Ankara vağzalı idi, saat da düz beş tamam

Manera.az Oktay Hacımusalının tərcüməsində türk şairlərininin şeirlərini təqdim edir:
Mahzun DOĞAN
ATTİLA İLHAN EVDƏ YOXDUR
Xatırlayıram. Xatırlamaq dəyişdirir mənzərəni
qoluma girir Pia
sonuncu dayanacaqda bir avtobus pəncərəsi
dodağıma nəfəs, saxsıya günəş
Attila İlhan evdədir, çayların dərs vaxtıdır
Üzü duman içində, bir qədəh uzaqlıqda
insanın insana bəxş edəcəyi
Bilmirəm ki, bir az da… Kədər
Rəqs edir göz bəbəklərində Tanrının
Gülümsəsə sakit dağ yollarından biri
Bilsəm ki, yağış başlayacaq bir azdan, bilsəm ki, sentyabrdır
unudulmuş bir qəsəbə
"Attila İlhan evdə yoxdur, səsli mesajınızı siqnal səsindən sonra..."
Dərs bitdi! Eyvan
Ürəyini nə ilə yusun görəsən?
(11 oktyabr 2005, Ankara)
BAĞDAD, ÜRƏYİM
Sənə yalan deyiblər, onbaşı,
Burda uşağam mən, burda
Burda anayam mən, burda
Ata!..
Nağılların çiynində kalaşnikov
İnsan satmaz özünü
Nəsıriyyə insandır
İlmək atır buludlara
Qəlbi qum fırtınası
Qəlbim
Ehey Coni, ananın yanına qayıt
Bu göylər
Mənimdir.... Mənim.
Məhəmməd geri qayıt! Məhəmməəəəəd!
Məhhhh!..
Nağıllarım hardasınız? Nağıııııııılllaaar!
Harrrr….
Nağılların çiynində ov tüfəngi
İsti dizlərdə yaslı uşaq başları
Laylalar hardadır? Laylalarım?!
Laylalar
Lay
Bağda hardasan? Bağdaaaaaaad!
Bağ……
Kalaşnikov, hey!
Nağılların çiyinlərində qal eləcə!
BAĞIŞLANA BİLMƏRƏM
Gəncliyimin bir tərəfdə qalan bəzəyi yay kinoteatrları
Çinar altı, Ülkü… Kinodan dostum Melike Demirağ
Gecələrimi işığa qərq edən ay işığı, bağışlama məni
Qırx il damarımda açılan çiçək, ey gözəl xəyal
Bağışlama. Bağışlana bilmərəm.
Daş divarları Dəmirçi həbsxanasının
Həyətində günəşi öpdüyümüz şəkil
Dilimden düşməyən şüar: Bir ki…
uşaq baxışlarımı gözələ doyuran
köhnəlmiş tərəflərimi təmir edən yaşıl vadi
Beş yüz ildir ürəyimi isidən Mona Liza
Sevdiyim qadınların toxunduğu qapıların zəngləri
Sən də ey qaysı ağacı, gövdənə söykəyib belimi
içdiyim şərab: Öküz gözü, Buz bağ
Alnımı oxşayan axşam yelləri, saçlarımı qarışdıran
Çörək heybəmdə daşıdığım kitab: Məmləkətimdəki insan mənzərələri
Tikiş tutmayacaq yaram, ruhum yamaq istəmir
Yalvarsam görəsən yuyar fitlərimi xatirələr?
Suallarım kürəyimdə bıçaq, soruşduqlarım üçün qəlyanaltı
Yorğunam, artıq hara üzürəmsə üzüm… Fərqi yoxdur
Artıq nə bir liman, nə də bir günəş
bir daha doğulub batmaqdadır
qaldığım yer hardadır, quş olsam
işıqlarını söndürər göy, leysanlar yağar
gizlənməyə yer də tapa bilmərəm
qoyum bir boşluğun içinə, yellənsin bədənim
Ya da uzan, əlim uzan, yastığın altında yuxudadır revolver
Murat KOÇAK
Göy üzünün qıvrımına çatmadan
Gürkana
Öz əllərimizlə hörülmüşdü daş divarlar
Sən, mən, o qədər insan
Ayaqlarımızın titrəməyi
Köksümüzün, şüurumuzun yaşadığımız
Günlərin xəyanəti
İllərin itib gedən tənhalığı
Çiynimizin yükü olduqca ağır
Həvəsimiz çiynimizdən ucada
Sürətli addımlarla fəth etmişdik divarın bəri tayını
Bəri tay göy üzü
Bu insanlardan ayrılıq yoxdur?
Çox şükür pəncərəmdə qaysılar
Ölməmişdən 1 metr 80 sm boyunda tabutda
Yorulub yatmaq ana rəhmindəki kimi
Gecələrimiz şəhərdən gələn dağ çiçəkləri
Mən səni
Sən məni
Düşünürsən
Qucaqlayırıq həvəslərimizin ağrıyan yerlərini
Çiçəklərlə bəzəyirik divarları
Yuxudan doymayan ilk gecənin
Zərflərdə gizlənən günlərimizin
Haqqında danışırıq
Yabanı qərənfilləri saçır əllərimizə
O an bir tərpəniş
Sirdaşın, həyat ortağın yoxdur
Nəcisin də qorxutmur heç kimi
Həmin an yanında azadlıq ocağı
Necə xoşbəxtsən siqaret də çəkə bilirsən
İçində nələrsə oyana bilər həmin anlarda
Atmosferdə çək həmin anda boynu bükük dağ çiçəyini –
Bax belə ayaqlar bu qədər sürgündür
Gülə gülə
Gecən xeyrə qalsın –
Sevgi yolu
Sevdim qarışdım
Yenə məğlubiyyət
Yollara atdım özümü
Dedilər
Hər canın işi deyil bu
Nə bəy qaldı, nə də ərk
Gec ya da tez cavabını alır
Fikrin fikrə sayğısı
Dinləməliyik
Varlığından güc alan toxumu
Şəraba çevrilir
Köhnəlir
Köhnəlməz ancaq
Dəftərimin qırışmış, əzilmiş əfsanəsi
Gec ya da tez dinləməliyik
Bir neçə dəfə yaşanmır
Susuz torpaqlar şorandır
Ağac mənasıdır buludların
Çinar palıd şam
Bör-böcək
Quşlar
İnsanlar
Yağış yağar göyərər yaşayar
Abdallar
Vaxta gələndə durar
Ürəkdən sevib
“Könlümün cananı”
Rakıya düşən karuselləri uddum
Yalan demirəm
Xatirə dəftərimə baxın
Ana – qara yazılmamış tənhalıqların dosyesi
Xoşuna gəlmək hissi ötəridir
əgər özlüyündən yorulmasan
zəhmətlə naxış naxış toxuyub yeniləyərsən
bütövə çatmaq
aclığı, yoxsulluğu gözünün qabağına gətirib
yel dəyirmanlarını axtarmaqdır
tinin bədən ilə dueli
“nələrisə” sındırar
Həmin an yollayar
Təzədən qarşılaşmaq ümidi ilə
Eren AYSAN
Məğlubiyyət
Məni özümdən həmişə bir film gizlədir
Çarxların arasındakı uzaqlığı
Gözlərimdəki xəyal tamamlayır
Neçə fm – di bilmirəm, hansısa radiostansiyanın səs –küyü
Niyəsə çılpaq bədənimə dəymir
Yatdığım o qədər kişiyə atam
İnqilabçı bığları ilə şəkildən baxır
Praqa baharı, VI donanma və edam cəlladları
Heç birini yaşamamışam ancaq
İçdiyim pivəni damcı – damcı doldurur
Geyindiyim kalqotkalar
Hər sevişəndə bir az da qaçır məndən
Uzaqda bir dağlın uğur böcəyi
olanları unudub çıxıb getmək istəyir
çirkli şəbəkə, boş vanna, sabunlu ağrı
bunlar qara saçlarım, döşlərim, ayaqlarım
qəzaya uğrayan avtomobil parçaları kimi
birini saysam o biri yarımçıq qalır
krantda gəzişən paslı su səsi
təsəllisiz bir səbrlə boşluqlardan
çatlaqlardan inildəyərək gəlir
nə vaxt pəncərəni açıramsa açım divarda
“pornoqrafiya ən böyük üsyandır” yazılır!
Ay duası
Və əngin göydən gəlib, keçdim başım fırlanan uçurumlardan.
hayqırdım uğur böcəkləri ilə, "ey ay, ey qırmızı ay" deyərək.
Nə qədər qədər idi üstünə yıxıldığım torpaq
Bərəkətini sadəcə şah damarından keçirən vadi.
Hər gün üstünə yağış yağırdı?
Görkəmindən nəsə umaraq oturdum. Ankara vağzalı idi, saat da düz beş tamam.
Artıq bir mənzərə idim çöllərin sənə tərəf baxan üzündə.
Heç vaxt tapa bilmədim gizlənəcəyim dərin dağ yarğanlarını.
Sən gedəndə eyni suyu içdiyimiz gölün ördəklər ova çıxırdılar.
Bilirəm. Qanadlardan axan qanı tanımazdı buludlar.
Bir gözün içində gizlənən qurdları anlamazdı küləklər
mən isə burda görmək istəyirəm bütün ovcuları. Bu daşın qabağında.
Göstərsinlər mənə aydınlıq dənizləri.
Kim əzib kənara tulladı günlərimi. Yalan deyir.
Ağı deyən heç kim yoxdur mənim üçün. Kənarda dayanıb tamaşa edən
Budur Əzrail kimi dimdik dayanmışam qarşınızda.
Al apar məni yeni xına yaxdığım əllərimdən tutub.
Darıxdım köynəyindən gələn kəklik otu ətri üçün.
uşaqlığında oynadığın daş həyətlərdən danışmağını.
hardadır adımladığımız yol, qaçır ayağımızın altından.
Yoxsa o da məzlumlar təkkəsində qalıb bəlkə?
Mən təvaf etdim səni düz yeddi dəfə.
-Anladım heç kim müqəddəs deyil.-
sonra əngin göydən gəlib, keçdim başım fırlanan uçurumlardan.
hayqırdım uğur böcəkləri ilə, "ey ay, ey qırmızı ay" deyərək.
-Bax, ulduzlar birbirilərinin sonuncu dəfə qoynundadırlar
Gözləyək, sabah qopacaq qiyamət…
Şərab üçün sonet
Mənə bir yol aç içindən axım
Tez gələn yaya baxıb
Geyinilən incə corablarda solum
qarşıda köhnə ağappaq bir ford
bulanıq şüşələrinə inqilab yazım
1871 – ci ildən qalma həyəcanla duraq yerimizdən
Üzün ağ naxışlı balışlarda şəffaflaşsın
bir ilan kimi qabıq qoyum torpağa
ölüm aramızda açıq qapı pəncərə
baş daşımıza dünən gecə yenə çox içdik yazaq
eləcə qərənfildən sahilə baxaraq
Mürəbbə kimi bir meyvədə təzədən dada gələk
yaxşı… çox davam edə bilməz axı aramızdakı bu paslı qayçı yarası
hər axşam şərabın ağrısı ilə yatıram içimdə yetim uşaq taleyi
MANERA.AZ