manera.az
manera.az

Prof. Asif Hacılı: Fövqəlreallıq: sürrealizm cərəyanı

Prof. Asif Hacılı: Fövqəlreallıq: sürrealizm cərəyanı
Manera.az bu həftə prof.Asif Hacılının “Fövqəlreallıq: sürrealizm cərəyanı ” yazısını
və onun tərcüməsində İvan Qoll və Salvador Dalinin məqalələrini təqdim edir.


Sürrealizm (fransızca surréalite – fövqəlrealizm) – keçən əsrin 20-ci illərində dadaizm zəminində formalaşaraq 60-cı illərin əvvəllərinə qədər mövcud olmuş bədii cərəyan. Termin kimi ilk dəfə 1917-ci ildə Giyom Apolliner tərəfindən işlədilib və bir cərəyan olaraq «təbiətə qayıdış» şəklində izah edilib

. Şüurun nəzarət etmədiyi təhtəlşüur qatlar sürrealist sənətkarları cəlb edən əsas aləm olub. Bu aləmə qərq olmaq üçün sənətkar xüsusi vəcdli halda olmalıdır. Belə anlarda birbaşa ağla gələnlərin, təxəyyüldə canlanan, bilavasitə yaranan təəssüratın qeyd edilməsi, məntiqsiz və məqsədsiz spontan yazı sürrealist yaradıcılığın əsas üsulu sayılıb. Eləcə də şüuru korşaldan yuxulu hal və bu hala düşmək üçün hipnoz, magiya, alkoqol, narkotikdən istifadə. Adi gerçəklikdən, bəsitlikdən uzaqlaşaraq hadisələrin və predmetlərin fövqəltəbii, həqiqi mahiyyətinin və əlaqəsinin aşkarlanması əsas məqsəd olub. Əşyalar arasında absurd görünən əlaqələrin təsviri, poetik formaların paradoksallığı, mifoloji, tarixi, siyasi, ictimai olaylarla gözlənilməz analogiyalar dünyanın adi mənzərəsini dağıdıb. Yuxu və gerçək arasında gəlişən sürrealist duyum naturanı və realist obrazları absurd tənasüb və yozumda təqdim edib. Sürrealistlər, bir tərəfdən, yarandığı dövrün solçu ideyalarına meyl edib, ancaq inqilabı şüurlarda axtarıblar, “Sürrealist inqilab” nəşr ediblər. Digər tərəfdən, freydizmin, psixoanalizin təsirində olublar. Təsadüfdə qanunauyğunluq, məntiqsizlikdə məntiq, xaosda ahəng, reallıqda irreallıq sürrealist sənət nümunələrində qəribə vəhdət yaradıb. Sürrealistlər ali məqsədlərini ruhsal aləmin ərzani həyatdan aralanmasında, mənəvi azadlıqda və irreallığa qatılmaqda görürdülər. Həyatın adi gözlə görünməyən ağlasığmaz cizgiləri ortaya çıxarırdılar. Rəngkarlıqda, «sürrealizm – mənəm» deyən Salvador Dali yaradıcılığında öz zirvəsinə yüksələn bu cərəyan Andre Breton, Salvador Dali, İvan Qoll və digərlərinin manifest və çıxışlarında ilkin nəzəri təsbitini tapıb. Təqdim olunan nümunələr Andre Breton, Giyom Apolliner, Pol Elüar, Lui Araqon, Jan Kokto, Salvador Dali, Rene Marqrit, Maks Ernst kimi məşhur yazıçıların və sənətkarların yaradıcılığında izlənən sürrealizmin erkən bəyanatları kimi maraq kəsb edir.

İvan Qoll
Sürrealizm manifesti



Bədii əsər fövqəlreallıq yaratmalıdır. Yalnız bu poeziyadır.


Reallıq – hər bir böyük sənətin əsasıdır. Onsuz həyat yoxdur, substansiya yoxdur. Reallıq – ayaqlarımız altında torpaq, başımız üstə səmadır.
Təbiət – hər bir bədii yaradıcılığın mənbəyidir.
Kubistlər ilk təşəbbüslərində sadə, adi predmetlərə pərəstiş edirdilər və elə həddə çatırdılar ki, rənglənmiş kağız parçaları, oyun kartları və ya kibrit qutusu etiketlərini dəyişmədən kətana yapışdırırdılar.
Gerçəkliyi belə daha yüksək bədii səviyyəyə keçirməkdən sürrealizm yarandı.
Sürrealizm – Giyom Apollinerin həyata gətirdiyi konsepsiyadır. Onun yaradıcılığına müraciət etsək, ilk kubistlərin yaradıcılığındakı elementlərə rast gələrik. Adi gündəlik sözlərdə qəribə magiya var – onlarla, dilin ilkin materiyası ilə işləyirdi.
Maks Jakob danışırdı ki, bir dəfə Appoliner küçədə eşitdiyi sözləri yazaraq, onlardan şeir quraşdırmışdı.
O, yalnız bu elementar materialla poetik obrazlar yaradırdı. Bu gün obraz – yaxşı poeziyanın məhək daşıdır. İlk təəssüratla onun son ifadəsi arasındakı məqamda assosiasiyanın tezliyi obrazın keyfiyyətini təyin edir.
Yerin ilk şairi müəyyənləşdirib: «Səma mavidir».
Sonradan başqası kəşf edib: «Sənin gözlərin səma kimi mavidir». Bir çox illər keçdikdən sonra başqası belə deməyə cəsarət etdi: «Sənin gözlərində səma var». Müasir şair belə yazardı: «Səndə səmanın gözləri var». Ən gözəl obrazlar – gerçəkliyin bir-birindən uzaqda olan elementlərini ən düz və tez yolla birləşdirənlərdir.
Beləcə obraz müasir poeziyanın sevimli əlamətinə çevrildi. XX əsrin əvvəlinə qədər şeirin keyfiyyətini eşitmə qabiliyyəti müəyyənləşdirirdi: ritm, səslənmə, intonasiya, ölçü – hər şey eşitmə üçün idi. 20-ci illərdən baxış hökm sürür. Biz kino əsrində yaşayırıq. Getdikcə daha çox vizual işarələrlə anlaşırıq. Sürət bu gün keyfiyyəti təyin edir.
İncəsənət həyatiləşir və insani xislət qazanır. Dövrümüzün ifadəsi olan sürrealizmə bu dövrə aid simptomlar xasdır. O, özünü bilavasitə, intensiv ifadə edir, ikinci əldən gələn mücərrəd anlayışlara əsaslanan vasitələri inkar edir: məntiqi, estetikanı, qrammatik effektləri, söz oyununu.
Sürrealizm hər hansı bir ölkədəki müəyyən qrupun ifadə vasitəsi olmaqla qane olmur: o, beynəlmiləldir. – Avropanı parçalamış bütün izmləri ehtiva edəcək, hər birindən həyati dərəcədə vacib ünsürü əxz edəcək.
Sürrealizm – dövrümüzün uzağa gedən hərəkətidir. O, sağlamlaşma deməkdir və o, quruculuq prosesi gedən hər bir yerdə ortaya çıxacaq dağıdıcı və xəstə meylləri dəf edəcək.
Əyləncəli sənət, yüngül balet və müzikl, görüntü sənəti, eqoist, yüngül və dekadent sənət müharibədən sonra unutqanlığa can atan nəsli daha əyləndirməyəcək.
Eksdadaistlər tərəfindən bürgeri çaşdırmaq üçün uydurulan saxta sürrealist təqlidlər isə aradan çıxacaq. Bu saxtakarlıq «yuxunun hökmranlığını» elan edir və Freydi yeni muza adlandırır. Güya ki, Freyd təlimini poeziya dünyasına keçirmək olar! Bu, psixiatriya ilə incəsənəti qarışdırmaq deyilmi?
Onun yuxu və fikrin biganə oyununa əsaslanan psixi mexanizmi heç vaxt bizim psixi orqanizmimizi dağıda bilməz. Çünki sonuncu bizi öyrədir ki, reallıq həmişə haqlıdır, həyat fikirdən daha həqiqidir.
Bizim sürrealizm yenidən insanın təbiətini, ilkin duyğularını açır və yeni bədii materialın köməyi ilə yaratmağa çalışır.


Salvador Dali
Fotoqrafiya – ruhun azad yaradıcılığı


Kiçik fotoaparatın kristal obyektivliyi – qərəzsiz büllur – əsl poeziya şüşəsi. İnsanın əli artıq qarışmır. Fizika və kimyanın zərif harmoniyası. Ən incə detalları tutan həssas lövhə.
Artıq bu dəqiq və kamil mexanizmin qənaətcil strukturu özü göstərir ki, onun poetik fəaliyyəti sevindiricidir.
Yüngül hərəkət, azca əyilmə, düzgün tapılmış məsafə – hamısı onun üçündür ki, barmaqlara və nikel yaylara tabe olaraq, şüşənin saf büllur obyektivliyindən dünyaya mənəviyyatla yoğrulmuş otuz altı yeni baxış və qırx ilham impulsu pərvazlansın.
Əl qarışmayanda ruh anlamağa başlayır ki, barmaqların qeyri-dəqiq toxunuşunun istisnası nemətdir; ilham peşə vərdişlərindən azad olur, mexanizmin şüursuz hesabına arxalanır.
Ruhun yaradıcılığının yeni üsulu – fotoqrafiya, – nəhayət, poetik istehsalın fazalarında zəruri sahman yaradacaq.
Fantaziyanın yeni vasitələrinə inanaq – onlar məkanların və miqyasların təbii obyektiv dəyişmələrindən doğulub. Yalnız uydurma orijinallıqdan məhrumdur. Möcüzə isə bank əməliyyatları kimi sarsılmaz dəqiqliklə baş verir. Ruh – xüsusi bir şeydir…
Bir göz qırpımında baş verən möcüzəylə kifayətlənək: gözlərimizi açaq, hər şeyi göydə qaparaq, həqiqi baxışı öyrənək. Gözləri yummaq – kənar aləmin sədalarını qeyri-poetik qavramaq deməkdir. Anri Russo impressionistlərdən yaxşı görürdü. Xatırlayaq ki, onlar yarıyumulu gözləriylə baxır, yarıqapalı göz qapaqlarından keçməyə qabil olan yeganə musiqini – obyektivliyin musiqisini tuturdular.
Vermeyer Delfitski – başqa bir hadisədir. Görmə tarixində onun gözləri – işıq oyunlarına aludəlikdən aralana bilməsə də, maksimal vicdanlılıq nümunəsidir. Van der Meyer, yeni müqəddəs Antoni, predmeti əsl fotoqrafik ilhamla toxunulmaz saxlayır – bunda onun təvazökar və çılğın nəzakətliyi təzahür edir.
Görmə qabiliyyəti – mənəvi məkanları ölçməyin yeni sistemidir. Görmə qabiliyyəti – ixtira kimi bir şeydir. Təmiz görən gözün, kiprik və seys şüşələrindən məhrum, distillə olunmuş, nüfuzedici, çəhrayı konyuktivit pərdəsiylə örtülməmiş gözün anestezə edici baxışından səlis ixtira varmı?
Rəngkarlığın sınaq və səhvlər içində yerində saydığı bizim əsrdə fotoaparat bir anda praktik nəticələr verir. Fotoqrafiya yeni predmetlərin kətan müstəvisində yalnız simvol kimi qalan formalarını tükənməz fantaziya ilə mənimsəyir.
Obyektivin gözü əl-üz yuyanın soyuq bəyazlığına xüsusi gözəllik verir. Akvariumun yorucu mürgüsünü ifadə edir, elektrikölçən cihazların zərif oynaqlarının özəyinə girir – onun miqyası heyrətamiz dərəcədə dəqiqdir. Rəngkarlıqda başqa cürdür – sən, məsələn, meduza çəkmək istəyirsənsə, tamamilə zəruridir ki, gitara və ya tütəkdə çalan arlekin təsvir edəsən.
Fotoqrafiyanın öz təbiətindən doğan yeni imkanları var.
Man Reyin fotoqrafiyasını xatırlayın – bədbəxt Xuan Qrisin banco ritmində portretini. Onun yeni, çox təbii manerası üzərində düşünün, axı o, yalnız dəqiq texniki prosesin nəticəsidir, fotoaparatla işıq yaradıcılığının nəticəsidir.
Ey fotoqrafiyanın fantaziyası! O təhtəlşüurun bulanıq proseslərindən uğurlu və yondəmlidir!
Miqyasların sadəcə dəyişməsi qeyri-adi assosiasiyalar və real – heç ağlımıza da gəlməyən! – analogiyalar doğurur.
Səhləb çiçəyinin dəqiq portreti və şirin açılmış ağzı fotoqrafiyada intim vəhdət yaradır, günəş isə minlərlə şüası ilə udlaq əzələlərinin anatomiyasında oynayır.
Ey fotoqrafiya, sən incədən incə, nəzarət edilə bilməyən poeziyanı əks edirsən!
İnəyin parıldayan iri gözündə postkonstruktivizm ruhunda kiçildilmiş işıqlı peyzaj sferik şəkildə əks olunur – o, miniatür parlaq buludcuqlar üzən səmadakı ləkələr qədər dəqiqdir. Ey ticarət reklamı fotoplakatları ilə parlaq şəkildə təqdim olunan yeni predmetlər!
Qızıl gül kimi təzətər olan bütün yeni mexanizmlər öz metallarının sərf olunmamış hərarətini foto yaradıcılığının bahar efirinə peşkəş edirlər.
Ey fotoqrafiya, ruhun azad yaradıcılığı!


MANERA,AZ


Baxış sayı - 2 475 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930