manera.az
manera.az

İftixar Piriyev: “Ömrüm boyu Kefli İsgəndəri oynamaq istəmişəm” – MÜSAHİBƏ

📅 24.09.2018 12:04

İftixar Piriyev: “Ömrüm boyu Kefli İsgəndəri oynamaq istəmişəm” – MÜSAHİBƏ
MANERA.AZ-ın növbəti müsahibi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevdir.


- İftixar müəllim, əvvəlcə sizi yeni mövsümün başlanması münasibətilə təbrik edirik. İstəyərdik, söhbətə bu yaradıcılıq mövsümündəki planlarından başlayaq. Tamaşaçı repertuarınızda nəyə baxacaq?

- Təbrik üçün təşəkkürümü bildirirəm. Yeni mövsümdə repertuarımızdakı tamaşalarmızla yanaşı, yanvar ayına qədər plan üzrə nəzərdə tutulan iki əsərin premyerası gözlənilir. Onlardan biri hazırda üzərində yaradıcılıq işi aparılan müharibə mövzusuna həsr olunmuş, görkəmli Azərbaycan ədibi, xalq yazıçısı Elçinin tərcüməsində, teatrın gənc rejissoru Nicat Qəribin quruluşunda yapon müəllifi Koba Abenin “İstehkam”, digəri isə böyük türk şairi Nazim Hikmətin “Qəribə adam” əsəridir. Bu mövsüm, yəni 2019-cu il ərzində də maraqlı repertuar planı üzərində düşünürük. Tam qəraralaşdırdıqdan və Mədəniyyət Nazirliyindən təsdiqini aldıqdan sonra bu barədə açıqlama verəcəyik.

- Tamaşaçı demişkən, çox hallarda cəmiyyətdə teatra marağın ümumiyyətlə azalması haqqında fikirlər səslənir. Bu fikrin müəllifləri həmin faktoru müxtəlif səbəblərlə izah edir: məsələn, uğursuz əsər, uğursuz rejissor və ya aktyor işi. Bəs sizcə, bu gün teatra marağın azalması nə ilə bağlıdır?

- Teatra marağın azalması fikri ilə razılaşmaq olmaz. Teatra kütləvi axının azalması kimi ifadə etsək daha doğru olar. Bu məsələnin kökündə müxtəlif səbəblər dayanır. Ən birincisi Sovet İttifaqının dağılması və bu proseslərdə xaosun yaranması, milli münaqişələrin respublikamızda geniş miqyas alması, böyük bir ölkənin çökməsi nəticəsində həm siyasi, həm də iqtisadi böhranın getdikcə böyüməsi və məhvərindən çıxması, xalqımızda azadlıq və hürriyyət ruhunun güclənməsi, milli mücadilənin baş qaldırması, bütün gücün bu istiqamətə yönəlməsi, belə bir zamanda insanların psixoloji vəziyyətinin dəyişməsi, həm işıqlı, həm də qaranlıq məqamların düşüncədə yaratdığı ziddiyyət və eyni zamanda, yaranmış psixoloji gərginlik nəticəsində meyarların itməsi, habelə ümumi mənzərədə çaxnaşmadan çıxmış təfəkkürün zədələnməsi bütün sahələrə, o cümlədən də teatr sənətinə öz təsirini göstərdi. Keçid dövründə insanlar həm iqtisadi çətinliklərlə üzləşərək, mənəvi sarsıntı keçirdilər, həm də gündəlik tələblər qarşısında çaş-baş qaldılar. Belə bir zamanda təhsilin də, səhiyyənin də, mədəniyyətin də şah damarı iflic hala düşdü. Bütün bunlardan qurtulmaq üçünsə kompleks müalicə aparılmalı olduğu halda, hər kəs öz sahəsini xilas etməyə çalışdı. Əslində, bu vəziyyətdən çıxmanın yolu yalnız bütün sahələrin bir-biri ilə vəhdət şəklində həll yoluna istiqamətlənməsindən keçir. Çünki təhsil də, səhiyyə də, mədəniyyət də insan varlığını mükəmməlləşdirən amillərdir. Təsəvvür edin ki, xəstəhal insana elmlə məşğul olmaq və ya tamaşaya baxmaq təklif olunur. Yaxud təhsil görməmiş insanla teatr sənəti barədə müzakirələr aparırsan, sağlamlığına necə diqqət yetirməsini anlatmağa çalışırsan və sair. Belə halda təbii ki nailiyyət ola bilməz. Bu məsələnin əsas tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, bu günkü reallıqda teatr sənətinin inkişaf prinsipi doğru istiqamət almayıb. Biz hələ də bu sahəyə illər öncənin meyarları ilə yanaşırıq. Bu günkü tələblər isə başqadır. Yəni, indi insanlar teatr binasına bər-bəzək əşyalarını göstərmək üçün getmir. İndi heç kim boş vaxtını doldurmaq üçün teatra baxmaq niyyətində deyil. Hazırda prinsiplər başqadır. Teatr insan idrakına birbaşa təsir edə biləcək lazer terapiyası kimi bir qüvvəyə malik olmalıdır ki, tamaşaçını öz ecazkar sehrinə tabe edə bilsin. Bunun üçün isə ciddi islahatlara ehtiyac var. Elə cür islahatlar aparılmalıdır ki, həm ətraf sahələr, həm də insan təfəkkürünün alışmağa hazır olan ocağı yalnız teatr sənətinin qığılcımları ilə alovlana bilsin. Bu fikirləri kimsə poetik olaraq dəyərləndirə də bilər, lakin, elə üsullar, elə təsir qüvvələri də var ki, onlar həqiqətən də tamaşaçının birbaşa psixologiyasına nüfuz edə bilir. O ki qaldı üçüncü məsələyə, əlbəttə ki, burada teatr sənətini hərəkətə gətirən digər faktorlar, məsələn: ədəbi material, rejissor, aktyor, istedad və sair kimi mühüm məsələlər də önəmli yer tutur.

- Deyirsiniz ki, ciddi islahatlara ehtiyac var. Özünüz teatr rəhbəri olaraq hansı islahatları aparmısınız və ya aparmamısınızsa, buna nə kimi amillər mane olub?

- 2000-ci ildə bu sənət ocağına rəhbər vəzifəyə təyin olunarkən bu sənət ocağı reanimasiyada idi. Hazırda isə ölkəmizdə fəaliyyət göstərən digər teatrlarla rəqabət apara bilir. Əlbəttə ki, o dövrdə başqa mərhələdən keçmək tələbi ilə biz İrəvan Teatrında islahatlar aparmışdıq. Bu günün tələbləri isə tamamilə başqadır. Bu günkü meyarlara uyğun islahatlar üçün müvafiq şəraitə və təcrübəli mütəxəssislər qarşısında qoyula biləcək ciddi tələblərə ehtiyac var.

- Bəs tamaşaçı cəlbi üçün teatrın üzərinə düşən əsas iş nədən ibarətdir? Mətbuatda təbliğatın bu işdə rolu varmı və İrəvan teatrı bu sahədə işini necə qurur?
İftixar Piriyev: “Ömrüm boyu Kefli İsgəndəri oynamaq istəmişəm” – MÜSAHİBƏ
- Təbliğat, reklam, mətbuat vasitəsi ilə maarifləndirmə, bütün bunlar mühüm məsələdir. Lakin təbliğata qədərki mərhələ ən önəmlisidir. Nəyi təbliğ edəcəyin, niyə reklam edəcəyin, nə üçün maarifləndirəcəyin əsasdır. Bəzən elə vəziyyət yarada bilərsən ki, cüzi reklam belə, sənin işini dünyaya yaya bilər. Bizim təcrübəmizdə, vaxtilə Azərbaycan Milli Dastan Teatrında apardığımız elə üsullar olub ki, bu gün həmin üsulların daha mükəmməllərini ortaya çıxarmaq mümkündür. Hesab edirəm ki, bu üsullardan istifadə etməklə, teatrlar kimsədən asılı olmadan özünü tam şəkildə maliyələşdirə bilərlər. Hətta onların arasında geniş rəqabət də yarana bilər. Bunun üçün hər teatrın fərdi fəaliyyət prinsipi ilə çalışması üçün şərait olmalıdır. Bütün teatrlar eyni sima, forma, üslub və eyni repertuarla işləyə bilməz. Hər bir teatrın yüksək əyyarlı, əyləncəli və düşündürücü tamaşaları olmalı, özü də burada forma məhdudiyyəti olmamalıdır. İnsanın bu günkü istək və tələbləri konteksində onu özünə cəlb edə bilən məhsul ortaya qoymaq lazımdır. Bilirik ki, teatr əyləncə və düşündürmə məkanıdır. Bir dəfə teatra tam əylənmək, hətta şou tipli tamaşaya baxmaq, bir dəfə də fəlsəfi zənginləşmə istəyinə yetişmək üçün getmək istəyərsən. Ancaq bunun üçün bu gün tamaşaçıda maraq yarada biləcək sənət əsərlərinin müxtəlif üsullarla tam şəkildə ortaya çıxarılmasına böyük ehtiyac var və bu mümkündür. Onu da nəzərə almaq lazımdır ki, hər teatr öz strategiyasını müəyyən etməlidir. İrəvan Teatrına gəlincə, biz bu gün işimizi qarşımızdakı meydanın tələbləri çərçivəsində və diqqətə yüksələcək səviyyədə aparmağa çalışırıq.

- Necə düşünürsünüz, uğurlu aktyor olmaq üçün hansı daha vacibdir: istedad, təhsil ya təcrübə?

- Bunların hər üçü vacibdir. Ancaq bunlardan da vacib olanı zəhmətdir.

- Çox zaman gənc aktyorlar istər nisbətən təcrübəli olan həmkarlarının, istərsə də rejissorların onlara yaradıcılıq baxımından etibar etmədiyindən gileylənir. Bəs sizin kollektivdəki gənclərə yanaşma necədir?

- Biz bütün meydanı gənclərin ixtiyarına buraxmışıq. Əvvəl də dediyim kimi, teatrın gələcəyi gənclərin bu günkü qayğısından və onlara yaradılan şəraitdən çox asılıdır. Bir də ki, gənclərimizin təməli bizim sabahımızın yüksəlişidir.

- Biz teatr mövzusuna qayıdacağıq, amma istəyərdik indi bir qədər bu mövzudan uzaqlaşıb, yaradıcılığınızın ilk dövrünə nəzər salaq. İlk rolunuzu necə xatırlayırsınız?

- Əlbəttə, yaxşı xatırlayıram. Həmin gün ömrümün ən parlaq günü idi. Siz bilirsiniz ki, mən səhnə fəaliyyətinə Akademik Milli Dram Teatrında, müqtədir sənətkarların çalışdığı bir meydanda başlamışam. 1998-ci ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə Mədəniyyət Nazirliyinin göndərişinə əsasən Tiflis Azərbaycan Teatrının bərpa olunması üçün Gürcüstana göndərilənə qədər tayı-bərabəri olmayan bu sənət ocağında Nəbi Xəzrinin “Mirzə Şəfi Vazeh” əsərində Əkbər, “Gecə döyülən qapılar” dramında Xəzər, Səməd Vurğunun “Vaqif” mənzum dramında Əlibəy, Anarın “Sizi deyib gəlmişəm” pyesində Vəliqulu, “Şəhərin yay günləri”ndə Namiq, İlyas Əfəndiyevin “Büllur sarayda” əsərində Bayandur obrazlarını ifa etmişəm. Bununla yanaşı, Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” pyesində Niftalı, Uilyam Şekspirin “Kral Lir” faciəsində Edqar və sair bu kimi çoxsaylı rollar oynamışam. İlk rolum isə kiçik bir epizod olub. Görkəmli dramaturq İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasında Natəvanın (Amaliya Pənahova) əmri ilə Seyid Hüseynin (müəllimim Əliabbas Qədirov) qolundan yapışıb saraydan uzaqlaşdırması səhnəsindəki çıxışımdır. Həmin rol epizodik da olsa, bu gün də mənim üçün çox dəyərlidir. Axı böyük sənətə addımım o roldan keçib.

- Yəqin razılaşarsınız ki, tamaşaçılar sizi daha çox Lütfi Məmmədbəyovun ekranlaşdırdığı ilk milli serial - “İtkin gəlin”dəki Əbdül obrazından tanıdı. Necə düşünürsünüz, Əbdülün sevgisi daha güclüdür ya İftixar Piriyevin?

- Belə deyək, bu rolla məni daha geniş auditorya tanıdı və tamaşaçı bu obrazı daha çox sevdi. Bu obraza qədər onlar məni başqa televiziya tamaşalarından, “Ozan” folklor verilişindən, müxtəlif ədəbi-bədii proqramlardan tanıyırdı, lakin Əbdül izləyicinin sevimlisinə çevrildi. Şübhəsiz ki, buna görə mən görkəmli rejissor, xeyirxah insan, mərhum Lütfi Məmmədbəyova həmişə özümü borclu hesab edirəm. Həmin serialdan sonra həm Lütfi müəllimlə, həm də əsərləri ilə hamının sevimlisinə çevrilmiş mərhum Əlibala Hacızadənin özü ilə bizi dostluq münasibətləri sıx bağlamışdı. Hər iki sənətkara rəhmət diləyirəm. O ki, qaldı sevgiyə, əlbəttə İftixarın sevgisi daha güclüdür.

- Yeri gəlmişkən, Lütfi Məmmədbəyovla işləmək necə bir hiss idi? Həm də bu serial çox çətin dövrə təsadüf eləmişdi. Hətta serialın operatoru Fərman Nəbiyev APA TV-nin “Ötən əsrin adamları” verilişində demişdi ki, ekran işi cəmi bir, özü də peşəkar çəkiliş üçün yararsız videokamera ilə çəkilib.

- Lütfi Məmmədbəyovla işləmək çox rahat idi. Birincisi, biz ondan nizam-intizam öyrənirdik, işinə, peşəsinə sevgi öyrənirdik. Birlik, dostluq, sədaqət Lütfi müəllim üçün meyar idi. Çəkiliş səhnələrində o çox tələbkar, həm də çox qayğıkeş idi. Hər kəsin qeydinə qalırdı. Lütfi müəllim ümumiyyətlə çox xeyirxah bir insan olub. Çevrəsində elə bir insan yox idi ki, Lütfi müəllim ona qarşı xeyirxahlıq etməmiş olsun. Bu cür olmağı o sevirdi. Bəli, Fərman müəllim çox doğru deyir, həmin serial məişət kamerası ilə çəkildi, özü də ən ağır illərdə. Ancaq bütün respublikada və qonşu dövlətlərdə dərhal populyarlaşdı və sevildi. Yadımdadır ki, o illərdə İran İslam Respublikasında səfərdə olduq. Orada biz yeməkxanaya getdiyimizdə tamaşaçılar bir an içərisində məni dövrəyə alıb əlləri üstündə göyə necə qaldırdılarsa, özüm də heyrət etdim. O zaman bizim heyətin şərəfinə böyük ziyafət təşkil olunmuşdu. İnanın, hətta bizi buraxmaq belə istəmirdilər. Onlar mənim bir neçə gün bu ölkədə qonaq qalmağımda israr edirdilər. “Ağayi Əbdül” deyə, dönə-dönə sarılırdılar. Xəbər o ətrafa elə sürətlə yayılmışdı ki, gömrük-keçid məntəqəsində məni səbirsizliklə gözləyirdilər. Bütün bunlar çox xoş xatirələrdir. Əlbəttə ki, belə gözəl xatirələr üçün həm Əlibala müəllimə, həm Lütfi müəllimə, həm də operatorumuz Fərman Nəbiyevə bizim üçün çəkdikləri əziyyətə görə minnətdaram. Onlar serial üçün həqiqətən də ürəklərinin sevgisini qoyurdular, vəsait isə yox idi. Yalnız Lütfi müəllimin şəxsiyyətinə olan hörmətə görə bütün qapılar üzümüzə açılırdı. Doğrudur, serialın həm səs effekti, həm də görüntü keyfiyyəti aşağı səviyyədədir, ancaq hesab edirəm ki, televiziyamız istəsə filmin səsləndirilməsini yenidən həyata keçirib, retro kimi nümayiş etdirə bilər. Məncə bu həm də bu günkü serial məkanı üçün çox dəyərli bir iş olar.

- Hər sənətkarın şah əsəri olur. Əməkdar mədəniyyət işçisi İftixar Piriyev üçün səhnədə yaratdığı şah əsər hansıdır?

- Bu sualda bir qədər mücərrədlik var. Siz dramaturgiya nöqteyi-nəzərindən nəzərdə tutursunuz, yoxsa bir aktyor kimi?

- Hər iki cəhətdən
İftixar Piriyev: “Ömrüm boyu Kefli İsgəndəri oynamaq istəmişəm” – MÜSAHİBƏ
- Müəllifi olduğum “Qurtuluş dastanı” və bu əsərdə yaratdığım ulu öndərimiz Heydər Əliyevin bədii obrazı. Bu mükəmməl səhnə əsəri könlümün ifadəsidir. Obraz isə sənətkarlıq baxımından aktyor üçün çox zəngin materialdır. Həmin obraz üzərində çalışdıqca elə geniş meydan yaranırdı ki, o meydanda yalnız püxtələşmək, zənginləşmək və dolğun daxili aləmə qovuşmaq olar.

- Bəs ürəyinizdə qalan, oynamaq istədiyiniz rol varmı? İstər kinoda, istərsə də teatr səhnəsində?

- Bütün ömrüm boyu Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndəri oynamaq istəmişəm. Orta məktəb illərində hər axşam bu obrazı məşq edirdim. Bu obrazın daxili dünyası mənim həyat fəlsəfəmdir. Ümumiyyətlə Mirzə Cəlil yaradıcılığı birbaşa təfəkkür qaynağımdır.

- Oxucuların bəlkə də bir qismi bilmir, amma siz həm də şeirlər yazırsınız, şeirlərinizə bəstələnən bir sıra mahnılar var. İlhamı nədən alır şair İftixar?

- İftixarın ilhamı Allahın qüdrətindən doğulur, onun diqtəsi ilə yazılır.

- İlham pəriniz gecə qonaq gəlirsə dərhal yazırsınız? Ya səhər yazaram dediyiniz vaxtlar da olub, amma səhər şeir yaddan çıxıb və heyfsilənmisiniz ki kaş yazaydım...

- Təbii ki, gecələr ilham gələndə o şeirlərin hamısını dərhal yazmışam. Ümumiyyətlə təb gələndə yazmasam, sonra ruhum inciyir, çox narahat oluram. Elə bil, son dərəcə dəyərli olan nəyi isə itirmişəm. Şeirlərimin çoxu maşın sürərkən doğulub. Əvvəllər siqaret çəkirdim və şeir doğularkən sükanın üzərində, siqaret qutusunun üstünə yaza-yaza maşın sürürdüm. Arxivimdə belə qeydlər çoxdur. Hazırda isə maşında gələnlər telefonumun diktofonuna həkk olunur, sonra onları vərəqə köçürürəm. Yaddaşımda isə heç bir şeirim qalmır. Doğulduqdan sonra uzaqlaşırıq.

- Şair İftixarın ruhuna ən yaxın şeiri varmı?

- Bütün şeirlərim qeybdən gəlib ruhumdan süzülən səsin melodiyasıdır. Ona görə də hər biri ruhuma doğmadır, yaxındır. Onlardan birində belə bir bənd var:

Allah səni yaratdı,
Sevgi ölməmək üçün.
Məni də kor yaratdı,
Səni görməmək üçün.


- Deyirlər heç kim xoş günündən şair olmur. Həqiqətən belədir ya xoş gündən də ilhamlanıb şeir yazmaq olar?

- Şeir doğularkən hansı gündə olmağına baxmır. Sadəcə, həm sevinc, həm də kədər problemi yaradır, yaranan problem isə insanda əhval formalaşdırır. Allahın vergisi olan hər bir insan belə vəziyyətdə öz əhvalını poetik ruhla cilalayır, şeirlə təcəssüm etdirir və rahatlaşır.

Ömür yarpaq-yarpaq gedir,
Eşqin məni dəli edir,
Həsrətin bağrımı didir,
Mənim ömür nəğmələrim.

- Ömrünüzün nəğməsi var, ya ömrünüz bir nəğmədir?

- Hər bir insanın ömrü nəğmədir. Bəzi insanların ömrü tam oxunmuş, bəzisininki az oxunmuş, bir qismininki isə heç oxunmamış. Və hər bir insanın ömrünün nəğməli günləri, anları da olur. Onlar da oxuna və ya oxunmaya bilər. Konkret olaraq hamı kimi mənim də ömrüm bir nəğmədir. Lakin, az oxunmuş nəğmə. Ola bilsin ki, mən əbədiyyətə qovuşduqdan sonra daha çox oxunsun və ya heç oxunmasın. Hamıda olduğu kimi, mənim də ömrümün nəğməli anları var. Lakin mənim nəğməli anlarım bir qədər fərqlidir, hər zaman qulaqlarımda kədərli avazla cingildəyir.

- Heç düşünmüsünüzmü ki, filan filmdə bu obrazı mən həmin aktyordan yaxşı yaradardım?

- Xeyr. Çünki yaxşı da, pis də nisbidir. Sənə yaxşı görünən, başqasına pis kimi təsir bağışlaya bilər və yaxud əksinə... Ancaq elə hallar olub, düşünmüşəm ki, mən bu obrazı başqa cür oynayardım.

- Televizora baxmağa vaxt tapanda hansı mövzuda veriliş axtarırsınız, amma tapa bilmirsiniz?

İntellektual, itellektual-əyləncəli, tarixi, fəlsəfi. Təəssüflər olsun ki, bizim efirlərdə bu səpkili layihələr yox dərəcəsindədir. Belə olduğu üçün, bizim məkanda teatr sənətinə maraq da azdır. İntellekt insanın ən iti silahıdır. İnsan intellekti ilə formalaşır,öz obrazını yaradır və həyatda özünə mövqe tutur. Hansı uğurlara sahib ola bilirsə, bu bilavasitə intellektinin ona yaratdığı imkanlarla gerçəkləşir.

- İllərdir İrəvan Teatrına rəhbərlik edirsiniz. Fikrinizcə, bu gün Azərbaycan teatrlarının qarşısında dayanan ən qatı problem hansıdır?

- Yüksək sənət nümunəsi yaratmaq gücünün azlığı.

- Sizcə, incəsənət həqiqətənmi uğrunda qurban veriləcək qədər dəyərlidir?

- Nəinki incəsənət, ideal olan hər bir meyar...

- Bəs aktyora verilən dəyər sizi qane edirmi?

- Kim tərəfindən?.. Əgər dövləti nəzərdə tutursunuzsa, edir, cəmiyyəti nəzərdə tuturusunuzsa, cəmiyyət hər kəsə sənət və şəxsiyyətinə görə dəyər verir. Yox, özümüzü deyirsinizsə, etmir. Çünki, bizim özümüz qədər özümüzə dəyər verməyən və qəsd edən heç bir qüvvə yoxdur.

- Aktyor İftixar Piriyevin şair İftixardan gözlədiyi şeir varmı? Və ya hansı mövzuda şeir yazmaq istərdiniz?

- Şair İftixar aktyor İftixardan heç nə gözləmədiyi kimi, aktyor İftixar da şair İftixardan heç nə gözləmir. Mövzular isə, özü doğulur.

- Bir də görürsən sifarişlə şeirlər və mahnılar yazılır. İlham pərisi sifarişlə “işləyir” demək olarmı?

- Bəli, bəzən sifarişlə də şeir yazılır. Lakin ilhamsız şeir olmur.

- Heç sizdən “Mənim üçün bir şeir yaza bilərsinizmi?” şəklində xahiş eləyən olub?

- Olub.

- İftixar müəllim, bayaqdan sualları mən verirəm. Bəs sizin özünüzə sualınız varmı? Varsa, həm sualın özü, həm də cavabınız bizə maraqlıdır.

Bu dünyadan o üzdə bir insan var...
Bu insandan o üzdə bir ömür var...
Bu ömürdən o üzdə bir ölüm var...
Bu ölümdən o üzdə bir iftixar...
İftixardan o üzdə bir şair var...
Bu şairdən o üzdə bir şer var...
Bu şeirdən o üzdə bir sevgi var...
Bu sevgidən o üzdə görəsən nə var?..
Bu nə vardan o üzdə bir Allah var!..
Allahdan o üzdə suallar... suallar...

- Maraqlı söhbət üçün çox sağ olun.


Söhbətləşdi: Fərid Azəri
MANERA.AZ


Baxış sayı - 2 583 | Yüklənmə tarixi: 24.09.2018 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031