manera.az
manera.az

Cihan Özdemir: “Ləhcələr türk dilinin zənginliyidir”

📅 09.03.2019 13:13

Cihan Özdemir: “Ləhcələr türk dilinin zənginliyidir”
Manera.az Yunus Əmrə Universiteti Bakı bölümünün başqanı, dosent Cihan Özdəmirin müsahibəsini təqdim edir:

- Cihan hoca, Sovetlər Birliyi 30 ilə yaxındır dağılsa da bağımsızlığını qazanan türk cümhuriyyətlərində dil siyasəti SSRİ-dəkini təkrarlamaqdadır. Bu siyasətin dəyişməsi sürəcini necə görürsünüz?

- Dünyanın milliyətcə türk olan və olmayan türkoloqları akademik olaraq bir gerçəyi qəbul ediblər - türkcə dediyimiz minillərlə oluşan ana dildir. Yer üzündə dillərin qullanılması ilə bağlı görüşlər teoriyadır. Çünki əlimizdə dəlil yoxdur. Heç kim ilk insanların hansı dildə danışdığını isbat edə bilməz. Ana dilimizin qədimliyini sübut edən abidələr isə dünyanın bir çox bölgəsində var. Ana türkcənin Ön Asiyada, Monqolustanda və onun quzey bölgələrində yaranıb və xalqlar daha geniş coğrafiyaya səpələndikcə dillərində də bir sıra dəyişikliklər yaranıb. Türk dili yalnız Türkiyədəki türklərin deyil. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan əhalisi türkçənin fərqli dialektlərində danışırlar. Bu ləhcələrin hamısı ana dil dediyimiz həmin o kökə bağlıdır. Azərbaycanca, qazaxca, özbəkcə... adlanan müstəqil dil yoxdur. Bu dillərin gerçək adı Azərbaycan türkcəsi, Qazaxıstan türkcəsi, Özbəkistan türkcəsidir. Əgər belə olsaydı, bizim dillərimiz tamamilə fərqli olmalıydı, məsələn rusca, ya da ingiliscə ilə türkcə kimi. Ancaq bu türkcələrin hər biri sintaksisi, kəlmə quruluşu ilə bir-birinə çox yaxındırlar. Bu səbəbdən biz bu qədər rahat anlaşa bilirik. Xalqlarımız siyasi-sosioloji fikirlərə uymadan bu elmi gerçəyi qəbul etməlidir. Heç bir güc bilim qarşısından dirəniş göstərə bilməz. Elmin qarşısında durmaq bəri başdan məğlub olmaq deməkdir. İlk başdan bu nöqtədə anlaşmağımız gərəkdir. Sovetlər dönəminin 70 illik kültür politikası ilə bağlı bir durum var burada – sovet ideolojisinin təməl stratejisi türk dünyasını parçalamaq, məqsədlərinə çatmaq üçün onları kiçik topluluqlar halına gətirmək olub. Azərbaycanca, qazaxca, özbəkcə deyimləri həmin sovet ideolojisinin təbliğatı ilə ortaya çıxıb. O sistemdə doğulan, yetişin insanlar bu təbliğatla yetişdirildi. Amma bu doğru deyildi. Çünki bu xalqların hər biri Göytürk tarixini öz tarixi olaraq qəbul edirsə, Qutatğu bitik, Divani Lüğətit Türk ədəbi abidələriniz kimi qəbul edirsinizsə, o zaman siz türksünüz, bu millətin bir parçasısınız. Düşünürəm ki, türk cümhuriyyətlərinin bağımsızlığı irəlilədikcə doğru yerini alacaq.

- Türkiyədə son dönəmlər xüsusən siyasilərin çıxışlarında ərəb-fars tərkibli sözlərin çoxaldığı görünür. Ana dilimizdəki bu geriyədönüşün qarşısını almaq ümün sizcə, hansı addımlar atılmalıdır?

- Dillər dinamik varlıqlardır. Dil əsası dəyişməz olmaq şərti ilə tarixi sürəc içərisində dəyişir. Bütün dillər dışarıdan kəlmə alır və başqa dillərə kəlmə verir. Ancaq dilin aldığı sözlər həddən artıq olarsa, dilin saflığı üçün təhlükə yaranır. Əgər bir dilə başqa bir dildən söz keçibsə və xalq o sözü rahatlıqla qullanırsa, demək, o kəlmə dildə öz yerini tapıb. Atalar sözlərimizdən birində deyildiyi kimi – aslanın vücudu yediklərindən oluşur. 1500 ildir türkcədə kitab kəlməsi qullanır. Biz ona necə yabançı söz deyək?

- Firudin Ağasıoğlu “kitab” əvəzinə “bitik” təklif edir, amma belə görünür, dildə oturuşması çox çətindir...

- Kitab artıq bizim düşüncəmizdə şəkillənib. Öz sözümüz olsa da, onu yenisi ilə əvəz etmək mümkünsüzdür. Texnolojilər dillərimizə yeni sözlər qazandırır. Əgər uyğun dövlət qurumları söz dilə girməyə başlarkən ona uğurlu qarşılıq taparlarsa, alınma sözə ehtiyac olmayacaq. Əgər alınma kəlmə geniş yayılıbsa, onun qarşısını heç bir inzibati resursla almaq mümkün olmayacaqdır. Bu bir çayı geriyə axıtmaq kimidir. XX yüzilin başlanğıcında Ömər Seyfəddinlər, Ziya Gökalplar “Gənc qələmlər” dərgisində türkcəni özünə döndürmə təşəbbüsləri başlatmışdılar. Onlar bu işi son dərəcə məntiqli və praktik üsullarla yapırdılar. O dönəmdə rəsmi dil ərəb-fars kəlmələri və qrammatik qaydaları ilə yeklənmişdi, xalq bu dili anlamaqda zorlanırdı. Onlar dərgidə aydınlara, yazarlara xitabən bildirirdilər ki, siz bu əsərləri kimin üçün yazırsınız, xalq dilində yazmasanız, nə yazdığınızı kim anlayacaq? Yazarların söz qaynağı xalqın dili olmalıdır. Onların irəli sürdüyü bu tezis çox başarılı oldu. Artıq cümhuriyyət dönəminə yaxınlaşdığımızda gerçək mənada xalq dili ilə ədəbiyyatçıların dili bir-birinə yaxınlaşdı. Cümhuriyyət zamanında isə, özəlliklə Atatürkün son dönəmlərinə doğru öztürkcəçilik adlı yeni bir axın başladı. Burada daha irəli gedildi, bayaq dediyim kimi, qeyri- təbii şəkildə, yuxarıdan basqı ilə ərəbcə-farsca kəlmələr dildən atıldı, onların yerinə türkcənin qaydalarına o qədər də uymayan kəlmələr gətirildi. Bir dönəm sonra Mustafa Kemal Atatürk bu reformları yürüdənlərə ‘’arkadaşlar, biz bu işdə bir az irəli getdik. Nə söyləyib nə yazdığımızı xalqımız anlamır’ dedi. Türkiyədə dil polemikaları uzun illər davam etdi, təxminən 1980-lərdə orta yol bulundu. İndi Türkiyədə dil dartışmaları o qədər də dərin sayılmaz. Doğrudur, bəzi ərəb-fars kəlmələrinin dilimizə gətirilməsi təşəbbüsləri var. Düşünürəm, bu kəlmələrin çoxu aydınlarımız sayəsində dilimizdə oturuşmayacaq. Çünki onların çoxunun ana dilimizdə illərdir işlədilən uğurlu qarşlığı var.

- Ortaq türkcə haqqında uzun illərdir danışılır. Sizin başçılarından biri olduğunuz Yunus Əmrə İnstitutunun bu yöndə çalışmaları olub. Gəlişmələr varmı?

- Mən 3 il Qırğısıstanda Manas Universitetində hocalıq yapdım. Coğrafi baxımdan Qırğısıztan Anadoludan uzaqdır və ləhcələrimiz arasında ciddi fərq var. 3 aya yaxın zamanda qırğız türkcəsini öyrəndim. 3 ay bitməmiş hocam söylədi ki, siz dili artıq mənimsəmisiniz. Gerçəkdən də qısa bir zamanda Qırğızıstan türkcəsini həm oxuyur, həm yazırdım. Dünyada heç bir kəs başqa bir millətin dilini 3 aya öyrənə bilməz. Ləhcələrdə əsas ahıngdir, o ahəng çözülürsə, ləhcəni öyrənmək çox qolaydır. Ortaq türkcə çox həssas mövzudur, heç bir ləhcə ayrılıqda ortaq türkcə kimi qəbul edilə bilməz. Bu gün türklərin ortaq türkcəyə ehtiyacı var. Biz bunu yaradarkən dilimizdəki yerəl fərqlilikləri də qorumalıyıq. Ləhcələr türk dilinin zənginliyidir.

- Dilin saflığının qorunması məsələsində medianın rolunu necə görürsünüz?

- Medianın toplum üzərində etkisi çox böyükdür. Təbii, görüntülü media daha ön plandadır. Müşahidə edirəm, Türkiyə serialları ilə Azərbaycanda danışıq dilinə bir sıra kəlmələr gəlməkdədir. Bayaq dediyim kimi, zamanla onların bəziləri dildə yaşama haqqıqazana bilərlər. Media çox güclü silahdır. Ancaq axın yalnız eyni dildən gəlmir. Barajın önündəki divara nə deyirsiniz?

- Sədd deyirik, hocam.

- Biz də sədd deyirik. Bax, o sədd bu gün yıxılıb və sanki sel gəlir. İnsanlara televiziyanı, virtual dünyanı yasaqlamaq, onu izləmə, bunu izlə deyə bilməzsiniz. Bu durumda yenə əsas yük aydınların üzərinə düşür. Dilin saflığını qorumaq, türkcənin zənginliyini sağlamaq üçün ana dilində baxımlı proqramlar hazırlanmalıdır. Əgər bu baş verməsə, insanlar yabançı dillər üzərindən bilgi alacaq və zamanla o dildə düşünməyə, onun təsiri altına düşməyə başlayacaqlar. Hər bir ölkənin mediası üçün dil bir əxlaq, mənəviyyat məsələsidir. Çünki xalqa xitab edilən dil onlardan gəlib keçir. Mediaya başçılıq edən şəxslər topluma xitab edilən ana dilinin qorunmasına xüsusi həssaslıqla yanaşmalıdırlar. Media çalışanları dil məsələsinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar. Biz millətin sorumluluğunu çiyinlərimizdə daşımalı olan insanlarıq. Bunu bir an belə unutmamalıyıq. Bizim bu gün etdiklərimiz bugünümüzü deyil, yarınımızı da etkiləyəcəkdir.

- Azərbaycan gündəmini məşğul edən suallardan biri ana dilində təhsillə bağlıdır. Son illər şəhər əhalisinin rusca təhsilə üstünlük verməsi tendensiyası yaranıb. Siz bir dilçi alim kimi,necə düşünürsünüz, əsas təhsil hansı dildə alınmalıdır?

- Bütün insanlara xarici dil örətmək siyasətini doğru saymıram. İnsan ilk təhsilini ana dilində almalı, daha sonra seçdiyi sənət üzrə dünyanın ən gəlişməkdə olan təhsilinin dilini öyrənməlidir. Ana dilinin önəmini artırmaq, toplumun bütün təbəqələrində yayğın hala gətirmək üçün sürəc ilk təhsildən başlamalıdır. Təhsildə milli kimlik və dil istisnasız ön planda olmalıdır. Bunun üçün ən modern yollar kullanılmalıdır. Toplumsal yapımız sağlam olursa, dışarıdan bizə zərər vermək istəyənlərin əli boş qalar. Biz milli kimliyimizi, sosial yapımızı güclü tutmasaq, içimizdəki parçalanmış ünsürləri manipulə etmək, kullanmaq daha qolay olar. Ayıq olmalı, toplumsal yapımıza kənardan müdaxilələrin qarşısını maksimum almağa çalışmalıyıq.

- Bir toplum dilini itirərsə, əlindən nələr gedər?

- Öncə kimliyini itirər. Millətləri ayaqda tutan ortaq milli kültürlərdir. Milli kültürün içərisində ən önəmli yeri dil tutur. Dilini itirən toplum tarix səhnəsindən silinər. X-XI yüzildən danışarkən peçeneqlərdən, bolkar türklərindən söz açırıq, daha əskiyə getsək, Avropaya gedən Hun türklərindən söz açırıq. Onlar geri dönmədilər, Avropada da türk kimi yaşamadılar. Pəki, haradadırlar? Dillərini itirdikləri üçün tarix səhnəsindən silindilər. Tarixin bizə verdiyi dərsləri heç unutmamalıyıq./Aygün Muradxanlı, musavat.com/

MANERA.AZ


Baxış sayı - 1 415 | Yüklənmə tarixi: 09.03.2019 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031