Aprel zəfərinin davamı olacaq!..

2016-cı ildə başqa bir hərarətlə doğan Aprel Günəşi illərlə baxımsız qalaraq sahibini gözləyən, doğma nəfəsə, doğma əllərə, doğma ayaq izlərinə həsrət qalan torpaqlara qızıl telləri ilə sanki sığal çəkdi. O torpaqlara ki, hər qarışı uğrunda Vətən oğulları qanını, canını əsirgəmədən vuruşaraq, azğın düşmən üzərində zəfər qazandı. Cəmi üç il əvvəl quşların belə məskən salmadığı, tankların əzdiyi, yad ayaqlar altında inləyən yaralı torpaqlara yeni bir nəfəs, yeni həyat verildi.
Sıralanan yüksəkliklər arxasında görünən Lələtəpə bu gün bahar libası geyinib. İgid oğullarımızın qanı ilə suvarılaraq müqəddəs bir məkana çevrilmiş bu Vətən torpağı yaz çiçəkləri ilə bəzənib. Tezliklə orada al-lalələr də açacaq. Uğrunda şəhid olan, bu torpağı Vətən edən oğulların qanı rəngdə lalələr...
AZƏRTAC-ın bölgə müxbirinin üç il əvvəl, Aprel döyüşlərinin iştirakçısı olmuş hərbçilərimizdən aldığı müsahibələrə nəzər yetirəndə Azərbaycan əsgərinin mətanəti, mərdliyi, vətənpərvərliyi, yüksək döyüş ruhu bir daha açıq-aydın görünür.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən çavuş Oqtay İsmayılov: “Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısını aldıq və əks hücuma keçdik. Düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib, Lələtəpə yüksəkliyini ələ keçirdik. Döyüş ruhumuz yüksəkdir. Hər an düşmənin üzərinə gedib onu məhv etməyə, yağı tapdağında olan torpaqlarımızı azad etməyə hazırıq”.
Lələtəpə yüksəkliyinin azad edilməsində istehkamçıların da böyük rolu olub. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən zabit Orxan Mahmudov: “İstehkamçı olaraq qarşımızda qoyulan tapşırığı düzgün və vaxtında yerinə yetirdik, düşmənin mina sahəsində keçidlər açdıq. Texnikalarımız həmin keçidlərdən düşmən üzərinə itkisiz gedə bildi. Nəticədə erməni hərbçiləri xeyli itki verdilər. Ali Baş Komandan tərəfindən medalla təltif olunmağım məni daha da ruhlandırır. Düşməni məhv etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.
Zabit Zülfü Rzayev isə “İgidliyə görə” medalı ilə təltif olunub: “Düşmənin mövqeyi daha yaxşı idi. Həm bizim mövqeləri, həm də yaşayış məntəqələrini atəşə tuturdu. Aprelin 1-dən 2-nə keçən gecə hücuma keçən düşməni geri oturtduq və əks hücumla onları qaçmağa vadar etdik. Düşmənin mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xəttini yarıb, Lələtəpə yüksəkliyini işğaldan azad etdik. Torpaqlarımızı işğaldan tam azad etmək üçün əmr gözləyirik. Döyüşlərdəki xidmətimizi qiymətləndirdiyinə görə Ali Baş Komandana minnətdarlığımı bildirirəm”.
Bəşir Yolçuyev isə tankçıdır. Aprelin əvvəllərində Füzuli cəbhəsində gedən döyüşlərdə fəal iştirakına görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib: “Qarşıya qoyulmuş tapşırığı vaxtında yerinə yetirərək, düşmənin ön mövqelərini, səngərlərini ələ keçirdik. Qəfil hücumumuzdan qorxuya düşən düşmən texnikasını, silah-sursatını və məhv olmuş hərbçilərini qoyub qaçdı. Qoy bilsinlər ki, biz bununla kifayətlənməyəcəyik. Son qarış torpağımızı azad edənədək döyüşəcəyik”.
Aprel zəfəri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini düşməndən azad etdi, minlərlə hektar əraziyə isə nəzarət etmək imkanı qazandı. Bu zəfər, eyni zamanda, dünyaya səs salan Cocuq Mərcanlıya da həyat verdi. Bu gün xarici diplomatların, media nümayəndələrinin, qonaqların tez-tez baş çəkdikləri Cocuq Mərcanlıda erməni hərbçiləri daşı-daş üstündə qoymamışdı. 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olundu. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda 150 ev, məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi, Şuşa məscidinin bənzəri olan məscid, elektrik yarımstansiyası tikilib, qaz, elektrik, rabitə, içməli su xətləri, avtomobil yolu çəkilib. Yenidən qurulan kənddə “Qayıdış” parkı da inşa edilib.
Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar. Ötən ay isə bu kənddə uzun illərdən sonra hər tərəfə ilk dəfə toy sədası yayılıb. Aynurə Həziyeva ilə Akif Fərhadovun toy mərasimi keçirilib. Mərasimdə kənd sakinləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar da iştirak edib, sevinclərini bölüşüblər.
Bəli, işğaldan azad edilən torpaqlarda bu gün həyat qaynayır. İllərlə əkilib-becərilməyən torpaqlar indi öz sahibinin əlindədir, hər kəs öz təsərrüfatında işlə məşğuldur. İndi bu torpaqlarda yamyaşıl taxıl zəmiləri uzanır. Uzun illərdən sonra əkin-biçin işləri aparılır. Doğru demişlər ki, torpağı əkib-becərməyəcəksənsə qorumağa, qorumayacaqsansa əkib-becərməyə dəyməz. Bu gün düşmən tapdağından azad olub əkilib-biçilən bu torpaqları qüdrətli ordu və mətin xalq qoruyur. İrəlidə isə hələ azad olunacaq, abadlaşacaq, əkilib-biçiləcək torpaqlarımız var. O torpaqlar da tezliklə Aprel zəfəri kimi üzərində doğacaq Günəşi gözləyir.
Tahir Ağaməmmədov