Gedəsən dünyanın axırınacan - "RAMİZ QUSARÇAYLI - 60"

MANERA.AZ görkəmli şair Ramiz Qusarçaylının 60 illiyi münasibətilə seçmə şeirlərini təqdim edir:
AZƏRBAYCAN BAYRAĞI
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazı, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !
DƏN DAŞI
Gedəsən dünyanın axırınacan,
bir misra xətrinə ölüb gedəsən.
Qaçıb adamından naxırınacan
izini, tozunu silib gedəsən...
Səhərin zərində üzən lək kimi,
düzəsən sətrinə gül adlarını.
Tikana sancılan kəpənək kimi
meh döyə şeirinin qanadlarını.
Yemşan çiçəyində iynə gəzəsən,
tel-tel ləçəklənə arı köynəyi.
Buludlar içindən ayı süzəsən
yarpaqlar içindən sarıköynəyi...
Alasan könlünü şehli nərgizin,
bənövşə ovlaya hər kolda səni.
Coşa yamacların yovşan dənizi
yuyub dalğa-dalğa durulda səni.
... Üyütmə bu dərdi,
dən daşı çəkməz,
dərdini quzu tək qırpıb gedəsən.
Bu mizan-tərəzi mən daşı çəkməz
özünü daşlara çırpıb gedəsən...
Gedəsən, hər şeyi yarımçıq qoyub,
bir təbiət ola,
bir də bu ürək.
Dünyanın sonuna alaçıq qoyub
İşini qurasan qarışqalar tək...
QUM ZƏMİSİ
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma ...
Seyr edib Qubanı Qız bənövşədən
Çırpdım ürəyimi qəm zəmisinə.
Çırpıldı kirayə çadırdan Vətən,-
Kirayə evimin zirzəmisinə.
Söz inad şumunda şişir dən kimi,
Dərddi misra-misra düzdüyüm mənim.
Yağış yaşıllığı çürüdən kimi
Çürüdür ömrümü düzlüyüm mənim.
Sığışmaz hər simə mən ötdüyüm səs,
Səs səsdən keçirər,
sim simdən məni.
Şahların şahı da ayıra bilməz
Gözəllər gözəli dərdimdən məni.
Doyub alın yazım alın tərimdən,
Qarası ağıyla qoşa tökülür.
Asmışam Vətəni kirpiklərimdən
Gözümdən Xocalı, Şuşa tökülür...
Hər giley oxunmaz üzümdən indi,
Yaşınmaz yaz ömrün qızıl günləri.
Boylanır şehlənən gözümdən indi
Kədərin Füzuli qızılgülləri!..
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma ...
MƏN KƏNDDƏN ÇIXANDA GECƏ YARIYDI
Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.
Enib dərələrin, düzlərin üstə
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.
Mehlə sığallanıb nazilən otlar
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar
Torpaqdan yapışıb dikəlirdilər.
Qönçələr çəmənə pıçıltı salıb
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.
Gedirdim, gecənin haysız-haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız
Hələ yuxusundan oyanmamışdı…
Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı –
Uyuyub qalmışdı güllərin üstə …
ANAMA
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam...
QURUDUB GÖNDƏRMƏ BƏNÖVŞƏLƏRI
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm, susa bilirəm,
Özüm quruyanda dözə bilirəm
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla
Qurudub göndərmə bənövşələri.
GECƏLƏR DAĞLARA BAXA BiLMİRƏM
Bu qışın qarını duman əritdi,
Əritdi, özü də yaman əritdi…
Bu qış da ürəyim güman əritdi,
Gecələr dağlara baxa bilmirəm…
Üstümə qayalar, dağlar sürüşür,
Dağları bağlayan tağlar sürüşür,
Bulaqlar sürüşür, –
ağlar sürüşür,
Gecələr dağlara baxa bilmirəm…
Bu Araz, bu da ki, Samur dağları,
Bürüyüb yamyaşıl mamır dağları,
Dağ çəkir sinəmə çadır dağları,
Gecələr dağlara baxa bilmirəm.
Üzülür ağrıdan Ağrının canı,
Gözümdən tökülür Murovun qanı,
Şuşanın dağları kəsir aranı,
Gecələr dağlara baxa bilmirəm.
Qaldırın üstümə uçan dağları,
Uçunur Kəlbəcər, Laçın dağları,
O mənfur buxovdan açın dağları,
Gecələr dağlara baxa bilmirəm.
Bir mehəm, Mehrinin mehrinə acam,
Dərbəndin dumanı dağılar haçan,
Şahəm Şah düzündən Şah dağınacan…
Gecələr dağlara baxa bilmirəm.
Dağdan da ağırdır daş tənhalığı,
Ürək tənhalığı, baş tənhalığı.
Asılıb zirvədən qış tənhalığı
Gecələr dağlara baxa bilmirəm…
Yaz qarı bir daşın donqarı üstə,
İzim yox bu yazın son qarı üstə,
Dərd yağır dərdimin yonqarı üstə,
Gecələr dağlara baxa bilmirəm…
BU ADAM NƏ YAMAN ACDI, İLAHİ
Bu adam nə yaman acdı, ilahi,
Acdı, gözü acdı, qulağı acdı,
İliyi, sümüyü, dalağı acdı,
Gövdəsi, toxumu, calağı acdı,
Bu adam nə yaman acdı, ilahi…
Evdə arvadının balağı acdı,
Qapıda itinin yalağı acdı,
Danası, düyəsi, ulağı acdı,
Bu adam nə yaman acdı, ilahi…
Qışlaqda qışlayır, yaylağı yeyir,
Yaylaqda yaylayır, oylağı yeyir,
Örüşü, meşəni, çaylağı yeyir
Bu adam nə yaman acdı, ilahi…
Sürüb dağ çayını arana gedir,
Aranı döndərib virana…gedir,
Minib vəzifəni tirana gedir
Bu adam nə yaman acdı, ilahi…
O damdan qovursan bu dama girir,
Bu damdan qovursan o dama girir,
Bu adam nə yaman adama girir,
Bu adam nə yaman bicdi, ilahi…
Bu adam nə yaman acdı, ilahi…
DÜNYA KÖKDƏN DÜŞÜB
Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
Kim kimi kökləyir,
kim kimi qırır,-
Kimin də kimləri yerində deyil…
Yuyulmaz Qəzzada hərbin əlləri,
ABŞ-ın lilləri, Qərbin lilləri…
Batıb Suriyada haqqın zilləri
İraqda bəmləri yerində deyil…
Kimdi saya salan türk çabasını,
Səriblər üstünə fars libasını,
Pozdular ərəbin əlifbasını,
“Mim”ləri, “Cim”ləri yerində deyil…
Hər körpə qəbrində can havası var,
Qisas havası var,
qan havası var,
Qiyamət adında son havası var,-
Sonun iqlimləri yerində deyil.
Şərt kəsmir bu şumlar,
bu yabalıqlar,
Oynadır ümmanı xırda balıqlar,
Yer-yerdən böyüyür xarabalıqlar
Göyün təlimləri yerində deyil…
Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
QAYTARIN YERİNƏ DAR AĞACINI
Qaytarın yerinə dar ağacını,
Çadır ağacından bezmişəm daha,
Abır ağacından bezmişəm daha,
Səbir ağacından bezmişəm daha…
Yaşı çoxdan ötüb bu çadırların,
Dirəyə söykənən daşı ağarıb.
Yaşı çoxdan ötüb bu abırların
Ayaqda, ətəkdə başı ağarıb.
Yaşdı bu torpağın çadır bələyi,
Ahıl yaşındadı çadırlar indi.
Ovutmur ruhumu abır küləyi
Boşuna ulayır abırlar indi…
Içində gizləyir qoca sirrləri,
Cavan gizləməkdən bezib çadırlar.
Döyüşdən, savaşdan kənar yerləri
Utana-utana gəzib çadırlar.
Silahlar çadırda gecələyirlər,
Günahlar çadırda gecələyirlər,
Sabahlar çadırda gecələyirlər,
Səbir ağasından bezmişəm daha…
Yolumda çadırla ölüb bu dünya,
Üzümə çadırla gülüb bu dünya,
Qədrimi çadırla bilib bu dünya
Qədir ağacından bezmişəm daha…
Üstümdə çadırla əsib bu dünya,
Yazımı çadırla yazıb bu dünya,
Qəbrimi çadırla qazıb bu dünya
Qəbir ağacından bezmişəm daha…
Səngər yox bu boyda səhmin içində,
Zəfər yox bu boyda zəhmin içində,
Fərəh yox bu boyda fəhmin içində,
Kəsər yox bu boyda rəhmin içində
Xətir ağacından bezmişəm daha…
Qaytarın yerinə dar ağacını,
Çadır ağacından bezmişəm daha…
Qaytarın yerinə dar ağacını
Abır ağacından bezmişəm daha…
İftira yuvası, yalan yuvası,
Əsarət yuvası, talan yuvası,
Bu ağ sarayların, boz sarayların,
Qotur ağacından bezmişəm daha…
Əyri harayların, düz harayların
Çopur ağacından bezmişəm daha…
… Dilimdə bir cahad şeiri oynayır,
Köksümdə bir güllə yeri oynayır,
Abır ağacından bezmişəm daha…
Səbir ağasından bezmişəm daha…
Çadır ağacından bezmişəm daha…
Qaytarın yerinə dar ağacını…
YEYİN
Yeyin, bu millətin başını, yeyin,
Satın torpağını, daşını, yeyin,
Atın küçələrə ac uşaqları
Tökün gözlərinin yaşını, yeyin ….
Yeyin, məmləkətdə hər nə var, yeyin,
Kasıbın nəyi var,-dörd divar, yeyin.
Haqqın dərisinə saman təpdiniz,
Getdi abır-həya, getdi ar, yeyin …
Özünüz talayıb, özünüz yeyin,
Heç vaxt doymayacaq gözünüz, yeyin,
Çökün ayı kimi halal üstünə
Yeri şumlayınca diziniz, yeyin …
Yeyin, kişilərin ruhunu, yeyin,
Sümürüb varını, yoxunu yeyin,
Baxıb hırıldayın Araz dərdinə,
Şuşa həsrətinə uğunub, yeyin …
Yeyin, bu millətin, başını yeyin,
İçini, ağlını, huşunu yeyin,
Oynadın çörəyə qız-gəlinləri
Tökün gözlərinin yaşını, yeyin …
Yeyin,bu millətin başını,yeyin …
ŞAİRİN YASINDA TOY ÇALDIRAN KƏND
Səni basdırmağa gələn az idi,
Çoxunun xəbəri yoxuydu, bəlkə.
Nə şeirin şəhdi var,
nə sözün dadı
Şairi neyniyir bu “şair” ölkə…
Elə bil yadıydı,
bir özgəsiydi,-
Elə bil şairdən öc alırdılar.
Kəndin o başında ağlaş səsiydi,-
Kəndin bu başında toy çalırdılar…
Daha “Yasinə” də yox idi səbri,
Toya tələsirdi kənd adamları.
Torpaqla doldurub qaçırdı qəbri
Sənin əsərinin qəhrəmanları…
Sənə toy tutanlar süzürdü toyda,
Dəstənin başında molla gedirdi.
Məəttəl qalmışdı toy yiyəsi də,
Sənin misraların yallı gedirdi…
Bilirəm, qardaşdı xeyir də, şər də,
Bu şərin içində xeyir vardımı?!.
Bir harın məxluqun öldüyü yerdə
Görən bu adamlar toy çalardımı…
Bir elin dərd-səri hər kəsdən qabaq
Şairin adına yazılır bənd-bənd.
Bəs, kimə ağlayıb yas saxlayacaq,-
Şairin yasında toy çaldıran kənd…
Qol açıb oynayır söz diri-diri,
Ruhun da ruh verir
toyun zilinə.
Ehtiyac içində ölən şairi
Toyla göndərdilər son mənzilinə…
Açır ürəyini yada tənbətən,
Bu xalq öz dərdini naşı oynayır.
Şairi çörəyə oynayan Vətən
Şairi öləndə yaxşı oynayır…
SƏNİN İŞIĞINDAN KEÇİR BU YOLLAR
Sənin işığından keçir bu yollar,
Sənin işığından keçirəm mən də.
Səni işıq-işıq içir bu yollar,
Öz işıq payımı içirəm mən də.
Sənin işığına köklənib hər yer,
İşığa yüklənib əlim, ayağım.
İşıq dirəkləri saxlaya bilmir,
Bu qədər işığı necə saxlayım…
Gecəni şəhərdən yuyur işığın,
Gecəyə gözündən yol çəkəcəklər.
İşıqdan işığa qonur arılar
Arılar işıqdan bal çəkəcəklər…
Baxıb işıl-işıl işarır adam,
Hardandı bu qədər boya, bilmirəm.
İşığa bulaşır dilim, dodağım
Üzümdən işığı yuya bilmirəm.
Bu qədər işığı hardan yığmısan,
İşıqdan od tutub yanır bu şəhər.
Gözləri qamaşır göy üzünün də
Çıxmağa utanır Günəş bu səhər.
Yenə də keçirəm sizin şəhərdən,
Yenə də qarşıma işığın çıxır.
Qapını gizlicə döyür gözlərim,
Qapının ağzına uşağın çıxır…
HARDASAN
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm – göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm,
Mən səndən ayrılıb sənə gəlirəm.
Bir bəyaz duyğutək gəlləm yuxuna,
Durub şirin – şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına,
Gözümün içində bəslərəm səni.
Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub…
İki göz dolusu ağlaram səni,
İki dodaq boyu gülləm səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm səninlə.
Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni…
Sənsiz göyüm – göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən…
GEDİRSƏN
Sən indi gedirsən, üzügülər, şən,
Söylə, ötən günlər yada düşdümü.
Qaya ürəyimin zəlzələsindən,
Dərə ürəyinə səda düşdümü.
Gedirsən, bəmbəyaz duvaq başında,
Əllərin dizində nə titrək gedir.
Qışqıra-qışqıra gedən maşında
İkiyə bölünmüş bir ürək gedir.
Güman yox, təzədən sevilim, sevim,
Sinəm ağrıların dustağı olub.
Sənə bu sevginin ömrü bir sevim,
Mənə bir ömürlük göz dağı olub.
Gah yağış çiləyir, gah döyür külək,
Nədən yollarımın çəni ötməyir.
Ağacda tutmayan calaq yeri tək,
Gözümdən həsrətin izi getməyir.
Səsimə səs verər daş da, qaya da,
Bilirəm dilini çiçəklərin də.
Bir də sənli günlər çətin qayıdar,
Səmtini dəyişsəm küləklərin də.
Nisgilin könlümdə kök atıb dərin,
Göyərir hər sözün hər gileyimdə.
Çoxalıb qat kəsən xatirələrin
Çürüyür həsrətin nəmişliyində.
Əhdini itirib tapdılar səni,
Günəşdin, gedirsən Ay olmaq üçün.
Özgə təndirinə yapdılar səni,
Özgə süfrəsinə qoyulmaq üçün.
Boylanıb bu eşqin ötən yazına,
Daha payız-payız soyuyasıyam.
Yıxılıb kədərin çarpayısına
Sərxoş adam kimi uyuyasıyam.
A BƏNÖVŞƏM MƏNİM
O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.
Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb
Qönçə dodağını büzənim mənim.
Gecələr rənd alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən
Tel-tel ürəyimi üzənim mənim.
Dərdə də tək dözür canım, can keçib,
Qüruba enirsən danımdan keçib,
Üz-üzə gələndə yanımdan keçib,
Məni yuxularda gəzənim mənim.
Eh … bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi aylı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim…
BƏNÖVŞƏ
Səndə insaf yoxuymuş,
Məndə ürək, Bənövşə.
Gəl dünyanı yarıya
Bir də bölək, Bənövşə.
Aya bax, Göydə şamdı,
Ah, nə gözəl axşamdı...
Ruhum əsdi, oxşandı
Mələk-mələk, Bənövşə.
Sevgi yolu bəyazdı,
Həsrət qardı, ayazdı,
Bizi bir eşqə yazdı
Bir cüt lələk, Bənövşə.
Naza bax, gül yaşında,
Gül tağı var qaşında,
O sevdanın başında
Bir də ölək, Bənövşə.
A BƏNÖVŞƏLƏR
Nə çiçək günüdü, nə arı fəsli,
Nə yaza gedirəm, a bənövşələr...
Büküb ürəyimə bir sarı fəsli
Payıza gedirəm, a bənövşələr...
Bir yanda dağların bəyaz yuxusu,
Bir yanda quşların vida oxusu,
Üşüyür gözümdə xəzəl qoxusu
Ayaza gedirəm, a bənövşələr...
Heyrətim ovunmur güllü oyundan,
İslanır tənəyin yaşıl suyundan,
Asılıb bir gülün əsmər boyundan
Güdaza gedirəm, a bənövşələr...
Əsdirir səbrimi o sirr sevdalar,
Sərsəri sevdalar, səfil sevdalar,
Qanıma susayıb qəfil sevdalar
O qıza gedirəm, a bənövşələr...
Ömür ağ yol üstdə bəyaz yazıymış,
Çoxu çoxdan gedib,
qalan azıymış,
Dünyanın son nazı ölüm nazıymış
O naza gedirəm, a bənövşələr...
TOY
O qız toyda ölənəcən oynadı,
Ayaqları gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı...
O gün toyda toy havası yoxuydu,
Gəlin ətri,
bəy havası yoxuydu,
Üşüyürdü toyun canı o axşam
Gün havası,
Ay havası yoxuydu...
O qız toyda oynamırdı, uçurdu,
Hörükləri buludları qucurdu...
Gözlərində son baxışın göynəyi,
Qollarında son görüşün havası,
Qoxladığı qan xınalı köynəyin
Yaxasında kor sevdanın yuvası,
Eşqi viran, dərdi puçur-puçurdu,
O qız toyda oynamırdı, uçurdu...
Qara zurna dağ çəkirdi zilə,
dağ,
Qələbəyə susamışdı Lələdağ,
Savaş yeri, cəng yeriydi hər daşı
Ermənilər görməmişdi belə dağ...
Gör o toyda qarğılı ney neynədi,
Zilində Yer,
bəmində Göy göynədi...
Xarı bülbül namus yeri,
göynədi,
Cıdır düzü qisas yeri,
göynədi,
Daşaltıda casus yeri göynədi...
O yurd gecə yarıyacan oynadı,
Çəpərindən barıyacan oynadı,
Şan-şan oldu yaşıl-yaşıl ümidlər
Çiçəyindən arıyacan oynadı...
Ağır-ağır qaralırdı buludlar,
Fağır-fağır saralırdı göy otlar,
Mağar-mağar darılırdı elatlar...
Qurd çölündə çadır yeri oynadı,
Güləbirddə abır yeri oynadı,
Gülablıda qəbir yeri oynadı,
Dözüm yeri, səbir yeri oynadı...
Hara baxır toy yiyəsi, hardadı,
Harda yatıb öy yiyəsi, hardadı,
Yer yiyəsi,
Göy yiyəsi hardadı...
Kim o qızı saxlayacaq bu axşam,
Kim o toyu ağlayacaq bu axşam,
Alın toyu,
alın qızın əlindən,
Çalın toyu,
çalın qızın əlindən,
Uzun-uzun hörükləri pərişan
Ayaqları yalın qızın əlindən...
O qız toyun vayınacan oynadı,
Toy tutduğu oyunacan oynadı,
Əzib-əzib dabanıyla gecəni
Cecəsindən suyunacan oynadı...
Toy xonçası şamınacan ağladı,
Toy güzgüsü camınacan ağladı,
Həyətdəki tabut boyda daxmanın
Divarından damınacan ağladı...
O qız toyda ölənəcən oynadı,
Ayaqları gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı...
QAR
Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox toxa söylənir, ac aca, - qardı.
Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...
Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.
Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.
Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...
ENDİRİN
Bilmirəm, nə qədər əvvəldən qaçıb,
Nə qədər axırdan başlamaq olar,
Uyuyub qeyrətin fil qulağında
Bilmirəm nə qədər qışlamaq olar.
Yüz şeytan bəsləyib içində, ancaq
Gedib bir şeytanı daşlamaq olar ...
Göyləri nə qədər şumlamaq olar,
Göyləri nə qədər xışlamaq olar,-
Endirin göyləri, endirin yerə ...
Göydən molla-molla xurafat yağır,
Göydən ölüm-ölüm zarafat yağır,
Göydən Mahmud yağır, Ərafat yağır
Ayağa dolaşır göynən gedənlər,
Ayağa dolaşır Şiraklar, Buşlar,
Ayağa dolaşır çadır Qavroşlar
Endirin göyləri, endirin yerə ...
Yağır Araz-Araz qara yağışlar,
Yağır Samur-Samur qara yağışlar
O yandan Şabranı yuyub aparır
Bu yandan Nabranı yuyub aparır,
Qorqudun qəbrini yuyub aparır,
Bu yurdun səbrini yuyub aparır,
Çat düşür tarixin quraqlığına,
Üzündən abrını yuyub aparır ..
Bu yerin adından yuxarı nə var,
Boyundan yuxarı nə var, endirin.
Endirin unudub bəndəliyini
Allahın işinə qarışanları
Endirin Allahla vuruşanları
Bəndənin kefinə soğan doğrayıb
Allahın kefini soruşanları
Endirin yerə,
Allahdan aşağı nə var endirin ...
Nə yağır Təbrizə, Beyruta yağır,
Nə yağır Bağdadda heyrətə yağır,
Nə yağır Şuşada qeyrətə yağır,
Yağır, ərəblərin başına yağır,
Yağır, çeçenlərin başına yağır,
Yağır, əfqanların başına yağır,
O taylı, bu taylı
qara yağışlar
Azərbaycanların başına yağır ...
Südəmər qəbirlər yağır dünyaya,
Açır qəbir-qəbir körpə gözləri,
Açır qəbir-qəbir körpə dilləri,
Açır qəbir-qəbir körpə başları,
Açır qəbir-qəbir körpə əlləri,
Qəbir çiçəkləyir körpə dünyası ...
Günəş yerdən doğur,
Ay yerdən doğur,
Göylər ulduz-ulduz yerdə sayrışır,
Bomba yağmurunda sayrışır göylər,
Özünə qarışıb göylərin başı,-
Endirin göyləri, endirin yerə ...
Bəsdi, oynatdılar papağı, bəsdi,
Bəsdi, qanatdılar bayrağı, bəsdi,
Bəsdi, ağlatdılar torpağı, bəsdi,
Endirin papağı endirənləri,
Endirin bayrağı endirənləri,
Endirin torpağı endirənləri ...
Qırmızı yağışlar yağdı 70 il,
70 il çəkiclə oraq göyərdi.
Sonra da...Suriya,
sonra da Yəmən,
Sonra da...
sonra da,
Qarabağ göyərdi, İraq göyərdi ...
Bax, tarix tünlüyə, təzə xətt ayır,
Bax, itən daşlara, min yazı itir.
Oyan, Sultan Səlim, şair Xətai,
İtir, bir müsəlman dünyası itir ...
Vətən, nə kişnəyir bu yad yüyənlər,
Bir çöpün yelinə qayan oynayır.
Ayağın altında baş girləyənlər
Başının üstündə oyun oynayır ...
Şeytan əməlləri pəncərə kimi,
Göz-göz hamarlanıb şüşələnirsə,
Satıb samanından pencərə kimi
Kişilər kürsüdə kişilənirsə,
Atalı uşaqlar sərçələr kimi
Zir-zibil içində eşələnirsə
Sındırın dünyanın qanadlarını
Endirin göyləri, endirin yerə ...
Allahdan aşağı nə var, endirin ...
NƏ VAR NƏ YOX, AKİF SƏMƏD
Nə var, nə yox, Akif Səməd,
De kimlər öldürdü səni...
Nə xəstəlik, nə pul, nə də
Həkimlər öldürdü səni...
Gül göyərtdin qar üstündə,
Tağın getdi bar üstündə,
Doğma havalar üstündə
Yad simlər öldürdü səni...
Nə düz qalıb, nə də Cıdır,
Ta Qarabağ boyat dadır,
Vətən bağrı çadır-çadır
Təslimlər öldürdü səni...
Dağ çəkən kim yurd dağına,-
Yurd sevinə, yurd uğuna...
Özgələrin buyruğuna
Təhkimlər öldürdü səni...
...Ölümlər öldü qarşında,
Zülümlər öldü qarşında,
Gör kimlər öldü qarşında...
Nə var, nə yox, Akif Səməd,
Nə var,
nə yox...
TORPAQ
Torpağın altına düşürəm səhər,
Torpağın üstünə çıxıram axşam.
Duyanım olmayıb bu torpaq qədər,
Torpaqsız özüm də duyulmamışam.
Üstdən buxovlanır, altdan sökülür,
Daş-daş, kömür-kömür daşınır torpaq.
Dinirəm, səsimdən torpaq tökülür,
Susuram, dil açıb danışır torpaq.
Bir ovuc torpağa dönüb yerində,
Üstünə düşəni göyərdir ürək.
Torpaq daşıyıram kipriklərimdə,
Bir gün gözlərim də çiçəkləyəcək.
Məni fikir-fikir əyirir torpaq,
Əyri cığırları kəsə çıxıram.
Dərinə getdikcə böyüyür torpaq,
Dərinə getdikcə üzə çıxıram ...
İllərin qədəmi yeyin, çox yeyin,
Günüm ötüşməmiş alır ayımı.
Ölsəm, gözlərimə torpaq tökməyin,
Yeyib qurtarmışam torpaq payımı.
Üzümü şumlayır alnımın təri,
Bir daşa söykənib dağ yarıram mən.
Torpağın üstündə itən günləri
Torpağın altında axtarıram mən.
Eh, bu da taleyin yeni döngəsi,
Yenə qar olacaq, şaxta olacaq.
Vətəndə öz yeri olmayan kəsin,
Qürbətdə məzarı şaxta olacaq ...
Dolub gözlərimə ovunur torpaq,
Axşama az qalıb, dözüm birtəhər.
Bir azdan mənimçün Günəş çıxacaq,
Bir azdan mənimçün doğacaq səhər ...
KƏS, BU ŞAİRİN DƏ DADINA BAXAQ
Kəs, bu şairin də dadına baxaq,
Baxaq, sözlərində diş yeri varmı…
Yoxuşlar öpübmü ayaqlarını,
Baxaq, dizlərində daş yeri varmı…
Axıb şumlayırmı yanaqlarını,
Baxaq, gözlərində yaş yeri varmı…
Aldada bilirmi uşaqlarını,
Baxaq, bir yavanlıq iş yeri varmı…
Sezibmi vicdanın qınaqlarını
Baxaq, izlərində çaş yeri varmı…
Kəs, bu şairin də dadına baxaq,
Baxaq, bir şeirinin içində nə var?!.
Varsa, nələr çəkir orda Qarabağ,
Baxaq, Kəlbəcərdə, Laçında nə var?!.
Qəm qatıb, qəm səpib könül varına,
Şuşa həsrətindən yazırmı yenə…
Boylanıb nazirin villalarına
Qafiyə gəzirmi vətən şeirinə…
Yüz dəfə ölsə də şahlar, əmirlər,
Şairlər bir dəfə ölməyə güc saxlayırlar.
İndi şairləri güllələmirlər,
İndi şairləri ac saxlayırlar…
Kəs, bu şairin də dadına baxaq,
Baxaq, bir mədhiyyə markası varmı…
Cildində sifariş birkası varmı…
Baxaq, məhmiz çəkib ilham atına
Ötürmü bu yerin qoyunlarını…
Zəng vurub çoxüzlü deputatına
Üzünə vururmu oyunlarını…
Kəs, bu şairin də dadına baxaq,
Baxaq, həmrəyliyi varmı evində,
Bir kişi bəyliyi varmı evində,
Yenə siyasətdə qurdalanırmı,
Dəyişə bilibmi öz həyatını…
Ikinci arvadı şeir qanırmı
Sevdirə bilibmi külliyyatını…
Kəs, bu şairin də dadına baxaq,
Baxaq, bir adamlıq dəyəri varmı…
Baxaq, bir udumluq xeyiri varmı…
Bir misra edamlıq şeiri varmı…
BU YAZ ÇIÇƏKLƏMƏ, ƏRIK AĞACIM
Ayaqlarının donu təzəcə açılan balaca qızcığaz
xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada,
evimizdəydim. Qapımızdakı ərik ağacı çiçəkləmişdi…
Nə göyərt bu dərdi,
Nə ləkdən keçir,
Silkələ, çalxala, ələkdən keçir.
Daha güldən keçib, çiçəkdən keçib,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Qeyrət başı bağlı,
dərd başı açıq,
Səhər ürək götür, dərd başına çıx…
Ağaclar Şuşada qurğuşun açır,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Dərdə bax,
can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zərgəzur belə,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Oyatma, qoy yatsın yatan dərdləri,
Köz-köz ürəyimi çatan dərdləri,
Gördüm çiçəyini atam, dərdlərin…
Bu yaz çiçəkləmə, ərik ağacım.
Bu dərd qaya-qaya,
daş-daş güllənir,
Daş-qaya üstündə savaş güllənir,
Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çiçəkləmə, ərik ağacım.
GECƏ YARISI
Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm... ağ vərəqlərə.
Göydə Ay bildiyim saman sarısı
Qopub yarpaq-yarpaq töküldü yerə
Gözümün nəmində məzar sükutu,
Üzümdə şehlənən ölüm buxarı.
Çiynimdə gecənin qara tabutu,-
İçində bir ölü sevinc ağarır...
Bu gecə ürəyim elə ağrıdı,
Heç kəsin ürəyi ağrımaz elə.
Bu gecə özümə elə ağladım,-
Ölsəm, heç anam da ağlamaz, elə...
BU ÇİÇƏK AXŞAMI, BU GÜL AXŞAMI
Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini,-
Arılar üzünü yana çevirir,
Bu çiçək axşamı,
bu gül axşamı.
Qızılı təllərə yaşıl şeh düşür,
Ay quzey qarında bəyaz gül açır.
Çiçəklər zoğalın sarı gülüşü
Göyəm ağacları göm-göy dil açır,
Bu çiçək axşamı,
bu gül axşamı.
Üşüyür qum üstə yarpız çiçəyi,
Meh öpür lillənən dodaqlarından.
Quru qarağacların sarıköynəyi
Asılıb səsinin budaqlarından,
Bu çiçək axşamı,
bu gül axşamı.
Ələnir nur üstə nur narın-narın,
Bir tonqal göyərir al zərrələrdən.
Gözləri qamaşır qarışqaların,-
Qaldırır dən kimi Günəşi yerdən,
Bu çiçək axşamı,
bu gül axşamı.
Bənövşə gözündə nazlı bir giley,
Sıxdım bir laləni,
gördüm qan çıxır.
Şairlik adında nə varsa hər şey
Süzülüb bu axşam canımdan çıxır ...
Bu çiçək axşamı,
bu gül axşamı.
Daddım bu axşamın şirinliyini,
Bu balı bə arı, nə şan gətirər.
Yaşıl su çiçəyim yaşıl şam kimi,
Mənə də bir yaşıl axşam gətirər,
Bu çiçək axşamı,
bu gül axşamı ...
TƏCNİS
Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir,- sarı, ya yaşıl.
Hər rəngin öz səsi, öz ahəngi var,
Yaşıla al düşür, sarıya yaşıl.
Ha yaşıl pərdəyə gül ək,- sim sarı,
Payızın gözündə gül əksim sarı,
Yaşıl göz yaşıyla gülək simsarı
Bəlkə bir misramı sarıya yaşıl.
Bulaq bir cürədi, Güldərə sinə,
Dönüb Qızbənövşə gül dərəsinə,
Nə qalıb cinasda gül dərəsi, nə,-
Ramizə sarıdı, Sarıya* yaşıl ...
* Sarı Aşıq
BU İL QARANQUŞLAR YƏMƏNƏ UÇMAZ
Bu dünya ələkdən keçib qurtarıb,
Kəpəyi, köpüyü ələyə yatmır.
Bu dünya səbrini içib qurtarıb,
Hikkəsi, hoqqası bələyə yatmır,
Bu dünya özündən köçüb qurtarıb,
Alxışı, qarğışı fələyə yatmır,
Bu il qaranquşlar Yəmənə uçmaz...
Dünyanın ürəyi gör nə gündədir,
Dünyanın ürəyi kündə-kündədir,-
Qaranquş qanadı boydadı göylər,
Qaranquş yuvası boydadı yerlər...
Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Kim var ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz...
Güclər arasında bölünüb dünya,
Giclər arasında bölünüb dünya,
Biclər arasında bölünüb dünya,
Bu dünya güclərin sınaq yeridi,
Giclərin, biclərin sınaq yeridi,
Ölümlər Kərkükdə sınaqdan keçir,
Zülümlər Hələbdə sınaqdan keçir,
Təlimlər Sənada sınaqdan keçir,
Bu il qaranquşlar Yəmənə uçmaz...
Dünya çox oynadı ərəblər ilə,
Bir az Buş oynadı,
bir az Mitteran.
İndi də oyuna girib Rusiya,
İndi də oyuna qoşulub İran.
Nələr oynanılır burda, eh, nələr,
Suları yandırır qara qəlpələr.
Qaçıb alov-alov yağıntılardan,
Ötüb şəhər-şəhər dağıntılardan,
Sulara qərq olur ətcə balalar,
Batır dəniz-dəniz ərəb dünyası,
İtir gəmi-gəmi ərəb dünyası,
Yığıb adamları tökür dənizə,
Bu köpük adamlar, kəpək adamlar.
Köpək balıqları məəttəl qalıb
Yeyir adamları köpək adamlar,
Bu il qaranquşlar Yəmənə uçmaz...
ABŞ viran qoydu Əfqanıstanı,
Mali Fransanın qanlı dastanı,
Suriya rusların ölüm bostanı...
Dünya ədalətin qısır yuvası,
Dağıldı Mursinin Misir yuvası...
Üst-üstə qalandı xarabalıqlar,
Hər daşın altında cəsəd yuvası,
Uçdu bu yerlərin həsəd yuvası,
İsinməz bəşərin Əsəd yuvası,
Bu il qaranquşlar Yəmənə uçmaz...
Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Haqq yox ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz...
QOCA XALİD
Qoca Xalid, bu havanın ritmi nə,-
Bəm birinin, zil birinin əlində.
Könül yatmır bu dövranın ritminə
Şah birinin, qul birinin əlində...
Göyün pəri, Yerin oxu yeyilmiş,
İki dünya bir bəlaya əyilmiş,
Can hər kəsin öz əlində deyilmiş
Ol birinin, öl birinin əlində.
Bir qalada gül daşıdı daş gülü,
Bir talada meh qurudur yaş gülü,
Kim qoyacaq baş daşıma beş gülü,-
Daş birinin, gül birinin əlində...
QAYTARIN ŞUŞAMI QAYTARIN MƏNƏ
Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə...
Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə...
Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatımmı quzanlılarla,
Qaytarın Ağdamı, qaytarın mənə...
Qaytarın Şuşamı, qaytarın mənə...
Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa, elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə...
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə...
Nə qədər silahı yağlamaq olar,
Ümidi lazıma bağlamaq olar?!
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə...
Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə...
Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə...
Necə bacarırsız, elə qaytarın...
Qaytarın Şuşamı, qaytarın mənə...
***
Bir ölüm günüdü hər doğum günü,
dünyaya gəlmək də özünə qəsddi.
Beşik də məzardı, ana bətni də,
Dünya ömür-ömür qırılan səsdi…
Nə ürəyim təzə, nə ağlım təzə,
ağlın adı ağır, ürəyin yükü.
Ürəyə, ağıla işığa bənzər
bir-iki misranın sarısı çöküb.
Daha bu yollara nə sirr düşəcək,
nə də heyrətimi yol aparacaq.
Ürəyim bir sözə əsir düşəcək,
bir söz ürəyimi qul aparacaq..
DİVANİ
Məmməd İlqara
Bu axşamın nağıl dili qısadı,
Bu axşam saz havasına susadım,
Ya yanğıma su çiləyim, su atım,-
Ya simlərin alovuna bük məni,
Divani çal, Divani.
Bu dünyadı, kim oyaq, kim mürgülü,
Kim əlsizdi, kim silahlı, süngülü.
Yüz baş əyir bir ağılın yüngülü,
Yüz havalı bir havaya köklənib,
Divani çal, Divani.
Gözümüzün gözümündə qara bir,
Gözümüzün qarasında yara bir,
Sök yaramı, ara məni arabir,
Gör ağrıma neçə qulaq şəklənib
Divani çal, Divani.
Söz köhləndi, dırnağıyla nal qıran,
Bəlkə səsi yatanları qaldıra…
Bu torpağa göz dağıdı «Çaldıran»,
Günahların qılıncına çək məni,
Divani çal, Divani.
Çox istədim, nə çoxdanam, nə azdan,
Çox dərinlər üzə çıxdı dayazda…
Dərd çağlayır Qusarçaydı, Arazda,
Daşa dəyib ümidimin yelkəni,
Divani çal, Divani.
BU MİLLƏT
B.Vahabzadəyə
Bir yetim payına beşi boylanır,
Bu millət, bu millət, bu millət mənim.
Çadırdan çadralı kişi boylanır
Bu millət, bu millət, bu millət mənim.
Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi
Bu millət, bu millət, bu millət mənim.
Qalıb yad əlində yurdu,
yalandı,-
Özü öz-özünə tordu, talandı,
Yüz yerə bölündü, partiyalandı
Bu millət, bu millət, bu millət mənim.
Bilmədim hara düz, hara dağ deyir,
Özünə qurduğu tora bağ deyir…
Ağlaya-ağlaya Qarabağ deyir
Bu millət, bu millət, bu millət mənim.
Yaranan dağıdır,
Yaradan yığır,
Ağını ağlayıb qaradan yığır,
Bu qədər alçağı haradan yığır
Bu millət, bu millət, bu millət mənim.
Qəm oldum,
qəlbinin ərpi olmadım.
Çör-çör oyunlara çırpı olmadım,
Qubadan Göyçəyə körpü olmadım
Bu millət, bu millət, bu millət mənim.
Bir qarış yer üstə yaşınmaz qanım,
Dərdimin nuruyla ağarır danım,
Üzüm ayağında Azərbaycanın,-
Ölüm ayağında Azərbaycanın,-
Bu millət, bu millət, bu millət mənim.
VƏTƏNİ SEVMƏYƏ QOYMURLAR MƏNİ
Bu daşlar kimindi yağır üstümə,
Daşlara çəkilən bu dağ kimindi?!
Bu daşlar kimindi durub qəsdimə,-
Bu daşlara dolmuş torpaq kimindi?!
Vətəni sevməyə qoymurlar məni.
Şeirə xəyanət,
sözə xəyanət,
El üçün kor olan gözə xəyanət,
Xəyanət içində lillənir Vətən.
Siyasi oyunlar yelləncəyində
Yetim uşaq kimi yellənir Vətən ...
Vətəni sevməyə qoymurlar məni.
Yaltağın yarınma çəpiyi göydə,
Bədxahın xəfiyyə tətiyi göydə,
Tanrı təknəsinə təpiyi göydə
Düşür ayaqlara abırlı dünyam,
Hönkürür Arazlı, Samurlu dünyam,-
Vətəni sevməyə qoymurlar məni ...
Şairi nə qədər yükləmək olar,
Şairi nə qədər təkləmək olar,
Bu şər qulaqları, şür qulaqları
Şairə nə qədər şəkləmək olar,-
Vətəni sevməyə qoymurlar məni.
Məni bu adamlar abırdan salıb,
Üzdən də salıblar bu üzlər məni.
Məni bu əllərin əlindən alıb
Bilmirəm, kim yuyub təmizlər məni.
Vətəni sevməyə qoymurlar məni.
Hər günüm taleyin kədər yürüşü,
Sonu əvvəliylə qol-boyun gəlir.
Qubanın əlinə bir şair düşüb,-
Onun da başına yüz oyun gəlir...
Vətəni sevməyə qoymurlar məni.
Bax, Araz dünyamın Şuşa rənginə,
Dərdi Vətən-Vətən düzürəm, hələ.
Qarışıb payızın meşə rənginə
Sözümün rəngini gəzirəm, hələ,-
Vətəni sevməyə qoymurlar məni.
Bu yerin Vətəni cibində imiş,
Bu Vətən quyunun dibində imiş,
Boğazım qurudu Vətən deməkdən,-
Boğazım gör kimin ipində imiş,-
Vətəni sevməyə qoymurlar məni.
Ürəyi lalları qəm dilləndirir,
Azadlıq harayım,-
üstündə pərdə.
Alışır səbrimin qisas təndiri
Min fəryad göyərir daş kündələrdə,
Vətəni sevməyə qoymurlar məni.
Şeirə xəyanət,
sözə xəyanət,
El üçün kor olan gözə xəyanət,
Xəyanət içində üşənir Vətən ...
Qoyub çadırları dizinin üstə,-
Qoyub papaq kimi ...
düşünür Vətən,
Vətəni sevməyə qoymurlar məni,
Vətəni sevməyə qoymurlar məni ...
BAHAR LÖVHƏLƏRİ
Elə bil çəməndə toy-düyün olub,
Heyrətim güllərin gözündən öpür.
Arılar o qədər ərköyün olub
Qönçə açılmamış üzündən öpür.
Nərgizlər məst olub öz qoxusundan,
Hər naxış üstünə yüz ilmə düşüb.
Bir arı oyanıb qış yuxusundan
Bir gülün canına üşütmə düşür...
Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini,-
Arılar üzünü yana çevirir...
Bir ləçək üstündə arı izləri,
Bir ləçək altında xəzəl görünür.
Gözümdən çəkilmir şehli gözləri,
Güllər ağlayanda gözəl görünür.
Baxdım, bu gül yolu, bu çiçək yolu,
Düşüb ölə bilsəm bəsdimi, burda?!
Üstdə arı yolu, kəpənək yolu,
Yol basıb güllərin üstünü, burda...
Yol azan kəpənək tüldən yapışır,
Kəpənək günahı yuyulan deyil.
Güllər bir-birini öpüb yatışır,−
Güllər bu yuxudan ayılan deyil...
Yaşıl göz yaşında islanan tənək,
Özünü ağlayan dilə dönəcək.
Gülün yarpağında ölən kəpənək
Yarpağın üstündə gülə dönəcək...
Sünbüllər tellənir meh tumarıyla,
Lalələr bir yanda özünü çəkir.
Ərköyün kəpənək işlək arıyla
İkisi bir gülün nazını çəkir.
Gül gülə ötürər, sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni.
Uğunur budaqda tumurcuq çatlar,
Gönçələr dartınıb qınından çıxır.
Cücərən toxumla, uzanan otla
Torpağın ağrısı canından çıxır.
LAÇINDA NƏ VAR, NƏ YOX
Məhəbbət Kazımovun məzarı önündə düşüncələr...
Deyirlər Laçındasan,
Laçında nə var, nə yox...
Danış... danış...
dilinin
ucunda nə var, nə yox...
Kimi gəzir gözlərin,
Nələr deyir sözlərin,
Əsir düşən qızların
Saçında nə var, nə yox...
Kim var Keyti dağında,
Kim yatıb qucağında,
Kor qalan ocağında,-
Sacında nə var, nə yox...
Yeri itib pirlərin,
Səsi batıb ərlərin,
Açılmayan sirlərin
İçində nə var, nə yox...
Sarıbaba sarı yurd,
Qarı düşmən, qarı yurd,
Yarı məzar, yarı yurd
Tacında nə var, nə yox...
Öt Laçınım... Laçınım...
Ürək-ürək uçunum.
Ay göylərə uçanım
Köçündə nə var, nə yox...
Deyirlər Laçındasan,
Laçında nə var, nə yox...
BU QURBAN OLDUĞUM VƏTƏN
Düşməndən dərs yükü alıb
Dərdinə daldığım Vətən...
Qarabağda «iki» alıb
Sinifdə qaldığım Vətən..
Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi...
Xocalıda çilikləndi
Əlimdən saldığım Vətən.
Gedir, yad əldə can gedir,
Can-can Azərbaycan gedir,
Gör kimlərə qurban gedir
Bu qurban olduğum Vətən..
AĞLAMA
Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.
Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...
Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...
Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.
Axşam şəri, səhər danı,-
Səninlə böldüm hər anı,
Sonuncu dəfə dünyanı
Yarı böləndə ağlama...
A DAŞ GÜLÜM
Bilirsənmi,
mən öləndə
Qəbrim üstə kim gələcək.
Göy üzündən mələk-mələk
Salameleyküm gələcək...
Könül kövrək,
tellər tarım,
Hər tel üstdə bir qübarım,
Bir dodaqda misralarım
Bir dildə türküm gələcək.
Suc sığışmır hər yumağa,
Bük günahı başqa ağa,
Mən boyda dərd oxşamağa
Sən adda ərkim gələcək.
Günəyə çəkdim quzeyi,
Qəmdən keçir hər bəzəyi,
Qəlbimdə qəmlər muzeyi
Qarşına sərgim gələcək.
A daş gülüm,
a gül daşım,
Yanar gözündə göz yaşım,
Son mənzilə son savaşım,
Bir də ilk sevgim gələcək....
SÖZ
Göz yaşım Söz yaşıdı,
İşığında şam öldü.
Ölən halal yaşadı,-
Yaşayan haram öldü.
Nə sirli bu söz yüküm,
Heyrətinə diz büküm.
Öldü Salamleyküm,
Əleykümsalam, – öldü.
Ürək kəsdim, arıtdım,
Söz-söz sərib qurutdum …
Bir misranı unutdum,-
İçimdə balam öldü …
YIĞILIR
Ötüşür qəm buludları,
Gözümə ulduz yığılır.
Dərd ürək-ürək dərilir,-
Bənövşə qız-qız yığılır.
Ömür əldə bağ kimidi,
Yollar yaşıl tağ kimidi,
Vicdan da papaq kimidi
Atdın, üstə toz yığılır …
Təndir dolu küt adamlar,
Ayaq yuyur “büt” adamlar,
Elə artır şit adamlar
Bədənimə duz yığılır …
GƏL OXUYAQ SAZ DİLİNDƏ
Gec gələrəm, kənd yolları, -
Gileylənər toz dilində.
Kol dibindən qız bənövşə
Səslər məni naz dilində.
Şeh düzülər tül iynəyə,
Arı kefim gül çeynəyər.
Dodaq yanar, dil göynəyər
Bir bulağın buz dilində.
Gör buludun əli harda,-
Çiçək açar su damlarda.
Yaşıl səsdi adamlar da
Təbiətin yaz dilində.
Üfüq qaşda gün yazıdı,
Göyün dolan gün yasıdı,
Bu dünya kef dünyasıdı,-
Bir harının boz dilində.
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi
Mən ha deyim Vətən birdi,-
İkidi Araz dilində.
Üçü deyil, beşi deyil,
Haqdan dönən kişi deyil,
Hər oğulun işi deyil
Gəl oxuyaq saz dilində ...
NAMUS
Mühasirə zamanı ermənilərin əlinə keçməsin
deyə yeganə qızını güllələyən naçar atanın dilindən
Əl saxla, xain balası,
Qoy namusumu basdırım.
Gözümün ağı, qarası
Bircə qızımı basdırım.
Bu yerlər boşalır, qaçır,
Allah da baş alıb qaçır,
Öpüb torpağı, ağacı,
Yalayıb qumu, basdırım.
Dalımca yortar izlərim,
Daşları yırtar dizlərim,
Baxsam tökülər gözlərim,
Gözümü yumub basdırım.
Sayan sayıb, nə say tutum,
Ölüb bu dərdə boy tutum?!
Harda özümə toy tutum,-
Harda özümü basdırım?!
* * *
Sovrulur ömrün xırmanı
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.
Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.
Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam
Əzrayılın xətri qalır…
GÖZÜMDƏ DƏRD ÇİÇƏKLƏRİ
Bu yazın pərt çiçəkləri,
Umsunur mərd çiçəkləri.
Gözümdə dərd çiçəkləri,
Arı mənə yaxınlaşır.
Bulaq seldə duru ölüm,
Gül payızda sarı ölüm,
Yarı dərddi, yarı ölüm
Hara mənə yaxınlaşır.
Yırtdım köhnə cəbrləri,
Dözümləri, səbrləri,
Artır şəhid qəbirləri
Sıra mənə yaxınlaşır.
Mənəm yerin altı, üstü,
Bir az alov, bir az tüstü,
Sevgidi dünyaya qəsdim,
Tanrı mənə yaxınlaşır ...
EŞQ YOLU
Tanrım, bu yol Eşq yolu
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki...
Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmişəm
Gözündən itmirəm ki...
Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan
Piyada getmirəm ki...
YAĞACAQ
Kim deyir ki, bu çəndə
Sisdə qarlar yağacaq.
Yağsa, yağsa bu axşam
İsti qarlar yağacaq.
Eşq göylərin çuxası,
Ələ gəlmir yaxası,
Çox könüllər yıxası
Qəsdi, qarlar yağacaq.
Xəzan gülün məhşəri,
Sarısına şeh sərib...
Ürək qərib, meh qərib
Əsdi, qarlar yağacaq.
Sözdə qəm yığın-yığın,
Hara gedir bu axın.
Üşüyür tənhalığın
Büstü, qarlar yağacaq.
Yon daşa son sətrimi,
Qoy daş bilsin qədrimi...
Gül açacaq qəbrimin
Üstü, qarlar yağacaq.
OLMAMIŞ OLMAZ
Tanrım, bu meşəlikdə
Dəndə olmamış olmaz.
Yon bizdən adam düzəlt
Rəndə olmamış olmaz.
Kim var şahın başında,
Qəm yox ahın başında,
Bu günahın başında
Bəndə olmamış olmaz.
Xamdı nökər də, bəy də,
Ağıl üyüdür səy də,
Dərmanı Ərəsəydə
Çində olmamış olmaz.
İki cür iman olmur,
Kafirə aman olmur,
Gözdə tək duman olmur
Çən də olmamış olmaz.
Bu nə molla, nə dindar,
Əndər, göyləri, əndər,
Bir az qiyamət göndər
Səndə olmamış olmaz.
GÖY GƏZİRƏM YERDƏ BİR AZ...
Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.
İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib... suyun çıxardıram.
Dəniz gözlüm, bu mən, bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərimdən
Süzüb, suyun çıxardıram...
Toplayıb təqdim etdi: Tural Adışirin
MANERA.AZ