manera.az
manera.az

Sinəmi göynədən ağrılarım var - Taleh Həmidin şeirləri

📅 20.06.2019 13:00

Sinəmi göynədən ağrılarım var - Taleh Həmidin şeirləri
Manera.az mərhum şair Taleh Həmidin şeirlərini təqdim edir:

ÜRƏK AĞRIMAĞIN ZAMANI DEYİL

Hərdən gizli-gizli, hərdən aşikar,
Sinəmi göynədən ağrılarım var.
Bir ömrü isidib, onu yaşadan
Neçə şirin-şirin duyğularım var.
Qoy səni yormasın yoxuşlar, yollar,
Ürək, ağrımağın zamanı deyil.

Sənsiz nə karəyəm danışam, güləm,
Bu alovlu sinəm, bu odlu sinəm
Sevgi təşnəsidir əzəldən, bilsən.
Çox əllər tutsa da bəzən əlimdən,
Yüz əl itələdi geri sinəmdən.
Yaxın gəl, düşünək, bir sən, bir də mən,
Ürək, ağrımağın zamanı deyil.

Təkcə sevinc deyil, bilirəm, həyat,
Beş-on işləyib, yorulur saat.
O, zamanı sayır, sən ömrü saydın,
Çox çətin olardı sən vurmasaydın,
Xeyirxah, rəhmli, mərd olmasaydın.

Geriyə baxanda dönərək indi,
Qəlbimdə nə qədər suallar dindi.
Atəşindən illər, günlər isindi,
Hərdən yorulanda, fikrə dalanda,
Sən mənə söylədin – həyat şirindi,
Ürək, ağrımağın zamanı deyil.

Nə çəkmişik, bilən olnsuz biləcək,
Ötən çox günləri ulduz biləcək.
Dostlar kədərlənib, düşmən güləcək,
Darıxma, ürəyim, olanlar olur,
Bir gün ağrımağın vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.

ÖZÜM BİLƏ-BİLƏ

Səni soraqladım, səni axtardım,
Dolandım yaxını, gəzdim uzağı.
Arzum, həsrətim oldun,
Bunu məndən yaxşı kim bildi axı?!

Elə mənim dedim, mənim olmadın,
Könlümə, ruhuma axıb dolmadın,
Sakit həyatıma kəsildin qənim,
Uzaq ulduz kimi, gözəlim mənim.

Hər səhər, hər axşam yolunda durdum,
Küçənizdə bitən salxım söyüdün
Ürkək tellərini oxşadım, hördüm,
Ona ürək verdim, o, sən deyilsən.
Bəlkə həsrətim də uçub gedərdi,
Söyüdtək üstümə bir yol əyilsən.

Yox, indi bunu da istəmirəm mən,
Gözümdən düşərsən bir gün əyilsən.
Arxanca kölgətək sürünəsiyəm,
Özüm bilə-bilə mənim deyilsən…

ŞAİQ ÖLƏN GÜN

O dəm, o an,
O vaxt, o zaman
İçimdən ilğımlar, odlar keçən
Səhra idim, çöl idim.
Şaiq Vəli ölən gün
Mən də öldüm…

Amma məni
Sonra dəfn edərsiniz –
ən sonda…
Şairi öldürüb,
Ağlamaq nədir? –
bilərsiniz onda…

Bilərsiniz ölümdən betərdir
Bir ürəyin göynəmi.
Sorarsınız, nə idi,
Şairin dərdi, qəmi?!

Mən azdan-çoxdan bilirdim
Şaiqin dərdini.
Şaiq ölən gün
Hirsimdən öldürdüm
Olmayan imkanımı…

Bizi birgə dəfn edərsiniz,
Bütün imkansız şairlər
Bir sinif kimi öləndə…
Bir də
Şaiqin məzarı üstə
Yovşan güləndə…

UNUT DA MƏNİ

Bir sevgi yaşatdıq bahardan qışa,
Deyəsən tuş gəldik axı qarğışa.
Dünən küçənizdə düşdüm yağışa,
Tanıdı yağış da, bulud da məni.

Kimsə agah olar bu gizli sirdən,
Həsrətim oxunar üzündə birdən.
Görünə bilərəm gözündə birdən,
İslat göz yaşında, qurut da məni.

Yoxdu halımıza yanan kəsimiz,
Çətin bir də dinə sınan səsimiz,
Bir kövrək xatirə olsun bəsimiz,
Xatırla da məni, unut da məni…

ANAMIN NƏ KÖVRƏK MƏZAR DAŞI VAR

Yanına gələndə həsrətim sönür,
Ocağa çevrilir, alova dönür,
İçim pöyşələnir, əlim isinir,
Anamın nə isti məzar daşı var!

Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı, bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!

Önündə varlığım çəkilir dara,
Bələnir yağışa, üz sürtür qara,
Ünvan göstərirəm qəlbidaşlara,
Anamın nə kövrək məzar daşı var!

O SEVGİNİ ÜRƏYİNDƏ GİZLƏMƏ

Ömür yükdü incimək də, barış da,
Ötəcəkdi bu bahar da, o qış da.
Görünəcək alnındakı alnındakı qırıs da,
O sevgini ürəyində gizləmə.

Bulud olub yayılacaq göylərə,
Yağış olub səpiləcək çöllərə
Bir də gördün, yazılacaq gözlərə
O sevgini ürəyində gizləmə.

Nə gileydi söhbətində, sözündə,
Damla-damla yaşa dönər gözündə,
Görürəm ki, yazılıbdı üzündə
O sevgini ürəyində gizləmə.

Könlüm sınır qıırılanda hər səsin,
Gülüşlərin nəğmə olsun, yüksəlsin.
Öləriksə, birgə ölək, de gəlsin,
O sevgini ürəyində gizləmə.

GƏLMƏYƏCƏYİK

Ulduzu göylərdən enən görmüşük,
Yanan ocaqları sönən görmüşük,
Biz hansı gedəni dönən görmüşük? –
Bir də bu dünyaya gəlməyəcəyik.

Ağın ağ rəngi var, qaranın qara,
Əbəs aldatmasın şirin xülyalar.
Gözlər dikilməsin sonsuz yollara,
Hər şeyin əvvəli, bir də sonu var.
Birin bir təkrarı, onun onu var,
Bir də bu dünyaya gəlməyəcəyik.

Eşqin alovunda biz kül olarıq,
Ömrün sehirində bir gül olarıq,
Deyirik, gülürük, nə qədər varıq,
Onsuz da yoxluğun üzü qaradı,
Bir də bu dünyaya gəlməyəcəyik

QOŞA KEÇİDLƏR

Gənclik durnalartək uçub gedəndən,
Ağrılar-acılar başa keçdilər.
Bilmirəm, nə gördü nazlı gözəllər,
Adımı sormamış, yaşa keçdilər.

Üstümdən tufanlar, yellər əsdilər,
Kəklik qanad çaldı, tellər əsdilər,
Ayağım titrədi, əllər əsdilər,
Atdığım güllələr boşa keçdilər.

Yorğunu düşdüyüm yaşıl otlaqlar,
Tamarzı qaldığım barlı budaqlar,
İçə bilmədiyim bumbuz bulaqlar
Qayadan qaynayıb daşa keçdilər.

Talehin halını sormayan dilbər,
Soruşub qaydına qalmayan dilbər,
Yolunu bir bizə salmayan dilbər,
Dünən acığıma qoşa keçdilər.

OLDU

Bu qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb - qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar oldu.

Əzəldən dünyada haqq var, nahaq var,
Belə yaranıbdı - baş var, ayaq var.
İnsan var, adam var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.

Yarandıq, bölündük doğmaya, yada,
Pərvanələr gördüm - çaxıldı oda.
Gör neçə aşiqlər getdilər bada,
Məhəbbət bağında talanlar oldu.

Mənə əzab verən - mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq tutar, yeriməz deyir,
Həqiqəti əyən yalanlar oldu.

Gəzdim dərələrdə, dolaşdım yalda,
Gözüm ormanlarda, könlüm xəyalda,
Xoşbəxtlik deyilən o sonsuz yolda
Qismətim azacıq xoş anlar oldu.

Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.

GÖRƏRSƏN YOXAM

Özüm də bilmirəm, axı nədəndi,
Küsəyən olmuşam, kövrək olmuşam,
Xəyallar başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.

Sənsiz il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.

Mən bir günəbaxan - günə sarıyam,
Qaytar o bahara - çağırma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymayın içimdən sınmağa məni.

Çox da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda nələr var, axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.

Zaman ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.

Qoyma nəzərindən, gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar gözlərində, apar, sən məni,
Gedərsən, gələrsən, görərsən yoxam...

ANA YAŞIYAR

Ömrü pərvanəyə eyni yaşıyar,
Övladla ürəyi, beyni yaşıyar,
Yerin çəkisini öz oxundan çox
Bəlkə bir həsrətli ana daşıyar.

Sinirməz haqqını bir kimsə dansa,
Dünya od tutmazmı bir ana yansa?!
Könlü parçalansa, ürəyi sınsa,
Sağalmaz yarası, onu qaşıyar.

Bizi bu dünyaya gətirən ana,
Ucaldıb, böyüdüb, yetirən ana,
Mən gördüm övladın itirən ana -
Ömrü necə yana-yana yaşıyar!

Taleh, analardı əbədi ilqar,
Öldü deməynən, sən varsan, o var.
Köksünün altında sonsuz məhəbbət,
Dilinin ucunda ana yaşıyar.

MƏN BİR ÇİNARAM

Mən bir çinaram - uca bir çinar,
Torpaqdan su içir qolum, budağım.
Dostlarım solmayan yarpağımdılar,
Qoynum quşlar üçün - yaşıl otağım.

Mən bir çəmənəm - gülüm, çiçəyim
Nə xəzan tanıyır, nə payız bilir.
Çiçəklər gözümdür, otlar köynəyim,
Başımdan dumanlar, çənlər çəkilir.

Mən bir bulağam - dumduru suyum
Sonsuz arzulartək çağlayıb axır.
Gecələr güzgüyəm ay işığına,
Ulduzlar şəklinə gözümdə baxır.

Mən bir axar çayam - şıltaq dağ çayı,
Daşlardan-daşlara dəyib axıram.
Uca zirvələrdən enib aşağı,
Başımı torpağa əyib axıram.

Mən bir cığıram dağ yamacında,
Dərəni zirvəyə çatmaq istərəm,
Bütün cığırları yığıb dövrəmə,
Hüdudsuz yollara qatmaq istərəm.

Mən bir insanam - eşqim, diləyim,
Şeirlə, nəğməylə açılıb dilim.
İnsandan aldığım yaxşılıqları
Vaxt verin, insana qaytara bilim.

ZİRVƏDƏ BİTƏN TƏK AĞACA

Ey uca zirvədə bitən tək ağac,
Yaşıl budağına əllər çatmayır.
Zərif budaqların sevgiyə möhtac,
Kölgəndə obalar, ellər yatmayır.

Xırdaca tum idin, quruca bir dən,
Səni gör, haraya əkdi küləklər?
Qolundan yapışıb uşaqlar kimi,
Uca zirvələrə çəkdi küləklər.

Buludlar halayla gəzir dövrənə,
Yoxdur budağını doğrayıb, kəsən,
Meşələr həsədlə boylanır sənə,
Sən də meşələrin həsrətindəsən.

Bilmirəm palıdsan, bilmirəm vələs,
Orda - uzaqlarda kölgə kimisən.
Sənə yetişməyir nə hənir, nə səs,
Doğmalar içində özgə kimisən.

Ömür var şirindir, ömür var - acı,
Ömür var hər günü bir ulduz olur.
Hədsiz ucalıq da darıxdırıcı,
Hədsiz ucalıq da mənasız olur...

TALEH HƏMİDDƏN TALEH HƏMİDƏ

Ayaqların yeni-yeni yer tutur,
Şirin dilin təzə-təzə söz tutur,
Böyüyürsən asta-asta,
Baharım, yazım mənim.
Adımdan adına, soyumdan soyuna
Pay düşən payım mənim!

Səni sabahlar gözləyir,
Sabahların xeyir gəlsin!
Milyon səslər içində
Sözün, səsin yüksəlsin!
Dünya yoldu –
hamarı var, daşı var,
Bu insanlar axınında
Ariflər var, naşı var.
Yolların hamar da,
Daş da olacaq,
İnsanlar tapılacaq –
Səni bircə sözdən başa düşəcək,
İnsanlar da olacaq,
kal armuda çevrilib,
Boğazında qalacaq.

Dünya belə olubdu, belə qalacaq,
Dünya belə gəlibdi, belə olacaq.
Sən özün ol, özün ol, nəvəm mənim!
Səni dəyişməsin hər əsən rüzgar,
Külək olub əsmə,
Addımını atanda, yeriyəndə,
yüyürəndə –
Tələsmə!

Sənə atılan daşlar
Mənə atılacaqdı.
Dünyada sonuncu
Bir yaxşı qalsa,
Biri ayağından itələsə,
Biri qolundan tutacaqdı.

Dünya səbirliləri, həlimləri sevir.
Səbrin qalxanın olsun!
Yaxşılıqlar, mərdliklər
Sənin ünvanın olsun!

Mən belə köklədim öz ilqarımı,
Təkcə adımdan adına,
Soyumdan soyuna
Pay vermirəm,
Həm də sənə tapşırıram
Arzularımı.
Onlar gərəyin olsun,
Bir də onu deyirəm:
Tanrı köməyin olsun!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 1 729 | Yüklənmə tarixi: 20.06.2019 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031