm, akmeizm, dadaizm, sürrealizm, ekzistensializm və digər cərəyanları ehtiva edən geniş hərəkat mənasında işlənir. İsveç yazıçısı, Nobel mükafatı laureatı Harri Martinson və norveç yazıçısı Espen Hovardsholmun modernizm manifestlərini diqqətəlayiq mənbə olaraq təqdim edirik.

Harri Martinson
Modernizm


Modernizm qeyri-müəyyən anlayışdır və hər nə desən ifadə edə bilər. Fərdi təyinlər buna görə zəruridir. Mənim modernizmim mədəniyyətə düşməndir. O, asosial olmağa can atmır, lakin təbiəti etibarilə belədir. Modernizm (mən onun Homerdən Li Mastersə qədər bütün yolunu nəzərdə tuturam) asosial olub və belə də var. Onun, dəqiq desək, mütləq və təbii qiyamçılıqdan başqa vəzifəsi yoxdur və xoşbəxtlik haqqında hansısa bürokratik arzuya, yaxud qaragüruh tərəfindən təşkil olunmuş qara magiyaya uyğunlaşmağa qabil deyil. Modernizmi təbii şəkildə (proqram nəticəsi olaraq yox) həyat şəraiti törədir, o, subyektiv vurğunluq və nifrət gərdişi həlqəsidir.

Dinamik irrasional olaraq, o, inadla bütün dünyanı ehtiva edir. Onun dünya obrazı – hərəkətdir, bəhrəsiz seyr deyil. Seyrçi həyat hesab edir ki, dayaq nöqtəsinə malikdir və bütün dünyanı devirə bilər. Hərəkətsə, qəhqəhəylə və oyunla yanımızdan keçir və ümumi seyrin obyekti olaraq yaradır – və bundan nəsə doğulur.
Xaosdan qaçan və öz şəffaflığının xəyali həyatını yaşayan mədəniyyət seyrçisi, əslində, hər bir hərəkətdə, bizi əhatə edən həyatda olduğu kimi, kök salmış xaosdan törəyir. Gözətçinin insani "mən"i hələ polisin özü demək deyil. Əvvəl gözətçi onun içində həmişə üstün gəlib, o, öz xaosundan qorxub, çaşıb və bir gündə yüz dəfələrlə özünü məhbəsə salıb. İndi isə o sivil polisdən daha çox, insandır və öz vəzifəsinin öhdəsindən əla gəlir. Ondakı insan onun mədəniyyətindən, onun sivilizasiyasından daha əhəmiyyətlidir. Ondakı irrasional məqamlar olmasa, o sadəcə rasional robot, özünə vurğun olardı. İndi isə o öz içində irrasionaldır və bilir ki, yaşayır, insandır. İnsan – irrasionallıq simfoniyasıdır, onun irrasional mahiyyətindən humanizmi, böyüklüyü və alçaqlığı, sevinci və kədəri törəyir. Mütləq rasional yalnız vəhşidir.
Mədəniyyət və sivilizasiya iki əsas kimyəvi element kimi görünməz birləşdirici formul – yeni insani subyektivizmin köməyi ilə qovuşduğundan, onları fərqləndirməyə əsas olmadığından, bundan sonra mədəniyyət, – günbəgün daha mübahisəli olan anlayış uğrunda çarpışmağın mənası yoxdur.

Kitabxanalarda və kilsələrdə, ziyafətlərdə və Skansendəki bahar bayramında tapa bildiyimiz mədəniyyət diktatorluğunun qalıqlarından, relikt kultlardan başqa bir şey deyil, lakin onlar artıq dünyada baş verənlərə təsir etmədiyindən, öz hakimlik hüququnu itirmiş və norma olmaqdan qurtarmışdır. Mədəniyyətin sintezi yalandır (indi nə qədər cəlbedici yalan olsa da). Həddən artıq inamdan doğan, bütün xeyirxah niyyətlərdə olan yalan.

Versaldan sonra sənayeləşmə Avropa mədəniyyətini kobud sivilizasiyaya doğru itələdi. Avropanın yeni həyatı – sivilizasiyanın fasilələrindən ibarət hərəkətdir.
Sten Selyanderin "Daqens nyuheter"də dörd modernist haqqında məqaləsində göstərdiyi kimi, modernizmin kütlə ("geniş ictimaiyyət") tərəfindən indiyədək tanınmaması yalnız onu sübut edir ki, kütlələr öz ağıllarının qiyamçı tərzi ilə hesablaşa bilmirlər.

Modernizm kütlələrin sivil hərəkətindən yaranıb. Ancaq kütlələr, "geniş ictimaiyyətin" uydurma özünəinamı ilə onu rədd edir. Bu, qaydasında olan bir şeydir. Modernizm dünya əhəmiyyətli amil deyil; belə olsaydı, o, modernizm olmazdı. Modernizm nə isə özünəməxsus, xüsusi, hər bir insanda yeni baxışla uyuşan bir şeydir. Modernizm daim dəyişən irrasionaldır: insan köksündə alovlanan od. O, adiləşə, durğunlaşa bilər, adamı bezdirər, ancaq heç vaxt köhnə izlərlə getməz. Çünki əsil modernizm mədəniyyət və sivilizasiyanın normalarından asılı olmayan, arzu olunan həyatın ilkin nişanələri və arzuları əsasında və ya həmin normalarla mübarizədən yetişir. Əsil modernizm insanidir, necə ki, onun gülüşü, onun uşaq anlayışı və onun ehtirası insanidir. Onun əsası – alovlanan oddur və o, bütün zamanları ötüb keçəcək.

Espen Hovardsholm
Modernizm
Anlayışın tarixi-fəlsəfi planda tədqiqi

Son iki min il ərzində Avropa estetikasında açar söz "təqlid" olub: sənətin inikas, təqlid və ya Pyer Laqerkvistin iltifatla dediyi kimi, təbiətin "şəklini" çəkmək vəzifəsi. "Təqlid" anlayışı Aristoteldən gəlir. Bununla belə, o, İntibahı ötüb keçmiş, Avropanın ən nüfuzlu ədəbi məktəbi – klassisizm tərəfindən yenidən ifadə olunmuş və keçən əsrin ikinci yarısında naturalizm estetik nəzəriyyəsinin qollarından birində öz yetkin təzahürünü tapmışdır. Müasir incəsənət haqqında bugünkü diskussiyalarda bu anlayış demək olar ki, işlənmir.

Müasir sənətkar üçün "təqlid" anlayışı onun imkanlarını xeyli məhdudlaşdırır. Steyn Mehren yazır: "Naturalistlər dünyanı yox, onun surətini təsvir edirdilər". Beləliklə, o, yalnız gerçəkliyin surətini çıxaran sənətkarlara münasibət haqqında düşünmür (indi daha az səylə əla fotoqrafiyalar yaratmaq olar), o, sənətkarın rolu haqqında sualı digər səpgidə qoyur: bizim görməyə vərdiş etdiyimizi yalnız qeydə alan sənətin mənası varmı? Əflatun öz şəxsi marağına rəğmən son nəticədə incəsənəti (oxu – təqlidi sənəti) öz baxış dairəsindən çıxardaraq bu nöqteyi-nəzəri məntiqi sonluğa çatdırdı. Əflatuna görə, ideyalar aləmi olan gerçəkliyin surətinin surəti ilə nə etməli? Məgər həmin surət bununla səhv təfsir olunmuş, solmuş və banallığa çevrilmiş təqlidin təqlidi olmayacaqmı? Həmin dövrdə, deyək ki, yunan heykəltəraşlığı çiçəklənmə dövrünü yaşasa da, Əflatun bu suala mənfi cavab verirdi.

Gəlin bu tarixi-fəlsəfi ekskurslara belə bir xatırlatma kimi yanaşaq ki, incəsənətin mahiyyəti haqqında diskussiyalar ilk dəfə aparılmır və fikirləşdiyimizə rəğmən, keçmiş təsəvvürlər bizimkilərdən elə də fərqlənməyib. Bu gün biz həqiqətəuyğunluq tələbini inkar edən, gerçəkliyi başqa səpgidə qavramağa çalışan incəsənətlə üz-üzəyik. Daha yaxşı söz tapılmadığına görə, müasir incəsənəti "modernist" adlandırırlar. İfadə kimi bu, uğurlu sayıla bilməz, çünki "qadın şlyapası və keçənilki qəzetlər qoxuyur" (Yorqen Sonne), – o, ümumi mühafizəkar cəbhədən çıxış edən qəssablar, plastmas məmulat fabrikantları və mədəniyyət şöbələri redaktorları tərəfindən ciddi-cəhdlə tənqid edilib. Bu fakt kitablarda, qəzet sütunlarında və məktublarda əks olunub. Bu məqalənin məqsədi – modernizmin, axır ki, nə olduğunu və ya bu anlayışın mənə təbii görünən məzmununu müəyyənləşdirməkdir.

Modernizm o mənada yeni deyil ki, guya o, keçmişin heç bir ənənəsinə əsaslanmır, o, başqa sənətkarların başqa zamanlarda və başqa ölkələrdə həmin prinsiplərdən çıxış edərək öz əsərlərini yaratmadıqları mənasında yeni, "modern" deyil. İmpressionistlər öz ilk əsərlərini yaratdıqlarından yüz il sonra qanunauyğun olaraq anlaşılmalıdır ki, müasir incəsənət qərb mədəniyyətində müəyyən dövrdə hakim olandan fərqli qavrayışa əsaslanır. Və modernizmin nifrət obyekti olmasının səbəbi budur, halbuki bu səbəb əsassızdır. Axı yalnız dünya haqqında vərdiş olunmuş təsəvvürlərindən ikiəlli yapışan insanlar yeni incəsənəti anlamağa, onun mahiyyətinə varmağa hər bir cəhddən qəti yayına bilərlər. Erminq Kristi yazır: "Poeziya reallığın imitasiyası və ya hansısa bir təfsiri deyil. Poeziya özlüyündə daha çox reallıqdır. O, adiliyin pərdəsini kənarlaşdırmaq və şüurumuzun "gerçəkliklə" təmasda olduğu "qoruyucu mexanizmi"nin fəaliyyətini nümayiş etdirmək cəhdini təcəssüm edir. Yaxşı əsər – reallığın oxucu şüurunda partlayan laxtasıdır, Bu sözlər yalnız poeziya deyil, bütün modernizm estetikası üçün qanun gücünə malikdir. Təəssüf ki, bu, nahar qəhvəsindən sonra televizora baxan burjuanın, eləcə də estetik ənənəyə bağlı sənətkarın "qoruyucu mexanizmi" oyundan kənarlaşdırması əvəzinə, qapamasına mane olmur.

Modernizm ənənəsi nədir? O, ilk növbədə yeni Avropa sənəti tarixində özünün kifayət qədər dərin xəttini cızır. Bu ənənə yalnız birinci dünya müharibəsinin əvvəlindən deyil, ən azı lirika və rəngkarlıqda az qala keçən əsrin ortalarından başlayır, digər bədii ənənələrdə başqa dərin köklərə də malikdir. Pyer Lagerkvist öz gözəl "Söz sənəti və təsviri sənət" essesində (1913) yazırdı: "Şübhəsiz ki, özünün primitiv sənətlə əlaqəsini aşkarlaması müasir incəsənətin ən böyük nailiyyətlərindəndir". Və davamı: "Bədii yaradıcılığa meylə, sözsüz ki, yalnız mədəniyyətin nailiyyəti deyil, insanın ayrılmaz mənəvi tələbatı olaraq baxılmalıdır. Erkən mərhələdə bu, öz ilkin coşqun gücündə aşkarlanır, ilkin sənətin bu formaları şövq və istəyinə uyğun olaraq sırf zahirini, xəyalini dağıdaraq əslə, əzəliyə çatmağa can atan sənətkar üçün böyük maraq kəsb etməlidir". Bax buna görə müasir incəsənət milli çərçivə ilə belə az məhdudlaşıb və müstəsnalıq prinsiplərinin təsdiqindən çox, şərtiliklər əleyhinə yönəlib. O, müxtəlif klişelərlə yüklənmiş böyüklərin dilindən çox, uşaq dilinə yaxın olan primitiv ümumbəşəri dil formasından qaynaqlanır. O, Norveç klassiklərinin əksərinin dilindən çox, eskimosların və buşmenlərin dilinə yaxındır. "Bu tamamilə qanunauyğundur, – Yuxan Borgen yazırdı, – və bu prosesin qaynaqlarını bütün dövrlərin incəsənətində tapmaq olar. Bütün hissini, istedadını, peşəkar bacarığını sırf zahiri, xəyalinin təsvirinə həsr etmiş sənətkara nisbətən incəsənətdə absurd entuziastları adlandırıla biləcək yaradıcılar həmişə olub".

Biz artıq ənənəvi və müasir modernist sənət anlayışı arasında sərhəddə yaxınlaşırıqmı?

İlk növbədə, incəsənətdə tərəqqidən söz belə gedə bilməz. Tərəqqiyə qeyri-təbii inam Avropa mənəvi tarixinin irəli sürdüyü ən şübhəli anlayışlardan biridir və onun incəsənətə heç bir aidliyi yoxdur. Məhz modernizm estetikasında gerçəkliyin yeni qavrayışı tipindən söhbət gedir. Oxşarlıq prinsipinə əsaslanan incəsənətə imkanları tükənmiş, ölü sənət kimi baxılır, onu illüziyalı, xəyali, bizim dünyaya münasibətimizə heç bir yenilik gətirməyən sənət kimi təyin etmək olar. (O, digər mədəni kontekstdə qənaətbəxş fəaliyyət göstərə bilərdi, ancaq indi belə kontekst yoxdur.)
Digər səpgilərə gəldikdə, demək olar ki, incəsənətdə ağırlıq mərkəzi zahiri plandan daxiliyə keçib: sənətkarın vəzifəsi obyektiv mövcud olan gerçəkliyi təsvir, təcəssüm etmək deyil, öz daxili bədii məkanından çıxış edərək, bu gerçəkliklə münasibətə girərək, sırf subyektiv sənət yaratmaqdır. (Burada çox maraqlı tarixi-fəlsəfi paralel sezmək olar: qavrayış anlayışına xüsusi maraq və gerçəkliyin "relyativist" şərhi ilə seçilən müasir atom fizikası və onun əksinə olaraq mütləq universal qanunlara inanan və gerçəkliyi "naturalist" şərh edən Nyuton fizikası.)

Bu o demək deyil ki, incəsənət mütləq mücərrəd olmalı və beləliklə, Orteqa-i-Qasetin söylədiyi kimi, "insanidən uzaqlaşmalıdır". Ancaq o, "həddən ziyadə insanidən" uzaqlaşmalıdır: ordinar, standartlaşmış insanidən, "yaxşı" əhvalatdan, idilliyadan, boşboğazlıqdan, boş xəyalpərəstlikdən. Müasir incəsənətin ən böyük nümayəndələri – Edvard Munk və Vinsent Van Qoqdan Pol Kleye və Asger Yorna qədər – yaradıcılıq materialı kimi adiliyin şərti ünsürləri ilə bərabər qeyri-şərti, "insani" formalarını istifadə etmişlər. Onları modernist sənətkar edən odur ki, gerçəkliyə əbədi təyin olunmuş varlıq kimi baxmırlar. Dünyanın rəng qamması onlardan ötrü yalnız adilik xıltının bədii şüur turşusu ilə təmizlənməsindən, improvizasiya və fantaziyanın dəqiq dillə ifadəsi üçün zəmin yaratmasından sonra mövcuddur. Bu mülahizə bizi modernizm estetikası haqqında diskussiyaya yekun vuran bu çıxışımızda toxunulacaq üçüncü müddəaya yaxınlaşdırır. Sənət həmişə gerçəyi qavramamızı konkretləşdirən, intensivləşdirən bir vasitə kimi çıxış edir. Müasir incəsənət oxucu və tamaşaçıya yaradıcılıq prosesində daha çox iştirak etməyə imkan verir. Sənətkarın müəllim, fikir hakimi olduğu dövr çoxdan keçmişdə qalıb. Yazıçı sanki gözüyumulu irəli gedir, o, başqaları kimi, heç nə bilmir, deməyə sözü olduqda da, burada çoxlu sual işarəsi qoymalı olur. “Əhvalat nə qədər çoxdursa, sual da o qədər çoxdur.” – Maks Frişin son dövr yaradıcılığından belə nəticə çıxarmaq olar. – Oxucunu həmmüəllif, duyğu ortağı etməyə çalışırlar – belə olmasa, o, nədən danışıldığını anlaya bilməyəcək...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ