manera.az
manera.az

Bütün analar bir zamanlar kiçik idilər- Maşa Kalekonun şeirləri/ MANERA.AZ

Bütün analar bir zamanlar kiçik idilər- Maşa Kalekonun şeirləri/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində Maşa Kalekonun şeirlərini təqdim edir.
**

Ata Evində Gənclik Zamanı

Böyüdüm. Məndə çiçək açmır artıq nağıllar
Xeyli müddətdir özümə “Siz” – deyə müraciət edirəm.
Hərdən bir tək – tənha günlərimdə
Uşaqlığım gizlicə yanıma gəlir…
**
Bütün Analar

Bütün analar bir zamanlar kiçik idilər
Uşaqlar bunu düşünə bilməz.
Böyüdükcə ayaqqabı nömrələri,
Analar hərdənbir kədərlənər.
Gənclər yeni dalanlar axtarar yollarda
Tək qalar sonra analar.

Bir gün böyüyər bütün uşaqlar,
Analar bunu düşünə bilməz.
Balaca qızı rənglərlə itkin düşər,
dünən oynadığı anasının qucağından,
Oğul, dünyanı gəzmək məcburiyyətindəsənmi sən?
Bu zaman eyni işi görər analar.
Bir gün boşalacaq bütün otaqlar.
Çılpaq masa, yetim və lal bağça.
Döşəmələr cırıldayacaq… Analar susub, gözləyər
Uzaqlardan bir məktub gələr arada bir.
Ulduzlar sönər. Gizlənən bütün gözəlliklər
Yaşaran gözlərdən dənizə düşər.
**
Gecəyə Mahnı

Nəhayət gün bitdi,
Çoxdan susub dörd divar,
Ağaclar kölgələrdə gizlənib.
Bizi gecəyə burax, qovuşaq
Necə də olsa ürək ürəyi tapacaq.
Solğun qayıqlar üstündə üzür xəyallar.
Sənin tənhalığında gəzişirəm.
Sənə pislik gəlməsin deyə,-
Bir gün dualarım da qəbul olacaq.
Qaranlıq gecənin qayğıları,
Çoxdan tükənib, dağılıb,
Barmaqlarına dəyib uzaqlaşaraq
Yavaşca havalanır gümüş qanadlarıyla,
Qırmızı bulud topalarına doğru
Gecikmiş axşam küləkləri.
Qoy içində bizi mələklər müşahidə etsin
İnanc zəmanətiylə
…Ümidli bir uşaq kimi.
**
Kiçik Bir Eşq Mahnısı

Çünki gözlərin xülyalarla dolu
Və alnın düşüncələrdən qırışmış,
Qoy bir uşaq kimi ovudum səni
Son ulduz sönərkən səni laylam yatıracaq.

Günəşi çağırıram, dənizi, küləyi,
Sənə aydın bir yaz günü hədiyyə etmək,
Və ən gözəl xülyaları həyata keçirmək üçün.
Çünki buludlarla doludur gecələrin.

Dodaqların yeni bir mahnıya başlasa əgər
Dənizə, fırtınaya, günəşə təşəkkürlər
Çünki gözlərin xülyalarla dolu
Və alnın düşüncələrdən qırışmış…
**
Payız Melanxoliyası

Bağçam yoxdur ki,
Güllərim solsun.
İçində oktyabr küləkləri ağlayan evim yox.
Qapqaranlıqdır buludlar
çünki baxdığım səmadır nadir olaraq.

Mən parlaq ulduzlar axtarmıram
Kiçik bir qaz lampası məni təsəlli edər.
Xoşbəxtlik çaşdırmaz, küsdürməz gözləmələr.
Payız ağrıtmaz məni,
Olmayan bağçada solmaz ki, güllər…
**
Gənclik Eşqi

Bütün gecə yağdı.
Günümün yaxşı keçməyəcəyini söylədi hisslərim
Günorta bir nəfər gəldi vergilər idarəsindən,
Axşam sənə rast gəldim.

Dəyişmisən.
Tanıya bilməzdim özün yaxınlaşmasaydın.
Optimizmim bir kənarda gözlədi
Öyrənəcəklərimi çoxdan öyrənmişdim zatən gündüzlərdən.

– Nələr davam edir? – Demək olar ki, heç nə
Axmaq – axmaq kiminsə tapşırığıyla oynamaq.
Mən çoxdan dərman iyi gələn xəyallarımı atmışam bir kənara
Özümdən çıxmışam, təkcə yuxularımdır mənimlə yaşayan…

Xoşbəxt olub olmadığımı soruşursan,
Aşiq olmusanmı, nələr dəyişib həyatımda…
Mən heç nə soruşmuram. Baxışların izah edir
Bir zamanlar var idim… Geri qalanı ölən duyğular…

– Bu gün vergi məmurusan iki uşaqlı,
Sadə həyatın çərçivəli, sıravi.
Dəyişik arzuların vardı əvvəllər;
İndi dinc həyatın sənə daha çox uyğun.

Görürəm sənin, keçən gözəl illərin,
Zamanın necə sürüşdüyünü barmaqlarımızın arasından.
Uzun müddət böyüyə bilmədim mən.
Baş verəcək fövqəladə hadisələrə inanmırdım zatən.

Nə qalıbsa geriyə böyük xəyallarımızdan,
Hamısı paramparça, kobud rəftar edilmiş.
– Tanrının yorğunluğunu düşünürəm indi:
Nə tez üyüdülür hər şey ömürümüzdə…
**
Özümlə Söhbət

Böyük bir dəlixanası
İki üç həkimi və balaca kilsəsiylə
Pıçıltılı dedi-qoduların gəzişdiyi bu kiçik şəhərin
Təbiəti heç vaxt mən deyən olmadı

‘Xeyr’ sözünü tez – tez eşitdi uşaqlığım
Anadan olandan şanslı deyildim.
Geriyə dönüb keçdiyim zamanları düşünürəm;
Əsla istəmirəm uşağımın bunları yaşamasını.

Sonuncu dəfə dünya ilə döyüşəndə səkkiz yaşındaydım
Cənab Mayer idi məktəbimizin müdiri
– On iki yaşına çatanda hələ də düşünürdüm
Döyüşlər bitib, amma niyə heç kim xoşbəxt deyil?

İki müəlliməm məni tez kəşf etdi
Uzaqlaşdırılmağım uyğun idi məqsədlərinə
“İşdən atılmaq”, biz bu sözdən heç istifadə etmədik
İşlər öyrəndiyimiz hər şeyin tərsinə döndü

Məktəbdən çıxarılanda müəllimlərimdən biri
Həvəslə danışırdı yazdıqlarımdan və oxuduqlarımdan
Gəncliyin etikasına uyğun olmamağımdan
Yenidən həyata başlamaq məcburiyyətində idik, həyatın mənası bu
Amma mənim atıldığım yer balaca bir bürodan fərqlənmirdi

Səkkiz saat rəsmi iş
Və bir az da maaş
Bəzən axşamlar şeir yazırdım
(Atamsa qorxusundan şeir – zad yazmadığımı deyirdi hamıya)

Gözəl bir gündə gəzirəm
Rəngli ölkələrin xəritələri üstündə karandaşlarla çəkilən xəttlər
– Yağışlı günlərin susqunluğu içində gözləyirəm
Deyirlər vaxt tapanda bizə də qonaq gələcək xoşbəxtlik.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031