manera.az
manera.az

Ömür bizli- bizsiz özündən keçir - Əkbər Qoşalı yazır

📅 03.04.2019 21:39

Ömür bizli- bizsiz özündən keçir - Əkbər Qoşalı yazır
MANERA.AZ tanınmış şair, publisist Əkbər Qoşalının "Ulduz" jurnalında dərc olunan "Özüylə söhbətini və şeirləri"ni təqdim edir:

Deyirlər, dünyanın ən səmimi söhbəti Tanrı və sevgiliylə olan söhbətdi; bəs özümüzlə etdiyimiz söhbət hansı kateqoriyaya aid edilsin? – Həm səmimi, həm çətinkən? .. Tanrıyla söhbət dürlü-dürlü istəklərdi, bağışlanmaq istəyidi, alqışdı, duadı... – elə deyilmi? Sevgi liylə hər söhbət ona qovuşmaqdan, bəlkə, qısqan malardan, bəlkə, gözəlliyə əlçəkilməz aşiqlikdən, zövqdən keçir. (Tanrı və sevgili ilə söhbət ümumən təmənnadan, istəklərdən keçir və sanki insan təmənnasında daha səmimi olur. ..). Bəs özümüzlə söhbət?..

Hələ ana ilə, ata ilə söhbəti demirəm. .. Mən rəhmətliklərin hər ikisinə ümid dolu yalanlar danışmışam, yalanlar. .. – Məlumunuz, yaşlı və sağlıq durumu ilə bağlı sorunlar yaşayan doğmalara (yəqin, yadlara da) yalan danışmaq ehtiyacımız danılmazdır. Bəlkə, günlərin bir günü mənim oğlum da mənə dünyanın ən dadlı yalanını danışacaq və mən o yalana tutunub qalacam...

Və indi – 45-lə 46-nın aralığında, yeni təqvim ilinin ilk ayının songünlərində, səhər tez dən özüm özümlə danışıram. Danışırammı? Deyəsən, yox...
Mən özümlə barışammıram da, mən özümlə dalaşıram bir çox hal da; mən özümü tanıyırammı? – Başqalarının tanıdığına nisbət də çox tanıyıram, ancaq elə məqamlar olur, görürəm, özümü gərəyincə tanımamışam. – Doğrudur, “tanı saydım, belə edərdim, tanımamışam deyə, elə olub” – filan demirəm; nə necədirsə, elədir, olan olub bir kərə... Rəhmətlik Şaiq Vəli deyirdi: “olacaqlar olacaqlar” ... – Demək, bun dan sonra da, mənim özümü tanıyıb- tanımamaq barədə fəlsəfi suallara cavab arayışım fövqəladə bir dəyişiklik vəd eləmir, eləmi? – Sizə sual vermi rəm. Mən özümə də sual vermirəm heç, amma özümə cavablar verirəm. .. Özüm ən azı, ən azı özümə və sözümə cavabdehəm!

Özüm özümə bir şeirin iki misrası boyu adlı üz tutduğumu xatırlayıram bu dəm:

“Əkbər, böyük düşün, böyükdü adın,
böyük düşündükcə böyüdü adın. ..”

– demişəm “Ömür bizli- bizsiz özündən keçir” şeirin də.

Bilirəm, bu, özümlə söhbət olmadı, “özümlə söhbət haqqında” söhbət oldu. Olsun, neynək? .. Yenə rəhmətlik Şaiq Vəlini anaq:

Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

Bəs Şaiq Vəlidən də ötə Yunus Əmrə ötələr də nə deyirdi? –

Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü;
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun. ..

Bilirəm, əziz dost, bilirəm, özümlə söhbətim hələ qabaqdadır. ..


...VƏ ŞEİRLƏRİ


2019-UN İLK ŞEİRİ:

Yağışlar, yağışlar yağırdı nazla,
Çiçəklər, çiçəklər sığallanırdı;
Nə gözəl, nə gözəl əsirdi yellər,
Göllər beşiyində yırğalanırdı...

Quşlar yeni yeni cəh-cəh vururdu,
Ovlaqlar, yaylaqlar yoxuydu hələ;
Çay öz yatağıyla tanış olurdu,
Ah, dünya qalsaydı... - qalmazdı belə...

Dərələr-təpələr şəkillənirdi,
Yer yerə bərkiyir, göy çəkilirdi...
Hər yer təptəzəydi, hər şey yepyeni,
Buludlar, buludlar nəsə deyirdi...

İlk kişi - ilk qadın gəldi göz-gözə, -
Şimşəklər, şimşəklər belə yarandı...
İlk dəfə uzandı əllər əllərə,
Barmaqlar toxundu, Ay paralandı...
(11 Ocaq-2019. Abşeron)

HƏSRƏTİN HEKAYƏTİ

İlyarım olmuşdu biz ayrılalı,
İlyarım deyirəm, zarafat deyil.
Şeytanın qıçını sındırdıq axır,
İkimiz də kövrək, ikimiz dəli...

Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.

Bilirəm, daha çox həsrət çəkən var,
Bilirəm, tez küsüb-barışıb kimsə.
Söz var: od düşdüyü yeri yandırar,
Bizim ilyarımmız bəs edər bizə...

Deyirdim, nə geyər bugün üçün o,
Qırmızımı geyər, qaramı, ağmı?
Qapqara geymişdi, günü ağ olmuş,
Kəməri, çantası qıpqırmızıydı.

Deyirdim, ilk sözü nə olacaq, nə?
Sinəmə sığmırdı yarımcan ürək.
O gəldi, mən baxdım, ikimiz susduq...
unutduq ilk sözü,
nə deyəcəkdik..?

Sonra...
sonrası: itotu, bağa yarpağı...
Elə bil, dünəncə sağollaşmışıq...
Ah, mənim ilyarım yaşadıqlarım,
Ah, mənim hələ də yaşamadığım...
(Abşeron,
Ocaq-2019)



***
Dünən biziydik orda –
O kafe, o masada.
Bugün iki gənc gördüm
bizim masamızdaca
vermişdilər baş-başa.
Səndən nə gizlədim, elə qısqandım,
İstədim içəri keçim, səs salım...
Ancaq
demədiyin sözə ayıldım
Və ən yeyin addımla
uzaqlaşdım özümdən...

Dünən qaldı dünəndə
Dünən masada qaldı,
Kor cərrah bıçağıdı –
Xatirə işə gəlməz.

Eh... nə vardı dünəndə? –
Guya neynəmişdik ki?
Sən öz telinnən oynadın,
Ürəyim mənnən oynadı.
Hər təbəssüm edəndə,
çökəldi gözəl üzün,
və mən zalimcasına dözdüm o gözəlliyə...

Dünən neynəmişdik ki? –
Bir az söhbət elədik
və baxışdıq bir xeyli.
Sən Bakıdan danışdın, mən Daşkənddən,
Sən Bakını təriflədin, mən Daşkəndi;
Mən əslində səndən danışır,
səni tərif edirdim,
yəqin sən də düşündün ki,
mən heç nə anlamıram,
anlamıram ki,
bir şəhəri bu qədər adamlaşdırmaq olmaz...
Nə dedinsə sağ ol,
sağ ol, çox sağ ol,
Amma
mənim Bakılığım qoy hələ qalsın.
sənsə dəqiq Daşkəndsən. –
həsərətin daş kimi düşür ürəyə.

Dünən başqa dünəndi,
gah hər şeydən danışdıq,
gah hər bir sözə susduq,
üzə daldıq,
üzdə qaldıq...

Dünən nəydi,
nəydi dünən, İlahi?
Hər şeydən danışırdıq
amma büsbütün sözlər
gəlib-gəlib tıxanırdı bir yerdə,
Hər şeydən danışırdıq,
amma o hər şey dediyin
tək bircə kəlməyə xidmət edirdi –
ikimiz də bilirdik,
noolsun, ikimiz də deyə bilmirdik...

Sahi, nə deyəcəkdik?
Məndən heç soruşma,
Mən nə dediymi bilmirəm,
zalim,
Sənsə bildiyini demirsən
sanki...

Bugün o iki cavan
dirsək qoyan masada
ürək qoyub gəlmişik,
onlar hardan biləcək..?
Eh, hardan bilsinlər ki,
dünən elə ordaca
necə vurub ürəklər,
boğaz necə quruyub,
topuq çalıb necə dil?

Nəydi kafenin adı? –
bir də geri dönməyim,
Sən də xatırlamazsan,
Olsun.
Sevgistan olsun. -
İki nəfərçün bir ad...

Dünən dünəndə qaldı,
Dünən qaldı masada
Kor cərrah bıçağıdı
xatirə işə gəlməz...
2019

ÜSKÜP LÖVHƏSİ

Üsküp. Qədim türk çarşısı.
Axşam düşür, dükanlar bağlanır,
hər dükanda sönən işıq
bir küçə fənərinə daşınır sanki...
Dükanlar bağlanır, kafelərsə açıqdı,
Şəhərin ən hündürdabanlı qızıyla gedən oğlanın
ürəyi açıqdı,
hündürdabanın kürəyi...
qarşıda bar da açıqdı, came də,
gənclər nə bara, nə cameyə girir,
bir bağlı qapını açıb, özlərinə çəkilir...
Burda –
mən əyləşən kafedə qulluqçu
dağınıq fikrimi toplayır sanki:
-əfəndim, qəhvəmi, çaymı? –
Artıq bilirəm,
burda qəhvələr çox tünddü, çaylar açıqdı –
“ortaşəkərli türk qəhvəsi” deyirəm –
necə olsa, yanında su var.
Ürəyim açılıb, nəsə -
Hamıyla danışmaq,
hamıyla tanışmaq istəyirəm –
Bəzən bilməz insan – nəyə sevindiyini,
necə sevindiyini...
Ancaq hər kəs öz işindədir,
mən də qapanıram özüm özümə.

Səfərə gedərkən,
yola düşməyə,
səfərin ta ikinci günündəsə evə tələsirəm;
Kafedə internet açıqdı,
“elektron bilet”imə baxıram –
Sən demə, "Bakıya dönüş tarixi" açıqmış...
(2018)

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 1 569 | Yüklənmə tarixi: 03.04.2019 21:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031