manera.az
manera.az

Gənc həyatını yaradıcılığından qazandığı pulla qura bilsə...- Sorğu

Gənc həyatını yaradıcılığından qazandığı pulla qura bilsə...- Sorğu
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.

Bildiyimiz kimi, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır.

Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Bəs bu gün Azərbaycan gənci nə düşünür, o cəmiyyətdə öz layiqli yerini tuta bilmək üçün hansı problemlərlə üzləşir?

MANERA.AZ olaraq gəncliyin xüsusiyyətləri və gələcəyə dair arzuları barədə gənc nəsilin nümayəndələrinə; Siz gənc nəsli böyüklərdən fərqləndirən əsas məqam nədən ibarətdir? İstədiyiniz həyatı qurmağa sizə nə mane olur? özünüz barədə nəyi dəyişmək istərdiz? kimi suallarla cəmiyyətdə aktiv olan gənclərə müraciət etdik. Cavablar müxtəlif oldu. Belə ki,


Şairə, tərcüməçi Rəbiqə Nazimqızı gənc nəsilin yaşlılardan infomasiya texnologiyalarına meyilliyi ilə seçildiyini xüsusi qeyd edərək fikrini belə əsaslandırdı:
- Gənclər dünya yaranandan yaşlıların təcrübəsini görür və daha rahat, eyni zamanda daha maraqlı yaşamaq istəyirlər, onlar yenliklərə açıqdılar, səyahəti sevirlər.
Rəbiqə Nazimqızına istədiyi həyatı qurmağa mane olan yeganə şey maddiyyatdı: “Maaşımı illərlə xərcləməyib, yığsam da, ona nə ev ala bilərəm, nə maşın. Heç olmasa, minimum istirahət hüququndan istifadə etmək istəyirsən ki, bir həftə istirahət üçün bir ayın maaşını xərcləməlisən. Kreditləri heç demirəm. Yayda ümumiyyətlə adam depressiyadan çıxa bilmir. Toy, ad günü, təqdimat dəvəti görəndə utandığından bilmirsən neyləyəsən və sair və s.”

Rəbiqə xanım ixtisasını dəyişmək arzusundadır: “Xarici dil öyrənmək istərdim. İstərdim, gələcəyimi minimal da olsa təmin edə biləcək imkanlarım olsun, 18 yaşımdan işləyirəm, özü də jurnalsitika kimi gərgin sahədə, indi heç olmasa, ara-sıra dincəlmək istərdim və s və i.a.

Yazıçı Səxavət Sahil gənc nəsli böyüklərdən fərqləndirən əsas cəhət kimi onların hər zaman yeniliyə meyilli olmasını göstərir: “Yaşlı nəsildən fərqli olaraq gənclər istənilən diskusyaya açıqdır, bu da onların alternativ düşünmə düşüncə sərhəddinin sonsuzluğunu göstərir. Həmçinin, gənclərin operativ olmağı, daha çox qurub-yaratmaq istəyi onların yaşlı hənkarlarından bir addım öndə olmasının göstəricilərindən biridir.”

Səxavət Sahilin deyir ki, istədiyi həyatı qurmağa ona mane olan əsas səbəb əlverişli şəaritin olmamasıdır: - Digər tərəfdən də yaşlı nəsillə bağlı da bu sahədə problemlər meydana çıxır. Belə ki, gənlər yeni ideya, yeni düşüncə ilə nəsə bir layihə, hansısa bir iş görmək istəyəndə yaşlı nəsil öz təcrübəsi onları ehtiyatlı olmağa çağırır, bəzən müxtəlif bəhanə gətirərək gənclərin qarşısına səddə çəkirlər. Bu da gənc nəsil arasında özünəinamın olmaması və ruhdan düşmə ilə nəticələnir.
Səxavət sahil düşünür ki, özü haqqında dəyişmək istədiyi məsələlər indiki dövrün məlum problemləri ilə bağlıdır: - Buna görə də nəyisə dəyişmək istəyəndə məlum səbəblər meydana çıxır və nəticədə nəyisə dəyişə bilmirəm. İstənilən halda məsuliyyəti artırmaq məşğul olduğum sahədə daha da faydalı və ardıcıl olmağa çalışacam.

“Gənclik özü böyük fərq, böyük üstünlük deməkdir. Dəfələrlə yaşlı nəsildən olan insanların keçib gedən gənclik üçün necə həsrətlə darıxdığına şahid olmuşam. Amma həyat davam edir və günbəgün bu məşhur fikri isbat edir: “Çox yaşamağın yeganə yolu qocalıqdan keçir”. Gənclik enerjisi, təşəbbüskarlığı, fantaziyası xoşbəxtlik mənbəyidir. Sadəcə, bunların mahiyyətini dəyərləndirib faydalı çalışmaq lazımdır, vəssalam. İndi elə bir zamandır ki, həyatın ritmi ilə ayaqlaşa bilməyənlər zamandan geri qalırlar. Zamandan geri qalmağın fəsadlarını isə yaşlı nəsil daha çox yaşayır. Yəqin gəncliyin daha bir fərqi budur: həyatın ritmi ilə bərabər addımlamaq “ – bunu yazıçı -jurnalist Cavid Zeynallı sorğumuza münasibət bildirərkən deyib.

Cavid Zeynallı: - Ümumiyyətlə, hər şeydən giley-güzar etməyin tərəfdarı deyiləm. Hər şeydən narazı adamları da heç vaxt ciddiyə almamışam. Əksinə, mənfi enerji mənbəyi olduqları üçün onlardan mümkün qədər uzaq qaçmağa çalışmışam. İstədiyim həyatı qurmağın sərhədləri uzaq üfüqlərdən keçmir, elementar ehtiyaclardır ki, onların bəzilərini əldə etmişəm, bəzilərini əldə etmək üçün zamana ehtiyac var. Zaman keçdikcə Azərbaycan yazıçısı öz həyatının qismən də olsa yaradıcılığından qazandığı pulla qura bilsə, istədiyimiz həyatı bizə məcməyidə bağışlamağa ehtiyac olmayacaq.

Zamanı düzgün bölmək, ingilis dilini öyrənmək üçün iradəli olmaq, yazmaq həvəsini öləziməyə qoymamaq və s. bunlar C. Zeynallının həyatında nail olmağa çalışdığı nüanslardır.

Yazar Günel İmran isə bəşəriyyatın davamı olan insanı əvvəlki nəsillərdən fərqləndirən əsas məqamın yaşadığı zamanla bağlı olmasını deyir: - Zamanla dünya fasiləsiz dəyişir və bu insana təsirsiz ötüşmür.Əgər gənc nəsillə böyüklər arasında fərq olmasa idi çox güman ki, dünya elə ilk yanadığı vaxtlarda olduğu ki qalardı. Eyni zamanda biz gənclər yaşayaraq,öyrənərək topladığımız fərdi yaddaşımız və bizdən öncəki nəslin həyat təcrübəsini kollektiv yaddaş vasitəsi mənimsəyərək gələcəyimizi yaradırıq. Bu mövzu bir az Luis Borxesin "Özgə" hekayəsini xatırladır. Hekayədə bir sabah parkda skamyada əyləşən yaşlı Borxes öz gəncliyi ilə qarşılaşır. O,özünü tanıyır. Amma gənc üçün Borxes yad biridir.Gəncə gələcəyindən,yəni öz keçmişindən xəbər verməyə çalışır. Həmsöhbəti Borxesin özü,yəni gəncliyi olsa belə bu onu anlamaqda çətinlik çəkir.Gələcəklə bağlı verdiyi məsləhətlər gənc üçün maraqsız gəlir. Çünki bu qarşılaşma gənc üçün gələcəklə bağlı sadəcə bir yuxu, yaşlı Borxes üçün isə gerçəkləşmiş keçmişi idi.

Günel İmranlı maneənin hər zaman pis olduğunu düşünmür: -Bəzən mane olan şərtlər insanın seçimlərin ən doğrusunu etməyinə səbəb olur. Ən böyük mane insanın özünün beynində yaratdığı manelərdir. İnsan diqqətini tamamilə öz həyatına cəmləsə manelər həm kiçilər, həm də azalar.Bu bir az ümumi cavab oldu. Özümlə bağlı deyim ki, istədiyim həyatı yaşayıram. Yaradıcılıqla bağlı işlərimdə isə bəzən tənbəllik mane olur.

G. İmranlı bəs özünüzlə bağlı nəyi dəyişmək istəyərdiniz? – sualına belə cavab verir: - Hərdən mənə maraqlı gəlir ki, yazıçılığa uşaq yaşlarımda başlamış olsam o yaşda yazdığım hekayələr hansı üslubda, necə olardı?!

Jurnalist Fariz Abdullayev gənc nəsli fərqləndirən əsas məqamın ilk növbədə onlarda müstəqil, yaşca böyüklərin fikirlərindən fərqli düşüncənin formalaşmasında görür:

- Böyüklərin hər hansı fikri bildirməsində müəyyən sərhədlər, olmazlar var. Üstəlik, onlar ictimai qınaq amilini çox diqqətlə nəzərə alır və hər məsələyə “mən haqlıyam” prinsipi ilə yanaşırlar. Bundan əlavə, böyüklər alternativ fikri heç bir şəkildə qəbul etmirlər və diktatorluğa daha çox meyllidirlər. Bu da onlarla gənclər arasında tez-tez mübahisələrin yaranmasına səbəb olur. Gənc nəsil isə öz düşüncələrinə uyğun, sərbəst, yəni qadağasız həyat yaşamaq istəyirlər. Onlar hər şeydən əvvəl öz həyatı ilə bağlı müstəqil qərarlar vermək istəyir. Məsələn, əksər valideynlər övladlarının ali təhsil almasında israr edir, amma çox zaman bu israr reallıqla uzlaşmır. Yəni, övladın ali təhsil almağa nə həvəsi, nə də yetərincə potensialı olmur. Bu faktor onlar arasında mübahisəyə səbəb olur. Əgər uşağınız istəyirsə, bundan xoşbəxtdirsə, imkan verin gedib fəhlə olsun. Eyni hal övladlarının həyat yoldaşı seçimində də yaşanır. Təəssüf ki, əskər valideynlər uşaqlarının həyatını onların yerinə yaşamaq istəyir, hər addımlarında göstərir verir. Özlərini bir növ övladlarının ağası, sahibi sayırlar. Bu da müəyyən zaman keçdikdən sonra daha ciddi ailədaxili problemlərə yol açır və hətta, artıq yetkinlik yaşına çatmış, özünü dolandıra biləcək potensiala malik övladın evdən getməsinə gətirib çıxarır. Məncə, bu problemlərin yaşanmaması üçün valideyn “qılıncını” övladlarının üzərindən çəkməlidir. Məsələn, ABŞ-da artıq 15 yaşına çatmış insan yetkin sayılır və valideynlər onları kifayət qədər sərbəst buraxır. Bu, həm təhsil və iş, həm sevgi, həm də ailə məsələlərinə aiddir. Bizdə isə İslam dinindəki diktaturanın, məcburiyyətin təsiri ilə valideynlərin əksəriyyəti övladlarına sərbəstlik vermək istəmir, hətta bəziləri onların uğurlarını qısqanır və ya vaxtında öz valideynlərinin onlara tətbiq etdiyi sərt və kobud qaydaları öz övladı üzərində sınaqdan keçirir.

Fariz həyatını valideynlərimin diktəsi ilə qurmadığını deyir: - Öz istəyimlə ali təhsil almışam, öz istəyimlə jurnalistikaya gəlmişəm, öz istəyimlə televiziya sahəsini seçmişəm və s. Yəni, tabe olan adam olmamışam.

Yazar Nicat Həşimzadə gənc nəsilin dünyaya daha geniş baxmasını daha çox onların virtual dünyada, qloballaşma çağında yaşaması ilə əlaqələndirərək qeyd edir ki, eyni zamanda əsas fərq təhsildədir: - Ötən nəsil məcburən ancaq elmi kommunizmin əsaslarını öyrənib. Amma indi gənclər internet imkanlarından istifadə edərək istədikləri mövzuda istədikləri materialları oxuya, öyrənə bilərlər. Bir reallığı da qəbul etməliyik ki, bizdən öncəki nəsillər məğlub oldu. Repressiya, ikinci dünya müharibəsi, Qarabağ döyüşləri, itkilərimiz, faciələrimiz yaşlı nəsilə ciddi travmalar yaşatdı. Bu travmaların ağrısını, acısını indi biz gənclər yaşayırıq.
Nicat Həşimzada istədiyi həyatı qurmaqda çətinlik çəkdiyini deyir: - Ortada bir reallıq var. Mən yazı adamıyam və ya olmağa çalışıram. Əgər il ərzində 20- 30 min kitabı satılsaydı çox əla yaşayardım. Hərdən mənim kimi gəncləri ittiham edirlər ki, get, fəhlə işlə, araba sür və s. Birincisi, fiziki işlər görməyimə səhhətim imkan vermir, ikincisi, biz o qədər kitabı ona görə oxumuşuq ki, gedək fəhlə işləyək. Bəs orta məktəbi və universiteti uğurla bitirməyi nəzərə almayaqmı? Biz universiteti nə üçün oxuyuruq? 200-300 manat aylıq əmmək haqqı almaq üçünmü? Cəmiyyətimizdə ciddi mənada çöküş var. İnsanlar yeri səhv düşür. Mərhum şairimiz Qabil demişkən, müsibət oluruq biz, səhv düşəndə yerimiz. İndi öz ixtisası üzrə çalışan çox az sayda adam var. Baytarlığı bitirən politoloq olur, fəlsəfəni bitirən inşaat mühəndisi olur və s. Belə nümunələr çoxdur. Çətinliyimizin əsas səbəbi də elə budur. Yerlərimiz səhv düşür.

Şair Ulucay Akif bütün yeniliklərin insanların xarakterinə və davranışlarına birbaşa təsir etdiyini deyir: -Bu dəyişikliklərin nəticəsidir ki, nəsillər arasında fərqlər, anlaşılmazlıqlar yaranır. Ədəbiyyatda da belədir, amma bir şeyi deyim. Mənə görə ədəbiyyatda “gənc” və “qoca” anlayışı yoxdur. Ədəbiyyatda “yeni” və “köhnə” anlayışları var. Yaşlı dediyimiz imzalardan elə yeni əsərlər, gənc dediyimiz imzalardan elə köhnə mətnlər çıxır ki, kimin gənc, kimin qoca olduğunu seçmək olmur. Yaşlı olmaq qəbahət deyil, təbii haldır, amma köhnə olmaq qüsurdur. Həmçinin gənc olmaq yox, yeni olmaq vacibdir!

Ulucay Akifə istədiyi həyatı qurmağa ona mane olan yeganə şey tənbəlliyidir. Özü bu haqda şağıdakıları dedir: -Çox tənbəl adamam. Bu tənbəlliyin də səbəbi məncə hər şeyin mənasız olduğunu dərk etməyimdir. Bu bir az mübahisəli və uzun məsələdir. Mənimçün ən vacib məsələ gözəl şeirlər yazmaqdır. Etiraf edim ki, bunun da əslində mənasız bir şey olduğunu çox yaxşı anlayıram. Sadəcə yaşamaq üçün insan gərək özünü aldada. Ədəbiyyat mənim inandığım ən gözəl yalandır.
Digər problem isə maddi məsələlərdir. Əslində yazıçı üçün maddi məsələlər heç önəmli olmamalıdır, amma maddi rahatlıq məişət problemlərinin yaradıcı insana təsirini xeyli azaldır. “Hamı pul istəyir” ifadəsi doğruya oxşasa da, tam elə deyiL Məsələn, kimsə pul istəyir ki, beşinci evini alsın, kimsə pul istəyir ki, başını altına soxa biləcəyi bir damı olsun.

“Özümdə dəyişmək istədiyim tək şey tənbəlliyimdir” -deyir Ulucay Akif.

Şair Aqşin Evren yaşlı nəsillə gənc gəns arasında bir neçə fərqi göstərir: - Əvvəla, biz gənclər olaraq ədalət axtarışındayıq, yaşlı nəsil isə praqmatikdir, öz faydasını güdür. Məsələn, bu gün gənclərin üzünə gülən bir yazıçı sabah dövlətdən 3-cü, 4-cü evi alır və bu yolla gənclərin, belə deyək, yetimin haqqına girir. Yazıçı, şair əxlaqı belə olmamalıdır. Mənim üçün əsas fərq budur, digər fərqlər o qədər də önəm daşımır. GƏncliyin səhvi yoxdurmu? Əlbəttə, var. Hər şeyin bu duruma düşməsinin başlıca səbəbkarı müti gənclərdir. Və mən əminəm ki, yaşlı yazarlarımız da öz içlərində bu müti gənclərə nifrət edirlər, onlara ikrah hissi ilə baxırlar, iyrənirlər. İkinci suala cavab: İstədiyim həyatı qurmağa ümidsizlik mane olur. Kimlərsə gəncliyi nəhayətsiz bir ümidsizliyə sürükləyir. Ona görə də ölkədə beyin köçü yaşanır. Bu köç davam edəcək və təxminən 50 il sonra bunun fəsadlarını görəcəyik. Məsələn, bu vaxta qədər mənə xaricdən daha yaxşı təkliflər gəlib, nəinki öz ölkəmdən. Amma getmək olmur. Hələ ki, nə isə mənə Vətənimi atıb getməyə mane olur. Belə deyək, AYB kimi bir qurumun varlığı əslində şansdır, ancaq, çox yanlış idarə edilir. Cəmi 5-6 təkliflə AYB-nin yaxın gələcəkdə ölkədə intibaha nail olmasını müşahidə edə bilərik. Təsəvvür edin, son aylarda bu quruma 4 milyon manat ayrılıb. O 4 milyon manata elə şeylər etmək olar ki, həm dünya ədəbiyyatımızdan, ölkəmizdən xəbərdar olar, həm də ölkəyə turist axını başlayar. Üçüncü suala cavab: Özümdə bu ümidsizliyi dəyişmək istərdim. Əslində, həmişə deyil, zaman-zaman ümidsizliyə qapılıram. Öz taleyimlə bağlı yox, ölkənin ədəbi taleyi ilə. Bizdə yaşlı nəsil arasında da, gənclər arasında da böyük beyinlər var. Amma dünyanın qarşısına hələ də Nizami, Füzuli ilə çıxırıq. Bəzən heç onunla da çıxa bilmirik.
“Hər şeyə rəğmən mən bir küncə çəkilib ədəbi fəaliyyətimə dava edirəm, edəcəyəm də. Heç bir ümidsizlik məni poeziya üzərində yaşadığım həyatdan qopara bilməz” -deyir gənc şair.

Şair Taleh Mansur:
- Elə bir zamana gəlib çatmışıq ki, indi gənc nəsli yaşlı nəsildən, yaşlı nəsli də gənc nəsildən fərqləndirmək olmur. Gənc var ki, "qoca"dı , qoca da var ki, "gənc"di. O yerdə ki, yaşıl nəsil və gənc nəsil anlaşa bilmir, orada nə yaşlı doğru-dürüs yaşa dolur, müdrikləşə bilir, nə də gənc nəsil gəncliyinin üstünlüklərindən yararlana bilir, gənc olduğunu hiss edə bilir. Məncə, belə suallarının özü kimi cavabları da qarma-qarışıq və xaotik olur. Açığı, belə suallara başqa cür cavab verməkdə çətinlik çəkirəm deyə, lakonik bir cavabla fikrimi yekunlaşdırıram.

“Maddi durumundan asılı olmayaraq, yer üzündə elə bir adam yoxdu ki, onun həyatı ürəyi istədiyi kimi olsun.Belə deyək da, nə yer üzündəki xoşbəxtlər tam səmimidirlər, nə də ki bədbəxtlər. İnsan ömrünün sonuna qədər layiq olduqlarının ölçü-miqdarını çək-çevir etməklə məşğul olur. Nə deyim, mən o qədər də naşükür deyiləm. Ailəm var, övladım var, kirayə olsa da, başımın üstündə evim var. Hələ Allah verdiyi ürəyim sevgidən, başım az-maz ağıldan uzaq düşməyib. Hiss edə bilirəm, duya bilirəm, bəsimdi. İnsan ağlını və ürəyini unudub, istəklərinə və maddi tələbatlarına çox qulaq versə, özünü şeytanın ağuşunda tapar” -deyir Taleh Mansur.
O bildirir ki, insan kamildirsə, özü və həyatı ilə bağlı hər şeyi dəyişmək səlahiyyəti var. Kamil deyilsə, heç libasını belə dəyişməyə haqqı yoxdu, fikrimcə. Nə danım, olur ki, daha çox həssaslığımla bağlı narahatçılıq, nigarançılıq keçirirəm. Hətta hərdən yenicə dünyaya göz açmış oğlumu belə başqa cür tərbiyə etmək fikrinə düşürəm ki, həssas olmasın. Sonra görürəm yox, mən ürəyimə xəyanət eləyə bilmərəm. Bir sözlə, mən özümlə bağlı dəyişmək istədiyim şeylərin artıq aludəçisiyəm. Bunları istəsəm də, dəyişə bilmərəm, istəməsəm də. Fikirlərim bir az mürəkkəb səsləndi, hə? Məndə həmişə belə olur: cavablandırmağa əzab çəkdiyim sualların cavabları mürəkkəb olur...

Jurnalist Tural İsmayılov gənc nəsli böyüklərdən fərqləndirən bir neçə əlaməti sadalayır və bunlardan ən başlıcasının gənclərin azadlığa daha çox meyilli olmağısını göstərir: -Burda məişət azadlığından yaradıcı azadlığa qədər hər şey nəzərdə tutulur. Yəni, bir yaşlı adam qanunlara və milli mənəvi dəyərlərə zidd olmayan hansısa azad fərqi zövqünü yaxud fikrini mental klişelərə görə bildirməz adətən, amma bir gənc üçün onu anlayacağı fərqli çevrələr olduğu üçün bu proses daha rahat və anlaşılan olar adətən. Bu baxımdan azadlıq anayışı istənilən formada bir gənci böyüklərdən fərqləndirən əsas məqam və ən önəmli faktordur.
Əlbəttə ki, imkanlar mane olur. Burada təkcə maddi imkandan söhbət getmir. Mənəvi baqxımdan da, fiziki sağlamlıq, əsəb stresinin yerində olmağı, işgüzar münasibətlərdə formalaşmış embarqolar və sair. İstədiyimiz həyatı yaşamağa mane olan mühüm çalarlar bunlardır.
Tural İsmayılov deyir ki, özüm barədə dəyişmək istəyəcəyim tək şey var; kaş biznes duyumum və ticarət zəkam olaydı, elə ən başdan jurnalistika və ədəbiyyat yerinə pul qazandıran, maddi dayanıqlılıq yaradan işlərə həvəsim olaydı. Özümü dəyişib, sadaladığımı sevən və bundan zövq alan bir insan olmaq istərdim.

Jurnalist Tural Turan gənc nəsli sələflərindən seçilən bir neçə nüansı göstərir: - Birincisi, əksəriyyəti optimistdir.İkincisi prqamatikdirlər. Üçüncüsü, uzaqgörəndirlər. Daha demokratikdirlər. Fikirlərini daha azad şəkildə ifadə edə bilirlər. Demokratik düşüncəyə malikdirlər. Barışmazdırlar. İstədiyim həyatı yaşamağa mane olan yalnız maliyyə sıxıntısıdır. Evsizlik buxovundayam. Bu tək mənim yox, böyük əksəriyyət gəncliyin problemidir. Sosial şəraitin ağırlığı gənclərin gec yaşda evlənməsinə, genefondun əsas sütunlarının zədələnməsinə gətirib çıxarır. Hesab edirəm ki, bunun bir çıxış yolu tapılmalıdır. Amma mənəvi cəhətdən xoşbəxtəm. Bunun maddi duruma aidiyyatı yoxdur. Kitabların sayəsində səbr etməyi öyrənirəm (gülür). Özüm hər gün dəyişirəm, inkişaf edirəm. Yenilənirəm. Bu normal haldır.
Tural Turan deyir ki, onu narahat edən və ona mənfilik gətirən xüsusibir xüsusiyyəti yoxdur.

Yazar Ayxan Ayvaz: - İndi gənc nəsli yaşlılardan fərqləndirən cəhətlərin qürubunu görürəm. Etiraz, çılğınlıq yox olur, yerinə mütilik gəlir.
Ayxan Ayvaz istədiyi həyatın konturlarını belə göstərir: hüzur və normal yaşamaq.
Ayxan Ayvaz da da digər həmyaşıdları kimi tənbəlliyini dəyişmək istəyindədir.

Təqdim etdi: Şəhla Aslan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930