manera.az
manera.az

Analar çıxıb gedir - Yevgeni Yevtuşenkonun şeirləri

📅 18.12.2018 12:15

Analar çıxıb gedir - Yevgeni Yevtuşenkonun şeirləri
Yuxuda ölən şair

2017-ci ilin aprel ayının 1-də ABŞ-in Oklahoma şatatında Hillkrest Tibb Mərkəzində rus şairi Yevgeni Yevtuşenkonun yuxuda ürəyi dayandı. Aprelin 11-də isə onu Moskvaya gətirdilər və Boris Pasternakın yanında - Perdelkino qəbiristanlığında dəfn etdilər. Əlbəttə, şair ölsə də şeiri ölmədi, yaşadı və hələ bundan sonra da neçə nəsil onun şeirləri ruhunda böyüyəcək.

Mən Yevgeni Aleksandroviç Yevtuşenko ilə bir dəfə - 1987-ci ilin sentyabrında "Mosfilm" kinostudiyasının şəhərciyində görüşmüşəm. O zaman Yevgeni Aleksandroviç SSRİ Yazıçılar İttifaqında işləyirdi və "şəhərciyə" də hansısa tədbirə gəlmişdi. Bu adam fenomenal istedad sahibiydi, özünə sağlığında heykəl qoymuş şəxsiyyətlərdən idi. Həm şair, həm nasir, həm senarist, rejissor, aktyor kimi eyni dərəcədə uğurlu tale yaşamış mədəniyyət və ədəbiyyat xadimiydi. Kim deyə bilərdi ki, uşaqlıq və yeniyetməlik çağlarından "dəcəl" olan Aleksandr Yevtuşenko rus ədəbiyyatının parlaq simalarından biri olacaq və onu Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərəcəklər.

Təəssüf ki, Qorbaçovun hakimiyyəti dövründə Moskva ədəbi mühiti ilə demək olar ki, bütün əlaqələr kəsildi və biz dünya ədəbiyyatında öz xüsusi yeri və çəkisi olan müasir rus şair və yazıçılarını (Andrey Voznesenski, Bella Axmadulina, Robert Rojdestvenski, Bulat Okucava və s.) bir daha görə bilmədik. O vaxtdan bəri Yevgeni Aleksandroviçin onlarca şeirini dilimizə çevirmişəm, bir neçəsi dərc olunub. Onun şeirlərində dərhal diqqəti cəlb edən iki əsas cəhət var: sadəlik və müdriklik. Bu da bəs edir, ondan qalan şeylər texniki məsələlərdir... Bu yaxınlarda arxivimdən daha bir neçə tərcüməmi axtarıb tapdım və onlardan ikisini məmnuniyyətlə "Manera. az" Ədəbiyyat Portalına təqdim edirəm.
Kamran Nəzirli


İstərdim ki...

Bütün ölkələrdə doğulmaq istərdim,
Pasportsuz-filansız olmaq istərdim,
Yazıq XİN-in hay-küy
qoparmasına rəğmən...
bütün okeanların mən
balıqlarıyla birgə
üzmək istərdim,
dünyanın bütün itləriylə
küçələrdə birgə
gəzmək istərdim...

Hansısa allahın qarşısında
baş əymək istəmirəm,
pravoslav hippisini
oynamaq istəmirəm,
İstərdim ki, Baykalın
dərinliklərinə
baş varam,
ordan suya tullanıb
fınxıra-fınxıra Missisipidə çıxam.
İstərdim ki, bu gözdoymaz
və lənətə gəlmiş dünyamda
məzlum, boynubükük
bir ayıçiçəyinə dönəm -
ərköyün şəbbuçiçəyini demirəm...
Allahın yaratdığı nə varsa,
ondan olmaq istərdim.
lap yaramaz goreşənə də razıyam,
Amma tiran yox! Heç zaman yox!
Hətta tiranın
pişiyi də olmazdım!
Heç vaxt belə
doğulmazdım!
İstərdim ki, hər cür insan olam -
Ata, Oğul, Müqəddəs Ruh!
eybi yox, qoy mənə
Qvatemala zindanında
inşgəncə də versinlər,
qoy Honqonkun xarabalarında
evsiz-eşiksiz olum,
Banqladeşdə canlı
sür-sümüktək yaşayım,
qoy Lxasda divanəlik edim,
yoxsul kimi sülənim,
Keyptaunda mən
zənci də olum hərdən -
amma şeytanın həşəratı yox!
İstərdim ki, dünyanın
bütün cərrahlarının
bıçağının altında
uzanım,
qozbel olum, kor olum,
bütün xəstəlikləri,
bütün dərdləri, yaraları,
bütün kifirlikləri
qoy alsın mənim canım,
qoy olum müharibə qurbanı,
lap yerdən
kirli papiros kötüklərini də yığım,
təki içimə alçaq
hökmranlıq virusu
soxulmasın!
Yox, mən seçilmiş
insan zümrəsi də olmaq istəmirəm!
Mən qorxaq və miskinlər
sürüsünə
qatılmaq istəmirəm!
Qoyun sürüsünü qoruyan
köpəklərdən
olmaq istəmirəm,
nə keşiş, nə də güruh
olmaq istəyirəm!
İstərdim ki, xoşbəxt olum,
amma bədbəxtlərin
hesabına yox!
İstərdim ki, azad olum,
amma qulların
hesabına yox!
Sevmək istərdim mən
bütün yer üzünün qadınlarını,
Və bir də... heç olmasa, bircə dəfə
qadın olmaq istərdim...
Ana-Təbiət,
axı kişini doğan,
yaradan - sən!
Bəs niyə kişiyə
analıq vermirsən?
Əgər onun içində,
sinəsində döyünsəydin,
səbəbsiz-filansız öz balan kimi
onu əzizləsəydin, inan,
bəlkə heç kişi də
olmazdı belə tiran!

Hər şeyə yararlı
olmaq istərdim -
heç olmasa,
ağlamaqdan gözləri şişmiş
o Vyetnamlı qadının əllərində
bir kasa düyü olum,
lap Haiti zindanında
verilən bulanıq
şorba suyunun
içindəki soğanın
başı olum,
qoy mən Neapol fəhləsinin
zirzəmidə içdiyi
ucuz şərabı olum,
qoy Ayın orbitində
xırda pendir də olum:
yesinlər məni,
içsinlər məni -
təki öz ölümümə
yararlı olum.

İstərdim ki,
bütün zamanlarda olum,
tarixi elə çaşdırım,
elə heyrətləndirim ki,
mat qalsın varlığına,
gic olsun əllərimdə,
görsün həyasızlığımı,
bilsin ona mən necə
sırtıqlıq eləyirəm:
Puqaçovun zindanda dəmir barmaqlıqlarını
Rusiyaya soxulan Qavroşun
mişarla kəsdiyini
deyərəm,
Deyərəm ki, gətirin
Nefertitini,
qoyun Mixaylovskdakı
at arabasının yanına!
İstərdim ki, anın da
fəza məsafəsini
yüz dəfə artırım mən:
qoy mən eyni zamanda
Lena çayında
balıqçılarla birgə
yüz-yüz də vurum-vurum,
həm də eyni zamanda
Beyrutda bir gözəllə
öpüşüm, gülüm-gülüm.
Qvineyada isə sinc musiqisi ilə
atılıb-düşüm,
Elə həmin anda da
"Reno"da tətil edim,
Ya da Kopakabanda məhlə uşaqlarıyla
qaçıb top-top oynayım...
İstıərdim ki, hər dili
bilən bir adam olum,
yerin altında sirli,
sehirli sular kimi...
Hər sahəni, hər şeyi
dərhal bilən kəs kimi...
Və o zaman
elə edərdim ki, mən
Yevtuşenkodan biri
sadə şair olardı,
biri də gizli-gizli
pis-pis işlər görərdi,
biri Berklidə tələbə,
o biri Tbilisidə
naxışbasan olardı.
Biri də Alyaskada
eskimos uşaqlara
bir öyrətmən olardı,
Altıncı Yevtuşenko,
lap deyək ki, Sier-Leonda
gənc prezident olardı,
Yeddincisi hələ də
oyuncaqlı, çax-çaxlı
uşaq arabasında şellənərdi, gülərdi...
Onuncu...yüzüncü...
Milyonuncu...
Təkcə özüm olmaq
mənimçün azdı,
mənə hamını verin,
hamı olmaq istərdim, hamı!
Bütün məxluqlar cütdü,
cüt gəliblər həyata,
Amma Allah xəsislik etdi
üz çıxaran kağıza,
öz nəşriyyatında məni
bircə nüsxə çap etdi.
Lakin mən Onun
bütün kartlarını
qatıb-qarışdırıram,
Allahı çaşdırıram!
Sonuncü günə kimi
mən minüzlü olacam,
qoy mənim ucbatımdan
Yer də uğuldasın,
qoy bütün kompüterlər
məni siyahıya alanda
xarab olsun, dağılsın...
Bəşər, istərdim ki, mən
sənin bütün barrikadalırında olum
və savaşım,
Pireneya dağlarına sığınım,
Saxarada başdan ayağa kimi
toza bulanım,
və böyük insan qardaşlığının inamını
götürüm üzərimə,
öz simamı, üzümü
döndərim
bütün insanlığın
simasına, üzünə.
Lakin Sibirli Biyon kimi
gurultu sala-sala
mən öləndə,
nə İngilis, nə də italyan
torpağında basdırın məni!
Basdırın rus
torpağında -
sakit, yaşıl təpədə,
o zaman ilk dəfə mən
özümdə
hamını görəcəyəm,
mən hamı olacağam!

Analar çıxıb gedir...

R. Pospelova

Analar çıxıb gedir, bizdən ayrılır onlar,
Ayaqları ucunda çıxıb gedir analar...
Biz də rahatca belə şirin-şirin yatırıq,
Qarnımız tox, görmürük o dəhşətli anları...
Analar qəfil getmir, qəfil ayrılmır bizdən,
Bizə elə gəlir bu – ayrılıqdı qəfildən.
Onlar yavaşca gedir, qəribə gedir onlar,
İllərə pillə-pillə sakitcə son qoyurlar...
Birdən hansı ildəsə ayılırıq hirs ilə,
Onlara düzəldirik ad günü məclis ilə.
Lakin bu qayğı artıq gec olur analara,
Qəlbimiz rahat olmaz and olsun xilaskara!
Bütün analar gedir, bizi tərk edir onlar,
Yuxudan oyanantək onları axtarırıq,
Birdən əllərimiz də havaya yumruq atar;
Hava necə boy atıb?! Olub şüşəli divar,
Gör necə gecikmişik! Yetişir acı anlar:
Gözümüz yaşlı-yaşlı, baxarıq gizli-gizli,
Analar dəstə-dəstə, sakitcə, hirsli-hirsli
Gör necə tərk edirlər, qoyub gedirlər bizi!..

Tərcümə etdi: Kamran Nəzirli


Baxış sayı - 1 649 | Yüklənmə tarixi: 18.12.2018 12:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031