İlahi, özümdən özümə yol qoy - Şeirlər

Manera.az gənc şair Mirbağır Bünyatlının şeirlərini təqdim edir:
***
Yadındadı, pəncərəzə daș atdım,
o gün - bu gün bağrım başı yandı ha.
Evinizdə xəbərləri olmadı,
anan dedi pəncərələr köhnəlib
atan yeni çərçivələr yondu ha.
Onda yoxdu sıx növbələr çörəkçün
Bircə baxıș bəs edərdi ürəkçün.
Sonra bir gün saxladığım göyərçin
gəlib sizin damınıza qondu ha...
Ağrıyardıq, deyərdilər nəzərdi
Kimsə tapıb yandırardı üzərlik.
Böyüdükcə, pəncərələr düzəldi,
ara - sıra ürəyimiz sındı ha.
Bir iynəylə qorxuzardıq cinləri.
Bölüșərdik bir balaca kündəni
Ta düşünmə görəcəyin günləri,
bizimkisi bir yaşamlıq andı ha.
Böyüdükcə, pəncərələr düzəldi,
ara - sıra ürəyimiz sındı ha....
***
Bilirsənmi payız fəsli ayrılıq,
nə pis imiş, nə pis imiş, İlahi.
Yediyim də, içdiyim də zəhərdi,
Bu necə eşq acısıymıș, İlahi!
Bax sobamda alışmadı odun da,
Hərdən olur; gedib-gəlir yadım da.
Bu gün ona oxșatdığım qadın da,
Bacısıymış, bacısıymıș, İlahi.
Siçan da yox qaça, qovam, deyinəm,
Bir it də yox hürə, hürə öyünəm...
Bir səs gəldi, çıxdım baxdım - döyülən,
eeh, qonșunun qapısıymıș, İlahi...
Öz dizimə baxdım-baxdım, darıxdım,
Evdən çıxdım, qarșılașdıq, sınıxdı...
Bəs kim idi yanındakı, karıxdım,
qocasıymıș, qocasıymıș, İlahi.
Bilirsənmi payız fəsli ayrılıq,
nə pis imiş, nə pis imiş, İlahi...
***
Mən adam olmadım, adam nə bilsin.
Boyuma düz gəldi edam nə bilsin...
Bu qara çəkməli çoban nə bilsin,
Bir keçi buynuzu yalnızlığına,
əlində üşüyən çomaq kimiyəm...
Bürüdü hər yanı yenə də tüstü,
İlahi, kor oldum, kor oldum, bəsdi..
əynimi qalın et, çayımı isti,
onsuz da beşgünlük qonaq kimiyəm.
Uzat birnəfəsə çıxıb get məni.
Onsuz dirildəcək bu həsrət məni...
Götür bir kənara diyirlət məni,
İlahi, sökülmüș yumaq kimiyəm...
Heç nəsiz, heç nəsiz, ipsiz, kətilsiz,
Asdım qulağımdan sözlərini də,
Dözmədim yenə bax bu soyuqda da,
basdım ürəyimə közlərini də..
Hələ bitirmədim şeiri, gözləye,
Başsız buraxandan dizlərimi də,
İndi öz üstümdə yamaq kimiyəm...
Götür bir kənara diyirlət məni,
Onsuz da sökülmüș yumaq kimiyəm......
***
Oturasan gözləyəsən kimisə,
o da yorğun,o da belə süst gələ.
İlahi,qapımdan düşmən gedənlər,
bir gün dönüb gülə-gülə dost gələ...
Yenə oğrun el uzadam noğula,
Noğul düşüb dığırlana nağıla
Yenə kimsə oğul deyib çağıra,
yenə qəfil qulağıma səs gələ...
Gedəsən,özünü yığıb gedəsən.
Nəyin var başına yıxıb gedəsən...
Bütün qadınlardan çıxıb gedəsən,
yolda birdən anan sənə rast gələ.....
İlahi,qapımdan düşmən gedənlər,
Bir gün dönüb gülə-gülə dost gələ..
***
Gediși də qəribədi, İlahi
gediși də qaldı məndə dad kimi..
Bu adamı arada bir xatırla,
aradaye, quruca bir ad kimi.
Boșa çıxdı bu havada əllərim.
Çiçək əkdim, ağac dibi bellədim..
Elə getdi sovrulduye küllərim,
sonra düşdü yastığıma od kimi..
Bu yoxluqda buz adamı kəsər də,
yağış yağar, küləkdəki əsər də...
Sevginin də üzü dönsün bu yerdə,
nə doğmadı, nə uzaqdı yad kimi..
Bu nimdașın ha kirini yu, getməz!
Bir ölərəm, min doğaram bu bitməz...
Qulağım da bu səsimi eşitməz,
öz içimdə ha kișnəyim at kimi..
Gediși də qəribədi, İlahi
gediși də qaldı məndə dad kimi.
***
Özümnən gedirəm , bilməm neyniyim
mən də ayrılığa yoluxan kimi.
İlahi, özümnən özümə yol qoy,
qayıdım geriyə darıxan kimi..
Qırılıb tökülüb nəyim var idi,
bu çılpaq ağacı budama daha!
Daha böyümüşəm, boyum düz gəlir
düz gəlir çarmıxa, edama daha..
Daha cilalanmış eşq sözləri də,
sivişib gedəni saxlaya bilmir.
daha gələnlərə sevinmirəm də,
daha gedənlərə kədərlənmirəm
daha gözlərim də ağlaya bilmir..
Çoxunun it kimi xaltası, Allah
çoxunun qurd kimi xıltı görünmür.
İlahi, onu da çox görərdilər,
yaxşı ki torpağın altı görünmür...
İlahi, özümnən gedəsi yol ver,
özümü əlimnən tutub azdırım!
Yenə yağış yağdı, görüm neynirəm,
yenə də otağım su damızdırır...
***
Bir doğruya tutunannan,İlahi
yıxılmıșam min yalnıșın üstünə.
Ta ağacın gövdəsinə toxunma,
çiz adımı soyuq dașın üstünə..
Çıxar daha ürəyimnən süngünü!
Öz ağzımda sözüm əzdi əngimi.
Bir dəfə də taleyimin rəngini,
sürmə çək də bu göz-qașın üstünə..
Çox boşluqdu evim, qapım, astanam.
Ta içimi öz çölümnən asmaram.
Gəle, quzum, buludunnan islanan,
Bir çətir tut bu yağışın üstünə..
Elə gözəl oxuyuram sonumçün
Bir addımlıq yol qalmadı önümçün.
De unutsun söyləmisən, canımçün
Unudaram, o da başım üstünə...