Şəhla Aslan: "Budanmış arzular"
![]()
Yuxusuzluqdan gözlərim qıp-qırmızı olub. Səhərə yaxın cəmi ikicə saat yatmışam. Leyla da mənim günümdədir. Qəlbimsə çox işıqlıdır, elə bil dünyanı veriblər mənə. Az qala bir il çalışdığım məsələdə uğura nail olmuşam. Nəhayət, Leylanı razı sala bildim ki, toya razılıq versin. Taleh də oğuldur ee… İnanın, onu tanıyana qədər inanmazdım ki, dünyada Leylaya layiq oğlan vardır. Boy-buxun, savad, ağıl, karyera, potensial, nəsil-nəcabət kimi şeylərin hamısını Allah artıqlaması ilə verib ona, üstəlik də rəfiqəmə qarşı inanılmaz bir sevgisi vardır. Keçən il toyları olmalı idi, amma həmin faciə baş verdi. Leylanın valideynlərinin həlak olmasını deyirəm. Avtomobil qəzasında ikisi də ölmüşdü. Böyük faciə idi.
Bu ailəni 2005-ci ildən bəri – universitetdə oxuduğum vaxtdan tanıyıram, evimizdən çox, onlarda qalırdım. Leyla tək mənim yox, bütün universitetin gözü idi. Qəribədir ki, o da mehrini mənə salmışdı. Bir sözümü iki eləmir indi də. Ata-anasını itirəndən sonra dedim zəruri əşyalarını yığ, bağla qapıları, köçürük bizə. Bir ildir bizdə qalırıq və bu bir ildə o gün olmayıb ki, toylarını yubatmamağını xahiş eləməyim. Təkcə bu məsələdə məni eşitmirdi. Leyla, şükür Allaha, indi rahatam. Bir azdan Taleh də eşidib sevinər yəqin.
Dünən Cümə günü idi. Həmişəki kimi Leylaynan getdik qəbiristanlığa. Üç gün idi başdaşını da qoymuşdular, mən ustaların yanında olsam da, Leyla hələ görməmişdi. Mərmərin üzərindəki təsvir mənim təxəyyül məhsulum idi; Əl-ələ tutmuş kişi və qadın sərv ağacının arxasından harasa sonsuzluğa baxırdılar. Ağac kişinin bir ayağını, qadının isə bir əlini görünməz etmişdi. Onların hər ikisi əliliyi olan şəxslər idilər; Leylanın atası Qarabağ müharibəsində ayağını itirmişdi. Anasının isə hələ uşaq vaxtı, kənddə yaşayanda qolunu gürzə dişləmiş, zərdab çatdırana qədər vəziyyəti ağırlaşmışdı. Birtəhər cərraha çatdırsalar da, qolunu kəsməli olublar. Bax, belə… Onlara əliliyi olan şəxs kimi baxmaqmı olardı? Qəyiyyən. Tanıdığım adamlardan ən nikbin, ən həyatsevəri Leylanın valideynləri idi. Rəhmətliklər sağ olsaydı, məni bərk danlayardılar ki, əlimizin, ayağımızın olmamasını niyə gizlədirsən, ağacla örtürsən? Məgər ayıbdır əlilliyi olmaq? İndi bu şəkil onların başdaşındadırsa, məntiqlə aydın olur ki, artıq yoxdurlar və mən də belə şeyə cürət edə bilirəm.
Sərv ağacı da Leylanın rəmzidir – mən belə düşünmüşəm. Onların həyat verdiyi, böyütdüyü, təhsil verdiyi, tərbiyələndirdiyi Leyla. Mənim fəxrim, rəfiqəm, gələcəyinə hamı kimi inandığım Leyla. Hər ikimiz eyni şirkətdə işləyirik. Valideynləri qəzaya düşəndə hələ kiçik vəzifədə idi, indi, maşallah, o boyda şirkətdə ikinci adamdır. Olacaq da, orta məktəbdən gələndə rus, ingilis, ərəb, fars dillərini bilirdi, saz, qarmon çalırdı, əla rəqs eləyirdi. Eh, hansını deyim, Leylanın məziyyətlərinin, hamısını da ata-anası öyrətmişdi. Bircə övlad olub da ailədə, valideynləri bütün məhəbbətini ona həsr ediblər. Necə olub, nə təhər olub onların həyatı, evlənmələri, vallah danışsam görərsiniz bir dastandır.
Leyla texniki fənlər üzrə parlaq istedada malik olsa da, humanitar sahədə belə deyildi. Bəlkə də onu mənə bağlayan mənim yazı-pozuda bacarıqlı olduğuma görə idi. Elə I kursdan başlayaraq məqalələr, hekayələr yazır və dərc etdirirdim. Artıq çoxu məni jurnalist kimi tanıyırdı. Elə Leylanın valideynləri də məni bu qabiliyyətimə görə çox qiymətləndirirdilər. Anası Validə xala uşaqlıq, gənclik şəkillərini, video lentlərini qarşıma tökür, öz keçmişindən hərarətlə danışırdı. Atası Qabil də söhbətə qoşularaq gah öz keçmişindən, gah da Validənin həyatından maraqlı şeylər danışırdı. Bu adamların xarakteri məni valeh edirdi. Fiziki cəhətdən çatışmazlıqları hiss olunmurdu. Bəzən mənə elə gəlirdi ki, Kamil insan elə belə də olmalıdır, yəni Validə kimi bir əli ilə ev işlərini görməli, Qabil dayı kimi qoltuq ağacı ilə yeriməlidir. Onlar özlərinə aid işləri elə görürdülər ki, adam bu səliqə-sahmana, təmkinə heyran olurdu. Zəkaları aydın, gələcəyə baxışları nikbin, bir-birinə sevgiləri sonsuz idi. Ərsəyə gətirdikləri Leyla da göz qabağında idi.
Validə xala 5-ci sinfə qədər siniflərində ən savadlı uşaq kimi hamıdan fərqlənirmiş. Təkcə dərs kitabları ilə kifayətlənmir, çoxlu bədii ədəbiyyat oxuyur, təcrübələr aparır, çöldən daş, bitki nümunələri toplayıb öz bacardığı qədər tədqiq edirmiş. Elə bu marağının zavalına gəlib – yayda herbari hazırlamaq üçün bitki nümunələri yığarkən kolun dibində qıvrılıb yatan gürzə əlini dişləmiş, nəticədə qızcığaz qolundan məhrum olmuşdu. O əməliyyatdan sonra, geridə qalan dərslərini özbaşına öyrənir və yenə yaşıdlarına çatır. Orta məktəbi qurtaranda isə hamının təəccübünə rəğmən təhsilini davam etdirmir. Ümumiyyətlə, onun xarakterində birdən-birə dəyişiklik olur, özünə qapanır, dinib-danışmırmış. Yavaş-yavaş məsələ bəlli olur. Sən demə siniflərindəki od-alov parçası, ucaboylu Qabilə vurulubmuş. Amma qolunun kəsilməsi onu ruhdan salır və sirrini ürəyində dəfn etmək istəyir. Belə şeyi gizlətməkmi olar?! Az müddətdə çoxları bu “uğursuz” sevdadan xəbər tutur. Hərə bir cür münasibət bildirir, amma bunların heç biri Validənin xeyrinə olmur. Heç özü də baş açmır özündən. O cür oğlan hara, “təkqollu” Validə hara?
Qabil üzdə təmkinli davransa da ona qarşı isti münasibət göstərmirdi. Bəzən də ürəyindən təəssüf qarışıq ilıq bir sızıltı keçirdi ki, kaş əlillik olmayaydı Validə. Bu gözəl-göyçək, ağıllı, savadlı qızla necə də xoşbəxt olardılar. Əslində, elə indi də razı idi Qabil, amma ətrafdakıların bu sevgiyə birtəhər baxacaqlarını, onu qınaq obyektinə çevirəcəklərini də bilirdi. Bilirdi və çəkinirdi. Qabil Qarabağda müharibə başlayan kimi bir neçə gənclə birlikdə gedir vuruşmağa. Çox keçmir ki, döyüşlərdə yaralanır, bir ayağı amputasiya olunur və evlərinə qoltuq ağacı ilə qayıdır.
Validə xala danışır ki, Qabil evdən çölə çıxmırdı. Ata-anası səhərdən iş-güc dalınca gedəndə gizli-gizli ağlayırdılar. Qabil evdə tək qalan kimi maqnitofonun səsini qaldırırdı. Həzin muğamlar hər tərəfdən eşidilirdi və eşidənlər Qabilin halına acıyırdılar.
Hər ikisi mənim yanımda oturub həyat hekayələrini danışırdılar. Qabil əmi dərindən köks ötürüb dedi:
- Öz-özümə çox fikirləşdim o vaxt. Daxilimdə, elə bil kimsə mənə deyirdi ki, Validəyə xor baxdığım üçün tale məni belə cəzalandırmışdır. Xeyli düşünüb qərara gəldim. Hələ də qəlbimdəki köhnə sızıltı yaşayırdı. Təəssüflə düşünürdüm ki, kaş ayağımdan əlilliyim olmayaydı. Validəyə ürəyimi açardım və o da mənim məhəbbətimin saflığına inanardı. İndi düşünməzdimi ki, artıq özüm də gərəksiz insana çevrilmişəm və ona sığınıram? Çox çək-çevirdən sonra ürəyimi açmaq üçün məqam gözlədim. Bir gün gördüm ki, Validə bulaqdan su gətirir. Küçədə heç kəs yox idi. Tez taytıya-taytıya yola çıxdım. Amma cəhdlərim əbəs imiş. Məni səbrlə dinləsə də, razılaşmadı. Dedi ki, sən sağlam birisiylə evlənməlisən ki, dolana biləsən. Doğrusu, çox təsirləndim. Özümü öldürmək istəyirdim.
Validə xala dilləndi:
- Düz demir, ay qızım. Nə özünü öldürmək-filan? Maqnitofonun səsini qaldırır, mahnıların sözləri ilə fikrini çatdırırdı mənə. Əl çəkmirdi, gündə yeni-yeni şeylər tapırdı. Bir gün mənə dedi ki, Validə, sən razı olarsanmı, özümə layiq olmayan birisi ilə evlənim? Özü də əlilliyim olduğuna görə yazığı gəlsin mənə? Mənə sənin qəlbin lazımdır. Mən elə həmin vüqarlı Qabiləm, qoyma qürurum sınsın. Bax, onda bağışladım onu və razılaşdım.
Çox keçmir, kəndin hamısı bu əhd-peymandan xəbər tutur. Elə adətincə elçi gedən kim, toya hazırlıq görən kim… Bir sözlə, onların toyu bütün rayonda bayram kimi qeyd olunur. Rayon rəhbərləri söz verir ki, mərkəzdə ev verəcəyik gənclərə. Toy günü tanımadıqları adamlardan qiymətli hədiyyələr, çoxlu xələtlər gəlir. Toy qurtarandan sonra yığılan pulları sayanda gözlərinə inanmırlar. Bu pula həyatlarını tam dəyişə bilərdilər. Ağsaqqallar məsləhət görürlər ki, onlara ev söz verən başçı ilə məsləhətləşsinlər. Uzun sözün qısası, rayonda da bir xeyli pul verirlər gənclərə. Bir neçə aydan sonra Qabil əmi şəhərə gəlib yeni tikilən hündürmərtəbəli evlərdən birində dördotaqlı mənzil alır və köçürlər həmin yerə, - bu onların indi qaldıqları mənzildir.
Bir il sonra Leyla anadan olur. Validə xala danışır ki, uşaq nə qədər başımı qatsa da, öz üzərimdə çalışmağı da unutmurdum. Leyla ali məktəbə girənə qədər üçümüz də dörd xarici dil öyrəndik. Hələ Qabil dayın saz, qarmon da çalır, idmanla məşğul olur. Nə biliriksə, Leylaya vermişik. Onun yaxşı oxuması bizi qanadlandırır, həyata bağlayır. Özümüzü nəinki şikəst hiss etmirik, hətta düşünürük ki, başqa sağlam adamlardan daha gərəkliyik cəmiyyətimizə. Bircə narahatlığımız o idi ki, Leylanın başı qarışıb kitablara, fikri-zikri oxumaqdır, ona görə də ürəyimiz istəyən qədər aktiv deyildir həyatda. Amma şükür Allaha, bu barədə də arxayınıq ki, onun sənin kimi fəal, qələmindən od tökülən, gözü hər yerdə işləyən jurnalist rəfiqəsi vardır.
Düzü, tərifdən sıxıldım bir az. Həm də dərk etdim ki, Leylanın valideynləri onu yetişdirib təhvil verdikləri kimi, özləri olmayanda da arxa, dayaq duracaq insan arzulayırlar. Elə bil vəsiyyət edirlər, onu mənə tapşırırlar. Öz fikrimdən səksəndim və dedim:
- Yox, ay xala! Bilirsiz, o, harada işləyir, hansı uğurlar gözləyir onu? Hələ nişanlısı… Bütün tanışlarının gözü onda olsa da, haqlı olaraq Leylanı seçdi. Siz məni Leylaya tapşırın. Bircə toyu yubatmayın. Tale bal ayını xaricdə keçirməyi planlaşdırır. Ondan sonra isə hər ikisi dəvətlidir, xaricdə işləməyə gedəcəklər. Onların heç kimin köməyinə ehtiyacı yoxdur. Siz sağ olun ki, belə övlad böyütmüsünüz!
- Düz deyirsən, amma hələ toyunu edək, sonra çox şeylər olacaq, hələ bizim həyatımız bundan sonra başlayır.
Mən onun nəyi nəzərdə tutduğunu dəqiq bilməsəm də, onların gələcəkdə daha yeni sürprizlərlə bizi heyrətləndirəcəklərinə əmin idim. Bir dəfə Qabil dayı sözarası dedi ki, hər cür əlilliyi olan şəxslərin psixoloji reabilitasiyası üzrə mərkəz açmaq fikrimiz vardır. Mən əminəm ki, bu niyyətini həyata keçərsə, cəmiyyətimizə çox töhfələr verəcək bu dəyərli insanlar. Elə onların şəxsi nümunələri ən bədbin insanı ruhlandırmağa kifayətdir. Nə bilim, bəlkə də tamam başqa şeyi nəzərdə tutur?!.. Validə xala həmişə deyirdi ki, cəmiyyətimiz kişilərin əliliyi olmasına bir az alışmışdır. Böyük Vətən Müharibəsindən qayıdan ata-babalarımız əlsiz, qolsuz olsalar da, yiyəsiz qalmış adamlara, qadınlara, uşaqlara ümid yeri oldular. Onların fiziki çatışmazlıqları da özləri qədər doğma idi, cəmiyyət onları çox rahatca qəbul elədi. Amma əlilliyi olan qadınlara münasibət bir az ayrıdır. Nəciblik, zəriflik, mükəmməllik rəmzi olan qadının bədənindəki çatışmazlığa o cür asan öyrəşə bilmirik. Biz ər-arvad kimi nümunə göstərsək də, kifayət deyildir. Çalışacağıq ki, varlı, imkanlı adamlar belələrinə yardım etməyi özlərinə borc bilsinlər. İslam dininin bu barədəki hökmlərini, əlilliyi olan şəxslər haqqında beynəlxalq qanunları, onların hüquqlarını hər kəsin bilməsi üçün əlimizdən gələni edəcəyik.
Heyhat!.. Belə düha sahibləri, gərəkli vətəndaşlar bir göz qırpımında faciəli şəkildə həlak oldular. Leylanı necə qorudum, sınmağa qoymadım, onu bir Allah bilir. Elə bu gün də onu toy etməyə razı sala bildiyimə görə özümü xoşbəxt sanıram. Taleh özü deyib ki, övladlarımıza Leylanın valideynlərinin adını qoyarıq.
“Budanmış ağaclar daha yaxşı bar verir”. Bu Qabil əminin sözüdür. “Nə qədər ki, əlin-ayağın yerindədir, əlsiz-ayazsızlara kömək elə”. Bu da Validə xalanın sözüdür. Əlbəttə, onların özlərinin heç bir köməyə ehtiyacları yox idi, özləri-özlərini firavan dolandırmaqdan əlavə, başqalarına da kömək edirdilər. O sözləri imkanlı adamlara doğru üz tutub deyirdilər və dediklərini də çoxları qəbul edirdi. Haqq sözə nə deyəsən?!
İndi məzarın baş daşındakı şəkildə təsvir olunan əl-ələ tutmuş o iki mərd, gözəl simalı kişini və qadının başı üzərində ucalan sərv ağacı hələ çox boy atacaq, hələ çox pöhələr verəcəkdir…
Şəhla Aslan,
Manera.az