manera.az
manera.az

Çingiz Aytmatovun "İlk müəllim"i

📅 01.02.2019 20:01

Çingiz Aytmatovun "İlk müəllim"i
Aleksandra Akulova yazır...

Povesti oxuyarkən peşmançılıq hissi keçirdim. Bu, əsəri niyə indiyəcən oxumamağımla bağlı idi.

Dahi yazıçı Çigiz Aytmatov həcm etibariylə kiçik olan povestində elə əsərin özü kimi ilk baxışdan kiçik görünən qəhqəmanların simasında qırğız əhlinin ruhunu, yaşayış tərzini və ən əsası psixologiyasını göstərə bilmişdir. İki qovaq ağacının tarixçəsi, acıyla, bir o qədər də şirin xatirə və təhkiyəylə yazılmış məktub oxucunu intizarda saxlayır.

Əsərin əvvəlində sual yaranır, Dyuşen kimdir? yelbeyin, adi qoca, yoxsa insan qiyafəsində bir mələk...Bunu biz, artıq kiçik qızcığaz deyil, yetkin qadın olan Altınay Süleymenovanın məktubundan biləcəyik. Zaman çox amansızdır. Geriyə buraxdığı yalnız xatirələrdi. Altınay olanları xatırlayır: “Niyə insanların izi xatirəsi əziz olan yerlərdə əbədi qalmır? Əgər mən Dyuşenlə dağdan qayıdarkən yeridiyimiz cığırı tapa bilsəydim dizlərimi yerə vurub müəllimin ayaq izlərini öpərdim. O cığır mənim yollarımın başlanğıcı, həyata, özümə qayıdışım oldu”. İllər keçib yeni nəsil Dyuşeni tanımır. Onun gəncikən etdiyi gözəl əməllər yalnız şagirdlərinin yaddaşına əbədi həkk olundu, xüsusilə Altınay Süleymanovanın. O bunu hansı çətinliklər, məhrumiyyətlər hesabına etmişdi.
Çingiz Aytmatovun "İlk müəllim"i
Uşaqların valideynləri Dyuşeni ciddi insan kimi qəbul etmirdilər. İmkanları olsaydı müəllimi daşqalaq edərdilər ,lakin möhürlü hökumət kağızı elmdən, savaddan uzaq qalmış adamların niyyətini puça çıxarırdı. Onların övladları məktəbə getsəydi tarlada kim çalışar? Harınlamış, heç bir qanun tanımayan kişilər kimləri qaçırar və satın alardılar? Gözləri tutulan adamın əməliyyatdan sonra sarğısını götürərkən gözlərini qıya-qıya açır. Çünki gözünə düşən parlaq işıq seli görməni məhdudlaşdırır.Gözlər bunca yükü bir dəfəyə qaldıra bilmir. Tədricən. Yüz illər köhnə adət-ənənələrlə yaşayan insanlara birdən – birə maarifin əhəmiyyətini anlatmaq da asan iş deyildi? Onlar bunu həzm edə bilməzdi. Heyvanlar əhliləşdirildiyi kimi insan da əhliləşir. Onu qızıldan olan qəfəsdə saxlamırlar. İnsanın qəfəsi öz beynidir. Bu təfəkkür tərzi min illərlə nəsildən nəslə ötürülür. Onlar öz düşüncələrinin əsirinə çevrilir, qaranlığa alışırlar.

Ç. Aytmatov və Dostoyevskinin müqayisəsinə baxaq. Müəllif həmin bu əsərdə yazır: “Elə itlər var ki, hələ küçükikən əzazil adamlar tərəfindən vəhşicəsinə başına-başına döyülür və onlar tədricən buna vərdiş edirlər. Amma onların gözlərinə sonu görünməyən elə bir səssizlik çökür ki, insan dəhşətə gəlir”. Dostoyevskinin “Dirilmə” romanında isə illərlə incidilən, döyülən bir itin anidən insan mərhəmətinə tuş gəlməsi və reaksiyası ustalıqla təsvir edilmişdir. Zərbələrə adət etmiş köpək onun başına tumar çəkməyə çalışan adamı qapmağa hazırdır.dişlərini qıcadaraq nərildəyir. Yalnız uzun müddətdən sonra it xoş münasibətə ram olur.

Biz insanlar da beləyik. Heç kim mənəvi girdabdan bir günə, bir aya çıxa bilməz. Buna illər, bəzən əsrlər lazımdır. Kütlə psixologiyası ən təhlükəli silahdır. Dyuşen hamını xilas edə bilməzdi. Müəllim hələ ki, işıqla qaranlıq arasında körpü idi. O körpü laxlayır, amma yenə də etibarlı idi. Onun təməlində inadkarlıq, sevgi vardı. Altınay ayağını o körpünün üstünə atanda buna bir an da olsa şübhə etmirdi. Dyüşen də ona inanırdı. Məhz buna görə Altınay təhsilini başa vura bilmişdir. Məktəb təzə açılarkən Altınay evləri üçün yığdığı cilikləri məktəbin qapısı ağzına boşaldır. Etdiyi əmələ görə fərəh hissi keçirən yeniyetmə qız hər vasitə ilə bibisi tərəfindən təhqir olunurdu. Qadın sonuncu zərbəni də vurur; qızı vəhşi, qırmızı sifət bir köçəriyə satır. Ailələrin həyatına sirayət edən, adətə çevrilən bu özbaşınalığın qarşısını Dyuşen ala bilmədi. Vəhşiləşmiş kütlə zor tədbiq etdi. Hüquqsuz Altınayı elm ocağından sürüyərək apardılar...

Əsərin bu epizodu 2013- cü ildə rejissor Erhan Kozan tərəfindən çəkilən “Halam Gəldi” adlı filmin oxşar səhnəsini xatırladır. Akıncılarda yaşayan ailələr on bir, on üç yaşlı qız övladlarının yetkin qız olmaqlarını səbirsizliklə gözləyirlər. Məqsəd onları ərə verməkdir.Adət halını valideynlərindən gizlədən qızlar, hətta ataları tərəfindən döyülməyə məruz qalırlar. Balaca Reyhan da Altınay kimi məktəbdən döyülərək çıxarılır. Qızın doğmaca atası onu saçından sürüyərək evə gətirir.Satılan Altınay qaça bilmir, Dyuşenin təşəbbüsü ilə gələn polislər onu azad edir. Reyhan isə qaçır, əgər o, yunanların sərhədini keçməsə idi tutulacaqdı. Burada da qanun keşikçiləri günahkarları müvəqqəti də olsa cəzalandırırlar.

Bütün bunlar onu göstərir ki, hələ də Altınay və Reyhanların sayı minlərlədir. Nə yazıq ki, Dyuşenlər təkdir, azdırlar. Çingiz Aytmatovun Altınayı seçməsi təsadüfi deyildi. O cür cəmiyyətdə ən çox zərbə alan qadınlar idi. Qızların oxuyaraq savadlanması illər sonra aul həyatına da dəyişiklik gətirir. Hamı akademik xanımı hörmətlə qarşılayır. Amma heç kim onun keçirdiyi ağır günləri, yuxusuz qaldığı gecələri və ən əsası Altınayı bu zirvəyə ucaldan Dyuşeni görmürdü. Axı insanlara işin gedişatı deyil, yalnız nəticəsi lazımdır.

Dyuşen belə adam idi. Tək, kimsəsiz. Onun yalnız eli və üstündə ölmək üçün geri qayıtdığı torpağı vardı. İlk müəllimin ikinci vətəni isə Altınayın geniş, xeyirxah ürəyi idi...

MANERA.AZ


Baxış sayı - 4 958 | Yüklənmə tarixi: 01.02.2019 20:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031