manera.az
manera.az

Kazım Qarabəkir paşa xatirələrdə...

📅 07.04.2019 16:14

 Kazım Qarabəkir paşa xatirələrdə...
Naxçıvanın tarixində böyük xidmətləri olmuş Kazım Qarabəkir paşa xatirələrdə...

Rüfət Hüseynzadə: "Azərbaycanın, türk dünyasının tarixinə yazılmış və 80 ildən artıq atam Lətif Hüseynzadənin yaddaşından, xatirindən silinməyən izlərdən biri..."


Türk dünyasının böyük sərkərdələrindən, fikir adamlarından olan Kazım Qarabəkir paşa həqiqətən də misilsiz şəxsiyyətdir. Bu böyük insanın tarixdə qoyduğu izlər bu gün diqqət və həssaslıqla öyrənilir, araşdırılır.

K.Qarabəkir paşanın Azərbaycanla, xüsusən də ayrılmaz parçamız olan Naxçıvanla bağlılığı çox dərindir. Qarabəkir paşanın daşnak ermənilərə qarşı apardığı mübarizə, onun nizami ordusunun şücaəti naxçıvanlıların dilində dastana çevrilib. 70 il sovet ideologiyasının təsiri nəticəsində K.Qarabəkir paşanın adı aşkar çəkilmədi, ancaq əməlləri şifahi olaraq dildən-dilə, yaddaşdan-yaddaşa keçdi. Bu gün K.Qarabəkir paşa Naxçıvanın xilaskarlıq simvoluna çevrilib desək, yəqin bizə irad bildirməzsiniz. Çünki o dövrdə, Naxçıvan da daxil olmaqla, ətrafda olan böyük bir əraziyə Qarabəkir paşanın cəsur ordusu nəzarət edirdi. Yəni həm Naxçıvanda, həm də Qərbi Azərbaycanın böyük bir hissəsində K.Qarabəkir paşanın ordusu söz sahibi idi.

Ermənilərin qanlı cinayətləri...

Qeyd edək ki, 1918-1920-ci illərdə ermənilər Naxçıvanda tükürpədici qanlı cinayətlər törədib. Bu cinayətlər nəticəsində yüzlərlə insanın həyatına son qoyulub. Sözsüz ki, Naxçıvan igidləri ermənilərlə mübarizədə aktivlik göstərib, onların qanlı cinayətlərinin qarşısının alınmasında fəaliyyətləri olub. Əlbəttə, erməni fitnəsi, həmişə olduğu kimi, o çağlarda da işlək olub. Onlar havadarlarının köməyi ilə hər cür vasitələrə əl ataraq cinayət törədib. Məlumdur ki, həmin illərdə Azərbaycanın müxtəlif yerlərini, bölgələrini ermənilər qan gölünə çevirmişdi və insanlarımıza qarşı kütləvi qətliamlar həyata keçirirdi.

Ağır günlərimizdə Qafqaz İslam Ordusu köməyimizə gəldi. O ordunun başçılarının, qəhrəman türk oğullarının ruhu şad olsun.

Araz şahidliyi...

K.Qarabəkir paşa Naxçıvana o dövrdə himayədarlıq edərək naxçıvanlıları qorudu. Bu gün Qarabəkir paşanın Naxçıvanda heykəlinin ucaldılması məsələsi aktuallaşıb.
Bu torpaqda qəhrəmanlıq göstərən, ermənilərin qənimi olan Qarabəkir paşaya heykəl ucaldılması o kişinin xatirəsinə, əməyinə böyük ehtiram olardı. Bu həm də onun halal haqqının qələbəsi olardı. Azərbaycan türkləri olaraq K.Qarabəkir paşaya bir vəfa borcumuz var.

Keçən həftə bu mövzunu gündəmə gətirmişdik, ekspertlər bildirdilər ki, Nuru paşaya da, K.Qarabəkir paşaya da Azərbaycanda heykəl qoyulmalıdır. Dar gündə qardaş dadına çatan qardaşın ruhu əzizlənməli, ağırlanmalıdır. Qəhrəman Qafqaz İslam Ordusunun igidlərindən Azərbaycanda çox izlər qalıb. O izləri silinməyə qoymamalıyıq.

K.Qarabəkir paşa haqqında çap etdirdiyimiz yazıdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüfət Hüseynzadə bizimlə əlaqə saxladı. O, yazı ilə bağlı müsbət fikirlərini bildirdi və qeyd etdi ki, atası Lətif Hüseynzadə K.Qarabəkir paşanın əsgəri olub.
Qeyd edək ki, L.Hüseynzadənin "Kazım Qarabəkir paşa Naxçıvanda - Araz şahiddir" kitabı 2007-ci ildə Azərbaycanda, 2008-ci ildə isə Türkiyədə nəşr olunub.

"Atam belə danışırdı..."

R.Hüseynzadə atasının kitabına istinadən bizi K.Qarabəkir paşa haqqında maraqlı faktlarla tanış etdi. Rüfət müəllim əvvəlcə onu qeyd etdi ki, K.Qarabəkir paşaya Naxçıvanda heykəl qoyulması təklifinə müsbət yanaşır. Professorun sözlərinə görə, bu gün Naxçıvanda K.Qarabəkir paşanın xatirəsi hörmətlə anılır.
R.Hüseynzadə bildirdi ki, atasından da, naxçıvanlılardan da K.Qarabəkir paşa haqqında çoxlu dəyərli fikirlər eşidib. O deyir ki, atası o illərdən hər zaman geniş danışıb: "Azərbaycanın, türk dünyasının tarixinə yazılmış və 80 ildən artıq L.Hüseynzadənin yaddaşından, xatirindən silinməyən izlərdən biri 1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdikləri qanlı cinayətlər və şanlı türk ordusunun, K.Qarabəkir paşanın Naxçıvanı erməni zülmündən xilas etməsidir.

Məlum bir həqiqətdir ki, "Böyük Ermənistan" yaratmaq ideyasını gerçəkləşdirmək üçün ermənilər 1918-1920-ci illərdə, Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisini qırıb yox etmək cəhdi ilə qanlı cinayətlər törətmişlər. Naxçıvanda yaşayıb boya-başa çatmış, 1903-cü ildə doğulmuş, 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuş, respublikanın əməkdar müəllimi, dosent, Azərbaycanda elm, maarif və pedaqoji fəaliyyət sahəsində göstərdiyi xidmətlərinə görə yüksək dövlət mükafatı - "İstiqlal" ordeni və Türkiyə-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində, şanlı türk ordusunun şərq cəbhə komandiri general K.Qarabəkir paşanın qəhrəmanlıq şücaətlərinin təbliği sahəsində xidmətlərinə görə Türkiyənin "Türk Kara Küvvetleri Komutanlığı" ordeni ilə təltif olunub. Ahıllıq dövründə belə - 106 yaşında olarkən kitablar, memuarlar, xatirələr, məqalələr yazan, Prezident təqaüdçüsü olmuş L.Hüseynzadə kitabında şahidi olduğu o dövrün acısını, qanlı hadisələrini qələmə alıb və türk ordu generalı K.Qarabəkir paşanın əsgəri olması ilə fəxr edərək, onun şücaətlərini, Naxçıvanın taleyində oynadığı rolu əks etdirib.

Atam xatirələrində belə danışırdı: "1918-ci il mart ayının əvvəllərində Naxçıvan camaatı əziz Novruz bayramını şən keçirmək həvəsi ilə hazırlaşdıqları bir zamanda ermənilər şəhərin Şahab, Əlixanlı, Zaviyə məhəllələrini top atəşinə tutdular. Yaşadığımız Sarvanlar məhəlləsini və bu məhəlləyə yaxın Gomayi, Dizə, Xoşulu məhəllələrinə od vurub yandırdılar... Əgər türk ordusu, K.Qarabəkir paşanın ordusu Naxçıvana köməyə gəlməsəydi, bu vilayətdə bir nəfər türk-müsəlman qalmayacaqdı. Bütün bunlar mənim gözlərimin qarşısında olmuşdur".

1828-ci ildə Naxçıvana köçürülüb gətirilərkən Naxçıvan camaatının onlara göstərdikləri mərhəmət və yardımları unudan ermənilər cinayətkar əməllərə əl atmışlar. 1918-ci il iyun ayının əvvəllərində Andranik 15 minlik quldur dəstəsi ilə qəflətən Naxçıvan ərazisinə soxulmuşdu. Onlar ilk addımlarında 700 evlik Yaycı kəndinin əhalisini qılınc, xəncər və süngü ilə qətl edərək Araz çayına tökmüşdülər. Araz bu qanlı cinayətlərə şahiddir.

Andranikin qoşunu Nehrəm kəndini mühasirəyə alıb kəndi top atəşinə tutmuşdusa da, kəndə girə bilməmiş, amma kənd ətrafında obalara hücum edərək oradakı qadın, uşaq və çobanları vəhşicəsinə öldürmüşdülər. Andranik Naxçıvanın türk-müsəlman əhalisini qırıb şəhəri işğal etmək üçün hərkətə keçmişdi. Əhali soyqırım qarşısında, vətən erməni işğalı təhlükəsində qalmışdı. Naxçıvanın belə bir ağır zamanında Mustafa Kamal paşanın göstərişi ilə, Ənvər paşanın və K.Qarabəkir paşanın komandanlığı altında türk ordusu Naxçıvanın yardımına gəldi. Daşnak ordusu dağıdıldı. 1918-ci ilin iyul ayının 7-də şanlı türk ordusu zəfər marşı ilə şəhərə daxil olub Naxçıvanı erməni təcavüzündən xilas etdi. Naxçıvan əhalisi türk ordusunu böyük məhəbbətlə qarşıladı".
Qarabəkir paşanın imzası...

R.Hüseynzadə qeyd edir ki, atasının xatirə əsərində həm də K.Qarabəkir paşanın təşəbbüsü ilə "Naxçıvan Araz-Türk Cumhuriyyəti"nin təşkilindən və o zaman Naxçıvanda yaşayan böyük şairimiz Hüseyn Cavidlə K.Qarabəkir paşa arasındakı dostluq əlaqələrindən, Naxçıvanın gələcək taleyi üçün bu dostluq əlaqələrinin böyük əhəmiyyətindən bəhs olunur:

"Burada bir sıra maraqlı faktlar, hadisələr verilmişdir ki, bunlar tarixşünaslığımız, cavidşünaslıq və habelə K.Qarabəkir paşanın həyat və döyüş fəaliyyətinin indiyə qədər öyrənilməmiş cəhətlərini öyrənmək baxımından həm Türkiyə oxucusu, həm də Azərbaycan oxucusu üçün oduqca əhəmiyyətlidir.

Türk ordusunun Naxçıvandan getməsi ərəfəsində Rüşdiyyə məktəbində K.Qarabəkir paşa ilə vida görüşü keçirilmişdir. L.Hüseynzadə xatirələrində qeyd edir ki, bu görüşdə K.Qarabəkir paşa "Naxçıvan xatirələrini" nümayiş etdirərkən burada çəkdiyi rəsmləri göstərdi və "Öyüdlərim" adlı əsərinin bir əlyazma nüsxəsini Cavid əfəndiyə hədiyyə olaraq verdi. Sonra üzərində Şərur, Naxçıvan, Culfa, Ordubad bölgələrində "Erməni məzalimi" adlı yazdığı kitabın əlyazmasini göstərərək: "Bən bu xatirələrimdə bu bölgələrdə ermənilərin fənalıqlarını, öldürdükləri insanlarin sayını, yakdıqları köylərin miqdarını toplayıb yazmışam. Bunu Türkiyədə çap etdirib bütün dünyaya yayacağam" - deyib. "Öyüdlərim" əsəri 20-ci illərdə Bakıda, sonra Ərzrumda nəşr olundu. Lakin "Erməni məzalimi" adlı kitab, mənbələrin qeydlərinə görə, ermənilər və ya hər hansi bir xain əl tərəfindən oğurlanması üzündən çap olunmamışdır".

R.Hüseynzadənin sözlərinə görə, K.Qarabəkir paşa Türkiyə hərbiyyə nazirinə yazdığı raportunda qeyd edib ki, ermənilərin Naxçıvan bölgəsində müsəlmanlara qarşı etdikləri soyqırımı hədsiz faciəlidir. Əgər türk ordusu bu bölgədən çıxarılarsa, burada bir türk-müsəlman qalmaz.

Xalqımızın böyük oğlu Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında danışarkən belə deyib: "... Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli paşamız K.Qarabəkir paşanın imzası var".
Unudulmaz K.Qarabəkir paşa...

"Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması istər o dövrdə, istərsə də indiki dövrdə böyük siyasi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi hədələnəndə Qars müqaviləsi mühüm tarixi sənəd kimi və Naxçıvanın taleyinin qarantı kimi gündəliyə gəlir.
K.Qarabəkir paşanın imzaları olan bu müqavilələrdə Ermənistan hökumət nümayəndələrinin də imzaları var. İmzalarına hörmət qoymayan, bağladıqları müqavilələrə, verdikləri vədlərə dönük çıxan ermənilər Azərbaycan-türk xalqına qarşı kin və ədavətlərini bu gün də sürdürməkdədirlər" - deyə R.Hüseynzadə qeyd edir.
R.Hüseynzadə bildirdi ki, K.Qarabəkir kimi şəxsiyyətləri tarix hər zaman yetişdirmir. O, K.Qarabəkir paşanın bir sıra sahələrdə geniş fəaliyyət göstərdiyini və türk dünyasına böyük fayda verdiyini qeyd etdi. Onu da vurğuladı ki, Qarabəkir paşa harada olsa, orada mütləq təhsilə, məktəb işinə böyük diqqət göstərib. Alim bildirir ki, o, xalqın nicatını təhsildə, elmdə görürdü.

K.Qarabəkir paşanın Azərbaycanla bağlı gördüyü bütün işlər qiymətlidir və biz o uca şəxsiyyətin ruhuna hər zaman dua edir, adını rəhmətlə anırıq.

İradə SARIYEVA


Baxış sayı - 1 491 | Yüklənmə tarixi: 07.04.2019 16:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031