Şair - vətəndaş.. - İslam Qəribli yazır
İslam QƏRİBLİ,
filologiya üzrə elmlər doktoru, professor
1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (keşmiş V.İ.Lenin adına APİ) eyni fakültənin eyni kursunda müxtəlif qruplarda oxusaq da, Əli Rza Xələfl ilə (Əlirza Zal oğlu Əzizli) həm əlaçı tələbə, həm də istiqanlı, vətəncanlı tay-tuş olaraq isti münasibətlərimiz vardı. Şeir yazması və bir az da nakam şair Mikayıl Müşfiqə oxşar olması ilə bağlı “şair” deyə ona müraciət edərdim. İranla – Cənubi Azərbaycanla sərhəd rayonlardan olduğumuza görə söhbətlərimiz alınar, Azərbaycanı iki yerə bölən məlum hadisələrə nifrət yağdıra-yağdıra Əlirza onu Cənubi Azərbaycandakı qohum-əqrabalarına həsrət qoyan Arazdan, mən də Ərdəbillə aramızda keçilməz sədd olan Talış dağlarından gileylənrdik.
Ali məktəbi bitirdikdən sonra uzun illər görüşmək imkanımız olmadı.
90-cı illərin əvvəllərində mənim işlmək üçün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət olunmağım, onun da Cəbrayılın işğalından sonra Bakıya köçməsi tələbəlik illərindən sonra aramızdakı qırılmış bağların bərpasına səbəb oldu. Tələbəlik illərindən başlanan münasibətlərimiz zaman keçdikcə səmimi dostluğa çevrildi və çox şükür ki, bu gün də davam etməkdədir....
Bu kiçik qeydlərdən sonra xəyal məni yenə də uzaqlara, tələbəlik illərinə apardı. O zaman yarı zarafat “şair” adlandırdığım Əli Rza Xələflinin artıq 30 ildən yuxarı ciddi şair, nasir, publisist, araşdırıcı kimi qəbul edildiyini görəndə zənnimin məni aldatmamısına sevinir, dostumun uğurları ilə qürur duyuram.
Əli Rza Xələfli bir yaradıcı insan olaraq hər şeydən əvvəl şairdir və şairlik ona fitrətən verilmiş bir vergidir. Klassik Azərbaycan poeziyası və zəngin folklorumuzun ən yaxşı ənənlərini şeir və poemalarında yaşadan Ə.Xləfli üçün mövzu məhdudiyyəti olmasa da, Vətən dərdi, həyata, insana məhəbbət və yaşamaq yanğısı onun poetik irsinin şah damarını təkil edir.
“Həsrəti bizlərə qıyan sahilə, Məhəbbət toxumu əkərdim, Allah!” – deyən Ə.Xələflinin müxtəlif illər və ovqatlarda yazdığı şeir və poemalarını nəzərdən keçirərkən bir daha yəqin etdim ki, o, narahat dünyamızın narahat şairidir. Ölçüləri niyyətinə tabe olan bədxahların ələyindən, əməlləri dediyinə bənzəməyən hiyləgərin kələyindən, Əzrayılı qulluğunda müntəzir duran Tanrıdan, sınıq düşən Xudafərinin tağlarını görüb Araz boyu köç eləyən durnaların lələk salmasından qorxan şair ən böyük qorxusunu belə bəyan edir:
Xələflini yandıran var, yaxan var,
Göyçə gülü dərən olsa, taxan var,
Soydaşına qanlı-qanlı baxan var,
Qarabağın taleyindən qorxuram.
“Müdrik sözə iman gətir”, “Körpü daşlarının bağrı çatlayar, Üstündən adlayıb keçəni yoxsa”- deyə ən böyük ağrının yurd ağrısı olduğunu bildirən, dünya bazarında mizanın əyilməsindən gileylənən şair əsərlərini həm heca, həm əruz vəznlərində, həm də sərbəst şeir formalarında yazıb hər üçündə uğur qazansa da, təbii ki, ən çox istifadə etdiyi heca vəznidir. Heca vəzninin müxtəlif ölçülərində yazan şairin bayatı, qoşma və gəraylıları onun yaradıcılığna xüsusi bir gözəllik verir və onu bir yazar olaraq xalq ruhunun tərcümünına çevirir.
Qarabağ və yurd həsrətinin daha çox yer aldığı, ictimai-fəlsəfi fikirli bayatılarında Ə.Xələflinin şair siması aşağıdakı şəklidə özünü göstərir və əgər bu bayatıların müəllifini tanımasaydıq, onları eyzən xalq bayatıları hesab edə bilərdik:
Bənd uçdu, Araz axdı,
Qan düşdü, muraz axdı.
Yurdumu viran gördüm,
Gözümdən Araz axdı.
Bülbül demə, gül yanar,
Ağız yanar, dil yanar.
Yurda hakim yad olsa,
Vətən desən dil yanar.
Arazım axdı getdi,
Canımı yaxdı getdi.
Sinəmdə dərd göyərdi,
Qəm gəldi baxdı getdi.
Sevgi dənizində çimməklə günahlarının sevgi dənizinin suları ilə yuyulacağına ümid bəsləyən, Qarabağın qapısı hesab etdiyi Bərdə torpağına ayaq basanda başından min illərin havası gəlib keçən, anasının ocaq daşını daş dilində dillədirib “dərdinlə sinəmi belə oyma sən” söyləyərək böynubükük bənövşə ilə həmsöhbət olan Ə.Xələfli “Qərib məzar” rədifli gəraylısında vətənində vətənsiz olan qəriblərin, yurd-yuvalarından perik salınanların acı-ağrılarını poetik şəkildə belə ümumiləşdirir:
Ürəklərdən qopan teldi,
Üzü yurda əsən yeldi,
Məhşərəcən susan dildi,
Qürbət eldə qərib məzar.
Əsir kəndin acısıdı,
Qarabağın ağrısıdı,
İçilməyən acı sudu,
Qürbət eldə qərib məzar.
Şeirlərinin birində özünü körpünün həsrətini yazan şairi adlandıran Ə.Xələflinin əksər şeirlərində onun öz obrazını görürük: bir az çılğın, bir az emosional və nəhayət müdrik, mütəfəkkir obrazını.
Sisə dönüb taleyimin dumanı,
Nə dərindir ümidimin ümmanı,
Namərdlərin, nadanların gümanı
Min yerdən qan sızan yaramı görmür, -
yazan Əli Rza Xələfli həm də “Od” kimi oxunaqlı, mövzu, məzmun və ideyası ilə diqqəti cəlb edən romanın müəllifidir. Yarı tarixi, yarı mifik hadisələr üzərində qurulmiş bu romanda müəllif daha çox insan taleyini psixoloji müstəvidə izələyərək ölum – ölüm, məhəbbət – nifrət, yaşamaq uğrunda mübarizə və s.bu kimi ümumbəşəri problemlər barədə düşüncələri ilə oxucunu keçmiş, indiki və gələcək zaman barədə fikirləşməyə, tarixin dərslərindən ibrət götürməyə çağırır.
Ana Zağa və Çınqırdağ adlı mağara sakinlərinin yaşayışı, onların var olmaq uğrunda mübarizəsinin təsviri ilə müəllif heç də mifdən tarixə keçidin ilk mərhələləri barədə məlumat vermək istəməmiş, əslində müasir dünyamızda baş verən və baş vermədkə olan ciddi olaylar barədə düşünməyi və hadisələrdən çıxış yollarını arayıb-axtarmağı oxucularına tövsiyə etmişdir.
Romanda bələdçi qız Leylanın dilindən Yeray, Oday, Suay, Alp Ər, Malik, Mələk kimi obrazlar haqqında deyilənlər mahiyyətin açılışına xidmət edir və ayıq oxucu başa düşür ki, müəllifin tarixə ekskurs etməsi dünyanın hazırkı durumundan ötrü narahatçılığından irəli gəlmişdir.
Əli Rza Xələflinin bir ədəbiyyat adamı olaraq digər şakəri həm də onun səriştəli ədəbiyyatşünas olması ilə şərtlənir. Müəllifin müxtəlif vaxrlarda yazdığı “Sözün astanası”, “Sönməyən günəş haqqında nəğmə”, “Sözdə hərarət olanda”, “Fənayənin sualları”, “Tənhalığın iztirabları”, “Səslərin harmoniyası”, “Tanrı möhləti havayı vermir”, “Payız düşüncələri” və s. onlarla məqalə və öçerkləri, kitablara yazdığı müqqəddimələr bizə haqq verir ki, onadan həm də bir ədəbiyyatşünas kimi danışaq. Bir ədəbiyyatşünas olaraq Ə.R.Xələflini müasirlərindən fərqləndirən ən ümdə cəhət, heç şübhəsiz onun yazılarının səmimiliyində, birbaşa mətnin özündən çıxış etməsindədir.
Əli Rza Xələflinin bir ziyalı olaraq üstünlüyünün digər cəhəti onun ensiklopedik savad və analitik təfəkkür sahibi olmasındadır. Onunla elmin bir çox sahələri barədə söhbət edəndə təəccüblənirsən ki, bu qədər informasiyanı o, beynində necə saxlaya və necə ustalıqla ümumiləşdirə bilir.
Şübhəsiz ki, bir söz, qələm adamı olarq onun Şərq, Qərb, Azərbaycan və ümumiyyətlə dünya ədəbiyyatı və mədəniyyətinə vaqif olması qibtə doğurandır.
Əli Raz Xələfli gözəl müəllim və çox istedadlı, qeyrətli publisistdir.Beş il Cəbrayıl rayonunun müxtəlif kəndlərində müəllimlik edən (1975-1980), Azərbaycan dili və ədəbiyyatını şagirdlərinə sevdirən Ə.R.Xələfli 1980-ci ildən günümüzə kimi qəzetşiliklə məşğul olur, 1999-cu ildən Respublikada və xarici ölkələrdə yaxşı tanınan həftəlik “Kredo” qəzetinin baş redaktorudur. Publisistikasının baş mövzusu xalqının taleyi və tarixi, millətinin müqəddəratı və sabahından ötrü narahatlıq olan Ə.R.Xələflinin qırxa yaxın kitabı çap olunmuşdur
ki, bunların müəyyən qismini onun publisistik qeydləri və məqalələri təşkil edir.
Əli Rza Xələfliin kitablarının, demək olar, əksəriyyəti şəxsi kitabxanamda var və yeri gəldikcə onlarla həmsöhbət oluram. Bəzən düşünürəm: tələbəlik illərimizdən dostluq etdiyim Əli Rzanı keçmişdəki kimi “şair” çağırım, ya da ümumiləşmiş halda “yazıçı”. Qəti qərara gələ bilməkdə çətinlik çəksəm də, mənim üçün Əliraza Zal oğlu Əzizli ilk növbədə şairdir, həm də sözün əsl mənasında, böyük hərflərlə yazıla biləçək “ŞAİR –VƏTƏNDAŞ”
19 noyabr 2018-ci il
MANERA.AZ