Qrim ustası - Anar Rafiqoğlunun hekayəsi

Manera.az Anar Rafiqoğlunun "Qrim ustası" hekayəsini təqdim edir:
Səhər açılmaq üzrə idi. Tamerlan ayaqüstə yatmamaq üçün özünü güclə saxlayırdı. O, səhərdən axşama qədər teatrda, gecələri səhərə qədər isə gecə klubunda qrim ustası olaraq çalışırdı. Ölkənin ən peşəkar qrim ustalarından biri olduğu üçün, bütün teatrlar, sirklər, gecə klubları onunla çalışmağa can atırdı. Ancaq o, işi qədər, ailəsinə və dostlarına da önəm verirdi. Əvvəllər həftədə 2-3 gün işləyir, qalan günlərini rayonda valideynləri ilə bərabər keçirirdi. Son zamanlarda isə gərgin iş rejimi ucbatından başını qaşımağa belə vaxtı olmurdu.
Onun bu qədər çalışmasının səbəbi yeni ailə həyatı qurması idi. Tamerlan artıq üç ay idi ki, xəyallarının şahzadəsi Nigar ilə eyni yastığa baş qoyurdu. Nigar lüks həyata xeyli önəm verirdi və bu üzdən Tamerlan onun bir dediyini iki etməmək üçün gecəsini gündüzünə qatıb işləyirdi. Günaşırı iş rejimində çalışan Tamerlan, bir gün sutkanın tamamını işdə, növbəti günü isə evdə olurdu. İşdən gələn kimi sutkanın bütün yorğunluğuna, stresinə baxmayaraq, Nigarın yanına uzanıb, onun üzünü, saçlarını sığallayır, gözlərinin içinə baxa-baxa yuxuya gedirdi. Oyandığında isə Nigarı bəzən restorana, bəzən də alış-veriş mərkəzlərinə aparırdı. Hərdən elə də olurdu ki, qaynatasıgilə, ya da Nigarın hansısa qohumugilə qonaq gedirdilər. Əlbəttə ki, Nigarın istəyi ilə. Qısacası, Tamerlanın bütün idarəçiliyi Nigarın əlində idi. Ancaq onun istəklərini yerinə yetirərkən, heç vaxt məcburən yox, gerçəkdən istəyərək, sevərək edirdi. Çünki onu xoşbəxt etməyi, üzünü güldürməyi özünün həyatdakı ən böyük missiyalarından biri olaraq qəbul etmişdi.
İş vaxtı Tamerlan üçün zaman nə qədər ağır irəlləyirdisə, Nigarla olduğu vaxtlar, əksinə, sanki su kimi axıb gedirdi. Yenə bir günlük ayrılıq vaxtı gəlib çatmışdı. Nigar möhtəşəm bir səhər süfrəsi hazırlamışdı. Tamerlan bir neçə loxma yeyib, tez-tələsik çayını da içərək süfrədən qalxdı. İşə gecikmək istəmirdi. Qapıya qədər ərini yola salmaq üçün çıxan Nigar, Tamerlandan keçən günü alış-veriş mərkəzində bəyəndiyi çantanı almaq üçün pul istədi. O, düşünmədən cibindəki pulu son qəpiyinə qədər Nigara uzatdı. Sən dünyanın ən yaxşı kişisisən deyən Nigar, ərinin dodaqlarına öpüş qondurub, içəri keçdi.
“Ömrün daha on il uzandı, Tamerlan. Dünyanın ən gözəl qadınına sahibsən” – deyərək, öz-özünə gülümsədi məhşur qrim ustası.
Avtomobilini çıxarmaq üçün dayanacağa doğru irəliləyən Tamerlan, yolda yaxın dostu Fuad ilə qarşılaşdı. Fuad əslində qonşusu da sayılırdı. Eyni prospektdə qalırdılar. Lakin son zamanlar işin-gücün əlindən bir-birini gec-gec görürdülər. Ayaqüstü beş dəqiqə söhbət etdilər. Fuad hər nə qədər gülərüz bir xarakterə sahib olsa da, bu dəfə sanki baxışlarından kədər və səksəkə yağırdı. Qəfildən, mətləbə dəxli olmasa da, Tamerlandan ailə vəziyyətinin necə olduğunu soruşdu. Tamerlan hər nə qədər bu suala anlam verə bilməyib, çaşqınlıq yaşasa da, mükəmməl bir evlilik yaşadığını və özünü çox xoşbəxt hiss etdiyini dönə-dönə vurğuladı.
– Qardaşım… bu günlərdə görüşsək olarmı? Sənə söyləyəcəklərim var, – deyən Fuad, Tamerlanın ağlını elə bir qarışdırdı ki, bütün günü işdə ruh kimi gəzib dolandı. İş gününün səhəri evə qayıdan Tamerlan, adətən 5-6 saat yatıb-dincəldikdən sonra, qalan bütün vaxtını Nigara sərf edərdi. Ancaq bu dəfə evə belə daxil olmadan, birbaşa Fuada zəng edib, yaxınlıqdakı kafelərdən birində görüşmək istədiyini bildirdi. Fuad gəldi, ordan-burdan, siyasətdən, hakimiyyətdən danışdı bir az. Tamerlanınsa diqqəti başqa yerdəydi. Birdən onun sözünü kəsdi və dedi:
– Fuad, bu mövzuları sonra danışarıq. Hər halda mənə demək istədiklərin hansısa siyasi bir məsələ deyil yəqin ki? Mətləbə keç. Onsuz da gözlərim qapanmaq üzrədir. Sutka yarımdı yatmıram.
Fuad danışmaq istəyirdi, amma hansı kəlmələrdən istifadə edəcəyini, vəziyyəti necə açıqlayacağını bilmirdi. Söylədiyi hər sözdən sonra bir az ara verib gözləyirdi. O, qatmaqarışıq duyğular içərisində idi. Mənasız da olsa, “Nigarı sevirsənmi?” – deyə, sual verdi. Onun Nigarı necə sevdiyini bəlkə də ən yaxşı bilənlərdən biri olmasına baxmayaraq, bu sualı verməsi Tamerlanı hövsələdən çıxardı. “Bu nə sualdı?” – deyə, həm gülümsədi, həm də əsəbləşdi.
– Yaxşı, qardaşım. Sadəcə istəmirəm sən üzüləsən. Amma indi hər şeyi etiraf edəcəm. Bundan sonra istər döy, istər söy, istərsə də öldür məni. Nigar sənə xəyanət edir!..
– Bu nə axmaq sözdü? Ağzından çıxanı qulağın eşidirmi, Fuad?! – Tamerlan yumruğunu masaya çırpdı.
– Bax, elə bundan çəkinirdim. Bu cür sərt reaksiya verəcəyini bildiyim üçün boğulub qalmışdım. Açıqlaya bilmirdim vəziyyəti. Amma artıq yetər! Sən mənim qardaş dediyim ən əziz dostlarımdan birisən. Xəyanətə uğradığını bilə-bilə bunu səndən gizlədə bilmərəm! Gözlərimlə gördüm, Tamerlan. Keçən həftə Seymuru sizin binanın girişində gördüm. Seymurun sizin binada nə işi var idi axı, sənin də iş günün olduğu üçün lap şübhələndim.
– Ola bilməz! Yəni ola bilər, eee. Amma keçmiş keçmişdə qaldı. Nigar Seymurun adını belə xatırlamaq istəmirdi axır vaxtlar. Nə olsun ki, nişanlısı olub? Mümkün deyil! Mən Nigara güvənirəm.
– Axıra qədər qulaq as! İki gün sonra gedib səhərdən axşama kimi gizlincə sizin binaya gəlib-gedənləri izlədim. Öncə Nigar binadan çıxdı. Bir neçə dəqiqə sonra Seymur binanın girişindən içəri keçdi. Hardasa yarım saat sonra Nigar qayıtdı. Şübhə çəkməmək üçün ikisi də ayrı-ayrı vaxtlarda binaya daxil oldu. Gözəl plandı əslində, amma mənim həyatım bu cür planları pozmaqla keçib. Bir az keçdi, mən də binaya daxil oldum. Sizin qapıya yaxınlaşıb dinləməyə başladım. İçərdən səslər gəlirdi, Tamerlan. O an istədim qapını qırıb oradaca Seymurun ağzını-burnunu dağıdım. Ancaq sənə bildirmədən heç nə etmək istəmədim… – Fuad bu sözləri danışarkən, o qədər səmimi idi ki, sadəcə gözləri yox, eyni zamanda ruhu da ağlayırdı sanki.
Tamerlanın əsəbdən əli-ayağı titrədi.
– Fuad, bu işin geri dönüşü yoxdur! Bilərsən yəqin?! Əgər bu dediklərin doğru deyilsə…
Fuad, Daxili İşlər Nazirliyində işləyirdi. Buna görə daim belində tapançası olurdu. Tapançanı çıxarıb Tamerlana uzatdı:
– Əgər bir qram şübhən varsa, çək vur qardaşım!
– Aydındı, Fuad. Ehtiyac yoxdu. Hər şey üçün sağ ol, dostum.
Eşitdikləri qarşısında şok olan Tamerlanın üzü bəmbəyaz oldu. Baxışlarındakı kədər, pərişanlıq xeyli uzaqdan hiss olunurdu. Evə qayıtdıqda, Nigarı bərk-bərk sıxıb, öpməyə başladı. Daha sonra başını sinəsinə qoyub ağladı. Nigar onu ilk dəfədir belə üzgün görürdü. Nə baş verdiyini soruşdu. Çox sevdiyi yaxın birinin ölmək üzərə olduğunu bildirdi. Daha sonra ailəsindən Nigara zəng gəldi. Rusiyadan qohumları gəldiyini və Nigarı görmək istədiklərini söylədilər. Nigar bir neçə saata qayıdacağını bildirib, evdən çıxdı.
Sağdan-sola, otaqdan-otağa evin içində çarəsizcə var-gəl edən Tamerlan, nadir hallarda içdiyi bahalı viskilərdən birini açıb, udumlamağa başladı. O, hərdən gitara çalmağı və özünün yazdığı sözləri zümzümə etməyi sevirdi. Gitarasını əlinə alıb, kürəyini divara söykəyərək döşəmədə oturdu. Həmin an ağlına gələn, bəlkə də ürəyini deşən sözləri pəsdən oxumağa başladı.
Mənim eşqim bu gün bitir,
O məni yox, başqasını sevir.
Mənim eşqim bu gün bitir,
Sevgilim özgəsini xəyal edir.
Mənim eşqim bu gün bitir,
Çünki eşqim mənə xəyanət edir!
Eşqim mənə xəyanət edir,
Eşqim mənə xəyanət edir…
Bu son misranı gözündən yaş süzülə-süzülə bir neçə dəfə təkrar edən Tamerlanın, artıq iki sutkaya yaxındı yumulmayan gözləri istəmədən də olsa qapanırdı. O qədər yorğun, yuxusuz və içkili olmuşdu ki, səhər oyandığında, Nigarın evə necə qayıtdığını, onu yerdən qaldırıb yatağa necə uzandırdığını belə xatırlamırdı. İşə getmək üçün hazırlanan Tamerlan, heç nə olmamış kimi davranırdı. Nigar da şübhə oyadacaq heç bir hərəkət etmirdi. Hər zaman olduğu kimi, möhtəşəm bir səhər süfrəsi açıb, öpə-öpə, gülə-gülə işə yola salırdı həyat yoldaşını.
Hər şey bu qədər təbii davam edərkən, təbii olmayan bir şey var idi. Tamerlan əslində bu gün işə getmirdi. Son zamanlarda çox yorulduğunu və bir neçə gün işə gəlməyəcəyini bildirmişdi rəhbərlərinə. Onun bu gün niyyəti tamam başqa idi. Bəzi gerçəklərlə üzləşmə vaxtı gəlib çatmışdı. Bütün günü qarşı binanın damında oturaraq, əlində binokl, yuxarıdan binanın ətrafında uçuşan milçəkləri belə nəzərdən qaçırmırdı. Saatlar keçdi, axşam oldu. Bina sakinlərindən başqa nə gələn oldu, nə gedən. Həmin vaxt ərzində ağlından min bir fikir keçdi. Fuadın onun xoşbəxtliyini qısqanıb, yalan söylədiyindən tutmuş, Seymur ilə əlbir olaraq, Nigara şər atmaq istədiklərinə kimi hər şeyi düşündü.
Artıq hava qaralmaq üzrə idi. Binoklu çantasına qoyub, aşağı enməyə hazırlaşarkən, uzaqdan kim olduğunu seçə bilmədiyi naməlum bir şəxs binaya daxil oldu. Tamerlan düşündüyü ehtimalın gerçəkləşməməsi üçün Allaha yalvarırdı. Başını iki əlinin arasına qoyub tez-tez təkrarlayırdı:
– Allahım, nə olar, gerçək olmasın. Nə olar, Nigar mənə xəyanət etməsin. Yalvarıram sənə, Allahım.
Artıq həqiqətlərlə üzləşmə zamanı idi. Tamerlan bir xeyli gözlədikdən sonra binaya daxil oldu. İçəridən musiqi səsi gəlirdi. Bu məhşur “Yes Boss” mahnısının musiqisi idi. Qapını açmağa əli gəlmirdi. Daha doğrusu cəsarəti çatmırdı. Çünki əgər düşündüyü ehtimal gerçək idisə, nə edəcəyini bilmirdi. Açarı cibindən çıxartdı. Qapının kilidini səssizcə açıb, içəri daxil oldu. Uzun dəhliz, dəhlizin sonunda yataq otağı idi. Səs yataq otağından gəlirdi. Otağın qapısı azca aralı idi. Tamerlanın ürəyi döş qəfəsindən çıxacaqmış kimi döyünürdü. Az sonra gördüyü mənzərə qarşısında boğazı qurudu.
“Kaş, gözlərin kor olsaydı, Tamerlan. Öz yatağında, öz qadının başqası ilə sevişir, Tamerlan. Sən, ey yazıq qrim ustası, sevgidən gözləri kor olmuş insan, indi çıx, çıxa bilirsənsə işin içindən”, – dedi öz-özünə.
Amma bunlar barədə uzun düşünmənin zamanı deyildi. Mənzilin girişində Tamerlanın kiçik bir çalışma otağı vardı. Nə edəcəyinə qərar vermək üçün oraya keçdi. Otaqda böyük bir güzgü var idi. Əsəbdən dəlilər kimi gülüb, güzgüdəki görüntüsü ilə danışmağa başladı.
– Sən artıq sən deyilsən! Mən artıq mən deyiləm! Sən artıq sən olmamalısan! Mən artıq mən olmamalıyam! Xarakterini, mənliyini, kimliyini, keçmişini, hər şeyini dəyişdirməlisən! Başqa obraza bürünməlisən! Nigar səni yox, Tamerlanı aldatdı, sən artıq Tamerlan deyilsən! Mən artıq Tamerlan deyiləm!
Tamerlan xəyanətə uğradığını heç cür qəbul edə bilmirdi. Həmin an siyirtməni açdı. Gözünə qrim çantası sataşdı. Qrim onun işi, hətta həyatı idi. Bu günə kimi bir çox insanı qrim vasitəsi ilə tamam fərqli bir görüntüyə qovuşdurmuşdu. İndi isə buna ən çox özünün ehtiyacı vardı. Artıq görkəmini dəyişmə zamanı gəlib çatmışdı. Birazdan o bambaşqa bir Tamerlan olacaqdı. Bir neçə dəqiqə ərzində öz sifətində əsl sənət əsəri yaratdı. O saf, nurlu simanın görüntüsündən əsər-əlamət yox idi. Qrimlə qorxunc, qəddar, yeni bir Tamerlan obrazı yaratmışdı. Yaratdığı obrazın illüziyasına o qədər qapıldı ki, hal və hərəkətlərində də anormal dəyişikliklər baş verdi.
Və… qrim ustasının dəhşəti başlamaq üzrə idi. O, mənzilin ümumi işıq xəttini kəsərək sonun başlanğıcına start verdi. İşıqların sönməsi ilə yataq otağında çılğıncasına sevişən Nigar və Seymur bir anda donub qaldılar. Nigar: “boş ver, davam edək, birazdan gələr işıqlar” deyərək, Seymuru yataqdan çıxmağa qoymadı. Amma Seymur davam etmək istəmirdi: “Yetər artıq, Nigar, bir dəqiqə. Deyəsən evdən səslər gəlir”.
– Qonşudan gəlmiş olar o səs, həyatımın içi.
– Ola bilər. Hər halda bir az gözləyək.
– Yooox, gözləmək istəmirəm. Yanıma gəl tez!
– Nə vəhşi qadınsan! Yazıq Tamerlanın evi yıxılıb deyəcəm, amma ondan çox mənimlə yatırsan.
Bu sözdən sonra yasaq eşq yaşayan cütlük gülüşməyə başladı. Gülüşmənin ardından qısa bir səssizlik yarandı. Otaq zil qaranlıq idi. Göz-gözü görmürdü. Elə bu andaca otağın qapısı taqqıldadı.
– Nigar mənim eşitdiyimi sən də eşitdin? Buna da qonşu demə indi… – Seymur qorxağın biri idi. Səsləri eşidən kimi özünü itirdi. – Qalx-qalx mən gedirəm, – dedi! Qapı sərt şəkildə açıldı. Nigar qışqırmağa başladı:
– Kim var orda?
Seymur telefonun işığını yandırıb sağa tutdu. “Kimsən? Nə istəyirsən?” dedi. Heç kəs görünmürdü. İşığı sola tutdu. “Kimsən deyirəm?!”. Otaqda kimsə görünmürdü.
“Mən gedirəm, Nigar” deyib, arxaya döndükdə isə sifətinə sərt bir çəkic zərbəsi dəydi. Zərbənin təsiri ilə yerə yıxılan Seymur, şoka düşdü. Nigar hələ də bütün baş verənləri qavraya bilməmişdi. Evə oğru girdiyini düşünürdü. Qorxu qarışıq uca bir səslə qışqırdı:
– Tez olun, çıxın evimdən! Yoxsa polis çağıracam!..
Qaranlıqda üzərinə gələn qaraltının nəfəsini duyurdu. Bu xırıltılı bir nəfəs idi. Sanki o an həmin nəfəsi içində hiss edirdi. Bu adi nəfəs deyildi. Sevgi və nifrətin ortaq yaratdığı bir nəfəs idi. Və artıq qarşısında dayanmışdı. Nigarın boğazında barmaqlarını gəzdirirdi. Nigar çarəsizcə:
– Yalvarıram, toxunma mənə. Nə istəsən verərəm.
O, Nigarın boğazını sıxmağa başladı. Dodaqlarını sağ qulağına doğru yaxınlaşdırdı. O qədər tez-tez və yoğun səs tonunda nəfəs alırdı ki, Nigarın qulaq pərdəsi dağılmaq üzrə idi. Nigar ağlayaraq:
– Kimsən sən? Nə istəyirsən məndən? – soruşdu.
Pıçıltılı bir səs:
– Tamerlana niyə xəyanət etdin?
Nigar nəhayət ki, hər şeyi başa düşdü. Səsini belə çıxarmağa imkan tapmadan, bədəninə iynə batdığını hiss etdi. Saniyələr içində yatızdırıcı iynənin təsiri ilə Nigarın gözləri qapandı. Bu sırada Seymur sürünə-sürünə otaqdan çıxaraq qapıya qədər irəliləmişdi. Amma qapını açmaq səyləri uğursuz alınmışdı. Çünki qapı bir neçə yerindən bağlı idi və qaranlıqda bütün kilidləri açmaq mümkünsüz görünürdü. Çarəni qışqır-bağır edərək yardım istəməkdə görən Seymur, həmin mərtəbədə başqa heç kəsin yaşamadığının fərqində deyildi. Sonuncu mərtəbə olduğu üçün, səsləri sadəcə alt qonşu eşidə bilərdi. Onlar da 70-80 yaşında yaşlı bir cütlük idi. Televizorun səsini axıra qədər qaldırıb xəbərləri izləyirdilər. Qısacası top atsan eşitməyəcək vəziyyətdə idilər.
Seymur geri otağa qayıdıb telefonunu götürmək istəyirdi. Divardan tuta-tuta cüyür balası kimi ürkək addımlar atırdı. Otağın qapısı bağlı idi, amma Seymur qapının ağzına çatan kimi qapı yavaş-yavaş aralanmağa başladı. Sanki biri onu gözləyirdi. Seymur tir-tir titrəyirdi, lakin içəri girməli idi. Başqa çarəsi qalmamışdı çünki. Sürətlə içəri girib özünü döşəməyə atdı. Əlləri ilə bütün döşəməni aramağa başladı. Nəhayət telefonunu tapdı. İşığını yandırıb ayağa qalxmağa çalışdı, elə bu anda telefonuna zəng gəldi. Nömrə qeydli deyildi. Telefonu açıb, tez-tələsik vəziyyəti açıqlamağa və yardım istəməyə çalışdı:
Lakin bu bir yardım zəngi deyildi.
– Alo, aloo, təcili bura polis göndərin. Biri bizi öldürmək istəyir. Mən yaralıyam. Adresi verirəm. Xahiş edirəm yardım edin. Alo, aloo… Cavab verin daa…
Telefondakı şəxs heç bir cavab vermədi. Amma telefondan səslər gəlirdi. Bu səs, gündə bir neçə qutu siqaret çəkən birisinin xırıltılı nəfəsinə bənzəyirdi. Səsləri sadəcə telefonda deyil, artıq yavaş-yavaş kürəyində hiss etməyə başlayırdı. Çünki telefondakı şəxs, arxasında idi. Qorxudan az qala dili tutulacaq Seymur, qaçmağa çalışdı. Heç bir-iki addım atmağa macal tapmadan, başının arxa hissəsində qalın bir viski şüşəsi parçalandı. Huşunu itirən Seymur, daha sonra gözünü açdığında hamamda olduğunu fərq etdi. Əlləri-ayaqları bağlı halda hamamda uzanmışdı. Artıq, işıqlar da yanırdı. Bir az sonra içəri birisinin daxil olduğunu gördü. Sifəti bəmbəyaz, gözləri qapqara rəngə boyanmış biri idi. Bunun Tamerlan olduğuna inana bilmirdi. Hər iki əlinə əlcək taxan bu şəxs, daha öncədən hazırladığı içi su dolu vedrəni Seymurun önünə qoydu. Vedrənin içindən sərt bir qoxu gəlirdi. Çünki bu adi bir su deyildi. İçi xlor dolu idi. Seymur Tamerlanın nə etmək istədiyini başa düşdü.
– Yox-yox, buna ehtiyac yoxdu, Tamerlan. Anam-bacım sənin olsun. Nə istəsən edərəm, amma bunu etmə mənə, Tamerlan.
– Tamerlanmı? Saf Tamerlan, yazıq Tamerlan. Səncə o belə bir şey edə bilərdimi? Mən Tamerlan deyiləm! Tamerlan arvadının ona xəyanət etməsi ilə birlikdə öldü. Onun kimi gözəl bir insanı öldürdünüz. O öldüsə, siz niyə yaşamalısınız?!
Seymurun saçından tutub başını vedrəyə doğru salladı. Artıq Seymurun dirənəcək gücü qalmamışdı. Nə qədər çırpınsa da, bir müddət sonra xlorlu suyun təsiri ilə qorxunc bir şəkildə can verdi.
Qrim ustası daha sonra otağa keçdi. Nigar otağın ortasında, əlləri arxadan stula bağlanmış vəziyyətdə yatırdı. Nigarın ayılmasını gözlərkən, bir az musiqi dinləmək qərarına gəldi. Kompüteri açıb, ən sevdiyi mahnılardan birini, Bob Dilanın ifasında “Knocking on Heavens door” – “Cənnətin qapısını döymək” mahnısını qurdu. Mahnının sözləri ona artıq daha anlamlı gəlirdi.
Ard-arda bir neçə dəfə eyni mahnını dinləyib, xəyallara dalır, ara-sıra viskidən udumlayırdı. Bir az sonra Nigar yavaş-yavaş özünə gəlib, gözlərini açmağa başladı. Nigarın özünə gəldiyini gördükdən sonra, mahnının səsini tamamən qısdı, qarşısına stul qoyub əyləşdi və ironik cümlələr söyləməyə başladı:
– Oooo, Nigar xanım. Necə yatdınız? Bağışlayın, narahat etdim sizi də. Qoymadım gül kimi işinizi görəsiniz.
– Tamerlan, bu sənsən? Nə olub sənə? Bu nə haldır?
– Aaaa… olmadı ki. Bayaq sevgilinə də dedim. Tamerlan arvadının ona xəyanət etməsi ilə birlikdə öldü. Ancaq çox istəyirsənsə, sənin xətrin üçün bir dəfəlik də olsa Tamerlanı geri qaytara bilərəm. İstəyirsən?
– İstəyirəm. Nə olar əvvəlki rəhmli, sevgi dolu Tamerlan gəlsin. Məni bağışla, Tamerlan. Nigar ağlamağa başladı.
– Yaxşı, sənə son bir şans verəcəm.
Qrim ustası otaqdan çıxdı və bir neçə dəqiqə sonra bütün makiyajını təmizləyərək, Tamerlan olaraq geri döndü. Bu dəfə ciddi və duyğulu bir şəkildə Nigarın qarşısına keçdi və dedi:
– Mənə niyə xəyanət etdin, Nigar? Məni niyə öldürdün? Mən axı səni hər şeydən, hər kəsdən çox sevirdim. Sənin hansı bir istəyini yerinə yetirmədim? Səni sevməkdən başqa nə günahım var idi mənim?
– Tamerlan, sən çox yaxşı insansan. Ancaq bilmədiyin şeylər var. Bunun səninlə əlaqəsi yoxdu. Mən məktəb illərindən bəri Seymuru sevirdim. Onunla nişanlı idim. Amma ailəm Seymuru heç vaxt sevmədi. İşsiz-gücsüz, avaranın biridi, sən əgər onunla evlənsən, həyatı boyu səni bağışlayan deyilik dedilər. Mən də onların istəyi ilə nişanımı qaytardım. Sonra sən çıxdın qarşıma. Sənə dərin hörmət bəsləsəm də, heç vaxt Seymurun yerinə qoya bilmədim. Bu dəfə də yenə ailəm beynimi doldurdu. İşi var, gücü var, hörməti var, avara deyil. Ondan yaxşısınımı tapacaqsan dedilər, mən də səninlə evləndim. Amma başa düş, Tamerlan. İş-güc, hörmət, bunlar sevgi üçün yetərli deyil.
– Mən ki, səni məcbur etmədim, Nigar! Bunları başdan mənə danışsaydın, iki mədəni insan olaraq ayrıla bilərdik. Səncə mən bunları anlamayacaq qədər qammaz idimmi? Amma, yox, Nigar, yox. Belə deyil. Sənin ruhunda fahişəlik var imiş. Elə olmasa hər gün üzümə gülüb, öpüb-qucaqlayıb, yola saldıqdan sonra arxamca kişi salmazdın evə. Aylardır rola girdin, oyun oynadın mənimlə.
– Aylardır yox, inan! Sadəcə iki dəfə. Ondan əvvəl sənə xəyanət etmək ağlımın ucundan belə keçmirdi.
– Sus, Nigar! Sus! Mənə nağıl danışma! Sadəcə sus və öp məni. Olarmı?
Tamerlan dodaqlarını yaxınlaşdırdı. Onu öpüb-öpüb, qucaqlamağa başladı və dedi:
– Əllərini açıram. Yatağımıza gedəkmi?
– Gedək. Yetər ki, bağışla məni.
Tamerlan Nigarın əllərini açdı.
– Qucaqla məni, Nigar, bərk-bərk sıx.
Nigar Tamerlan nə desə etməyə hazır idi. Və artıq Tamerlanın onu bağışladığını düşünürdü. Ancaq yanılırdı. Çünki bu dəfə o, Tamerlan ilə yox, Tamerlan onunla oyun oynayırdı. Bir an içində Nigar belində ağrı hiss elədi. Tamerlan Nigarı qucaqladığı sırada əlində gizlədiyi biçaqla qəflətən onun kürəyinə dəfələrlə zərbə endirdi. Hər endirdiyi zərbədən sonra anası üçün ağlayan körpə uşaqlar kimi göz yaşı tökürdü. Çünki bu zərbələr bir anlamda həm də eşqinə, könlünə endirilən zərbələr idi. Nigar Tamerlanın qollarında həyata gözlərini yumdu. Ayağa qalxan Tamerlan, göz yaşları içində son dəfə Nigara baxdı.
– Bağışla məni, dünyanın ən gözəl qadını. Bağışla, həyatımın qadını. Sən Tamerlanı öldürdün, Tamerlan də səni.
Bu Tamerlanın Tamerlan olaraq söylədiyi son sözlər idi. O, bir daha heç vaxt əvvəlki Tamerlan olmayacaqdı. Çünki Nigarın ölümü ilə sadəcə Nigar yox, onun üçün bütün qadınlar ölmüşdü…
Günlərcə nə Tamerlanı, nə də Nigarı görə bilməyən qonşular, nəhayət bir neçə gün sonra evə polis çağırdılar. Polislər evə girər-girməz, dəhşətli mənzərə ilə qarşılaşdılar. Tamerlanı ən yaxın tanıyan, haralarda ola biləcəyini ən yaxşı təxmin edə biləcək şəxs Fuad idi. Buna görə də Daxili İşlər Nazirliyi cinayəti dərindən araşdırmaq və cinayətkarın tapılmasında polislərlə ortaq hərəkət etməsi üçün, bu məsələ üzrə aparılan istintaqda Fuadı xüsusi təyinatlı işçi olaraq vəzifələndirdi. Təyinat xəbərini eşitdikdən bir neçə saat sonra, Fuad istefa verdiyini açıqladı. Daha sonra mətbuata istefa səbəbini açıqlayan Fuad, açıqlamasında bunları qeyd etdi:
– Səmimi söyləyirəm, Tamerlanın harda olduğunu bilmirəm. Ancaq bilsəm də, dostumu satıb, onun mənim əlimlə həbsə atılmasını istəməzdim. Buna görə də istefa edirəm. Tamerlan günahsızdı demirəm. Nəticədə iki insan öldürülüb. Amma o iki insan da Tamerlanın içindəki insanı öldürdü. Dostumun seriyalı qatil olduğunu düşünmürəm. Yenə də bir hüquq adamı olaraq, ən qısa zamanda onun ədalətə təslim olmasını istərdim. Çünki elə bir dövrdə yaşayırıq ki, ortaya çıxmadığı hər gün, işlənən bir çox cinayətlər Tamerlanın boynuna atıla bilər.
O gündən sonra Tamerlan bir daha üzə çıxmadı. Harda, necə, nə cür olduğunu heç kim biləmmədi. Həmin gündən sonra gerçəkdən də Fuadın dediyi kimi, qatili aşkarlanmayan hər cinayətdə, xüsusi ilə də qadın cinayətlərində gündəmə gələn yalnız bir ad olurdu:
Qrim ustası…