manera.az
manera.az

Qəribə adamın xatirələri - professor ASİF HACIYEV yazır... _MANERA

Qəribə adamın xatirələri - professor ASİF HACIYEV  yazır... _MANERA
, Asif Hacıyev

MANERA.AZ filologiya elmləri doktoru, professor Asif Hacıyevin “Ədəbi mərhələnin və şəxsiyyətin portreti: qəribə adamın xatirələri” yazısını təqdim edir:

Ədəbi proses əslində yalnız yazılmış və mətbu dövriyyədə olan əsərlərdən deyil, həm də şəxsiyyətlərin canlı ünsiyyət və münasibətindən formalaşır. Ali həqiqət axtarışları, «anlamaq dərdi» daim sənətkarları bu «dərdi» bölüşməyə həmdərd tapmağa sövq etmiş və bir çox parlaq fikirlər, fəlsəfi-bədii tapıntılar məhz məhrəm müzakirələrdə ortaya çıxmışdır. Ədiblərin yazdıqları ilə bərabər, xatirələrdə yaşayan mülahizələri də ədəbiyyata xidmət etmiş və bəzən ədəbi prosesə müəyyən istiqamət vermişdir. Ədəbiyyat xadimlərinin taleyinə, ədəbi mühitin bəzən başqalarına qapalı olan iç dünyasına diqqət buna görə təbii görünməlidir.

Bu baxımdan görkəmli rus yazıçısı İlya Erenburqun (1891-1967) təxminən 60 illik ədəbi fəaliyyətini, bir çox məqamda XX əsrin böyük bir hissəsinin estetik-mənəvi axtarışlarını əks etdirən «İnsanlar, illər, həyat. Xatirələr» adlı 3 cilddən, 7 kitabdan ibarət əsəri böyük maraq doğurur.

İstedad və taleyin vəhdəti elə gətirmişdir ki, bu kitab həm müəllifin özü, həm də bütövlükdə XX əsr haqqında ədəbi salnamə kimi alınmışdır. Kitabın əsas dəyəri onun arxasında dayanan şəxsiyyətin bütövlüyüdür.

Yüzdən çox kitab - nəsr və publisistik əsərlər, şeir və tərcümələr müəllifi olan Erenburqun bütün əsərlərində personaj, situasiya və üslub oxşarlığı, əslində eyniyyəti izlənir. Ədəbiyyata mədəniyyət fenomeni kimi yanaşan yazıçı hətta müharibə dövrünün publisistik əsərlərində, cəbhəçilərə ünvanladığı oçerklərdə də klassik və müasir ədəbi-mədəni konteksti canlandırır. Dante, Şekspir, Rasin, Nyuton, Qaliley, Renuar, Matiss, Eynşteyn, Heminquey kimi adlar sadəcə səslənmir, xüsusi fəal fon yaradır, hər bir fikrə və müşahidəyə universal bəşəri məzmun aşılayır.

Dövrünün, demək olar ki, əksər nəhəng simaları ilə - Lenindən, Trotskidən, Buxarindən tutmuş Şaqala, Pikassoya, Meyerxolda, Kon- çalovskiyə, Eyzenşteynə, Tvardovskiyə, hətta general Vlasova qədər - təmasda olmuş İlya Erenburq hər bir hadisəyə fərdi mövqedən baxıb və azad şəxsiyyət kimi də davranıb.

Bir tərəfdən, hələ on dörd yaşında 1905- ci il dekabr barrikadalarında iştirak, 1917-ci il inqilabını vəcdlə qəbul, artıq 1918-ci ildə isə Oktyabr çevrilişindən doğan təəssüf və köhnə Rusun vəsfi!

Bir tərəfdən, öz vətənində subyektivizmdə günahlandırılması, ifşalar, tənqid, təhdid, digər tərəfdən, mühacirlərin onu yeganə «sovet pasportlu» emiqrant sayması!

Sov.İKP MK katiblərinin sərt ittihamları və həm də Hitlerin 1945-ci il 1 yanvar əmrində onu «rayxın» ən təhlükəli düşməni adlandırması və ələ keçən kimi asılmağını əmr etməsi!

«Həkimlərin işi» ilə bağlı antisemit məktuba bir çox yəhudi xadimlərinin, o cümlədən V.S.Qrossmanın imza atdığı halda, yəhudiliyini heç vaxt gizlətməyən Erenburqun İosif Stalinə kəskin etiraz məktubu yazması, digər tərəfdən isə Stalin haqqında təhqiramiz ifadələrə yol verməməsi, onun ağıl və iradəsini qeyd etməsi!
Stalin rejiminə heç vaxt məddahlıq etməməsi, ancaq ölkədə və xaricdə böyük nüfuzu sayəsində bir çox mükafatlara layiq görülməsi!

Dəfələrlə Almaniyaya, eləcə də Türkiyə,Yunanıstan, Polşa, İspaniya, Çexiya, İngiltərə, İsveç, Norveç, Danimarka, İsveçrə, Rumıniya, Yuqoslaviya kimi ölkələrə səfərlər edərək, buraların mədəniyyətini, insanlarını məhəbbətlə təsvir etməsi, eyni zamanda müharibə dövründə Konstantin Simonovla birlikdə, rəsmi sovet təbliğatında geniş istifadə olunan «Almanı öldür!» şüarının müəllifi olması!

Hətta artıq Avropa və Almaniyaya daxil olmuş Qızıl Ordunun missiyasını faşizmdən qurtuluş görəvi kimi qələmə verən sovet ideoloqları belə Erenburqun mövqeyinə təshih vermək məcburiyyətində qalır, 1945-ci ilin aprelində ÜK(b)P MK Təbliğat və təşviqat idarəsinin müdiri Q.F.Aleksandrov Erenburqun «Bəsdir» məqaləsinə cavab olaraq «Pravda» qəzetində «Yoldaş Erenburq bəsitləşdirir» adlı yazı çap etdirir.

İlya Erenburq bütün dövrlərdə və bütün məsələlərdə həqiqəti deməyə çalışıb. Onun həqiqət hissi o qədər güclü olub ki, yaşadığı dövrün gizli mahiyyətini aşkarlamaqla bərabər, gələcəyin cizgilərini də duyub və bəzən onilliklərlə sonra baş verəcək hadisələri belə heyrətamiz uzaqgörənliklə əsərlərində əks etdirib. Bu baxımdan, 1922-ci ildə dərc olunmuş «Xulio Xurenito və şagirdlərinin qəribə sərgüzəştləri...» adlı fəlsəfi-satirik romanında alman nasizmi və italyan faşizmi, amerikalıların yaponlara qarşı istifadə edəcəyi atom bombaları haqqında fəhmlə yazdığı sətirlər böyük maraq doğurur. On illər sonra da yapon jurnalistləri Erenburqdan bu məlumatı haradan aldığını öyrənməyə çalışıblar.

Gerçək məlumat isə, təbii ki, olmayıb və ola da bilməzdi. Leonid Juxovitski Erenburqun xalqların gələcəyini görməyə imkan verən və qüdrətli zəka və çevik reaksiyası ilə izah etdiyi bu fəhmi barədə yazırdı: «Əvvəlki əsrlərdə bu vergiyə görə tonqalda yandırar və ya Çaadayev kimi dəli elan edərdilər»...

Görkəmli ədibə böyük şöhrət gətirmiş «İnsanlar, illər, həyat» kitabında da tarixi mərhələnin ictimai-siyasi prosesləri barədə dərin müşahidələr, gələcək prosesləri cizgiləyən fəhm, analitik təhlil və proqnozlar boldur. Lakin bu kitab hər şeydən əvvəl ədəbi əsərdir, müəllifin hər hansı «izm»dən yüksəkdə duran etirafı, düşüncələri, axtarışlarıdır. Eyni zamanda bu kitabın mühüm bir dəyəri Erenburqun ədəbiyyata hər hansı dövrün milli və ya ideoloji çərçivəsindən deyil, zaman və məkanca bunların fövqündə duran bəşəri sənət, insanın sərbəst özünüifadəsi, fərdiyyətin ictimai buxovlardan azad həyat tərzi kimi yanaşmağıdr. Bütövlükdə isə, «İnsanlar, illər, həyat» olduqca ziddiyyətli bir dövrün və maraqlı ədəbi şəxsiyyətin - İlya Erenburqun portretini yaradır.

Onun Maksimilian Voloşin tərəfindən verilmiş portreti bu bəşəri - dərvişanə insanın ədəbi simasını dolğun səciyyələndirir - Monparnas Erenburqsuz təsəvvür edilmir, xəstəhal görkəmi, uzun, hamar saçları, donqar beli, əyri ayaqları, tozlu göy gödəkçəsi, tütün iyi ilə «bu dəqiqə döşəmə yuyulmuş adam» təsiri bağışlayan bu qəribə şəxsin Paris küçələrində zühuru adamları həyəcanlandırır və narahat edir, qarışıqlıq salırdı...

Erenburqun kitabından təqdim etdiyimiz təfriqələr (BURADA) böyük bir ədəbi mərhələnin, əsasən, Gümüş dövrün ədəbiyyatında daim qarışıqlıq salmış bir insanın axtarışlarını və eyni zamanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan bir çox ədəbi cərəyanların ictimai-mədəni qaynaqlarını, görkəmli sənətkarların portret cizgilərini, ədəbi təbəddülatınpərdəarxası aləmini əks etdirir...

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930