manera.az
manera.az

Tarixlə nəfəs-nəfəsə – “Səmərqənd Şeir Axşamları”ndan reportaj

📅 17.12.2018 11:28

Tarixlə nəfəs-nəfəsə – “Səmərqənd Şeir Axşamları”ndan reportaj
İntiqam YAŞAR

Payızın nəfəsi Bakını oxşayır… Bakı-Moskva-Daşkənd-Səmərqənd marşurutu üzrə uzun bir yolçuluq bizi gözləyir. Moskva soyuqdur... Çox yubanmadan yol alırıq Daşkəndə. 3 saatlıq uçuş… yolboyu həmsöhbət olmaq üçün bir nəfərin olması vacibdir. Moskva yolçuluğunda bu baxımdan ürəkaçan bir şey olmayıb.

Artıq Daşkənddə hava limanındayıq. Bir Turizm şirkətinin ofisinə yaxınlaşırıq, Azərbaycandan gəldiyimi bilirlər. Üzlərinə təbəssüm qonur, hər cür yardımçı olmağa can atırlar. Mən zəng edirəm…Telefonda gənc yazar-tərcüməçi Mirzohid Müzəffərin şirin yarı Özbəkistan, yarı Türkiyə türkcəsini eşidirəm. Yerini öyrənib gözləmə zalından çıxıram. Görüşürük… Mirzohid yanındakı gənci də təqdim edir, adı İkramdır. "Gənc Yaradıcılar Birliyi” təşkilatının başqan yardımçısıdır. Daşkəndi qatı duman bürüyüb bir az da soyuq var. Bizi qarşılamaq üçün nəzərdə tutulmuş avtomobillə İkram bəyin evinə yollanırıq. Hələ səhərin açılmasına iki-üç saat qalır. Saat 7-də "Əfrəsiyab” ilə Səmərqəndə gedəcəyik. "Əfrəsiyab” şair deyil, Səmərqənddə şeir oxumayacaq, bizi aparacaq qatarın adıdır.

Özbək süfrəsi, qardaş doğmalığı

İkram bəyin isti ocağındayıq. Onsuz da vaxt məhduddur, istirahət etmək haqda fikirləşməyə dəyməz. Bu əziz insanların gecənin bu saatında açmış olduqları süfrə ətrafında bir saat söhbətləşirik, sanki illərdir görüşməyən doğmalar bir ocağa toplaşıb, hamı bir-birini könül dili ilə, ürək pıçıltıları ilə anlamaqdadır.

Səmərqənd bizi gözləyir, tarix bizə qucaq açıbsa, yubanmaq olmaz. Bu dəfə dəmiryol vağzalına üz tuturuq. Özbəkistanın digər vilayətlərindən gələn yazarlar da burada toplanıb.

"Əfrəsiyab"

"Əfrəsiyab" yel qanadlı at kimi tarixin dərinliklərinə ulu Səmərqəndə "dördnala" çapır. Nağıllarda deyilən kimi gözümüzü yumub-açınca Səmərqənd türk övladlarını qolları arasına alır. "Əfrəsiyab" qatarından düşüncə gözlərimiz önündə elə bir gözəllik bərq vurur ki, qürurdan köksümüz qabarır. Səmərqənd məktəbliləri bizləri qarşılamaq üçün öncədən hazırlıq görüblər, nəğmələr, şeirlər, musiqilər, təbəssümlər, alqışlar... Səmərqəndlilər doğmalarını çörəklə, minbir nemətlə, musiqilərlə qarşılayır.

Əmir Teymurun şəhəri

Bir azdan festivalın açılış mərasimi olacaq. Bunun üçün xüsusi avtobuslarla Registana yollanırıq. Şəhərin içərisində əzəməti ilə hər kəsin gözlərini qamaşdıran sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəm bir tikilidir Registan. Mən bu tikilini Səmərqəndin göylərə açılmış əllərinə bənzədirəm.

Qonaqlar tədbir iştirakçılarına təqdim olunur. Çıxışlar olur, ölkənin tanınmış ədəbiyyat adamlarının, xalq şairlərinin, qonaqlardan bir qisminin nitqləri dinlənilir. Artıq tədbir yekunlaşmaq üzrədir. Otelə qayıdırıq. Yeri gəlmişkən, otel də Registan adını daşıyır.

Festival heyəti olaraq restorana yollanırıq. Restoranda bir bayram abu-havası var. Canlı musiqilər, rəqslər, insanların üzlərindəki təbəssüm adamı elə pozitivliyə kökləyir ki, hər şeyi unudub anın nəbzinə barmaqlarınla toxunursan…

Təşkilatçılar şad xəbər verir. Sabah digər tarixi yerlərə gəzinti olacaq...

16.11.2018

Hər kəs Əmir Teymurun "hüzuruna” çıxmağa hazırdır. Gəzinti marşurutumuz yolunu ilk öncə İmam Buxarının ziyarətgahından salır. Xeyli ziyarətçi var, insanlar könül dili ilə anlaşırlar. Dualar oxuyurlar, ibadətlər edirlər. Ziyarətgahın bir guşəsində zaman-zaman müxtəlif ölkələrin önəmli dövlət adamları tərəfindən ziyarətgaha bağışlanmış "Qurani-Kərim” kitablarını görürük. İmam Buxarı ziyarətgahından sonra üz tuturuq yenilməz cahan sərkərdəsi Əmir Teymurun hüzuruna. Kifayət qədər həyəcanlı məqamlardır.

Artıq Əmir Teymur uyuyan məqbərənin həyətindəyik. Özbək dostlarımız həyətdəki bəzi daşlar haqqında məlumat verir. Budur, daş qazanın ətrafındayıq. Rəvayətə görə, bu daş qazanda nar şirəsi olarmış. Əmir Teymur öz əsgərləri üçün bu qazanda nar şirəsi hazırladar, döyüşə getməzdən əvvəl əsgərlər bu şirədən bir parç içərlərmiş. Burada həm də bir böyük daş da var ki, buna "taxt” deyirlər. Əmir Teymur xanədandan olmadığına görə heç vaxt bu taxtda əyləşməyib. Məqbərədə mistik bir abu-hava hökm sürməkdədir. Sanki, divarlardan bu ölməz cahangirin nəzəri üzərimizə tuşlanıb. Teymur öz vəsiyyətinə görə öz ustadının – Seyid Bərkənin ayaq ucunda dəfn olunub. Onun məzar daşı məqbərədə olan digər məzar daşlarından fərqlidir.

Daş günün müxtəlif vaxtlarında fərqli rənglərə çalır. Diqqətimi çəkən bir şey də oldu ki, Teymurun məzar daşı ortadan sınıqdır. Deyilənə görə, Nadir Şah bu daşı öz sarayına apartdırıbmış. Daş Nadirin sarayına aparılandan sonra Nadir Şahın qızı ölümcül xəstələnir. Münəccimlər Nadir Şaha haradansa saraya daş gətirildiyini söyləyir və o daş yerinə qaytarılmazsa fəlakətlərdən qurtula bilməyəciyini söyləyirlər. Bundan sonra daşı yerinə qaytarırlar. Çox güman ki, məzar daşı elə o zaman sınıb. Tarixini sevmək, tarixini qorumaq, ona ehtiramını hər addımda ifadə etmək kənardan gələnlərdə tam başqa bir rəğbət yaradır, əlbəttə. Bu uca münasibətin fonunda özbək qardaşlarımız gözümdə bir az da yüksəlir. Budur səmimiyyət, budur sevgi, budur vətən, budur torpaq, budur tarix...

Əmir Teymurun məqbərəsindən sonra üz tutduğumuz tarixi məkan Şahi-zində ziyarətgahıdır. Bu ziyarətgah Məhəmməd peyğəmbərin əmisi oğlu Kusam ibn Abbasın uyuduğu məkandır. Nağıllardakı kimi 40 pillə ilə üzü yuxarı qalxırıq. Pillələrdə olan çoxlu sayda insan, üzlərdəki inam ifadəsi, mərhəmət umma hissi insan ruhunu bir növ silkələmiş olur. Müxtəlif dövrlərdə İslama xidmət etmiş Səmərqənd hakimləri bu ziyarətgahın abadlığına xüsusi diqqət ayırmışlar. Hətta monqol istilaları zamanında bir çox İslam abidələri dağıdılsa da, bu abidəyə toxunmamışlar.
Tarixlə nəfəs-nəfəsə – “Səmərqənd Şeir Axşamları”ndan reportaj
Tarixin güzgüsü olan Səmərqəndin qutlu məkanlarını gəzməkdən doymasaq da, "Səmərqənd şeir axşamları”nın əsas tədbiri saatbasaat bizə yaxınlaşmaqdadır. Tədbirə qatılacaq heyət olaraq yol alırıq Səmərqəndin konsert zalına. Təşkilatçılar tədbirin orada baş tutacağını söyləyəndə düşünmüşdüm ki, yəqin 100-150 nəfərlik sadə bir tədbir düzənlənər. Amma, zala daxil olarkən başqa bir mənzərə ilə qarşılaşırıq. 800-1000 nəfərlik bir zal artıq insanlarla dolmaq üzrədir. Bir azdan el dilində desək, iynə atsan yerə düşməyəcək. Şeirə sözə bu cür həssas münasibət ürəyimizi dağa döndərir. Şeir gecəsi öz xüsusi hazırlığı ilə, ən xırda detalına qədər yüksək peşəkarlıqla hazırlanması ilə ürəkaçan bir ovqat yaradır. Səmərqəndin konsert zalı şeirlə, musiqi ilə bir bayram abu-havasına köklənib. Azərbaycan təmsilçisinin – mənimlə səfər yoldaşı olan Tural Turanın çıxışı ilə şeir axşamı könüllərə açılır. Azərbaycan adı çəkiləndə zalda alqışlar dayanmaq bilmir. Türk dünyasının müxtəlif nöqtələrindən gələn yazarların fərqli nəfəsləri, şeirləri ilə baş-başayıq. Təltiflərdən və xatirə fotosundan sonra bu nağıl kimi günə yekun vurulur. Hər kəs könül dünyasında sonsuz sevgi və Səmərqənd həzinliyi ilə Daşkəndə qayıtmağa hazırlaşır.

Yerləşdiyimiz otelin dəhlizində dolaşan, bir tərəfdə iki-bir, üç-bir sakitcə şeirləşən, söhbətləşən iştirakçıların gözlərində açıq-aşkar hiss olunan bir kədər var. Bu kədərli gözlər arasında bir nəfər daha çox üzgündür. Bu insan bütün bu günlərin yükünü öz balaca çiyinlərində və böyük ürəyində daşıyan, tədbirə təşkilatçılıq edən təşkilatın, Gənc Yaradıclar Birliyinin başqanı Mehrinaz Abbasovadır! Bütün yorğunluqlara, gərgin qrafikə baxmayaraq, bu könül adamının üzündən bir an belə təbəssüm əskik olmadı.

Sabah ədəbiyyatın, sevginin, tarixin bir yerə cəm etdiyi bu insanlar gəldikləri məmləkətlərə qayıdacaqlar. Bir də bu qədər insan, məhz bu heyət bir yerə toplaşacaqmı?! Ya qismət!

17.11.2018

Yazımızın əvvəlində bəhs etdiyimiz, bizi bir göz qırpımında Daşkənddən Səmərqəndə yetirən "Əfrəsiyab” qatarı yenə dəmir ayaqlarını taqqıldadır. Gözlərimi ucsuz bucaqsız çöllərdən, çəkə bilmirəm. Adını tarix kitablarından oxudumuz yerlərdən keçmək, o yerlərin daşını, ağacını, torpağını yaddaşına hopdurmaq aclığı hiss edirəm. Sırdərya çayının üzərindən keçdiyimizi söyləyir professor Bahadur Kərim. Tarix kitablarından oxuduğum adlar yenə yaddaşımı silkələyir. Amudərya... Sırdərya... Əmir Teymur... Böyük sərkərdə bu iki çayın arasında yerləşən Mavərrənəhrdə anadan olub. Tarixdən, Azərbaycan-Özbəkistan ədəbiyyatından, iki ölkə arasında ədəbi əlaqələrdən, bu əlaqələrin yaranmasında mənəvi körpü rolunu oynayan görkəmli şəxsiyyətlərdən, yaşayan və bu yöndə fəaliyyət göstərən çağdaş ədəbiyyat nümayəndələrindən danışırıq. Bahadur Kərimin Azərbaycana sevgisi sonsuzdur.

Yenə Daşkənddə

İlk gəlişimiz zamanı olan dumanlı havadan fərqli olaraq bu gün Daşkəndin üzünə gün doğub. Yol alırıq "Kitab dünyası” qəzetinin redaksiyasına. Səmərqənddən bizimlə birlikdə qayıdan qəzetin baş redaktoru Xasiyyət Rüstəm redaksiyadadır. Azərbaycanın müxtəlif qurumları tərəfindən qəzetə və baş redaktora verilmiş təltifləri redaksiyanın ən baş köşəsində görürük. Redaksiya ilə tanışlıqdan, əməkdaşlarla könül söhbətindən sonra yol alırıq Özbəkistan Yazıçılar Birliyinə.

ÖYB-nin möhtəşəm binasındayıq. Binada yerləşən redaksiyalarla tanış oluruq. Bizdə də bir zamanların çox məşhur jurnalı olan "Gənclik” jurnalı burada fəaliyyətdədir. Jurnalın baş redaktoru Faxriddin Hayitov ilə həmsöhbət oluruq. Müasir ədəbiyyatdan, müasir oxucudan jurnalın işlərindən və s. söhbət açılır. Baş redaktor gələcəyə yönəlik Azərbaycan-Özbəkistan ədəbi əlaqələri istiqamətində "Gənclik” jurnalının iştirakı ilə görüləcək işlərə diqqət çəkir. Faxriddin bəy həm də müasir Azərbaycan yazarlarından nümunələri özbək türkcəsinə uyğunlaşdırmaqla məşğuldur.

"Cahan ədəbiyyatı” jurnalının redaksiya ilə də tanış olduqdan sonra Özbəkistan Yazıçılar Birliyinin sədri, görkəmli şair Siracəddin Seyyidin iş otağına yollanırıq. Azərbaycandan gəldiyimizi biləndə üzü yenidən gülür, Bakıdakı qələm dostlarına salamlarını çatdırmağı xahiş edir. Bizdən bir müddət öncə Azərbaycanın görkəmli ədəbiyyat adamları Anarın və Firuz Mustafanın Daşkəndə gəldiklərini söyləyir.

Özbəkistan Yazıçılar Birliyində yekun tədbirə qatılırıq. Şeirlər oxunur, ölkənin tanınmış şairləri, ədəbiyyat nümayəndələri çıxışlar edir. Bununla da üç gün davam edən ədəbi tədbirlərə yekun vurulur.

Uçaq biletimizin vaxtına qədər zamanı dəyərləndirməyə çalışırıq. Daşkəndi gəzməyin dadını çıxarırıq. Axşam saatlarına doğru Faxriddin bəy özünü yenidən bizə çatdırır. Səxavətli qardaş süfrəsində gündüzdən yarımçıq qalan söhbətlərə davam edirik. Əyləşdiyimiz restoranda Azərbaycandan gəldiyimizi bildiklərində Azərbaycan musiqiləri səslənir. Qonşu masada əyləşən qan qardaşlarımız, can qardaşlarımız bizi əhatəyə alır. Bir sözlə, könlümüz sevgi ilə, köksümüz fərəhlə dolu Daşkəndlə və bu möhtəşəm diyarda qazanmış olduğumuz dostlar ilə sağollaşırıq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göstərdiyi böyük dəstəkdən dolayı sonsuz təşəkkürlərlə səfərimizi yekunlaşdırırıq.

Yolçu yolda gərək... Hava haqqında məlumatlara baxıram Moskva yenə soyuqdur. Orada kiçik fasilə ilə Bakıya tələsirik. Xəzərin gözü yoldadır.../artkaspi.az/

MANERA.AZ


Baxış sayı - 1 194 | Yüklənmə tarixi: 17.12.2018 11:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031