Dünya dönüb oldu SƏN - Xəqani Qayıblının yeni şeirləri

Manera.az Estoniya prezidentinin şəxsi tərcüməçisi, tanınmış şair Xəqani Qayıblının 55 illik yubileyi münasibəti ilə yeni şeirlərini oxuculara təqdim edir:
* * *
Qarşımda bir fincan qəhvə;
ağzı açılmamış,
dostumu gözləyən bir şərab şüşəsi;
təngənəfəs olan köhnə ilin son gecəsi...
cavabsız suallar beynimdə
və içimdə sırtıq bir şübhə...
Kədər arxaclayıb bəbəklərimdə!
Bir də
aysız, ulduzsuz zinrik bir gecə
göy üzündə...
Bu zülmət gecənin sabahında
növbəti bir sınaq
yanımda-yörəmdə
pıçıltılar
səslər
nəfəslər
Uzaq bir məmləktdə
halalım məni səslər
həsrətimin qolu üstə baş qoyub…
Oyub, bu həsrət içimi oyub!
* * *
Mən öləndə
mənə tabut yapmayın
məni
məndə aparın
qəbristanlığa
varınca
bir anlığa
ayaq saxlayın...
...oğlumdan və qardaşlarımdan başqa
kimsə olmasın yanımda
və məni
rahatca
əmin-arxayın
ustufca
məzara sallayın
anamın ölümündən sonra
mənə tabut olan canımda...
* * *
Bu xəbərsiz gəlişindən
Yenə ruhum uçundu.
Yenə itirdim özümü...
Yenə elə udqundum...
Şükür, görüşdük yenə
İşıqla doldu içim.
Yenə yumdum gözlərimi
Sənə qovuşmaq üçün.
Yenə soluğum kəsildi –
Tərdə təntidi tənim.
Ayrılığa dözümüm yox,
Tanrım, tərk etmə məni!
* * *
... bu da sonbahar –
yenə
yenik düşəcək yaşılım yarpaqlar...
(iyul Günəşinin hənirtisi
barmaqlarımın ucunda)
içimdə duyğularım saralır...
canımı qoymağa yerim yox, babam!
təlaşdayam –
sanki köksüm altda payız var kimi!
... ömrümdən bir fəsil keçir
səhradan rüzgar kimi...
* * *
Yenə
az qala
unutmuşdum səni!
baxdım ki
ömrümün Danı çoxdan atıb
Günü də batabatdadır
və
xatırlanası bir şey yox bu dünyada ...
Tanrım, nə ömürdü bu?!
Təsəlli olsun deyə
səninlə bağlı günlərin
xatirəsini yad etmək üçün
‘‘bir dəqiqəlik sükut’’
təklif etdim yaddaşıma
İÇİMDƏ FIRTINA QOPDU!!!
* * *
yenə
pəncərənin önündən keçirəm
ürəyimdə ümid
gözlərimdə təlaş...
kaş
pəncərən gülümsəyə dodaqlarında
içim nurlana
gözlərim bayramlaşa gözlərinlə
mən də ilk dəfə eşqə düşdüyüm vaxtlarda olduğu kimi
fit çala-çala əllərimi hərləyib
şalvarımın arxa ciblərinə təpəm...
bu dəm
tək istəyim pəncərəndəki gülüş...
bir də
keçən dəfə pəncərəndən üstümə tulladığın
qurumuş çiçək əvəzi
günəşli may havasından asılıb qalan bir öpüş.
* * *
...Sərin bir payız gecəsi
öncə duyğuların ram etdi məni
dolunaya baxarkən...
sonra
sən çıxdın qarşıma –
dünya dönüb oldu
SƏN!
* * *
oğlum Şərif-Turana
Çəkə tut, oğlum, çəkə
Çəkə tut atın başını!
Çalış bircə çəkə tutma
bu boş həyatın başını...
Çəkə tut – mənzil başına
rahat çatdırsın at səni.
Əllərini yanına sal –
Qoy aparsın həyat səni!
Çəkisini düzəlt atın,
Çəki nədir, həyat bilməz...
Çəksən başını həyatın –
Ömrün çiləsi çəkilməz!!!
SƏNDƏN QALANLAR...
Sabahın alatoranlığında
illərin üstən adlayıb
səni tapmaq istədim...
...tapıb da qucmaq istədim,
qucub da uçmaq istədim
xəyallarda olsa belə...
o doyumsuz,
xatırlananda tənimi təntidən
günlərin içində mürgü vurub
yatmaq istədim...
baxdım, nə sən varsan,
nə o doyumsuz günlər –
göz-göz oldu ağrılar...
bağırsam ünüm yetməz,
uzatsam əlim
və məni
adam kimi yaşamağa qoymaz
səndən qalanlar!..
Oğrun istəklərimi
qaranlığında boğan axşamdı,
mehi ürəyimi titrədən,
doqqazlardan qoyunları qabağıma qatan
quzuları mələşən səhərdi,
hülqumumda ilişib qalan
uda bilmədiyim
acı bir qəhərdi
Səndən qalanlar!
İllər sevgimin yaşıdı...
Bu illər ərzində neçə yol
Dağı arana,
aranı dağa daşıdım...
əlimdə-ovcumda qalan
kirpiklərimdə gilələnən qözyaşıdı
Səndən qalanlar!
od deyil, tüstüsü var,
can yaxan istisi var,
mən adda xəstəsi var
səndən qalanların!
Həm şirin, həm acıdır,
Eşqimin baş tacıdır!
Bir də... Xar Tut ağacıdır
Səndən qalanlar!
Şanı – pətəkdə baldır,
İlğımsayaq xəyaldır,
Of... əlçatmaz vüsaldır
Səndən qalanlar!
ÖLÜMDƏN BƏRİ MƏNƏM
Gəz, dolan Yer kürəsini
öz suçu var hərəsinin
min-min Tanrı bəndəsinin...
biri sənsən, biri mənəm.
Dar gələrsə Dünya bizə,
sığınaraq eşqimiziə
yeni Dünya quraq, Gözəl,
Göyü sən ol, Yeri mənəm.
Gəldik, tanıdıq Dünyanı,
sevdik – bəzədik Sevdanı...
bu Sevgi adlı karvanın
Sarbanı Sən, Nəri mənəm.
Bu karvana çoxu baxar,
Baxıb canın oda yaxar...
Qarşımıza dörd yol çıxar,
O dörd yolun sirri mənəm.
Biz gedən yollar güllənər,
Güllər dil açıb dillənər...
Sonu ölümə dirənər
Bil, ölümdən bəri mənəm!
* * *
Tanrım, təpədən-dırnağa
Ağrıyam – Sözəm, bilirəm.
Məhşər Günü dərgahında
ağrıyan Sözəm! Bilirəm...
Ağrılarım Məhşər Günü
deşilib göz-göz olacaq...
Yenə hoyuma yetənim –
xilaskarım, Söz olacaq!
Məhşər Günü Səsə dönüb
şeir desəm öz ağzımnan,
məni Sözümə bağışla –
qurtar məni Söz ağzından!
Bilirəm, o Günün yadında
ya Söz, ya Dözüm qalacaq...
Qalsa, – məndə Dözümmü var? –
Yenə də, Sözüm qalacaq!!!
* * *
Yadındamı, görüşərdik
hərdən Boylama Güzgüdə.
Kəsilərdi ayaqların
yerdən Boylama Güzgüdə.
Gözlərin, ah... o gözlərin!..
Matdım-matdım hey döyərdin...
Böyüdükcə böyüyərdi
sirdən Boylama Güzgüdə.
Taxtın-tacın zər içində,
Ömrün – ləl-gövhər içində...
Oyanardın tər içində
birdən Boylama Güzgüdə.
Xaqani, bu gün nə gündür,
Varlığın Sözə büründü?!
Deyən gözünə göründü
“Pərdən” Boylama Güzgüdə?!
* * *
İndi – bu saat
bu meşənin qırağında,
bu çölün düzündə
məni yalnız qoymaya
bu qürbətin Göyüzündə
şimşək atam, bulud anam...
qəfil bir yağmur başlaya –
torpaq kəndimiz qoxuya,
mən havalanam!
ÖMÜR KEÇDİ –
FİDANIMIZ ŞAXLAMAZ
Şair qardaşım İbrahim İlyaslıya
Alar Haqq salamın şair qardaşım,
Dosta varan güzarını çağ eylər!
Heç qıyarmı üzülüşə əl, əldən
Yanmış körpüləri bəndi-bağ eylər!
Uca başlar uca olar binadan,
Uzaq olar xəyanətdən, zinadan,
Dərsin alar Ələsgərdən, Cumadan
Hər kəlməsi dost üzünü ağ eylər!
Ömür keçdi – fidanımız şaxlamaz,
Köhlənimiz kürənləri haxlamaz...
Dost dediyin bildiyini saxlamaz,
Peyvənd vurar dost bağında, tağ eylər!
Xaqani der: şəkk etməsin ozanlar,
“Arif olan mətləbimi tez anlar”.
Könül verib Haqqa, şeir yazanlar
Sözü ömür piltəsinə yağ eylər!
O YAYLAQ
O yaylaq bildim eşq nədir,
Bir gözəl gördüm o yaylaq.
O gözələ, o göyçəyə
Könlümü verdim o yaylaq.
Eşq məni çəkdi sınağa,
Tuş oldum eldə qınağa...
Neylim, təpədən-dırnağa
Sehirdim, sirrdim o yaylaq.
Yoxdu daha o göyçək, yox,
Yox olubdu çox gerçək, yox.
Yamaçlardan gül-çiçək yox,
Mən sevgi dərdim o yaylaq.
CANIM CAN VERƏ QOYNUNDA
Bir gecə...
qərib bir gecə
için-için hönkürəsən...
Canım can verə qoynunda,
Yerimi cənnət biləsən!
Hönkürəsən...
hönkürəsən
sıxıb köksünə başımı.
Dirilik suyu həngi
açıq gözümə tökəsən
dərman kimi gözyaşını...
... Görəsən ölmüşəm daha,
Bir fəryad qopa köksündən!
Elə nalə çəkəsən ki,
diksinəsən,
eymənəsən öz səsindən!
Əlləşəsən...
əlləşəsən diriltməyə
cansız,
ruhsuz bədənimi.
Oxşayasan dəli kimi
başdan ayağa tənimi...
Yorulub – taqətdən düşüb,
halsız,
hıçqıra-hıçqıra
bir qəmli ağı ötəsən!
Qanı qaçmış dodağımdan
durub-durub, hey öpəsən...
Öpəsən,
bir də öpəsən...
öpüb cansız cəsədimi
sanma, günaha batasan!
Unudasan öldüyümü...
Girib qoynuma yatasan!
... Dan üzü,
o qərib gecənin dan üzü
tələsik durub yuxudan
ömrümdən çıxıb gedəsən...
Qapıya çatar-çatmaz
qanrılıb baxma üzümə,
öpmə qansız dodağımdan!
... Məni ölməmiş biləsən!
MƏN SƏNİ GÖRMƏYƏ GƏLİRƏM, GÜLÜM
Mən səni görməyə gəlirəm, gülüm
Səbrim qarsalanıb yanar ahımda.
Mən səni görməyə gəlirəm, gülüm
Bundan xəbəri yox heç Allahın da.
Gəlirəm – qırılsın həsrətin beli,
İnan, toy bəhanə, yas bəhanədir.
Karıxma qəfildən üz-üzə gəlsək,
Halını soruşsam, sus! Bəhanədir.
Bir eşqiin yolunda, bilirəm, gülüm
Əridə bilmədim ömrü şam kimi.
Mən səni görməyə gəlirəm, gülüm
Çıx məni qarşıla yad adam kimi.
Bilirəm nə desəm gəlməz eyninə,
Özüm öz suçumu bilirəm, gülüm
Bütün günahları alıb çiynimə,
Mən səni görməyə gəlirəm, gülüm!
DÜNYA
Həmid Ormanlıya
Bu da dünya dediyin –
İçi boş, yalan dünya!
Günaha sürükləyib,
Suçu xoş qılan dünya!
Gələrsən, xəbər tutmaz!
Dilərsən, hədər – tutmaz!
Gedərsən, səfər tutmaz –
Köçü nəş olan dünya!
Ölsən daldada, bilməz!
Fani – bal dada bilməz!
Məni aldada bilməz
Piçi beş filan dünya!
HƏR SƏHƏR GÜZGÜYƏ BAX
Məni axtaran gözəl,
Ruhundakı sözdəyəm!
Üz tutub eşqə doğru
Yol aldığın izdəyəm!
Danmaz bu iz – Yol məni,
Bu Yol edib qul məni!
Su Pərim ol, bul məni
Dəryada – dənizdəyəm!
Xəyallar gerçək olsa,
Ömür-gün göyçək olsa –
Sən dönüb çiçək olsan,
Mən səhrada, düzdəyəm!
Ürəkdə sevgiyə bax,
Sevgidə ülgüyə bax –
Hər səhər güzgüyə bax,
Bax, məni gör – sizdəyəm!
QƏM DƏRYANDA TƏKNƏN OLUM
Ölsəm qoynunda basdır,
Yerimi bilən olmasın!
Kefi istəyəndə durub,
Üstümə gələn olmasın!
Olmasın qəbrimi bilən,
Bir qərib qədrini bilən...
Təkcə sən dərdimə bələn,
Dərdini bölən olmasın!
Tapılmasın nə daşqıran,
Nə saçın yolub qışqıran,
Nə də hıçqıra-hıçqıra
Gözyaşın silən olmasın!
Keşkə dərdin tək mən olum,
Qəm dəryanda təknən olum...
Çəkə bilsən çək, mən olum
Heç ayrı çilən olmasın!
ADIN DİLİMİ QANADIR...
Yayından çıxan ox kimi
Adın dilimə dartınır...
Sanki dan üzü yaz günü
Arı gülünə dartınır!
Çəkilməz pərim, bunca ah,
Desəm... deməsəm bir günah.
Adın içimdə dustaq,
İçim çölümə dartınır!
Adın dilimi qanadır...
Könlüm sevdadan yanadır.
Ruhum Tanrıma can atır –
Canım ölümə dartınnır!
BİR GÜN OLAR...
Bir gün olar tanımazsan özünü,
Tanımazsan, üşənərsən adından!
Ya bu həyat bir gün səni unudar,
Ya da bir gün həyat çıxar yadından...
Anlamazsan bu həyatda yoxsanmı,
Yaşayırsan, ya ölübsən çoxdanmı...
Nə fərqi var yaş əllimi, doxsanmı
Yıxılarsan bir gün ömür taxtından!
Vədə yetər, “düş taxtından, düş!” deyər –
Həyat səni atqabağı döşdəyər...
Azar kimi iliyinə işləyər,
Bu dərd keçər sənin yeddi qatından!
Bir gün olar dağ görünər təpə tək,
Tək yaşayar öz ömrünü təpə, tək!
Bir gün olar yaşayarsan təpətək,
Dərd boylanar həyatın hər çatından.
Bir gün olar hər kəs səni tərk edər,
Artar elə günü-gündən bəlkələr...
Həyat səni ağac bilib silkələr,
Ayrılarsan çox sevdiyin qadından!
Bir gün olar unudarsan özünü,
Unudarsan, adın çıxar yadından!
P.S - Şeirlər ilk dəfə Manera.az-da dərc olunur
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ