Yollar özü məni sənə gətirir - Afaq Şıxlının şeirləri
![]()
MANERA.AZ tanınmış şair Afaq Şıxlının 50 illik yubileyi münasibəti ilə şeirlərini təqdim edir:
TALEYIN AÇILMAZ OVUCUNDAYIQ
Ömür daş qəlibdə, günlər qanadlı,
Aşılmaz bir dağın yamacındayıq.
Dərd var içimizdə - ayrılıq adlı...
Hərəmiz dünyanın bir ucundayıq.
Həyat var, sevinci sığır bir ana,
Sevinc var, dar gəlir cümlə-cahana.
Yaşayıb dözürük hər imtahana,
Kim bilir qismətin nə suçundayıq?!
Bitməyən arzular duranda üzə,
Tükənən imkanlar baxmaz ki, sözə...
"Azad ol" - desə də xəyallar bizə,
Taleyin açılmaz ovucundayıq!
TƏƏSSÜF
İnsanları sınamağı sevmirəm,
Amma hərdən qınağıma düşürlər...
Göz üstündə saxladığım dostlarım
Bəbəyimdən yanağıma düşürlər...
Yandırırlar yanağımı od kimi,
Hər damlada bir iniltim, bir acım...
Ümidlərə tapındıqca əlacsız,
İtgin düşür “dost” sözünə inancım...
Çəkilirəm öz qınıma yenidən,
Köksüm altda bir dost yeri boşalır.
Düşüncəmdə sovrulduqca küləklər,
Ürəyimdə təəssüflər baş alır...
YADINA MƏN DÜŞƏCƏM
Yenə sakitlik çöküb, yenə qaş qaralanda,
Əl-ayaq çəkiləndə yenə tənha qalanda,
Öz-özündən xəbərsiz xəyallara dalanda
Yadına mən düşəcəm.
Sahil boyu... sevənlər hey əl-ələ verəndə,
Kimsə sevgilisinin saçlarını hörəndə,
Yenə başının üstdə göyqurşağı görəndə
Yadına mən düşəcəm.
Meydanlar bəzənəndə, bayraqlar salınanda,
Xonça bəzəmək üçün bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.
Kimsə öz eyvanında aynasını siləndə.
Kimsə divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına gələndə
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni vuranda,
Yüklü xatirələrin düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Evinin hər bucağı mənə dönüb baxanda,
Həsrət səni mənimtək sinəsinə sıxanda,
Kitabının içindən iki yonca çıxanda –
Yadına mən düşəcəm.
Məhəbbət uman zaman hər saatdan, hər ildən,
Nəzir verib bir dua gözləyərkən səfildən
İtən yadigarlarım tapılacaq qəfildən –
Yadına mən düşəcəm.
Yadına gətirəndə ömrün xoş anlarını,
Cavanlığın, şöhrətin xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını –
Yadına mən düşəcəm.
Yadına mən düşəcəm!
ANAMA
Əziz anam, ömür adlı qatardan
Ayrıların sırasına düşmüşəm.
Doğmalarım yadlarıma qarışıb,
İki dünya arasına düşmüşəm.
Bu gün imiş dünənlərin yarını,
Sevən sevib, gəzən tapıb yarını.
Dərən dərib nübarını - barını,
Mən talenin urasına düşmüşəm.
İsmətimdən pərdə çəkib üzümə,
Dar günümdə güvənmişəm özümə.
Arxalanıb ağ diləkli sözümə,
Misraların qarasına düşmüşəm.
Qərib eldə ömür keçib talanda,
Xeyir- şərdə, həqiqətsə yalanda.
Şeirlərim sarı simmiş, çalanda
Ürəyimin yarasına düşmüşəm!
Mizan əyri, çox da ona düz deyin!
Fələk sayır bildiyini, yüz deyin!..
Mən düşündüm, tapammadım, siz deyin -
Tərs qismətin harasına düşmüşəm?
ÇİÇƏK OLDUĞUNU UNUDAN QADIN
Ayrı düşüb, sahil kimi, dənizdən,
Xoşbəxtliklə arasında cizgi var.
Nə zamandı sevinməyir o üzdən,
Ürəyində bir gərəksiz sevgi var;
Fəsillərlə həsrət qalıb günəşə,
Gecələri bulud örtüb ayını.
Qürurundan bəxt verənə gənəşib
İstəməyib öz səadət payını.
Tək qaldıqda hey ağlayıb-inləyib,
İncisə də, incitməyib heç kəsi.
Qar altında ətir saça bilməyib
Boynubükük arzuların qönçəsi.
Qarışıb ömründə yalanla gerçək,
Donub əllərində qərib həyatın -
Qadın olduğunu unudan çiçək,
Çiçək olduğunu unudan qadın.
KİMİN HİCRAN PAYIYAM?!
“Mən onsuz da bu dünyadan deyiləm”,
Xoşbəxtliyin bir gecəlik ayıyam.
Nə istədim - uzaq gəzdi, dolandı,
Bəxt oxunun gərilməmiş yayıyam.
Kədər daşıb, qismət məndən arlanıb,
Yoxsul ümid həsrətimdən varlanıb.
Yar bağında yollar-izlər qarlanıb...
Ayrılığın sanki əkiz tayıyam.
Yazan hanı... bu nağılın yox ardı!
Qışdan özgə kim qapımı çalardı?
Mən olmasam qürbət kimə qalardı...
Görən, Allah, kimin hicran payıyam?!
SƏN - MƏNİM ÖMRÜMÜN
BEŞİNCİ FƏSLİ
Unutma, mən səni unutmamışam...
Yurd salıb getmisən ürəyimdə sən.
Qəlbimi kimləsə ovutmamışam,
Çünki, həmişəlik ürəyimdəsən.
Unutma, mən səni sevirəm hələ,
Bu sevgi azalmır, artır günbəgün.
Qayıdıb bir daha dönməsən belə,
Ruhum qovuşacaq ruhuna bir gün.
Sən - yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən!
Sən - mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən.
Bilmirəm, heç nələr dəyişdi səni,
Durub-düşünürəm hər səhər-axşam...
Bircə istəyim var: Unutma məni!
Unutma, mən səni unutmamışam!
QAYIT
Qayıt, bilirsənsə dönə bilməyi!
Qayıt, unutmamış məni sevməyi!
Qayıt, intizarın ölümdən betər!
Qayıt, səni hərdən görməyim yetər!
Qayıt, ağlamamış qəm buludları,
Yenə tapdalayaq yaşıl otları.
Qayıt, gəlişinlə çəkilsin çənlər.
Öpsün izimizi həsrət çəmənlər...
Qırılsın amanı ayrılıqların,
Kəsilsin arası hıçqırıqların.
Sənli xəyallarım dar gəlir mənə,
Sənsiz yaşamaq da ar gəlir mənə...
Yetər sənsizliyə dözmüşəm! Qayıt!
Yetər sənsizlikdən bezmişəm! Qayıt!
Qayıt, əvvəlkitək sevməsən belə...
Qayıt, mənim üçün dönməsən belə...
MƏNİ XƏYALLARLA QOYDUN
TƏKBƏTƏK
Məni xəyallarla qoydun təkbətək,
Yarın qismət oldu divə, bilmədin.
Niyə danışdığın nağıldakıtək
Yaşaya bilmədin, sevə bilmədin?!
Sən sahib çıxmadın hisslərimizə,
Unutmaq istədin olub-keçəni.
Həsəd aparırdı sevənlər bizə,
İndi səndən ayrı görürlər məni...
“Ayrılaq!” deməyin ən böyük günah!
Demək ki, bu sənin son niyyətindi!
Yalanla yaşamaq çətindir, ancaq,
Sənsiz ömür sürmək daha çətindi.
Ürək söz dinləmir..., sevirəm hələ...
“Əlvida!” söyləmək ölümdən betər!
Gedirəm ömründən mən bilə-bilə,
Mənim də yerimə xoşbəxt ol, yetər!
SƏNİN OLMADIĞIN
HƏR YER - QƏRİBLİK!
Ustad Məmməd İsmayıla
Keçib neçə payız, keçib neçə yaz,
Unutmaq asanmış gözdən itəni...
Qəribdən savayı kimsə anlamaz
Necə özləmisən Ana Vətəni!
Məhəbbət payladın, qəmə qarışdın,
Duyğular içində duyğu payın var.
Getdin, qürbət ellə elə barışdın -
Vətən həsəd çəkib səni arzular!
Səsini gətirsə bir qərib külək
Nigaran fikirlər durub dincələr.
Sözünün sehrindən titrəyər ürək,
Ruhlar o dünyadan qayıdıb gələr.
Bu qarı həsrətin ömrü minillik...
Qəhr olub nə qədər ümidlər sönüb.
Sənin olmadığın hər yer - qəriblik!
Sənin olduğun yer Vətənə dönüb!
Zəmanə dəyişər, səbr elə hələ,
Qismət əl uzadar gözdən itənə.
“Sellər” cuşa gələr, insanlar dilə,
Dönərsən sevdiyin Ana Vətənə!
MƏNDƏ BĠR ÜRƏK VAR...
Məndə bir ürək var - sevən bir ürək,
İçindəki sənsən, gəzdirən mənəm.
Sənin xatirinə qoruyam gərək,
Könlümü özgəyə verə bilmərəm.
Məndə bir kitab var - sənin yazındır,
Onu sinəm üstə əzizləyirəm.
Elə sanıram ki, yadigarındır,
Hər gün sətir-sətir əzbərləyirəm.
Məndə bir ümid var – ilk bahar kimi,
Kökləyər könlümü nurlu sabaha.
Bəlkə bir dost kimi, bəlkə yar kimi
Ömrümə qaytarar səni bir daha.
Məndə bir sevgi var - mənalı, təmiz,
Qəlbimdə məşəltək hey yanacaqdır.
Bir gün bu dünyadan yox olsaq da biz,
Sevgimiz əbədi yaşayacaqdır!
SEVGİLİN OLURAM
Qəlbinə dəyirəm, görürəm özüm,
Sonradan könlünü alıram axı!
İnciyib gedirəm, dönürəm özüm,
Qolumu boynuna salıram axı!
Birdən od-alovum göylərə çatır,
Birdən də susuram, fırtınam yatır,
Dəyişik olmağım fikrini qatır...
Yenə də sevgilin oluram axı!
Onsuz da hər zaman varam yanında,
Ürəyim döyünür, sanki, canında.
Gözüm üzündədir, üzgün anında
Bir sevgi nəğməsi çalıram axı!
İçimdə min yerə çırpınır dözüm,
Bəzən acı olur ən şirin sözüm.
Səni güldürəndə gülürəm özüm,
Səni küsdürəndə soluram axı!
Sənsiz aydan-ildən uzundur anım,
Bax, bu ayrılığa necə dayanım?..
Bilirəm, sevirsən, sevirsən, canım,
Mən də sənin üçün ölürəm axı!
TƏK SƏNİ İSTƏRƏM
BU YER ÜZÜNDƏ
Tək səni istərəm bu yer üzündə,
Min arzu, diləyə dəyişmə məni!
Gözələm, göyçəyəm - sənin gözündə,
Bu yerə, bu göyə dəyişmə məni.
Dağ olsan, dolanım dumanın olum,
Xoş günə ümidin, gümanın olum.
Tar olsan, yanında kamanın olum
Hər ötən nəğməyə dəyişmə məni!
Versələr aləmin varını sənə,
Min bağın-bağçanın barını sənə,
Dünyanın ən gözəl yarını sənə,
Heç kimə, heç nəyə dəyişmə məni!
GƏLƏCƏM
Yollar özü məni sənə gətirir,
Bu yollarda olsa da çən, gələcəm!
Niyə qəlbin ümidini itirir?
Saçlarıma düşsə də dən, gələcəm!
Qara yellər azdırammaz izimi,
Tüstü, duman tuta bilməz gözümü.
Bu sevgiyə qurban edib özümü,
Qarşı qoyub hər nə desən - gələcəm!
Ayazlara verməyəcəm aman da,
Gül acacaq, inan, arzu, güman da.
Nə yorulmaq, tez ötəcək zaman da,
Görəcəksən, gələcəm mən, gələcəm!
Hər bir kəsin Tanrı yazır baxtını!
Ucaldacaq endirdiyi taxtını!
Daha mənə sərf edərsən vaxtını,
Əl üzmərəm axı səndən, gələcəm!
Ömrüm-günüm, daha sondan danışma!
İnamımı sarsıtmağa çalışma!
Demirəm ki, həsrətimdən alışma,
Deyirəm ki, həsrətə tən gələcəm!
SƏNSİZ
Bu gün yada salıb ötən günləri
Nakam arzulara bir badə qaldır!
Canlandır mürgülü xatirələri,
Burda tənha qalan bir dünya vardır.
Eşqin ürəyimdə yanan bir ocaq
Sənsiz ömür sürmək mənə çətindi.
Gəlməsən, sevgimiz yetim qalacaq
İsti nəfəsinə möhtacam indi...
Söylə, nə etmədim səninçün daha?
Qürurum məhəbbət önündə aciz...
Gecələr sevgidən dönsə sabaha
Nurlu dalğalara qərq olarıq biz.
Həsrət gözlərimin silib nəmini,
Qəlbimi ovundur nəvazişinlə.
Sənsiz günlərimin qüssə-qəmini
Sən mənə unutdur öz gəlişinlə.
Qayıt gəl, “əlvida” söyləmə bir də!
Son qoymaq bu eşqə asanmı məgər?
Sevgilim, məhəbbət olduğu yerdə
Hər dərdə-əzaba dözməyə dəyər.
Gəl, mənim həyatım, barışaq bu gün!
Kədəri, nisgili ürəyindən at!
Gəl, tut əllərimdən, özümüz üçün
Sevincdən əbədi bir dünya yarat!
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ