manera.az
manera.az

Kökdən düşmüşük... | MANERA.AZ

Kökdən düşmüşük... |  MANERA.AZ

Əbülfat Mədətoğlu yazır...



Yəqin ki, Yaşar Nurini unutmamısınız. Böyük aktyoru, dəyərli sənətkarımızı hələ də xatırlayırsınız. Çünki xatırlanmalı, tez-tez gözümüzün önünə gətirib oynadığı rolları içimizdə canlandırmağa haqq etmiş əvəzsiz bir aktyor idi. Ruhu şad olsun!

Mən Yaşar müəllimi həyatda da kifayət qədər görmüşəm. Hətta bir müddət kirayənişin yaşadığım mikrorayonda bina qonşusu da olmuşam. Salamlaşmışıq, halını soruşmuşam. İştirak etdiyi tamaşaların az qala hamısının seyirçisi də olmuşam, filmlərinin də o cümlədən. Bunların hərəsi ayrıca bir mövzudu, bir yazıdı. Amma bu gün mən son vaxtlar tez-tez xatırladığım "Kökdən düşmüş piano"nu yaman çox arzulayıram. İçimdən keçir ki, Yaşar müəllim onu bu gün bir də oynasın. O piano ustasının obrazını bu gün üçün yenidən bir də canlandırsın. Soruşa bilərsiniz ki, niyə məhz onu? Niyə məhz o rolu?
Cavab verə bilərəm. Hətta uzun-uzadı cümlələrdən istifadə edib bu cavabla sizi bezdirə də bilərəm. Amma bu fikirdən uzağam. Kəsə, yəni iki sözlə cavab verəcəm həmin suala. Deyəcəm ki:

- İndi hamı və çox şey kökdən düşüb!!!

Bəli, bilmirəm havadandı, təbiətdəndi , ya cəmiyyətdəki siyasi auradandı, axırı vəlvələdəndi, ya zəlzələdəndi hər nədisə, nə özümü, nə ətrafımın heç nəyə həvəsi yoxdu. Hamıda bir süstlük, bir halsızlıq hakimdi. İnanın ki, lətifəyə, zarafata da meyl edən yoxdu. Heç kim nə özgəsinə, nə də özünə gülmək istəmir. Doğrudur, özünə gülmək dəlilik əlamətidi, amma mən bunu heç kimdə, elə özümdə də hələlik hiss etmirəm. Bircə gördüyüm, duyduğum, hiss etdiyim odur ki, hamı birtəhərdi, hamı kökdən düşüb... Elə hər şey də birtəhərdi, rəngləri vurub bir-birini. Bu ala-bulalıq hər şeyi kökdən salıb. Bilmirsən hansı rəngə köklənəsən. Düzdü, ağ rəngi saflıq sayırlar, qara rəngi böyüklük. İnanın ki, indiki halda saflıq da, böyüklük də o qədər cılızlaşıb, o qədər süni bir şəkilə bürünübdü ki, onu özünə qaytarmaq üçün mütləq kökləmək lazımdı. Bax bu yerdə bir haşiyə çıxacam...

Sovet dönəminin son illəri idi. Rayon qəzetində çalışırdım və Füzuli şəhərindən kəndimizə gedən yolun kənarında dayanıb maşın gözləyirdim. Təbii ki, kəndə, evimizə getmək üçün. Yolun kənarı ilə zarafatlaşa-zarafatlaşa iki məktəbli oğlan uşağı gəlirdi. Hiss olunurdu ki, biri o birisindən iki-üç yaş böyükdü. Həmin o böyük oğlan yanındakının əlində tutduğu balaca gitaranı çəkib ondan aldı. Uşaq etiraz etsə də əhəmiyyət verməyib başladı özü bildiyi kimi dınqıldatmağa. Balaca uşaq bundan əsəbiləşdi və mənim eşidə biləcəyim səslə dedi:

- Müəllimim onu indi kökləyib, kökdən salma.

Böyük oğlan yenə yanındakına əhəmiyyət vermədi. Öz bildiyini davam etdirdi. Bu dəfə balaca uşaq onun qolundan sallaşıb gitaranı almaq istədi. O, sol əli ilə gitaranı sol tərəfə, sağ əli ilə də uşağı sağ tərəfə itələdi. Elə bu vaxt arxadan gələn lafet qoşqulu traktor onların böyründən keçirdi. Sol tərəfdən keçən traktor oğlanın əlindəki gitaranı vurub yerə saldı və o, lafetin təkərləri altında qaldı. Hər iki uşaq bir anlıq şoka düşmüş kimi dayanıb asfalta az qala yapışmış gitaraya baxdılar. Sonra balaca uşaq özünü gitaraya tərəf atıb hər iki əliylə başını sıxıb yolun kənarında çökdü. Böyük oğlan da dinməzcə gəlib onun yanında dayandı...
Bu günə qədər şəhərdə əlində gitara aparan oğlan uşaqları görəndə o hadisə yadıma düşür. Doğrudur, mən o uşaqların sonra necə razılaşdığını, o məsələnin necə bitdiyini bilmədim. Amma hər iki əli ilə başını sıxan və bəlkə də içində ağlayan o uşaq heç yadımdan çıxmır. İndi də dəqiq bilmirəm ki, onda həmin uşaq özünümü ağlayırdı, təkərlər altında qalan gitarasınımı, yoxsa evdə onu gözləyən tənbehimi? Amma ağlayırdı... Mən bir az yazı-pozu adamının həssaslığı ilə indii ona don geyindirirəm və özümdə belə qərar verirəm ki, o uşaq həmin gün evdəkilərə ifa edəcəyi mahnı üçün ağlayırdı. Axı onun çalacağı mahnını anası, bacısı, doğmaları gözləyirdi! O isə onların yanına əliboş gedirdi - mahnısız, gitarasız...

Hə, bilmirəm o uşaq musiqiçi oldu-olmadı, ya ona kimsə gitara alıb bağışladı-bağışlamadı, amma bütün hallarda o uşaq və təkərlər altında qalan gitara mənim içimdə yaşayır. Özü də qırılmış simlərin simfoniyasını ifa edə-edə!..

Bəli, yazının ilk cümləsindən xatırlatdım ki, mən də, ətrafım da bir halsızlığın içərisində çapalayırıq. Mən də, ərafım da kökdən düşmüşük. Ona görə də elə o kökdən düşmüş ürəyin son nəğməsi kimi bu misraları sizə ünvanlayıram. Düşünürəm ki, aranızda kökdən düşmüş kimsə ola bilər. Qoy oxusun misraları. Bəlkə özünü kökləməyə bu misralar ona yardım edə bildi:

Məni havalandıran
Dərdinə şükür, Allah...
Şükür ki, dərdlər məni
Dərdinə bükür, Allah!
Məni daşdan yoğurub
Dərd, daş üstə qovurub...
Xırmanında sovurub -
Şumlayıb əkir, Allah!
Bəxtim solduqca dən-dən
Gördüm yer bezir məndən...
Nə gizlədim ki, səndən-
Məni göy çəkir, Allah!
***
Yaşadığımız zaman heç nəyi gizli saxlamağa, gizlətməyə imkan vermir. Dünyanın hətta əl çatmayan, ün yetməyən nöqtəsində kimsə kiməsə daş atırsa, kimsə kiminsə suyunu kəsirsə, kimsə kiminsə evinə gecə qaranlıqda girirsə... Bir sözlə, hər şey uzağı bir udum havanı ciyərlərinə çəkənə qədər gündəmə gəlir. Özü də şok xəbər kimi. Ona görə də bu gün hər kəsi düşündürən daha çox maddiyatdı. İnsanlar dünyanı bürüyən iqtisadi böhranı, pulun dəyərdən düşməsini, qazancının evindəki qazana gedib çatmadığını düşünə-düşünə günü axşam edirlər, elə axşamı da səhər. Hər kəs teleekrandan izlədiyi aclığı, səfaləti, xüsusilə azyaşlı uşaqların az qala çəyirtkə kimi acından hansı hallara qalıb məhv olduğunu izlədikcə bir yerə, bir göyə baxıb şükür edirlər. Hətta mənim yaşlı anam öz-özünə pıçıldayır:
- Ay bala, Allaha çox şükür ki, biz tərəflərdə belə şey yoxdu.

Bəli, bu yaşlı anamın dediyidi və mən bu "şükür" kəlməsini tez-tez eşidirəm. O aclığa, o səfalətə düşmədiyimiz üçün, o durumdan çox-çox uzaq olduğumuz üçün mən də şükür edirəm. Və o şükür etdiyim anda da düşünürəm ki, görəsən bu "şükür"ün dili olsa mənə nə deyrdi, məndən nə soruşardı, hansı sualı verərdi?
Uzun müddət ağlımı, başımı bu sualla qatıram. Dağı arana, aranı dağa çəkə-çəkə ağır bir yük daşıyan adam kimi özüm özümü haldan salıram. Bax, o haldan düşdüyüm məqamda sanki kimsə mənə pıçıldayır:

- Özünə yazığın gəlmirsə, səni özünə ümid bilənlərə yazığın gəlsin.

Çevrilib həmin səsə baxıram. Elə bil həmin o səs mənə güzgünü göstərir. Demək istəyir ki, güzgüdə özünə bax. Bax və gör nə gündəsən?..

Bəli, güzgüyə baxıram və məni bir gic gülmək tutur:

- Doğurdan, mən nə gündəyəm...

Hə, bax indi tapdım yazı boyu sölyədiyim halsızlığın ipucunu. Mənə məlum oldu ki, özümü unutmağım, özümün özümə güzgüdə baxmamağım bütün bu halsızlığın, kökdən düşmənin səbəbi imiş. İnanın ki, böyük Cəfər Cabbarlının "Evrika!"sı yadıma düşdü. İstədim qışqıram, amma qışqırmadım. Çünki qorxdum. Dərhal anladım ki, bu halsızlığın məni dəli etdiyinə eşidənlərin şübhəsi qalmayacaq. Onsuz da adım heç bir dəftər-kitabda yoxdu. İndi yazmaq istəyəndə dəlilərin siyahısı olan kitaba yazacaqlar. (Hörmətli oxucu, söhbət Koroğlunun dəlilərindən getmir ha. Xahiş edirəm diqqətli ol! - Ə.M.)

Di gəl bundan sonra adını o dəli siyahısından çıxart görüm necə çıxarırsan. Çünki bizdə siyahı bir dəfə tutulur. Adın düşdü, qurtardı. Ona görə də atalar da deyib ki, "adın çıxınca, canın çıxsın". Nə demək istədiyimi bildiniz də. Həmin atalar bizə aid olduğundan bizim nə cür siyahı tutmaq qabiliyyətinə malik olduğumuzu da gözə biliblər. Elə bu məsəli də xəbərdarlıq kimi tarixin yaddaşına yazıblar... İndiki gündə, yəni həftənin istirahət günü sayılan bu şənbəsində günəşdə baş vermiş partlayışın yaratdığı qasırğa mənim və ətrafımın halsızlığını bir az da artırır. Ona görə də az qala danışmağa, yazmağa da bir həvəs duymuram. Və hətta öz-özümə pıçıldayıram ki, görəsən hamı mənim durumumdadı? Və görəsən kimsə bu yazını oxumağa həvəs göstərəcək?

Bu suallar da cavab istəyir. Amma o cavabı verəcək adamı mən ortaya çıxara bilmirəm. Ona görə ki, bu adam elə özüməm və bilirəm ki, mən başqalarını oxuduğum kimi özümü də oxumağa həmişə həvəskar olmuşam. Amma bu gün o həvəsim də haldan düşüb. Ona görə də içimdən şeir havası özünü göstərir, axıb gəlir. Mən də o havanı olduğu kimi zümzümə edirəm.

Bir ağ günün ağ duası
Yarpaq, çiçək, bağ duası...
Yer titrədən dağ duası-
Dilimdən əskik olmasın!
Bir sevginin nişan günü
Xoşbəxtliyin daşan günü...
Qəmi ötüb aşan günü-
Elimdən əskik olmasın!
Ay gözəl qız, nazlı gəlin
Məni etdin Məcnun-dəlin!
Nə qədər ki, varam əlin -
Əlimdən əskik olmasın!

İstənilən halda başlanılan iş yarımçıq qalmamalıdı. Əgər yarımçıq qaldısa, bunun həm acısı, həm fəsadları, həm sorğu-sualı o qədər bol olur ki, az qala batmanla ölçməli olursan. Ona görə çalışıb başladığın işi sona çatdırmalısan, axırına çıxmalısan. "Qulp"un aparıcısı Mübariz müəllim demişkən, axıra özün çıxmalısan. Yəni kimsə bizim axırımıza çıxmamalıdı!..

Məhz bu parametrlə yanaşanda düşünürəm ki, yazı yazmaq da işdi. Əgər onu yazmağa başlamısansa, nöqtəni yarımçıq qoya bilməzsən. Dünyaya gələn yazı sənin övladındı. Onun doğumunu gecikdirmək cinayətdi. Mən də günahlarım çox olsa da, boynuma təzə bir günah götürmək fikrində deyiləm. Bu səbəbdən də yazımın necə alındığını düşünmək gücüm zəif olsa da, bilirəm ki, bura qədər yazdıqlarımın hamısı mənim durumumun, yaşamımın ifadəsidi. Ona görə də oxuyan olsa məni gözünün önündə görə biləcək. Bu isə işin ən azından yarısı deməkdi. Çünki mənim çalışdığım həm göründüyüm, həm də olduğum kimi olmaqdı. Buna nail ola bilsəm, onda əlimi ürəyimin üstünə qoyub sizdən günahlarımın bağışlanmasını rica etməyə yəqin ki, haqq qazana biləcəm. Doğrudur, bu böyük iddiadı. Amma neyləyim ki, general olmaq istəməyən əsgər elə əsgər olaraq qalır. Mən isə...

Bəli, mən bu yazıda nəsə deməyə çalışdım. Amma o dediklərimin hər birinin həm arxasında, həm də içərisində nələrin olduğunu bilənlər bilsə də, bilməyənlər üçün deyim ki, hələ ki, dözümüm tükənməyib. Dözümlü xalqın övladı olduğumdan hər gün özümü yeni dözümlərə, yəni sınmamağa, əyilməməyə hazırlayıram, daha doğrusu kökləyirəm. İstəmirəm kökdən düşəm. Çünki:

Köhnə dəyirman kimiyəm
Daş da, qum da üyüdürəm...
Dərdi xırmanda ələyib-
Sonra şumda üyüdürəm...
Dünyaya qoşa varmışıq
Aramızda var barışıq...
Dərdin meyvəsi qarışıb-
Hərdən tum da üyüdürəm!..
Çox illər versəm də yelə,
Ümidim solmayıb hələ...
Özüm mum olsam da belə-
Vallah mum da üyüdürəm!...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI