manera.az
manera.az

Qız və maneken - Səfər Alışarlıdan Yeni Povest

📅 03.04.2019 16:11

Qız və maneken - Səfər Alışarlıdan Yeni Povest
MANERA.AZ yazıçı Səfər Alışarlının “Qız və maneken” adlı yeni povestini təqdim edir.

1

Rəisin kabinetinin səliqə-sahmanı, təzə mebelin ciddiliyi, hətta böyük qabdakı qarğıdalıya bənzər gülün yarpaqlarının tərtəmiz, yumşaq parıltısı da içəri girən hər kəsə özünü-sözünü toparlamaq, fikirlərini konkretləşdirib nizama salmaqla vaxta qənaət etməyin vacibliyini xatırladırdı. Bəlkə də palçığa, suya bata-bata nefti yerin damarlarından çətinliklə sorub çıxaranlara baş ofisin belə gigiyenik sterilliyi bir o qədər ləzzət eləmirdi. Hər halda əsaslı təmirdən sonra bura ilk dəfə gələn Musayev öz içindən keçən bu ani sızıltını dərhal tutdu və onu qazılıb qurtarmış quyuya aid köhnə bir faiz rəqəmi kimi kənara atıb unutmağa çalışdı, çünki bundan sonra bu ofisin, dənizdəki platformaların, qazılan quyuların-filanın onun həyatına dəxili olmayacaqdı, o bu dəsgahla vidalaşmağa gəlmişdi. Mövcud olduğu yüzillər ərzində onun kimi çox mühəndisləri yola salmış bu idarə nəinki kadr qıtlığı üzündən dağılmamışdı, əksinə, ilbəil yeniləşib, güclənib öz kəmərlərinin ucunu Avropa bazarlarına da çatdıra bilmişdi. Musayevin təxmini hesabına görə, bir mühəndisin büsbütün burada keçən həyat və fəaliyyəti praktik müqayisədə o kəmərlərdəki borulardan yalnız birinin uzunluğuna bərbər ola bilərdi: 12 metr! Onunku heç bu qədər də eləmirdi.

Musayev ürəyində bu de-marşı maraqlı filmi yarıda qoyub seansdan çıxmağa bənzədirdi və hələ sevimli filmə tam baxmadığına görə kiminsə bu dünyada öldüyünü xatırlaya bilməməklə özünə təskinlik verirdi. Fikirlərinin və onlara qarşılıqlı alternativlərin çoxluğu nefti, qazı, dənizi, evi, indiyə qədər olanları, bundan sonra ola biləcəklərə qarışdırıb onun başında dolaşıqlıq yaratmaqla ofis və kabinet interyerinin diktə etdiyi ciddi tələblərin yerinə yetirilməsini bir qədər çətinləşdirdi.

Ağbaş rəis bir ucu Avropada olan bu kompyüter dizaynının içində qol-budağı dəqiqliklə vurulub-daranmış qoca palıd kimi möhkəm və sarsılmaz görünürdü. Musayev tərk etdiyi 34-cü platformanı divardakı monitora gözünün qırağı ilə baxan kimi gördü: lap yuxarıda mavi dəniz fonunun şərq sərhədləri yaxınlığında yaşıl işığı gündəlik sabit tonnajla göz qırpan sonuncu nöqtə idi, yanında qazılmaqda olan iki ağ işıqlı bala quyusu ilə...

Rəis yumşaqlığı güclə sezilən, monitordakı yaşıl nöqtələr kimi diri baxışla onu süzüb işdən çıxmasının səbəbi ilə maraqlandı. Əlində tutub diqqətlə baxdığı kağızı ya oxuya bilmədi, ya da başının başqa işlərə qarışıqlığından mətləbi anlamaqda çətinlik çəkdi: dövrün, zəmanənin bu çətin vaxtında buranı mühəndismi tərk edər?! Bu təəccübü Musayev dəfələrlə təsəvvür eləmişdi, gah özünə, gah onun bu halına təəssüflənən rəisə yazığı gəlmişdi, odur ki, indiki pəjmürdəliyində daxilən toparlanmağa sarı elə də əhəmiyyətli irəliləyiş edə bilmədi.

Dedi ki, o, dənizə növbəyə gedəndə qızı hər axşam evdə ağlayır, onun xiffətini çəkir.

– Başqa çarə görmürəm, – Musayev artıq idarəni tərk etmiş adam kimi mızıldanıb köks ötürdü.

Cavab rəisin başını bir az da qaldırdı, baxışlarını bir az da diriltdi, amma yumşaqlığını artırıb-azaltmadı. Sanki bu məsələ də başqaları kimi rəisin ömür qoyub keçdiyi vəzifə pillələrində ən düzgün variantlarda çoxdan həll edilib qurtarmışdı, müəlliflik hüququ verən sənəd alınmışdı, üstəlik, hələ "Googl"a da yerləşdirilmişdi. Bu isə sadəcə analogiyadan başqa bir şey deyildi.

– Neçə yaşındadı qızınız? – rəis soruşdu.

– Beşə az qalıb.

Sonra evdəki uşaqların sayı, onların anası, ev şəraiti-filan haqqında suallar sanki anketin tam doldurulması üçün rəisin səlahiyyətli dilində rəsmiyyətdən bir qədər uzaqda səsləndi və onların hamısı o müxtəsərliklə də mühəndis Musayev tərəfindən nəsə hələ tam tükənməmiş gizli bir ümidlə cavablandırıldı. Hər halda ayrılığın da xoşluğu gərək, belə rəislə adam bütün ömrü boyu bir dəfə ya görüşür, ya da görüşmür.

– Neçə ildir bizdə işlədiyiniz?

– On iki ildir, – Musayev dedi.

– Bəs necə yaşayacaqsınız? Axı indi... – Fikrin sonu səslənməsə də, bu sual üçün bəlkə də rəisə təşəkkür etmək lazım idi.

Adətən məsələni öyrənib dəqiqləşdirmək üçün adama 5-6 sual tam kifayət edir. Rəis planı ikiqat yerinə yetirmişdi. Rəis üçün zəmanənin ən çətin məsələsi plan idi, odur ki, plansız o, pəncərəyə də baxmırdı.

Onunsa başındakı xaosun arxasından soyuq qış günəşi kimi boylanan gələcək planlarının hamısı qızının ağlamağı ilə bağlı idi, qızı öz ağlamağı ilə onu bütün bu sahilboyu metal yığını və mavi dəniz sularının təlatümü içindən bapbalaca bir iynə kimi dartıb çıxarırdı, amma hara taxacağı haqda heç fikirləşmirdi.

Bilirdi ki, qızı bir az böyüyəndən sonra ondan ötrü ağlamayacaq, sonra ayrılıb gedəcək öz həyatını yaşamağa. İndisə ağlayır və ağlayanda onu kiritməkdən ötrü, onun ümumiyyətlə ağlamamasından ötrü mümkün olan hər şeyi etmək sadəcə borcdur. Ata borcu.

– Sizcə, niyə belə olur? – rəisin sarsılmaz gümrahlığı nisbətən zəifləmiş kimi göründü.

– Nə? – o dərhal başa düşmədi. – Uşağın ağlamağı?

– Hə də... Bizdə minlərlə adam işləyir, hamının da uşağı var. Amma təkcə sizinki ağlayır.

Bu haqda, əlbəttə, fikirləşmişdi. Həqiqətən uşaq var heç ata görmür, ancaq ağlamaq yadına da düşmür. Bu ağlayır. “Niyə”nin səbəbləri çox ola bilərdi. Onun gücü çatanı indiki halda işdən getmək qədərində idi.

– Hə, ağlayır, – o dedi. – Bağçaya da getmir...

– Yaxşı reabilitasiya mərkəzləri var, – rəis dedi. – Müraciət etmək lazımdı.

Rəis bütün səlahiyyət sahibləri kimi o qədər inandırıcı dedi ki, sanki bircə müraciətlə hər şey həll olunacaq və iş bu əndazəyə gəlib çatmayacaqdı.

– Etmişik, – Musayev qısaca dedi. –Hərəsi bir söz deyir... Amma, baxırsan, hər şey normaldır: yeyir-içir, yatır, oynayır. Hava qaralmağa başlayan kimi eləcə nadinclik eləyir. O da mən evdə olmayanda.

Deyəsən, rəisin daha sual və tövsiyəsi qalmadı. Fikrinin də kabinetdən uzaqlarda harasa yayındığı Musayevin diqqətindən qaçmadı. Orada bir mühəndis yeri hələ boş idi. Rəis onun olmadığı yerlərdə bir az da gəzib-dolaşandan, istehsalata aid vəziyyətlə bağlı göstərişlərini verəndən sonra, nəhayət, buradakı problemin sonuna gəldi.

– İndi mən neyləyim, imzalayım ərizəni? – Musayevin gözlərinin yarısına o cür də yarımçıq təbəssümlə baxa-baxa soruşdu.

Musayev yüngülcə başını tərpətdi və “Kadr id./əmr, imza, tarix” kimi şeylər qeybdən var olmuştək ağ vərəqin yuxarı küncünə düşüb oranın intizarlı boşluğunu sanki dövlət rəmzləri ilə dolduraraq məsələni bir göz qırpımında rəsmiləşdirdi. Bu aktdan sonra rəis qələmi səliqə ilə borucuğuna sancıb öz işgüzarlığını tam bərpa etdi: həyat köhnə axarında, istehsalat və plan qayğılarının sönməz gərginliyi altında davam etməyə başladı. Musayev özünü sakit dənizdə sanki bekarçılıqdan yaranan ləpələrin vurub sahilə atdığı neftli taxta parçası kimi hiss elədi.

Kadr idarəsinin mərtəbə fasadından şapka dimdiyi kimi irəli çıxmış foye pəncərəsindən boz dənizin əl boyda bir hissəsi oğruncasına Musayevə əl elədi. Elə bil indi o, qurudan baxdığına və sulardan belə qəflətən, xəbərdarlıqsız ayrıldığına görə dəniz bütün ehtişamı ilə onun gözünə görünmək istəmədi. Növbədə olanda bir qarış torpaq görmək ümidi ilə hər dəfə başını qaldıranda suların sonsuzluğu üzünü qarsalayırdı, bu yanğıda dərhal qızını xatırlayırdı. Hərdən qulağına dolan ağlamaq səsini batırmaq üçün dənizi, dalğaları haylayırdı, mancanaqda işləyən ustalara səslənirdi, sonra da guya ucadan mahnı oxumaqla bədənindəki bütün səslərin məzmun və mahiyyətini dəyişməyə çalışırdı. Pəncərədən dənizə baxanda o səs eşidilmirdi, sanki bundan müəyyən edirdi ki, 34-cü platforma real bir nöqtədə yox, haradasa uzaqda, sudan başqa heç nə görünməyən, yeri yalnız xəritədə məlum olan sirli və şərti bir məkandadır. Ona elə gəldi ki, rəisin monitorunda 34 rəqəminin altında yanan yaşıl və ağ nöqtələr də həmin yeri düzgün göstərmir; dənizin ən dərin yerindəki o məkanı koordinat setkasının iks, iqrek rəqəmlərindən də dəqiq onun ürəyinin aylar boyu çəkdiyi ağrıların dərinliyində tapmaq olardı.

Sahil boyu uzanan bu dolaşıq, boyalı və boyasız kəmərlərin, rezervuar və çənlərin, elektrik xətlərinin, asfalt və dəmir yollarının, kir basmış şam ağaclarının, projektor qüllələrinin, mısmırığınmı sallayıb bekar durmuş kranların və yezid rahibləri kimi təpədən-dırnağa qırmızı geyinmiş adamların belə qarmaqarışıqlıqda öz adının və fərdiyyətinin tam on iki il səhvsiz identifikasiyası daha onu təəccübləndirmirdi.

Kadr idarəsinin rəisi vəzifə borcundan irəli gələn səhihliklə təkcə onun yox, hamının ailə dastanından xəbərdar idi. Özünün uşaq doğa biləcəyinə ümidini gənclik şuxluğu ilə bərabər itirməkdə olan bu xanımın fikrincə, övlad naminə bütün belə fədakarlıq və qəhrəmanlıqlar zirvəsinin fəthi yalnız ona məxsus ola bilərdi, amma qismət deyilmiş və bunda mühəndis Musayevin günahının olmaması işi yüngülləşdirməsə də, ən azı, qəlizləşdirmirdi.

– Başqa iş təklif eləmədi sənə? – xanım şəffaf eynəyinin altında gözünü qıyıb onun üzünə deyil, yanağının böyründən divardakı portretə baxa-baxa soruşdu, səsinin cəsarətli cingiltisi ilə rəislər rəisini qınadı.

– Yox, – o da xanımın analıq xoşbəxtliyindən başqa bu dünyada çox sevincləri irdələmiş gözəl sifətinə baxmadan dedi.

– Bəlkə mən gedim ondan xahiş eləyim? – xanım soruşdu və üzündə elə məsum və doğma ifadə yarandı ki, onun bu istəyinə “yox” demək üçün Musayev öz içində bir qədər dirəşməli oldu.

– Nırç, – o dedi. – Başqa bir şey... Özüm axtararam.

Sonra xanım kreslosuna tədricən, sanki az tanış olan nəyinsə üstünə otururmuş kimi ehtiyatla əyləşib, nəhayət, onu xoş avazla cırıldatdı, kağızları qurdaladı, elə bil ona verməyə yazılı nəsə axtardı və birdən başını qaldırıb ucadan gülə-gülə dedi:

– Vəssalam, Musayev! Finita la kommedia! Bir həftədən sonra mühasibatdan haqq-hesabını ala bilərsən. Qudbay, moy love!

Musayevin gülən halı yox idi, amma bu vida gülüşünə görə ürəyində xanıma təşəkkür elədi. Yoxsa bayıra çıxanda bütün bu sahilboyu qarmaqarışıqlığın içində neyləyəcəyini müəyyənləşdirməkdə çətinlik çəkərdi. Bu gülüş isə onu elə bil tənhalıqdan qurtarıb həyatın yeni istehsalat sahələrinə doğru irəliləməyə həvəsləndirdi: milyonların yaşadığı şəhərdə hamı dənizdə işləmir ki! Qayıdanda foyedən dənizin o bir qarşılıq uzaq zolağına baxdı, görmədi, elə bil fırlanan Yer kürəsi tini burulub dənizi 34-cü platforma qarışıq özü ilə aparmışdı. Qarğıdalıya oxşar güldən biri də buradaydı, necə olmuşdu bayaq bunu görməmişdi? İndi bayaqkının da əvəzinə diqqətlə baxdı: uzunyarpaqlarının hamısının tozunu silib parıldatmışdılar, ortada birindən başqa. Cibindən dəsmalını çıxarıb o yarpağı nəvazişlə sildi. Ona elə gəldi ki, yarpaq onun qızıdır, bütün başqa uşaqlardan ağlamağı ilə seçilir və tozu da o ümidlə sildi ki, qoy daha seçilməsin, onlar kimi olsun. Oxşasaydı və ağlamasaydı, bundan sonra o öz həyatını neftdən və hələ tam müəyyənləşdirmədiyi yeni bir dönəmdən fərqli haradasa üçüncü axarda qurmalı olacaqdı. Fikrində o qədər qabağa qaçmışdı ki, geri dönüb təzədən sanki dənizin sahilindən dərin quma bata-bata şəhərə doğru addımlamaq ona əziyyət verirdi.

Boru kəmərlərinin arası ilə gedə-gedə onları adamlara bənzədirdi. Fikirləşirdi ki, kəmər gedir, gedir və mütləq diametrcə özündən böyüyünə calanır, eynən ailə kimi. Başından gecə-gündüz alov qalxan qonşu zavod borusunu gizlicə öz qızına bənzədirdi. Ona elə gəlirdi ki, alov bütün ailənin bətnində yaranan hansısa ağrı-acının təzahürü kimi püskürüb o borudan qalxır. Boru da belə ağlayır. Ağaca, onun budaqlarına, güllərə diqqətlə baxanda mütləq seçilən birini qızına oxşadırdı və istəyirdi ki, o seçilməsin, başqaları kimi olsun, seçilmək istəsə, böyüyəndən sonra seçilər.

Dəniz özü ağırlığında bir yük kimi daim onun beynindən sallanırdı. Qızı ilə oynaya-oynaya ilk dəfə suların və dəli küləklərin hər üzünü görmüş platformasından ötrü gizlicə darıxdı. Beton ayaqlarını suların dərinliyinə uzatmış platformanın güclə hiss olunan ağır ləngəri ilə həmahəng işləyən qazma aqreqatlarının gurultusu, ustaların səs-küyü, arada səsgücləndirici reproduktordan verilən meteoxəbərlər və musiqi – hamısı bir yerdə uzaq dəniz səthinin kiçik bir nöqtəsində bütün sehri və sirri ilə davam etməkdə olan nağıl kimi yenə onu səslədi. O, çağırışa cavab vermədi, susdu, gözlədi ki, dəniz onun yox, qızının səsini eşidib hər şeyi başa düşsün. Qızı onun qəhrəmanlığına məhəl qoymadan kuklalarının yerbəyer olması üçün müxtəlif tapşırıqlar verir, arada onu “qaçdı-tutdu” oynamağa çağırır, hərdən divanın başına, dolabın üstünə dırmaşır, yorulmaq bilmədən evdə şütüyürdü. Ev doludur oyuncaqla, marketdəki satıcılar nəyisə onlara göstərəndə mütləq əlavə edirlər: "Təzə gəlib", yəni sizdə bundan yoxdur.

2

Yay kölgə düşməyən talalardan gözünü qıyıb boylanırdı, beşmərtəbələrin balkonundan, ağacların təpəsindən payızın nəyi necə başlayacağına baxırdı. Yay sarı otlu uca dambanın üstü ilə şütüyən qatarların pəncərələrində bir ucdan yığışıb gedirdi.

Payız hələ ayrı işlə məşğul idi, başı qarışmışdı. Gecələr buraları hərlənib tez də öz köhnə işinin üstünə qaçırdı. Qız qəfləti səslərdən qorxub ona qısılırdı, altdan-yuxarı baxa-baxa ağlamağın tamamına bir neçə saniyə qalmış qorxunc səsin bitməsini gözləyirdi. Kiminsə qorxub qan-bağır olmağı, ağlamağı o səslərin vecinə deyildi, sanki onların da öz uşaqları vardı və o uşaqların ağlamaması üçün öz işlərini sonadək görməyə məcburdular. Qızın toxunuşunda, balaca əllərinin naşı tutumunda, təlaş dolu baxışlarının titrəyişində bütün instinktləri ox kimi dəlib keçən, tükənməz bir doğmalıq vardı.

– Sən məni qoyuyaysan, eləmi? – səs olmayanda soruşur, növbəti təhlükə üçün bənd-bərəni bağlayır.

– Hə, əlbəttə! – o deyir. – Bir barmağımnan itələyərəm onları, hamısı yıxılar yerə.

– Hansı barmağınnan? – dəqiqləşdirir. – Baş bamağınnan? Ya bunnan? – öz barmağını göstərir.

– Hə-əə! Bir dəfə “Fuuuu!” eləyərəm, hamısı uçar burdan!

– Belə hə? Uu-u-u!

Parkda uşaqlarla oynayanda onlara tam qarışıb oyunun içində itmir, oyunun qırağında bir uşaqla oynayır, daha çox o uşaqla danışır və növbəti səsi hamıdan tez eşidən kimi uçuna-uçuna qaçıb gəlir. Elə bil səslər üzrə növbətçidi, o eşitməsə, o qorxmasa, səsin həqiqiliyinə heç kim inanmayacaq və səsin uşaqları həmin gün nəyinsə xiffətindən mütləq ağlayacaq. Amma bu dəfə ağrını nisbətən yüngül keçirir. Belə anlarda ona elə gəlir ki, qızı hər saniyə böyüyür. Ancaq az, cüzi miqdarda böyüyür və hər hansı bir gurultulu maşın, qatar, tozsoran, laqunda səsi onun əziyyətli saniyələrlə yığdığı müqavimət gücünü birdəfəyə silib yox edir və təzədən qorxudur.

Butikin qabağındakı geyimsiz manekendən xoşu gəldi. “Böyük kukla!” deyib durdu, üzünün faciəvi ifadəsini göstərməmək üçün çevrilib tamam lazımsız tərəfə baxmağa başladı. Mağaza müdirini güclə razı saldı ki, onu satsın. Deməyinə görə, guya bu Türkiyə gözəlini buradan keçən çox adamlar istəyib, amma verməyib. Belə götürəndə bəlkə də ağsaqqal məsləhətinə baxmayıb şair sözünə inanmaq olar, son onilliklər boyu bütün peşələri sarımsaq kimi əzərək kütləvi şəkildə formalaşmağa başlamış bu alverçi zümrəsininkinə yox. Elə bil doğma qızını ərə verirdi, heç Koroğlu Qıratı elə tərifləməmişdi ki bu, manekeni tərifləyirdi. Qarasaç, ağzı-gözü boyalı bir mulat idi, 108 santimetrlik ayaqları ilə qarşısından keçən bütün gənc xanımlara qızlar bulağından doyunca su içməyin vacibliyini xatırladırdı...

Avtobusda özü ilə yanaşı oturtmuşdu, hər soruşana izah edirdi:

– Mənim evdə baaca kukuyayım vaa, bu da onnaın anasıdı. Küsüb getmişdi, mən onu tapdım. Hə, anası...

Dizdən qatlanmadığına görə ayaqlarını omba şaravoylarında fırlayıb göyə qaldırmışdı, sonra öndəki oturacağın tutacağına qədər endirdi. Orada oturmuş yaşlı qadın başına iki tərəfdən dirənmiş lüt-üryan ayaqlara baxıb-baxıb dedi:

– Bəxtəvərin nə qəşəng də baldırları var e!

Bu tərifdən sonra avtobusdakılar manekendən əl çəkib müasir xanımların etdirdikləri plastik əməliyyatlara keçdilər və nəticə ondan ibarət oldu ki, sən demə, təzəcə kartla ödəniş sisteminə alışdırılmış avtobus sərnişinlərinin heç biri bu bahalı əməliyyatları bəyənmir. Orta yaşlı bir qadın isə dediyinə necə reaksiya veriləcəyini düşünmədən plastik əməliyyat etdirən xanımların hamısının hansı yuvanın quşları olduğunu dəqiq bildiyini iddia etdi. Təkcə iddia etmədi, həm də bunu ana dilində tərtəmiz ifadə etdi. Qız o danışıqlardan, əlbəttə, heç nə başa düşmədi. Amma başa düşən gənc xanım lap qabaqdakı uca yerindən ayağa qalxmadımı? Özünün düzbucaqlı üçbucağa oxşar model burnunu göstərib, onun məhz plastik əməliyyatın məhsulu olduğunu elan etdi, ardınca yuva və quşlarla bağlı bir neçə tənbehedici ricət edərək belə dedi:

– Bəzi quşlar o yuvalara yaxın düşə bilmədikləri üçün divar çatdağında gecələyirlər! Elə orada da, Allah bilir, necəsə balalayırlar, sonra da ictimai yerdə belə ağzıgöyçəklik eləyirlər. – Axırda da ritorik bir hirslə bütün avtobusa: – Deyin, pulumuz yoxdu, yeməyə çatmır, ona görə plastik əməliyyatı bəyənmirik! – dedi və dərsini əzbər söyləmiş nümunəvi şagird kimi yerinə oturub irəli baxa-baxa susdu. Musayev dənizdə işlədiyi üçün ictimai nəqliyyatda son dövrlər baş verən belə ekspromtları az görmüşdü və indi təmaslar ona balıqlarla daimi ünsiyyətdən daha maraqlı gəldi. O özünün dənizlə belə tez vidalaşa bildiyinə təəccübləndi.

Manekeni qoltuğuna vurmuşdu, bir əlinin əcaib qövs formasında qurumuş barmaqlarından isə qızı yapışmışdı.

– Əli xoşuma gəlmiy, – dedi və əyri barmaqları buraxdı.

Evdə isə uca boyu qane etmədi, çünki onu geyindirməyə əlləri çatmırdı, üstəlik də evdə paltar tapılmırdı. Nənəsinin paltarlarını isə heç cür yaraşdıra bilmədi. Axırda başını, ayaqlarını və qollarını çıxarıb atdı, altdan-üstdən kəsdirib, topuqlarına çatan çılpaq, plastmas bədəni öz əyninə geydi. Bu, heç zaman olmayan bir sevinc partlayışı idi və bütün axşamı evdə moda nümayiş etdirməklə həmin sevinci sıralara düzdüyü kuklaları ilə bölüşdü.

O, otağın küncünə atılmış lazımsız əl-ayaqlara, uzunboyun, naziksifət başa və qızının adi yaylıqla, çiyninə atdığı köynək, başına doladığı dəsmal və süfrələrlə öz kuklalarına moda nümayiş etdirməsinə baxa-baxa fikirləşdi ki, bəlkə də qızının vücudunda bir yox, üst-üstə geyilmiş bir neçə can var ki, onlardan biri nəyə görəsə daim sızlayır. Paltarlarının qoruya bilmədiyi bu canlar hərdən onu tərk edib harasa gedəndə o özünü çox pis hiss edir, ona görə hamısının üstündən plastmas qılafı ana bətni kimi məmnuniyyətlə geyinir ki, qatbaqat canları onu asanlıqla tərk edə bilməsin. Sonra o fikirləşdi ki, bu ağrılı tərketmədə ruh yox, konkret fikir iştirak edir. Nəhayət, tapdı ki, fikir onu tərk etmir, ona gəlir və o bu fikirlə davrana bilmədiyi üçün əziyyət çəkir, anlaya bilmədiyi incəlikləri yalnız ağlamaq və ya sevinməklə ifadə edir, hansı halda nə demək lazım olduğunu, əlbəttə, bacarmır. Yalnız yorulanda – ağlamaqdan, oynamaqdan, gəzməkdən, deyib-gülməkdən, qaçdı-tutdu oynamaqdan yorulanda onları törədən, idarə edən fikirlərindən ayrılır və növbəti dəfə onları necə qarşılayacağı haqda qətiyyən düşünmür.

O təkcə moda nümayiş etdirmirdi, həm də ev sahibi kimi qonaq qəbul edir, onları divanda, kresloda, stol arxasında əyləşdirib öz oyuncaq mətbəxində hazırladığı çaya, yeməyə qonaq edir, televizoru, paltaryuyan maşını işə salır, xəstələri müayinə edir, onlara iynə vurur, ağlayan körpələri sakitləşdirir, paltar ütüləyir və bunların hamısını dodaqlarından qopan müvafiq söz və çıqqıltılı, şıqqıltılı səslərlə müşayiət edirdi. Plsatmas qılaf onu yoranda əynindən çıxarıb virtual qonaqlardan kiməsə təzə, sehrli can kimi geyindirir, başqa nağıl sferasına sıçrayıb ona möcüzə yaratmaq səlahiyyəti verirdi.

3

Qaranlıq düşməmiş evə çatmaq hər şeydən vacibdir. Hərdən köhnə tanışlardan kimisə görmək ümidi ilə çıxdığı bulvardan dənizə, platforması səmtə uzun-uzadı baxırdı, körfəz limanından çıxan katerlərin məhz ora kurs götürdüyünü fikirləşirdi: qazmaçıların səsini, mancanağın ciyiltisini, estakadadan dənizə tökülən palçıqlı qrunt suyunun şırıltısını eşidirdi və daha onları eşitməmək üçün öz-özünə oxumurdu. Səslər onun qulaqlarına yad dildə oxunan mahnı kimi necə saymazyana girirdisə, o cür məsuliyyətsizcəsinə də, sanki azmış kimi çıxıb gedirdi. Səslərdən sonra xışıltı qalırdı, elə bil qulaqları bir anlığa tutulurdu, həmin an ətraf dünyanın reallığına onda şübhə yaranırdı, mövcud olan hər şey, hətta adamlar da özlərinin davranışı, arzu-istəkləri, sənət və ierarxiyaları ilə ona çox uzaq keçmişin saralmış cahiliyyət mənzərələrinin içində çabalayan ibtidai insanlar kimi görünürdü. Bir neçə belə təsadüfdən sonra adətən qəfləti gələn, amma tədricən yuyulub gedən bu karlaşma ilə mübarizə fəndini özü üçün kəşf elədi: istədiyi səsi istədiyi zaman söndürə bilirdi. Elə bil bütün səslərin açar düyməsi onun ovurdunda idi, gözünü bircə dəfə möhkəm qırpıb yanağını gərməklə dənizin səsini kəsirdi, metro qatarını relsdən qaldırıb havada süzdürürdü, maşınların mühərrikini vakuum boşluğuna büküb səssiz işləməyə məcbur edirdi. Belədə özünü güvəndə, qızını da uzaqdan-uzağa əmin-amanlıqda hiss edirdi, sanki bütün təhlükələrə qarşı gözəgörünməz, xəyali hasarlar ucaldır və onları gecə ərzində peyda olmuş yeni təhlükələrə qarşı hər gün yeniləmək məcburiyyətində qalırdı.

Yolu sahildən elə də uzaq deyildi, istəsəydi, gəzə-gəzə piyada gələ bilərdi, hələ parkdakı kafedə oturub pivə içməyə də vaxtı çatardı. Soyuq külək meşələrin, dağların, səhraların qəzəbi kimi dənizin üstündən keçib gəlirdi, hamını özü ilə hesablaşmağa məcbur edir, niyə əsdiyini, nə demək istədiyini kimsəyə bildirmirdi. Fikirləşdi ki, avtobusa yox, havayıca əsib gedən bu küləyə minib getmək necə asan, rahat və əlverişli ola bilərdi. Bunun üçün qanadın olması mütləq deyildi, necəsə ya o özü formasını dəyişməklə əsən hava axınını lazımi qədər toplayıb əlində tutmağı bacarmalı, ya da külək düz-dünyaya israfçılıqla səpələdiyi gücünün bir hissəsini müəyyən istiqamətə yönəldib hər kvadratmetrə düşən güc əmsalını artırmalı idi. Ancaq fantaziyalar aləmində deyil, küləyin, sən demə, reallıqda işi varmış!

Qız son günlərin sakit keçən ab-havasından fərqli olaraq yuxarı mərtəbədəki matxab səsinə ağlayıb onun qucağındaca yuxuladı. O, televizoru yandırdı ki, matxabın səsini evdən, qapı-bacadan qovsun, amma açan kimi də eşitdiyi dəhşətli xəbər matxab səsilə müqayisədə daha faciəvi idi. Platformaların birində partlayış olmuşdu, alov qara suların ortasında böyük, qırmızı göbələk kimi aşağıdan qaynaya-qaynaya göyə püskürürdü, açıq dənizdə növbədəki qazmaçıların axtarışı aparılırdı: katerlər, helikopterlər fırlanırdı. O, platformanın nömrəsinin 34 olacağına daxili bir əminliklə diksindi və qucağındakı uşağı divana uzadıb yerdə döşəmənin üstündə oturdu, elə bil platformadan sürüşüb dənizə yıxılacağından qorxurdu. Hansısa bir anda ağlı qaraldı, dənizin dərinliyinə qərq olmuşdu, paltarının, çəkmələrinin ağırlığı yox, soyuq suda bədəninin yanması onu qıvrıldıb kiçildir və təsadüfən diyirlənib suya düşmüş ağır mufta kimi dərinə aparırdı. O, suyun altında xeyli qaldı, sonda ölməyəcəyini bildiyindən ciddi cəhdlə əl-qol atmadı, nəfəsi tükənənəcən gözlədi: kimin onu dərinliklərdən yuxarı necə qaldıracağı da artıq maraqlı deyildi. Birdən qızının kiçik əlini boynunda, qulağında hiss elədi, əlin yanacağından qorxub diksindi, amma bu diksinmək onu suyun altında tərpədə bilmədi; sonra o kiçik əl onu xırdaca oyuncaq kimi suyun altından qaldırıb platformanın günəşdən qızmış quru dəmirinin üstünə uzatdı. O, boğulmaq ağrısının boğazından duzlu su kimi çırtım-çırtım, necə çətinliklə çıxmasına, sinəsindən dalbadal sıçrayan yekə bir yumruğun dəhşətli ağrılarla boğazına dürtülüb aşağı qayıtmasına sona qədər dözüb, nəhayət, qorxa-qorxa başını çevirdi. Oxşar fəlakəti divanın üzərində də görməyə, sonra yenidən suya qərq olmağa hazır idi: yaxın keçmiş sayılan həyatın tar-mar olması gözləri önündə baş vermişdi. Ancaq qızı yuxuda da hər an gələ biləcək qorxunun qayğısını yaşayırdı, elə bil dünənki həyatı o dağıdıb nəsə özünün bildiyi sayaq yenidən qurmuşdu və orada hələ də ürəyincə alınmamış nələrinsə mənasız eybəcərliyinə lütfkarlıqla baxırdı. Fikirləşdi ki, dənizdə boğulmağın ölüm dəhşəti ilə çuğlaşmış lütfkar səmimiyyətin bu sadə ifadəsini 18 metrlik bir otağa necə sığışdırmaq olarmış, görən, ilahi?!

Haradansa qəflətən peyda olmuş it yaxınlaşıb ona bax-baxa iki ağız könülsüzcəsinə hürdü:

– Haf! Ha-uvv.

Nəsə deyirdi, kefini soruşmurdu, elə bil dünyada bu qədər iş-gücün, qayğı və xarabazarın olduğu halda onun buralarda boş-boşuna niyə veyilləndiyini başa düşmədiyini deyirdi. Ona həmişə elə gəlmişdi ki, düşdüyü bu vəziyyətin faydası ilə faydasızlığı arasında çox nazik bir pərdə var və o bu pərdənin bir üzündən o birinə keçmək kimi asan bir işi nəsə mənasız, cəfəng bir anlaşılmazlıq ucbatından bacara bilmir. İtin hürməklə dediyini tam dəqiqliyi ilə anlamaq üçün də ona həmin pərdə mane oldu elə bil.

O sonradan xatırladı ki, it qarşılaşdığı adamlara məhəl qoymadan bulvarın ağ-qırmızı şahmat döşəməsinin üstü ilə yavaş-yavaş qaçırdı. Elə bil it deyildi, adamlardan biri kimi nəsə vacib işdən ötrü tələsdiyindən heç kimə toxunub sürtünmədən qaçırdı. Birdən dönüb parapetə tərəf gəldi və qaça-qaça axtardığını tapmış kimi dayanıb diqqətlə onun gözlərinə baxandan sonra hansısa dəqiq məna ilə hürdü. Sanki yüngülvarı qınaqla dediyi o sözləri Musayev qədim it dilinin bulvar ləhcəsini unutduğuna görə başa düşmədi. Qaçarkən heç kimin məhəl qoymadığı itə hürərkən də fikir verən olmadı, hətta Musayevə elə gəldi ki, itin hürməsini də ondan başqa heç kim eşitmədi. Dayanıb hələ də diqqətlə ona baxan itin qarşısından keçməli olan bəzi adamlar burulub yolu dəyişdilər. Yalnız o bu gözlənilməz müraciətə cavab vermək üçün diqqətlə itin gözlərinə, başmaq pəncəsinə oxşar qırmızı dilinə baxdı: gözlərinin parıltısını elə bil içindən söndürüb yerinə soyuq kül səpmişdilər, dişlərinin sırası seyrəlmişdi, bir qulağının ucu tikanlı məftilə ilişmiş parça kimi 90 dərəcəlik bucaq altında cırılmışdı.

– Haf! Ha-uvv!

Nədənsə ona elə gəldi ki, itin məhz dişi ağrıyır. Hələ də havadan sallana qalmış hürüşü ovurdundakı düymə ilə söndürüb itə doğru iki addım atdı və əlindəki qəzet dürməyini sümük kimi itin ağzına qoydu.

– Get oxu, – dedi. – Ağıllı ol. Mənasız işlərə baş qoşma.

İt getmədi, yerindən tərpənmədən sönük baxışlarını onun gözünə dikib durdu, yüngülcə quyruğunu oynada-oynada susdu. Sanki səslər düyməsi və sehrinin harada olduğunu anlamışdı, ona görə də qəzeti ağzından buraxmağa cəsarət eləmirdi. Sarımtıl, üzü qapqara yekə it idi, belindəki boz ləkəni beş yaşlı uşağın naşı məşq vərdişləri ilə kağız üzərində çevrə əvəzinə çəkdiyi Xəzər dənizinə bənzətmək olardı. Əsl Xəzər dənizi isə arxada öz balıqları, buruqları və gəmiləri ilə əyri sahil xəttinin qırağında baş verənlərə səbirlə baxa-baxa növbəti, ağır iş gününü yekunlaşdırırdı. Görünün o idi ki, dənizin öz işi, axıb gedən adamların öz işi, itin isə öz işi vardı. Bircə o bikardı!

Bu təkrar, mənasız düşüncələrdən bezib getdi, it də, ağzında qəzet dürməyi, onun dalınca. Fikirləşdi ki, avtobus dayanacağına qədər gedər, sonra ayrılar və it həyatında belə səhvlərə görə heç bir məsuliyyətin nəzərdə tutulmadığını bildiyindən vicdan ağrısı çəkməz. Amma diş ağrısı... doğrudan da ola bilər! İt əl çəkmədi, onunla yanaşı elə məhrəm və yumşaq yerişlə addımlayırdı ki, sanki bütün ömrü boyu onu axtarmışdı və indi heç nəyə xətir ondan ayrılmaq fikrində deyildi. Qəzeti itin ağzından çıxarıb dişlərin seyrək düzümündə nəsə nasazlıq əlamətləri gördü və təsadüfən ağlına gəlmiş itin məhz dişinin ağrıması fikrini özündə möhkəmləndirə-möhkəmləndirə onu həkimə aparmağı qət etdi. O, ömründə bu şəhərdə baytar həkim görməmişdi, onu necə tapmağı götür-qoy edə-edə, ətrafdakı xəstəxana və poliklinikaları, tanıdığı həkimləri xatırlaya-xatırlaya bir də gözlərini açdı ki, avtobusa-zada minməyib, birbaşa bulvardan Dağüstü parka qalxan yoxuşla Baş Səhiyyə İdarəsinin “Şəfa” Klinikasına gəlib. Əmin idi ki, itlə onu nəinki həkimin qəbuluna, heç beşmetrlik dəmir darvazadan da içəri buraxmayacaqlar. Sonra fikrini dəyişən kimi oldu və özü də bilmədi bu necə baş verdi../kulis.az/

ardı var...

MANERA.AZ


Baxış sayı - 1 265 | Yüklənmə tarixi: 03.04.2019 16:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031