manera.az
manera.az

Ölkəmizdə kino sənətinin başlanğıcı

Ölkəmizdə kino sənətinin başlanğıcı

Dünyada ilk kinolenti çəkiləndən cəmi altı ay sonra, yəni 1896-cı ilin ortalarında ilk filmi çəkmiş Lümyer qardaşlarının istifadə etdikləri sinematoqraf cihazı (o vaxt kinoaparat belə adlanırdı) Azərbaycana gətirilmiş, 1898-ci il yanvarın 8-də milyonçu H.Z.Tağıyevin evində, “Şagirdlərə Yardım Cəmiyyəti”nin xeyrinə keçirilən gecədə “Canlandırılmış fotoşəkillər” ilk dəfə nümayiş etdirilmişdir. Həmin axşam qonaqlara hədiyyə olaraq sehrli fonarlar və gözəl şəkilləri olan stereoskoplar da verilmişdi. “Kaspi” qəzetinin 21 mart 1898-ci il tarixli nömrəsində çap olunmuş elanda oxuculara xəbər verilirdi ki, Adolf Veysin təşkil etdiyi auksionda digər mallarla bərabər sinematoqraf da satışa qoyulmuşdur.

Bir il sonra “Yeni kəşflərin tətbiqi” məqaləsində kinematoqrafın böyük gələcəyindən xəbər verən Azərbaycanın maarifçi – demokratı H.B.Zərdabi yazacaqdı: “... Çimən adamların kinematoqrafda təsviri yəqin hamıya məlumdur. Hazırda bizim əlimizdə oyuncaq cihaz – kinematoqraf var, bu cihaz insan həyatını və heyvanların ən mürəkkəb həyat təzahürlərini tam təkmilləşdirilmiş və həqiqətə uyğun şəkildə hərəkətdə göstərir... Bu gözəl cihaz bu yaxınlara kimi ibtidai vəziyyətdə idi və stereoskop adlı oyuncağa oxşayırdı. Elə indi də bir çox mağazalarda onu tapmaq olar...”

Bu xəbərlərdən və H.B.Zərdabinin məqaləsindən aydın olur ki, dünya kinosu yaranandan az sonra nəinki “canlı fotoşəkillər”in Azərbaycanda nümayişi, həm də filmləri göstərən kinoaparatların satışı təşkil olunmuşdur. Əgər kinoaparat satılıbsa, deməli, güman edilməlidir ki, Azərbaycanda ilk xronikal çəkilişlər də aparılmışdır. “Kaspi” qəzetinin 1898-ci il 17 iyun tarixli nömrəsində dərc edilmiş informasiyada xəbər verilir ki, Bakı foto dərnəyi xeyriyyəçilik məqsədilə mayın 31-də Mixaylov bağında xalq gəzintisi təşkil etmiş, yığılan pulların yarısı məhsul qıtlığından zərər çəkənlərə, qalanı isə dərnəyin inkişafına sərf olunmuşdur.

Burada bir cəhətə diqqət yetirmək lazımdır ki, dərnəyin inkişafına sərf olunan pulun 20 manatı xalq gəzintisi zamanı bağda qurulmuş sinematoqrafın işləməsi üçün lazım olan elektrik xətlərinin alınmasına xərclənmişdir. Deməli, xeyriyyəçilik məqsədilə təşkil olunmuş xalq gəzintisi zamanı bakılılara filmlər də göstərilmişdir.
Bu tədbir “Şəhər bağında xalq gəzintisi” adı altında lentə alınmış (1898-ci il mayın 31-də Bakıda ilk kino çəkilişləri aparılmışdır), Bakı həyatından bəhs edən “Qatarın dəmir yolu stansiyasına daxil olması”, “Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi” və “Bazar” küçəsi sübh çağı” adlı daha üç kinosüjetlə birgə 1898-ci il iyunun 21-də Vasilyev Vyat­skinin teatr-sirkində nümayiş etdirilmişdir. Sonuncu filmdə Bakının “Bazar” deyilən küçəsində (indiki Azərbaycan prospekti) səhər erkən dükanların açılmasından, bura araba, ulaq və dəvə ilə ərzaq və sənaye mallarının gətirilməsindən, sübh tezdən qızğın alış-verişin başlanmasından bəhs olunur. Filmlərin nümayişi ilə əlaqədar “Kaspi” qəzetinin 1898-ci il 21 iyun tarixli nömrəsində elan dərc edilmişdir.

Tamaşaçıların ilk dəfə ekranda şəhər bağında adamların necə istirahət etməsini, qatarın tüstülənə-tüstülənə Bakı dəmir yolu vağzalına daxil olmasını, paroxodun Xəzərin ağ köpüklü dalğalarını yararaq limandan necə uzaqlaşdığını, Bakının bazar küçəsində sübh çağı adamların alver etməsini öz gözləri ilə görüb heyrətləndiklərini təsəvvür etmək o qədər də çətin deyil. Bu gün bütün bunlar bizim üçün adi görünsə də, o vaxtlar ağlasığmaz sensasiya adlandırılırdı.
Bütün bu filmləri fotoqraf-operator Aleksandr Mixayloviç Mişon çəkmişdi. Cənab Mişon kimdir? Azərbaycan kinosunun yaranma tarixini xarici operatorun Bakıda film çəkib göstərdiyi vaxtdan hesablamaq olarmı?

Bu suallara cavab verməzdən əvvəl XIX əsrin 80-ci illərində Bakının siyasi-iqtisadi və mədəni həyatını ötəri də olsa nəzərdən keçirmək lazımdır. O dövrdə neft hasilatının sürətlə artması, kapitalist münasibətlərinin inkişaf etməsi Bakının misli görünməmiş yüksəlişinə həlledici təsir göstərdi. Bakı az bir zamanda Rusiyanın iri sənaye-ticarət mərkəzinə çevrildi.

Ukraynada doğulub böyümüş fotoqraf A.M.Mişonun Bakıda fotoatelyesi və nəşriyyatı var idi. Onun fotoatelyesi indiki Əziz Əliyev küçəsinin başlanğıcında idi. Bundan başqa, fotoqraf A.M.Mişonun redaktorluğu ilə “Qafqaz və Orta Asiya fotoşəkillərdə və təsvirlərdə” adlı aylıq illüstrasiyalı jurnal buraxılırdı.

“Kaspi” qəzetinin 10 oktyabr 1898-ci il tarixli nömrəsində dərc olunmuş elanda filmlərin nümayişi üçün istifadə olunan Lümyer qardaşlarının kinematoqrafı haqqında məlumat verilir. Məlumatda deyilir ki, fotoqraf A.M.Mişonun göstərdiyi kinematoqraf Rusiyada yeganə aparatdır. Bu aparat hərəkət edən şəkillər çəkir və təsviri 5 sajen böyüklüyündə səhnədə canlandırır.

“Kaspi” qəzetinin həmin il 25 iyul nömrəsində dərc edilmiş “Buxara əmirinin gəlməsi” adlı informasiyada xəbər verilir ki, iyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlmişdir. Vağzalda əmiri şəhərin adlı-sanlı adamları qarşılamışlar. Kazaklardan ibarət mühafizə dəstəsinin əhatəsində əlahəzrət kareta ilə vağzaldan H. Z.Tağıyevin evinə getmişdir.
Üç gün sonra, yəni iyulun 28-də həmin qəzetdə çap olunmuş daha iki informasiya da kinematoqrafla bağlı olduğu üçün maraq doğurur. “Buxara əmirinin yola düşməsi” informasiyasında deyilir: “İyulun 27-də əmir “Velikiy knyaz Aleksey” paroxodunda Krasnovodska yola düşmüşdür. Paroxod yola düşməzdən əvvəl “Qafqaz və Merkuri” limanına xeyli adam toplaşmışdı. Əlahəzrəti çoxlu rəis yola salırdı. Limanda daim orkestr çalırdı”.

“Möhtəşəm yanğın” adlanan ikinci informasiyada isə oxuyuruq: “İyulun 27-nə keçən gecə, 11 radələrində Bibiheybətdə Bakı taciri Y.V.Vişaunun mədənində çox böyük qızartı göründü. Fontan vuran 32 saylı buruğun yaxınlığında yerləşən ocaqxanada yanğın baş vermişdi, alov fontanı bürüdü, tezliklə qonşu buruqlar od tutdu, sonra mədənin yarısına yayıldı, milyon pud nefti olan böyük anbar yandı, cəmisi 9 buruq od tutub yanmışdır”.

Hər iki hadisəni A.M.Mişon operativ şəkildə lentə almış və bu lentlərin əsasında “Bibiheybət neft mədənində yanğın” və “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodu ilə yolasalma mərasimi” xronikal-sənədli filmlərini yaratmışdır. Görünür, fotoqrafın təşkil etdiyi birinci kütləvi kino baxışı eksperiment xarakteri daşısa da, uğurlu olduğuna görə o, bundan həvəslənmiş və ikinci kino proqramını ayrıca, heç bir yardımçı proqram olmadan nümayiş etdirmişdir.
İkinci proqram 1898-ci il avqustun 2-də göstərilmişdir. Bununla əlaqədar “Kaspi” qəzetinin 1 və 2 avqust tarixli nömrələrində aşağıdakı məzmunda elan dərc olunmuşdur: “1898-ci il avqustun 2-də, bazar günü V.İ.Vasilyev – Vyatskinin teatr-sirkində Parisdə qarşıdakı Ümumdünya sərgisi (Ümumdünya bədii, sənaye və əkinçilik sərgisi Parisdə 1900-cü il apreldən noyabra qədər keçirilmişdir – A.K.) üçün Orta Asiya və Qafqazın “Canlandırılmış fotoşəkillər” kolleksiyasını çəkən fotoqraf A.M.Mişon mühəndis İ.Karpentiyerin (adı Jüldür. Elanda səhv getmişdir.) düzəltdiyi Lümyer qardaşlarının təkmilləşdirilmiş “kinematoqrafını” yalnız bir dəfə nümayiş etdirəcəkdir. Digər şəkillərlə bərabər göstəriləcəkdir: 1. “Bibiheybətdə neft fontanı yanğını”, 2. “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”. 3. “Qafqaz rəqsi”.

4. “İlişdin”. Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat. Ətraflı məlumat afişalardadır. Başlanır axşam saat 9-da.” Sonuncu kinosüjet bizdə ona görə daha çox maraq doğurur ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq süjetli əhvalat çəkilib tamaşaçılara göstərilmiş və bununla da qətiyyətlə demək olar ki, “İlişdin” bədii kinosüjeti ilə Azərbaycan bədii kinematoqrafiyasının əsası qoyulmuşdur.
A.M.Mişonun kino fəaliyyəti bununla bitmir. O, həmin il avqustun 6-da Balaxanıda Benkendorfun klubunda özünün növbəti kino proqramını nümayiş etdirmişdir. Bu proqrama üç kinosüjet daxil edilmişdi.

1. “1898-ci il iyulun 27-də Bibiheybət neft mədənində yanğın” (təkrar).
2. “1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı”.
3. “Balaxanı-Sabunçu polis idarəsi süvari qorodovoylarının at oynatmaları”.

Sovet dövründə kino sənəti ilə bağlı çap olunmuş kitablarda, elmi əsərlərdə, qəzet və jurnal məqalələrində inqilabdan əvvəlki kinonu “ucuz yarmarka attraksionu” adlandırır, onun “kapitalistlərin gəlir mənbəyi” olduğu, “xronikal lentlər gəlmə operatorlar tərəfindən çəkildiyi üçün təsadüfi xarakter daşıdığı”, “xarici firmaların qastrola çıxan nümayəndələri” tərəfindən çəkildiyi göstərilir, “çəkilişlərin primitiv səviyyədə aparılması” barədə hökmlər verilirdi.
Kino tənqidçilərinin, kino tarixçilərinin, sənətşünasların belə fikir söyləmələri təsadüfi deyildi. Çünki Azərbaycan kinosunun tarixi sovet ideologiyasının xalqımız qarşısında qoyduğu tələblər baxımından yazılırdı, sovetlər ölkəsinin “bərabərhüquqlu” respublikalarından biri olan Azərbaycan SSR kinosuna çoxmillətli sovet kinematoqrafiyasının ayrılmaz tərkib hissəsi prizmasından baxılırdı.

Əgər irəli sürülən fikirlərə, verilən hökmlərə obyektiv yanaşsaq, tamamilə başqa bir mənzərənin şahidi olarıq. Yuxarıda qeyd olunduğu kimi, fotoqraf A.M.Mişon işləməyə gələndə və burada öz fotoatelyesini açanda (təxminən 1879-cu ildə) nə dünya kinosu yaranmışdı (1895-ci il), nə “Qomon” (1896-cı il), nə də “Pate qardaşları” firmaları fəaliyyətə başlamışdı. Buna görə də onu qastrola çıxmış “xalturaçı” adlandırmaq olmazdı. Biz əlimizdə olan faktlara əsasən şəhərimizdə uzun illər yaşamış və fəal çalışmış Aleksandr Mişonu bakılı hesab edə bilərik, həm də qətiyyətlə deyə bilərik ki, o, əksər gəlmələrdən fərqli olaraq, Bakıya qazanc ardınca deyil, öz bilik və təcrübəsini Azərbaycanda yaymaq və xeyriyyəçilik işləri ilə məşğul olmaq, eyni zamanda, yaradıcılıq fəaliyyətinin dairəsini genişləndirmək məqsədilə gəlmişdi.
A.M.Mişonun nə Lyumyer qardaşlarına, nə də “Qomon” və Pate” firmalarına tabeçiliyi yox idi. O, müstəqil fəaliyyət göstərir, bəzən də hər hansı bir firmanın sifarişlərini yerinə yetirirdi. Bu barədə “Kaspi” qəzetinin 1 avqust 1898-ci il tarixli nömrəsindəki elanda yazılmışdır ki, fotoqraf A.M.Mişon qarşıdakı Ümumdünya Paris sərgisi üçün Orta Asiya və Qafqazın “canlandırılmış fotoşəkillərini” çəkmişdir... A.M.Mişonun çəkdiyi filmlər Parisdə nümayiş etdiriləndən sonra Lümyer qardaşları tərəfindən alınmışdı.

Deyilənlərdən aydın olur ki, XIX əsrin sonlarında Azərbaycanda kinonun yaranması qanunauyğun hal idi. Bu vəziyyəti dövrün obyektiv ictimai-siyasi və iqtisadi-mədəni şəraiti yetirmişdi.

1998-ci ilin may ayında Bakıda keçirilmiş və Azərbaycan kinosunun 100 illiyinə həsr olunmuş beynəlxalq “Festivallar festivalı” günlərində ümummilli lider Heydər Əliyev kinomuzun tarixi ilə bağlı fikirlərini qonaqlarla bölüşərkən demişdir: “Bu gün biz bir kəşf etdik, göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun 100 ili tamam olur. Lakin Azərbaycan kinosunun stajını, əgər belə demək olarsa, on il, yaxud neçə il artırmaq, ümumən, heç də sadə bir məsələ deyildir. Bu, o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdur. Buna görə də bugünkü festival mənim üçün məhz bu kəşflə dəyərə malikdir – onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə”.

Azərbaycan Respublikasının mədəni inkşafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin, 1898-ci il avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə alaraq, ümumilli lider Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında qərar qəbul etmişdir.

Həmin vaxtdan hər il avqustun 2-də Azərbaycanda kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü qeyd edilir.

Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI