Məhbəsdə yazılmış şeirlər - Saday Şəkərli

Manera.az tanınmış şair Saday Şəkərlinin şeirlərini təqdim edir:
***
Bu eşqin, çəkdiyim yolları uzun,
görünməz ormanı, keçilməz dağı,
günlərim həşəmdi, dağıldım, quzum,
mən yerdə bir ömür eşqin dustağı.
Şəkərəm, şəkərim, susadın nədi,
şərab çəkilməsi şirin əzabdı,
gözlərim qan dolmuş bir piyalədi,
götür çək başına, yaxşı şərabdı.
Danışan göylərə dərdimi neydir,
doymuşam, yerlərin dibinə çökdüm,
mən dərdli torpağam, tərkibim meydir,
onu üzümdən yox, özümdən çəkdim.
Gün vurub, yel dəyib, məsti-xumarsan,
içdiyin azdımı, unutma qadın,
bənövşə görməyən təptəzə qarsan,
mən getdim, bəlkə də heç qayıtmadım.
***
"Gəl gör məni eşq neynədi"
Yunus İmrə
Gəl oğlum!
Gəl ciyərparam,
qanayıb, qaysaqdı yaram,
gör, haram ağrımır, haram,
gəl, gör atan nə haldadır!
Gözlərim qanlar içində,
xoruzlar banlar içində,
bir gül tikanlar içində...
gəl, gör atan nə haldadı!
Torpaqdı, xışlandı atan,
dağıldı, daşdandı atan,
dəmirdən, daşdandı atan,
gəl, gör atan nə haldadı!
Yeriyə-yeriyə gəlmə,
yürüyə-yürüyə gəl.
Bir bəladır yaxamda eşq,
uzaqda eşq, yaxında eşq,
alnımda eşq, ruhumda eşq,
gəl, gör atan nə haldadır!
Yerin qulağı şəklənib,
göy bir az da ürəklənib,
çoxuydu, indi təklənib,
gəl, gör atan nə haldadı!
Rəngləri unutdu atan,
dopdolu umuddu atan,
tufandı, buluddu atan,
gəl, gör atan nə haldadı!
Gözlərim vətən xalısı,
ilmələr dərddir, xalı su,
öldü bu yurd sevdalısı,
gəl, gör atan nə haldadı!
Gəl oğlum, gəl,
yeriyə-yeriyə gəlmə,
yürüyə-yürüyə gəl,
gəl, gör atan nə haldadı!...
***
Hardaydım, gör indi hara düşmüşəm,
tutuşdu sinəmdə ahlar, ağlaram.
Qollarım qandallı...dara düşmüşəm,
çəkildi köksümə dağlar, ağlaram.
Çat verib dərdimin sümük divarı,
qara torpaqların sünbülü sarı,
ələnər başına göylərin qarı,
çəkər həsrətimi dağlar, ağlaram.
Gör kimlər dayanır qəsdimə hər gün,
buludlar əl eylər tüstümə hər gün,
dırmaşıb çəpərlər üstünə hər gün,
boylanar yoluma tağlar, ağlaram.
Hər gəlib keçəni yer qucaqlamaz,
nəmli gözlərindən öpüb, saxlamaz,
yox məndən xəbəri, anam ağlamaz,
halıma qəriblər ağlar, ağlaram.
***
Beşinci kamera...Kürdəxanı məst,
dərd gəlib gör harda tapır adamı,
burda düşüncələr əlil və şikəst,
burda divarlar da qapır adamı.
Pəncərə dalında gizlənib işıq,
qəzəbim fınxıran xallı göydəmir,
barmağım çəngəldi, bıçağım qaşıq,
üzümə çırpılan qapılar dəmir.
Hər tikə bərabər, hər nəfəs yarı,
bilmədim sözümü, daşlara dəydi,
bir parça göyüzü görünür, barı,
doğranıb doqquza bölünməyəydi.
Qar yağır, dərdləri qızdırır ürək,
içindən, çölündən türməni gördüm,
eşq ilən saçlarım darayan külək,
öyrənir it kimi hürməyi gördüm.
Bir parça göyüzü – güllü fətirim,
qaçıb qış girəndən ağzımın dadı,
səhər yeməyimi quşlar gətirir,
günorta yeməyim şir ağzındadı.
Ümidlə örtülüb dərin çapıqlar,
hər deşik göz boyda görüş yeridir,
bağlıdı dörd tərəf, dəmir çubuqlar,
üstümə qıcanmış qurd dişləridir.
Beşinci kamera...Zirzəmi məzar,
bir müşgül adlamaq uzun lağımdan,
yatıb ağlamıram ağrıdan zar-zar,
durub həzz alıram azadlığımdan.
***
Eh, məyus görkəmin yumaz günahı,
gəz-dolan, bu səfər ayrı səfərdi,
göylərə bülənddi məzlumun ahı,
tutuşan zəmidi kasıbın dərdi.
İçin kin qurumu, əlində meylər,
qafanda min hiylə, min cürə məkr,
xəstənin ah-zarı zalıma neylər,
səni eyş-işrətli məclislər çəkir.
Kəsildi min illik palıdın başı,
getdi, qayıtmadı çıxmış nəfəsi,
sən ağlar qoyduğun gözlərin yaşı,
dadına çatdımı dərman əvəzi?
Gəl, sənə qılıncın şəklini çəkim,
göynədər dərvişin duz, yarasını,
sənin uzaqlarda tapdığın həkim,
sağalda bildimi söz yarasını?
Qəfəslər bəslədi eşq adamını,
uduzub-udmağın yadından çıxdı?
gərdəyin başında zifaf şamını,
yandırıb tutmağın yadından çıxdı?
Gəz-dolan, nə şair tanı, nə kitab,
tanrımın bu ayrı imtahanıdır,
sənin əlindəki qırmızı şərab,
səni kefləndirən şəhid qanıdır!