manera.az
manera.az

Qayıdış - Yaşar Bünyaddan yeni hekayə

📅 02.02.2019 18:57

Qayıdış - Yaşar Bünyaddan yeni hekayə
...Onu köhnə “təcili yardım”dan düşürüb Mirmehdi dayıgilin doqqazının ağzına qoyanda, o bir tərəfdən, Sənəm xala da o biri tərəfdən qapağı qaynaq edilmiş sirli qutunu barmaqlarıyla oxşuyub ağlayarkən başa düşmüşdüm ki , onlar da metal tabutu mənim kimi ilk dəfə görürlər.

Əfqanıstandan oğlunun ölüm xəbəri gələndən gecə-gündüz qurumuş canına vay tutan Sənəm xala indi kirimişcə dayanmışdı. Soyuq tabuta elə sığal çəkirdi, sanki nənnisində uyuyan sevimli oğluna layla deyirdi.Lap diqqətlə qulaq versəydim, bəlkə də dodağının altında oxuduğu bayatını da eşidərdim. Yaxınlaşa bilmirdim.

Mən də uşaq ağlımla fikirləşirdim ki, orada meyid varsa, yeşiyi niyə belə qaynaq eliyiblər? Qaçıb eləməyəcəkdi ki!.. “Görəsən onun içindəki Kazımı da babamın meyidi kimi yuyub, kəfənləyiblər? Yuyublarsa, dəmir qutuda niyə gizlədiblər? Qulağına, burnuna pambıq tıxıyıblar, ayaqlarını bağlayıblar?.. Babamı anamın cehizlik xalçasına bükmüşdülər, heç cınqırı da çıxmırdı axı...”

Məni fikirdən qoparan qiyyə olmuşdu –qəfil çaxan şimşək kimi yeri-göyü titrədən qiyyə!

Metalın soyuğumu diksindirdi onu , bayatımı kəsərdən düşdü, bilmirəm. Onu bilirəm ki, Sənəm xala özünü nə qədər aldatdığını, əzizgiramisinin ayağa qalxıb ona sarılmayacağını qəfil dərk elədi, gözləri yuvasında böyüdü, havalı təki tabutdan aralandı,aralandı... və...dodaqaltı hansısa mahnını zümzümə edə-edə qollarını açıb oynamağa başladı -Kazımın toyunda oynayırmış kimi...

Adətən, toylarda əsl rəqqasə kimi süzən Sənəmki ortalığa girərdi, bütün kənd böyüklü-kiçikli qırağa çəkilib heyranlıqla ona tamaşa edib əl çalardılar. İndi də oynayırdı Sənəm, bəlkə əvvəlkindən də gözəl, cazibəli...əhd edibmiş kimi...yerə-göyə sığmadan...Amma nə əl çalan, nə də sevinən vardı bu dəfə.

Hava istiydi, camaatsa qəfil yağışa düşübmüş kimi büzüşüb durmuşdu. Qız-gəlinlər biri-birinə qısılmışdı, cavan oğlanlar döyükmüşdü, dünya görmüş kişilərin matı-qutu qurumuşdu, arvadların əlləri ixtiyarsız olaraq açılmış ağızlarına qapanmışdı. Handan-hana arvadlardan “yazıq Sənəm “ deyənidə oldu, “vax-seey, arvadın başına hava gələcəy!”-deyəni də...
Düz deyirmiş arvadlar...

Birdən dayanıb durdu, dırnaqlarıyla qanı şırıldayıb axana qədər sifətinin dərisini siyirdi, tabutu gətirən zabitin üstünə şığıdı, qanlı əlləriylə paqonlarından yapışdı, silkələyə-silkələyə elə dartışdırdı ki, paqonlar qopub ovucunda qaldı. Tez də, iyrənirmiş kimi onları yerə tulladı və var gücüylə yumruqlarını onun sinəsinə çırpa-çırpa bağırdı:

-Mənim balamı verinnn! Bu mənim uşağım deyil!.. Mənim uşağım hanııı?!... Allah tufağuzu dağutsun! Balamı verin mənə!!! Kazımımııı!.. Ay camaat, neynirəm dəmir qutunu,həə?!

Onun səsi indi də qulağımda cingildəyir...

Zabit dilimizi başa düşməsə də, ana fəryadına dözə bilmədi. Qopardıb yerə tulladığı paqonlara da fikir vermədi. Kövrəldi.“Matuşka...izvinite,radi boqa...i-i-instruksiya...ya toje saldat... ya...ya ne vinavat, ya...”-deyib udqundu, sonra da qana bulaşmış paqonlarını yerdən götürüb əsgərə uzatdı.
Elə bu vaxt Mirmehdi dayı zabitə yaxınlaşıb hikkəylə bağırdı:

-Ne vinovat?!.. Deyirsən, ne vinovat, həəə? Taqda... taqda atkrıvay etu karobku! Atkrıvay daaa!

Zabit və onu müşayiət edən rus əsgərləri çaşıb qaldığından bir-birinə baxdılar. “K-kak?..” - deyib çiyinlərini çəkən zabitin çətin vəziyyətə düşdüyü üzündə yazılmışdı. Vəzifələri dəfndən sonra yaylım atəşi açacaq əsgərlər isə,həqiqətən o qutunun içindəkinin marağındaydılar.Sanki, onlar da lehimlənmiş metal tabutu ilk dəfəydi görürdülər.

Zabit Mirmehdi kişiyə başa saldı ki, bizə elə əmr verməyiblər, ixtiyarımız yoxdu, aça bilmərik...
Mirmehdi əmi də onun şübhəli danışmasından bir az da ürəklənib bağırdı:
-Aç deyirəm sənə, it oğlu it!.. Atkrıvay, atkrıvay dedim sənə!..

Bütün kənd quruyub qalmışdı yerində, zabitin nə edəcəyini gözləyərək bir an cınqırını da çıxaran olmadı.Və qəfil:
-Mən...mən açaram,- Qulaməli oğul dərdinə tablaşmayan Mirmehdi dayıya yaxınlaşdı.-Özünü üzmə,- zabitə işarəylə, -onun da üstünə getmə, sən Allah, -dedi. - O da əmr quludu,yazığın günahı nədi?

Qonşumuz Qulaməli dəmirçiydi.Tabuta diqqətlə baxıb dedi ki, onu həyətə aparın, bu dəqiqə gəlirəm.Cavanlar tez tabutu qaldırıb Mirmehdi dayının həyətinə apardılar. Deyəsən yaman ağır idi. Kiminsə hıqqana-hıqqana, “elə bil daş yığıblar içinə” dediyini eşitdim.On-on beş dəqiqə keçmədi ki, Qulaməli də bir yeşik dəmirçi alətiylə həyətə girdi. Kişilərdən ən yaxınları, daha doğrusu, ən ürəkliləri içəridə qalıb darvazanı bağladılar.

Sənəm xalanın qanlı dırnaqları hələ də sifətinə yapışıb qalmışdı.Arvadın cınqırı da çıxmırdı.Biz də maraqla gözləyirdik, çoxları dua edirdi ki, kaş qutunun içindən Kazım çıxmayaydı, yoxsa, bu arvad dəli olacaq!.. Nə bilmək olardı, bəlkə də Kazımın orda olması yaxşıydı?..

Gah gərginlikdən dodaqlarını saqqız kimi çeynəyə-çeynəyə gömgöy göyərtmiş paqonsuz zabitə, gah bir yerə yığışıb siqaret tüstülədən əsgərlərə, gah da yaşı qurumuş gözlərini darvazaya zilləmiş Sənəm xalaya baxırdım. Arvad tindəki əyri işıq dirəyi kimi quruyub qalmışdı, sanki ürəyi dayanmışdı...

Bir saat keçmişdi ki, həyətdə bir vay-şüvən qopdu, hamı “hiiii” deyib içini çəkdi.Bu tükürpədici səs keçən yaz istədiyi oğlana verilmədiyindən üstünə benzin töküb özünü yandıran bibim qızı Validənin bağırtısının eyniydi...
“Hiiiiii!..”

Darvaza açılan kimi küçədəki kişilər, arvadlar içəri doluşanda əl-ayaq altında qalmayım deyə(boyum balacaydı) divara dırmaşdım.Mirmehdi dayıgilin həyəti millətnən doldu.Tərslikdən, hasarın üstündən də heç nə sezə bilmirdim.Bayaq eşitdiyim inilti, zarıltı daha da çoxaldı. Hasardan endim.Camaatı dəhşətə gətirən nə idisə, onu görmək istəyi məni adamları yara-yara konserva qapağı kimi kəsilib yarıya qatlanmış qutunun qənşərinə gətirdi.Tabutu iri dəmir mizin üstünə qoyduqlarından içindəkini görə bilməsəm də, çatan kimi, dırnaqlarını qaysaqlamamış yaralı sifətinə sancıb bir çəngə ət qopardan Sənəm xala elə bağırdı ki, bayaqdan papiros tüstülədən əsgərlər də qaçaraq tabuta yaxınlaşdı.

-Bəs Kazımım hanııı, a canı yanmışlar, hanı mənim ciyərparaaam?!.. Ölübsə,ölüsünü neyliblər, həəə?!

Hə, indi başa düşdüm ki, qutudakı Kazım deyil.Yəni Allah bizim duamızı eşitmişdi? Yəqin ki, eşidib, yoxsa, tabutun içindən Sənəm xalanın oğlu çıxardı da! İndi hamı bir şey fikirləşirdi: yaxşı, qurban olduğum duamızı eşidibsə, yeşikdən Kazımın ölüsü çıxmayıbsa, doğrudan,bəs Kazım özü hanı? Ən qəribəsi də o idi ki, oğlunun meyidini görməyən Sənəm xala sevinmək əvəzinə, üzünə od tuturdu.Göz yaşını da bir tərəfdən saxlamaq olmurdu.

-Vot eto daa!..
Zabitin gözü kəlləsinə çıxmışdı.Heyrətdənmi, qorxudanmı gah tabuta, gah da camaata baxıb eləcə təkrar edirdi:
-Vot eto daa!...

Ağsaqqallar topalaşıb Mirmehdi əmini sakitləşdirirdilər ki, Allaha şükür, Kazımın ölüm xəbəri yalanmış!

Zabit, raykomun göstərişiylə üzüm yığımında təhkimçi olduğundan dəfn mərasiminə gecikən rayon “vayenkom”unun nümayəndəsinə işin nə yerdə
olduğunu başa saldı.Başa saldı ki,bizim vəzifəmiz aeroportdan tabutu təhvil alıb ünvanına çatdırmaq, dəfn mərasimində əsgərin şərəfinə yaylım atəşi açmaqdı, başqa heç nə.Tabutun içindən hərbi forma geyindirilmiş şalbanın çıxmasını birinci dəfədi görür, daha doğrusu, birinci dəfəydi ki, tabutu açıb içinə baxırdılar.

Hamı çaş-baş qalmışdı.Kimsə dedi ki, vallah bu pis əlamətdi.Uşağın qəbrinin ağzı on gündü açıq qalıb, bir yandan da şalban...Bu hökümətin əsgərinin uçotu-muçotu var axı?! Ola bilməz ki, Kazım ölməyə, ancaq tabut göndərələr qapısına.Burda nəsə var...

Ələsgər müəllim, adəti üzrə çoxbilmişdiyin göstərirmiş kimi ağzını açan təki hamının üstünə qaynar su səpdi elə bil.Dedi ki, gərək inahat eləyib açmayaydız, ola bilər,əsgər minaya düşər, tikəsi də ələ gəlməz...Onda neyləsin hökümət,yəqin tabutu beləcə doldurub yiyəsinə göndərirlər...Bu da bir təsəllidi. Elə bunu demişdi, Sənəm xala: “ay Brejnev,evün yıxılsın... balon qabağuva döşənsün!..Döşənsün qabağuvaaa!..” - deyib bir qıyya çəkdi, bir ağız açdı ki, öz səsinin vahiməsindənmi, yoxsa tikəsi ələ gəlməyən birdənəsinin öldüyünə əminlikdənmi qəşş eləyib quru torpağın üstünə sərələndi...

***
Gör nə qədər vaxt ötmüşdü o hadisədən. Nə qədər qoca, cavan köçmüşdü dünyadan. Bəlkə də o səsin ağrısı, o fəryadın cingiltisi çoxunun xatirindən silinmişdi, hətta, oğlunun ölümüylə barışsa da, Kazımın təkcə hərbi forması dəfn edilmiş məzarı başında səssiz-səmirsiz nalə döyən,göz yaşıqurumuş Sənəm xalanın da.... Amma indi,bürküdən boğula-boğula, köhnə “RAF” in içində, Rusiya-Azərbaycan sərhəddini keçərkən, nədənsə, uşaq vaxtı bütün vücudumu silkələyən o ah-nalə yenidən qulağıma dolmağa başladı.

Yuxusuzluqdan şişmiş gözlərimi ovucumun içində ovxalaya-ovxalaya darısqal salona göz gəzdirib səs sahiblərini axtarıram.Səslər çox tanışdı -bibim Əfruzun, Sahilənin, balaca Damlanın...İlahi, yeddi yaşlı uşaq da ağız açıb, diz döyərmiş?!. Yəni Damla atasını düz-əməlli tanıyırdıki? Heç Sahiləni demirəm. Bircə ilin gəliniydi.Bircə qarın doğmuşdu. Diləfruz nənə demiş,bir üzü qız, bir üzü gəlin... Səslər gah uzaqdan gəlir, gah qulağımın dibindəcə guruldayır, gah da çilik-çilik olub tökülürdü ayağımın altına... Səslər məni dəli edir...

Nəsə axtarırmış kimi bir də darısqal salona göz gəzdirirəm; on iki saat dayanmadan maşın sürən, yol boyu allahın bir kəlməsini kəsməyən, elə hey başını yırğalayan sürücü Qoçunu görürəm;sərhədçilərin təkər üstü taxta zastavası, at arabasıyla, köhnə “QAZ-24”lərlə Dağıstana mal daşıyan alverçilərin basabası, indicə sənədlərimizi yoxlayıb beş min rubl “qopardan” gömrük işçilərinin başdansovdu tikilmiş yöndəmsiz binası bizdən uzaqlaşdıqca, bir az da o səslərə yaxınlaşıram...

***
Nahaq Comərd əminin sözün qulaqardına vurdu Səlim. Kişi dünya görüb, sovetin torpaqların qarışbaqarış gəzib, insanlarına da bələddi deyə nakam qardaşının sonbeşiyi Səlim deyəndə “gedirəm Rusyətə”, yalvar-yaxar eləmişdi ki, kişi , hələ əlinin xınası solmayan, cavan,həm də qarnı burnunda boylu arvadını xəstə anasının umuduna qoyub getməz.Bir az qılığına girib ağzın arayandan sonra özünün, arvadının nişan üzüyünü dəyər-dəyməzə satıb yolpulu etdiyini biləndə təpəsindən tüstü çıxmışdı Comərd əminin.

-Kişilər Qarabağda qan tökür, -demişdi,-namusun qoruyur, sənsə qaçırsan?! Həm ailəndən, həm də torpağından qaçırsan? Hara?..Əsgərliydə gördüyün başı-götü açıq Valyaların, Qalyaların iyi gəlib burnuva?.. Oğraş!..Gorun çatdasun, a qardaş!..- Axırda da, bəlkə yola gəldi deyə, bəlkə də yandığından arvadına eşitdirmişdi ki, o qoduğa de, əgər məni tapdalayıb getsə, dayı qayıtmasın buralara. Əgər eşitməsə, onu adda qardaşoğlum yoxdu! Vsyo!..

Çox ağır sözlər də demişdi, Səlim eşitməmişdi. Eşitməməzliyə vurmuşdu Səlim.Hələ mən də məzəmmət edib Comərd əmiyə qulaq asmasını xahiş edəndə, incimişdi.
-Sən də lap qocafason danışırsan e, xaloğlu,-demişdi.-Biryolluq ha getmirəm.Bir az pul qazanıb, dönəcəm...Dolana bilmərəm burda, başa düşürsən? Boğuluram...

Dönmədi. Dönə bilmədi, elə bil bataqlığa düşdü Səlim. Sahilə qızını dünyaya gətirdi. Qızın adını da Damla qoydu, böyütdü. Bir gözü yaşlı, biri quru günü günə,ayı ilə caladı.Anası qubar eləyib öldü. “Başında bir qəzyə var yəqin, yoxsa dönərdi” - fikirləşdi zavallı Sahilə.Beləcə yeddi il Damlayla birgə için-için ağladı...Damlalar ümmana döndü...

Və bir gün... məktub gəldi Sverdlovskdan. Özü də Damlanın ad günündə.Üstündəki möhürdə üç ay əvvəlin tarixi olan solğun, əzik məktub Səlimdən idi. Ad günündə hədiyyə alırmış kimi sevinən Damla, açılmamış məktubda üzünü görmədiyi atasının naməlum iyini axtardı.Zərfdən isə rütubətli zirzəmi qoxusu gəlirdi.

Zərfi açmağa məndən özgə heç kəs ürək eləmədi.Kiril əlifbasıyla üç-dörd cümlə yazmışdı Səlim. Ehtiyatla oxudum.
“Salam, ana.Mən yalançı çıxdım.Əclafam...Məktub yetişibsə, bəsimdi. Bağışla... Bəlkə görüşmək qismət olmadı.”
Vəssalam. Nə Sahilədən, nə uşağından bir kəlmə də...

***
...Bilet alıb Sverdlovska gedəndə, Damla belimə sarılıb:“atamı gətirəcəksən?”- soruşmuşdu.Bir də Comərd əmi, əlləri əsə-əsə əsasına söykənib kövrəlmişdi:
-Qurbanın olum, ay Əhməd, tap onu.
Səsi titrəyirdi kişinin.Dilinə gətirməyə cəsarəti çatmasa da, “ölüsünü də olsa,tap, gətir”-demək istədiyini gözlərindən oxumuşdum.Bir də məndən aralananda pıçıltısını eşitmişdim:
-Dilim yanaydı ağzımda...

***
“Tapdım, Comərd əmi, tapdım Səlimi...Gətirirəm...Boz çöllükdə, tikan-çayan içində tapdım... Nə bir sinə daşı, nə ad, nə tarix. Taxta başdaşında “43” yazılan qəbirdə uyuyurdu Səlim... Sağlığına çatmadım...”

Nə zillətnən icazə aldım, qəbrini açdırıb metal tabuta qoydurdum, təyyarəylə gətirməyə o qədər pul istədilər ki, əsasən bazarlarda alver edən azərbaycanlılar, özləri demiş, qulpundan çıxanı verib məni Qoçunun “RAF”ıyla yola saldılar; gücləri buna çatırdı dediylərinə görə...

Yol boyu hey fikirləşirdim ki, dünyanın tarazı əyildikcə əyilir, adamların zayı çıxır get-gedə valla, bu necə olan şeydi, camaat “çörəypulu” deyibən evindən-obasından didərgin düşüb, yəni hərə ancaq canının, öz qarnının hayındadı? Sonra da öz dediyimə qəmiş qoyuram ki, neynəsin millət axı, nə zillət eləsin; torpaqdan pul çıxmır, zavod-fabrik yox, şəhər də bəyənmir kəndçini, qəbul eləmir, elədiyin də elə hala salır, elə rüzgara qoyur, day deməlisi qalmayıb. Yuxarıda oturanların da nə vecinə- öz qarnını otarmaqla məşğuldu, çoxları tək özünü yox ee, nəvə-nəticəsini də düşünür, var-dövlət yığır ki, bizim günümüzə düşməsin. Ortada kim qalır? Yanan da biz, yaman da...Şillə qabağına da, güllə qabağına da biz kasıbları verirlər... Var-yoxuna lənət, deyirsən - döyürlər, demirsən, dərddən əriyə-əriyə toza dönürsən...Başlı başın saxlasındı- bir əncam çəkəni də yox...Səlimin dalısıyca getməzdən bircə ay qabaq iki şəhid gəldi bapbalaca kəndə.İki başdaşından biri qırmızı lentə bürünüb ee, qəbristanlıqda... İmkanlıların uşaqları Londonda, nə bilim, hansı xarabada “oxuyur”, kef eləyir,bir də gördün gələcək ki, hə, bu kreslo mənim dədəmnən əmanətdi...

Qoçu əyləci basdı.“Çatdıq deyəsən”.
...Yol boyu qulağımda cingildəyən o səslər köhnə “RAF”ın rəngi qaçmış qapısında daha gur, daha da yanıqlı eşidiləndə fikirdən yayındım.Ayaqlarım keyiyib, tərpədə bilmirəm ki, tabutu maşından alıb Comərd əminin doqqazınasarı aparan cavanlara əl tutam.Arvadlar diz döyür, kişilər içində göynəyərək tabutun dalınca həyətə doluşurdu. Yaxşı ki mənə fikir verən yox idi.

Bu izdihamdan, ah-nalədən heç nə anlamayan Damla isə camaatı yara-yara həyətdən çıxdı, məni tək görüb bir anlığa darvazanın ağzındaca dayandı, bir mənə, bir maşına baxdı. Sual dolu baxışlarında qalan ümidini qırmayım deyə başımı yana çöndərə bildim. Qəhərdən gözlərim doldu .

Özümü gizlətməyə dalda bir yer tapa bilmirdim... Deyəsən gülümsündü, sanki “məni aldada bilməzsən” demək istəyirdi. Nədənsə yadıma Sənəm xala düşdü. Elə bildim Damla indicə hər şeyi anlayacaq, başa düşən kimi də Sənəm xala kimi əl qaldırıb süzəcək, süzəcək...oynayıb, oynayıb da havalanacaq...

Amma o, birdən yüyürərək, gizlənpaç oynayan uşaq axtardığını taparmış təki maşına yaxınlaşdısa da, qəfil dayandı.Elə bil içəri baxmağa ürəklənmirdi. Arxaya çevrilib mənə bir də baxdı, amma nəzərimi ondan gizlətdiyimi hiss edib özünü toparladı, pəncərələri torpaq yolun tozanağında boğulmuş maşının içinə boylandı...

Mən altdan-altdan ona baxır, ürəyim əsə-əsə Allaha yalvarırdım ki, nolardı,Damla həqiqəti dərk edəydi, bu yoxluqla barışıb sakitləşmək üçün hönkür- hönkür ağlayaydı,ağlayaydı...dolu yağdırıb boşalan qara bulud kimi yüngülləşəydi, rahatlanaydı, sonra da saymazyana, heç üzümə də baxmadan yanımdan ötüb həyətə qaçaydı, təki , təki atasını məndən soruşmayaydı...

Yaşar BÜNYAD

MANERA.AZ


Baxış sayı - 1 308 | Yüklənmə tarixi: 02.02.2019 18:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031