Modernizm; nəzəri-estetik prinsiplər| MANERA.AZ
![]()
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru, professor
NƏZƏRI-ESTETIK PRİNSIPLƏRİ
Modern italyan sözü olub, leksik mənası ən yeni, müasir deməkdir. Modernizm ədəbi cərəyanının, modernist üslubun XIX əsrin sonu, XX əsrin əvvəllərində yarandığı iddia olunur. Modernist üslubun həm arxitekturaya, incəsənətə, musiqiyə, həm də ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verməsi elmi ədəbiyyatda yetərincə öz şərhini tapmışdır. Fridrix Nitsşe, Anri Berkson, Uilyam Ceyms, Ziqmund Freyd və başqalarının fəlsəfi görüşləri modernizmin bir nəzəriyyə kimi formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun tərtib etdiyi «Ədəbiyyatşünaslıq terminləri lüğəti» kitabında yazılır: «Qərb elmində, habelə bir sıra xalq demokratiyası ölkələrinin estetikasında «modernizm» termini birinci dünya müharibəsi ərəfəsində, yaxud müharibədən sonra ədəbiyyat və incəsənətda meydana çıxmış cürbəcür qeyri-realist cərəyanları (ekspressionizm, futurizm, akmeizm, imajinizm, abstraksionizm və s.) bildirmək üçün işlənir. Bu terminə verilən mənanın müxtəliflik və mürəkkəbliyini təsəvvur etmək üçün təkcə onu nəzərdə tutmaq kifayətdir ki, «modernist» adlandırılan sənətkarlar sırasında həm ədalətsiz burjua quruluşunu ehtirasla ifşa edən V.Mayakovski, həm XX əsrin burjua tərəqqisinin təbliğatçısı olan F.Marinetti, həm müasir teatrın böyük islahatçılarından V.Meyyerhold, həm də absurd teatrının başçıları, çıxılmaz məyusluq və pərişanlıq tərənnüm edən yazıçılar S.Bekket və E.Ionesku daxil edilir» («Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, s.112-113).
Modernizm realizmi inkar etdiyinə görə sovet dövrünün fəlsəfi fikrində və ədəbiyyatşünaslıq elmində o, daim tənqid hədəfində olmuşdur. Maksim Qorki, Mixail Lifşits və başqaları modernizmin qəti əleyhidarları kimi çıxış etmişlər. Ən çox etiraz doğuran modernizmin kapitalizm quruluşunu mütləqləşdirməsi ideyası olmuşdur.
Zamanın axarı nəticəsində kapitalizmin yenidən bərqərar olması modernist fəlsəfəni, modernist nəzəri fikri də yenidən gündəmə gətirmişdir.
Dünya ədəbiyyatının E. Heminquey, U. Folkner, Q. Qrin, C. Coys, M. Prust, F. Kafka T. Eliot, T. Mann, M. Prust, R.M.Rilke, V.Vulf və başqa bu kimi çox görkəmli nümayəndələrinin əsərlərində modernist estetikanın təsiri açıq-aydın duyulmaqdadır. Lakin bu da danılmaz faktdır ki, böyük yazıçıların əsərləri əslində heç bir qəlibə, konkret bir ədəbi metodun, ədəbi cərəyanın prinsiplərinə bütünlükdə sığışmır.
Modernizm cərəyanı dünyaya yeni baxış, mürəkkəb həyat hadisələrini, müasir insanların hərəkət və davranışlarını, arzu və düşüncələrini yeni şəkildə əks etdirmək ehtiyacından yaranmışdır. Modernizmin nəzəri-estetik prinsiplərində yenilik axtarışları ilə bərabər ən mühüm cəhət, tarixi yaradıcılıq ənənələrinin inkarından ibarətdir. Modernizm nəzəriyyəçilərinin fikrincə müasirlik ənənədən qat-qat üstündür və bədii yaradıcılıqda mütləq bunu nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, modernizm ən geniş mənada «müasirlik layihəsi» hesab olunur. Onun nəzəri-estetik prinsiplərinin ən mühüm cəhətlərindən biri də modernizmin coğrafi, etnik sərhədlər tanımaması, istər ədəbiyyatda, incəsənətdə, istərsə də elmdə sinfi, milli, dini, ideoloji fərqlərin nəzərə alınmamasıdır. Başqa sözlə desək, modernizmdə «Mütləq dəyərlərin aradan qalxması və şüurun müstəqil qüvvə kimi qəbul edilməsi» (C.Leçt) çox mühüm cəhət hesab olunur.
Sənətdə yenilik ideyası, bədii formaya üstünlük verilməsi də modernizmin başlıca tələblərindəndir. Modernizm yazıçını həyatı orijinal şəkildə əks etlirməyə, yeni bədii ifadə vasitələri, formalar, janrlar axtarmağa səsləyir.
Modernizm XX əsrə məxsus bir ədəbi cərəyan olsa da, onun tələblərinə hələ qədim və orta əsrlərdə belə rast gəlmək mümkündür. C.Ruminin «yenini qurmaq üçün köhnəni dağıtmaq lazımdır, necə ki, taxıl üyüdülməsə çörək bişməz» fikri çox maraqlıdır. Ancaq burada da mütləq məhvdən söhbət gedə bilməz. Taxıl üyüdülsə də, buğda una çevrilsə də, un su ilə yoğrulub odda bişirək çörəyə dönsə də, burada mütləq inkardan danışmaq olmaz. «Ənənə» zahirən yoxa çıxsa da, formasını dəyişsə də, çörəyin cövhərində, mahiyyətində yenə də birmənalı şəkildə buğdanın özəllikləri, tərkibindəki maddələr yaşamaqdadır. Deməli, burada da mətləq yox, dialektik inkardan, inkarı inkardan söhbət gedə bilər.
Həmin qənaəti XIV əsrin mədəni abidəsi olan «Oğuznamə»dəki «Inkar mübarəkdir» fikrinə də aid edə bilərik. Əslində «müasirliyin ənənə üstündə üstünlüyü» bəyan edilsə də, müasirlik keçmişin dəyərli ənənələri üstündə bərqərar olur. Bu baxımdan «modernist insan daim şübhədə olmağa, özünü ucqarda, hüdudda hiss etməyə və ayaqlarının altında dayaq yoxluğu duymağa» məhkumdur» («Umberto Eko və postmodernizm fəlsəfəsi», Bakı, Qanun, 2012, s.13)fikirləri ilə razılaşa bilmirik. Modernizmin metodoloji əsası hesab edilən «Bizim tariximiz bizə qanun deyildir» (R.Sent-Etyen) qənaətini də birmənalı qəbul etmək olmur. Ona görə ki, istəsək də, istəməsək də müasirlik tarixiliklə dialektik vəhdətdədir və bu günümüz keçmişimizin övladı, onun genetik varisidir.
«Umberto Eko və postmodernizm fəlsəfəsi» (Bakı, Qanun, 2012) adlı kitabın 7-ci səhifəsindəki bu fikirlər də modernizmin mahiyyətini anlamağa yardımçı ola bilər: «Modernizm – müasirliyin inqilabiləşdirilməsinin metod və metodologiyasıdır; o, öz qarşısına ilk növbədə varlığı yenidən qurmaq – insanı dəyişmək, elmi biliyi texnologiya və eksperimentlərin köməyilə zənginləşdirmək, gerçəkliyə məxsus neqativ cəhətləri inkar etməklə onu dəyişib yenidən qurmaq məqsədi qoyur. Modernizm – dəyişmək, inkar etmək hakimiyyətini təsdiq edən fikir tendensiyası və ideologiyasıdır. Modernizm varlığı yenidən görmək və onu sahmanlamaq üsuludur. Varlığa məxsus müsbət şeylər təsdiq edilməli, mənfilər rədd edilməlidir».
Əslində bir qədər dərindən düşündükdə aydınca görünür ki, «varlığa məxsus müsbət şeyləri təsdiq, mənfiləri rədd etmək» heç də ənənənin inkarı demək deyildir. Burada mütləq inkardan yox, dialektik inkardan söhbət getməlidir.
Yeri gəlmişkən onu xatırladaq ki, sosializmin görkəmli ideoloqu, həyatı və ədəbiyyatı inqilabi şəkildə dəyişdirmək ideyasının yaradıcılarından biri olan V.I.Leninin «pureletkultçuluğun» fəsadlarını aradan qaldırmaq üçün «klassik irsə münasibət» (yaxşını qəbul etmək, pisi atmaq) məsələsini ortaya atması da təsadüfi səciyyə daşımır, metodoloji əhəmiyyət kəsb edirdi.
Məlumdur ki, modernizm yenilik, müasirlik anlamını ifadə edir. Belə düşünürük ki, filosof A.Koyrenin bu fikirləri həmin məsələnin mahiyyətini dərindən anlamaqda köməkçi ola bilər: «Hər bir dövrdə müasir (moderne) olmaq mümkündür, – əgər öz çağdaşlarının dilində, fəqət öz müəllimlərindən fərqli dildə danışırsansa» (Sitat «Umberto Eko və postmodernizm fəlsəfəsi» kitabından götürülüb, s.10).
Buradan belə nəticə çıxarmaq olur ki, modernizm sənətdə fərdi yaradıcılıq üslubunu dəstəkləyir, hamı kimi düşünməyin, hamı kimi yazmağın əleyhinədir. «Hamının eyni cür düşündüyü yerdə, demək, heç kəs düşünmür» qənatinə gələn postmodernizm standartlığa, şablonluğa, epiqonçuluğa qarşı üsyan edirdi.
MANERA.AZ